Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 21:44

Serbiya ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib


Serbiya-Kosovo sərhədi
Serbiya-Kosovo sərhədi

Kosovonun şimalında barrikadaların sayı artırılıb. Son həftələrdə Kosovonun alban tərkibli hökuməti ilə etnik serb icması arasında gərginlik davam edir.

Kosova polisi dekabrın 27-də AzadlıqRadiosuna deyib ki, Mitrovitsa və Zveçanda iki yeni barrikada peyda olub:

"Ölkənin şimalında gecə ərzində kriminal şəxs və ya şəxslər ağır maşınlarla yolu bağlayaraq hərəkətin azadlığını əngəlləyiblər”.

Albaniya paytaxtı Tiranadakı Serbiya səfirliyinin qarşısında keçirilən etiraz aksiyasında “Kosovodan əl çəkin, Mitrovitsa bizimdir” kimi şüarlar səslənib.

Tiranadakı aksiyaları vətəndaş cəmiyyəti fəalları təşkil ediblər. Onlar Albaniya hökumətindən Serbiya ilə münasibətlər üçün onun qarşısında yeni şərtlər qoymağı və Belqradla bütün razılaşmaları dondurmağı tələb edirlər.

***

Serbiya Prezidenti Aleksandr Vuçiç ölkənin silahlı qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirmək əmri verib. Bu haqda Müdafiə naziri Miloş Vuçeviç məlumat verib.

“Serbiya Prezidenti Vuçiç ali baş komandan olaraq dünən axşam göstəriş verib ki, Serbiyanın Silahlı Qüvvələri ən yüksək döyüş hazırlığı, yəni silahlı qüvvələrin tətbiqi səviyyəsinə gətirilsin”, – o, Twitter-də yazıb.

Serblərin barrikadalar qurduğu deyilir

Müdafiə nazirinin sözlərinə görə, “bu, ölkənin silahlı qüvvələrini Serbiyanın ərazi bütövlüyü və suverenliyinin müdafiəsi, Serbiya vətəndaşlarının müdafiəsi və harada yaşamalarından asılı olmayaraq, serblərə qarşı terrorun qarşısının alınmasından ötrü ən yüksək hazırlıq səviyyəsinə qaldırır”.

Bir gün öncə qismən tanınmış Kosovo öz silahlı qüvvələrini tam döyüş hazırlığı səviyyəsinə gətirib. Bunun Kosovonun şimalında və Metoxiyada serblərin qurduğu barrikadaların dağıdılmasından ötrü edildiyi bildirilib.

Dekabrın 26-na keçən gecə Serbiyanın Kosovo ilə sərhədindəki Zubin-Potok şəhərində NATO qüvvələri yaxınlığında silahlı insident baş verib, xəsarət alan olmayıb. Serbiya Baş Qərargahının rəhbəri Milan Moysiloviç sərhəd Raşka şəhərinə gedib. O, vəziyyəti mürəkkəb adlandırıb, Kosovo ilə sərhəddə serb hərbçilərinin mövcudluğunun gərəkdiyini deyib.

“Ən çətin gün”

Serbiyayla Kosovo arasında münaqişə iyulun sonunda kəskinləşib. Hər iki ölkə sərhədə qoşun çıxarıb. Kosovo tərəfdə sərhəd rayonlarında əsasən etnik serblər yaşayır. Eskalasiya səbəbindən Kosovo hökuməti şimalda yaşayan serblərdən avtomobil dövlət nömrə nişanlarını Kosovo orqanlarından almaq tələbini bir ay təxirə salıb. Etnik əhalidən həmçinin serb pasportlarını Kosovo şəxsi qeydiyyat sənədləri ilə tamamlamaq tələb olunur. Bu qərardan sonra Serbiya Kosovoda etnik serblərin sıxışdırılması haqda kəskin bəyanatlar verməyə başlayıb.

Dekabrın 11-də Kosovoda yollar bağlanıb, atəş səsləri eşidilib. Serbiya Prezidenti Aleksandr Vuçiç bunu prezidentlik dövrünün “ən çətin günü” adlandırıb. O, milli təhlükəsizlik şurasının iclasında sülhü qorumaqla bağlı vəd verib, ancaq onu da deyib ki, ordusu Kosovoda serb azlığını müdafiə etməyə hazırdır.

2008-ci ildə Kosovo Serbiyadan müstəqilliyini elan edib. Onu Aİ-nin bir çox üzvləri, ABŞ, BMT-nin əksər üzvləri tanısa da, Rusiya, Ukrayna, Çin, Hindistan, Aİ-nin bəzi üzvləri Kosovonu tanımaqdan imtina edib. Belqrad və Priştina 2013-cü ildən Aİ-nin vasitəçiliyi ilə münasibətlərini tənzimləməyə çalışırlar.

XS
SM
MD
LG