Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:46

Azərbaycanda sinir sistemi xəstəliklərindən ölənlərin sayı kəskin artıb


Tıxac, hay-küy, basabas... Azərbaycanda insanlar stressi necə atır
Gözlə

No media source currently available

0:00 0:03:21 0:00

Tıxac, hay-küy, basabas... Azərbaycanda insanlar stressi necə atır

İki ildir Azərbaycanda qeydə alınan ölümlərin sayında kəskin artım qeydə alınır. 2019-cu ildə Azərbaycanda 56 minə yaxın ölüm halı baş vermişdi. Öncəki üç ildə də bu göstərici təxminən 57 min nəfər idi. Ancaq 2020-ci ildə ölənlərin sayı cəmi bir il içində 20 min nəfərə yaxın artaraq 75 min 647 oldu. Ötən il bu göstərici bir qədər də artaraq 76 min 878-ə yüksəldi. Bəs Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən dünyasını dəyişir?

Ölümlərin yarıdan çoxu ürəklə bağlıdır

Ötən il Azərbaycanda qeydə alınan ölüm hallarının 54 faizi (41 min 708 nəfər) qan dövranı sistemi xəstəliklərindən qaynaqlanıb. Bu xəstəliklər ənənəvi olaraq Azərbaycanda ən çox qeydə alınan ölüm səbəbidir. Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, elə dünya üzrə də ölümə səbəb olan əsas xəstəliklər məhz ürək-damar sistemi ilə bağlıdır. Özəlliklə ürəyin işemik xəstəliyi. Hər il dünyada 10 milyona yaxın şəxs həmin xəstəliyin qurbanı olur. Bu xəstəlikdən əziyyət çəkən şəxslərdə ürək əzələsinin qanla təchizatının çatışmazlığı və ya dayanması (işemiya) nəticəsində miokard üzvi və funksional olaraq zədələnir.

Ölüm doğuran ikinci xəstəlik onkoloji xəstəliklərdir (yenitörəmələr). Ötən il Azərbaycanda 8 min 509 nəfər bu xəstəliyin qurbanı olub. Bu o deməkdir ki, ölkədə vəfat edən hər doqquz nəfərdən birini məhz onkoloji xəstəliklər öldürür. Bu xəstəlikdən vəfat edənlərin sayı son üç ilə nəzərən nisbətən azalsa da, daha əvvəlki illərlə müqayisədə çox yüksəkdir. 2011-ci ildə Azərbaycanda əhalinin hər 100 min nəfərindən yenitörəmələr səbəbi ilə 66-sı vəfat edirdi. Ötən il həmin rəqəm 84 olub. Nəzərə almaq lazımdır ki, son illərdə hər il onkoloji xəstəlik diaqnozu qoyulan şəxslərin sayı 10 min nəfəri ötür.

Pandemiyanın təsirləri

Son iki ildə tüğyan edən koronavirus pandemiyası da ölüm səbəbləri arasındakı bölgünü dəyişib. Belə ki, 2006-2019-cu illərdə Azərbaycanda infeksion xəstəliklər ucbatından hər il ortalama 750 ölüm qeydə alınıb. Bu illərdə heç vaxt ölkədə infeksion xəstəliklərdən ölənlərin sayı dördrəqəmli olmayıb. 2020-ci ildə isə belə xəstəliklərdən vəfat edənlərin sayı 5 min 875-ə yüksəlib. Ötən il bu rəqəm bir qədər də yüksələrək 6 min 677 olub. Başqa deyimlə, 2021-ci ildə Azərbaycanda qeydə alınan ölümlərin 8.7 faizi infeksion və parazit xəstəliklərlə bağlı olub. Bu göstərici ilə infeksion xəstəliklər ötən il Azərbaycanda ən çox ölümə aparan üç xəstəlikdən biri olub. Pandemiya dövründə tənəffüs sistemi xəstəlikləri ilə vəfat edənlərin də sayında kəskin artım yaşanıb. Belə ki, 2019-cu ilədək ölkədə tənəffüs xəstəliklərindən 1 min 800 civarında insan ölüb. 2020-ci ildə həmin göstərici 3 mini, 2021-ci ildə isə 4 mini aşıb.

Sinir sistemi xəstəliklərindən ölənlərin sayı dörd dəfə artıb

Ötən il üzrə ölüm səbəblərinin sayı ilə bağlı rəqəmlər arasında ən diqqətçəkəni sinir sistemi xəstəlikləridir. Belə ki, 2021-ci ildə sinir sisteminin xəstəliklərinə görə vəfat edənlərin sayı öncəki illərlə müqayisədə dörd dəfəyə yaxın artıb. Ötən il Azərbaycanda 2 min 504 nəfər məhz sinir sistemi xəstəliklərindən dünyasını dəyişib. 2020-ci ildə eyni səbəbdən ölənlərin sayı 740 nəfər, 2019-cu ildə isə 848 nəfər olmuşdu. Ümumiyyətlə, indiyədək Azərbaycanda bir ildə sinir sistemi xəstəliklərindən vəfat edənlərin sayı maksimum 1 min 338 nəfər olub və heç bir zaman 2021-ci ildəki qədər yüksək rəqəm qeydə alınmayıb.

"Klinik və laborator müayinələrlə aşkar edilən simptomlar, əlamətlər və normadan kənaraçıxmalar" başlığı ilə təsnifləşdirilən ölümlərin də sayı sırf 2021-ci ildə kəskin artıb. 2020 və əvvəlki illərdə hər il ortalama 1 min 600 nəfərin ölümü bu kateqoriyaya daxil edilirdi. 2021-ci ildə isə eyni səbəblərdən vəfat edənlərin sayı birdən-birə 4 min 124-ə yüksəlib.

Azalan ölüm səbəbi

Ötən il bəzi xəstəliklərı görə ölənlərin sayında nisbi azalma olub. Məsələn, "perinatal dövrdə meydana çıxan bəzi hallardan" 349 nəfər vəfat edib. Öncəki illərdə bu göstərici mindən çox idi. Görünür, ölkədə doğum göstəricisinin kəskin azalması doğum prosesi ilə bağlı ölüm hallarını da azaldıb.

Cədvəl: 2021-ci ildə Azərbaycandakı ölüm səbəbləri

Səbəblər

Ölənlərin sayı

Xüsusi çəkisi

Qan dövranı sisteminin xəstəliklərindən

41 min 708

54.3 faiz

Yenitörəmələrdən

8 min 509

11.1 faiz

Bəzi infeksion və parazitar xəstəliklərdən

6 min 677

8.7 faiz

Digər rubrikalarda təsnif olunmayan, klinik və laborator müayinələrlə aşkar edilən simptomlar, əlamətlər və normadan kənaraçıxmalardan

4 min 124

5.4 faiz

Tənəffüs sistemi xəstəliklərindən

4 min 115

5.4 faiz

Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən

2 min 993

3.9 faiz

Həzm sisteminin xəstəliklərindən

2 min 659

3.5 faiz

Sinir sisteminin xəstəliklərindən

2 min 520

3.3 faiz

Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntularından

1 min 700

2.2 faiz

Sidik-cinsiyyət sisteminin xəstəliklərindən

1 min 241

1.6 faiz

Perinatal dövrdə meydana çıxan bəzi hallardan

349

0.5 faiz

Anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından

181

0.2 faiz

Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozuntularından

66

0.1 faiz

XS
SM
MD
LG