Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:39

Suriyada islamçıların İdlib vilayətini ələ keçirdiyi bildirilir, döyüşlər davam edir


Suriyada üsyançılar
Suriyada üsyançılar

Suriyada islamçı qüvvələr ölkənin şimal-qərbində yerləşən İdlib vilayətini tam nəzarətə alıblar. Bu barədə “Reuters” mənbələrə istinadla xəbər verir. Qruplaşmalar Türkiyə-yönlü, dünyanın bir çox ölkələrində terrorçu kimi tanınan “Heyət Təhrir eş-Şam”ın başçılığı ilə hərəkət edirlər.

Hələb vilayətinin böyük hissəsini də cihadçıların tutduğu xəbər verilir.

Suriya televiziyası döyüşlərdə bir gündə azı 150 hərbi qulluqçunun həlak olduğunu bildirir.

Suriyada üsyançılar
Suriyada üsyançılar

“Əl-Cəzirə” teıeviziyası Hələb aeroportunun cihadçıların nəzarətinə keçdiyini xəbər verir. Bundan öncə ordunun aeroportu bağladığı, bütün reyslərin təxirə salındığı deyilirdi.

CNN Türk öz mənbələrinə istinadla bildirir ki, Türkiyənin dəstəklədiyi, Əsəd rejiminə qarşı çıxan Suriya milli ordusu Tel-Rifat şəhərində kürd birləşmələrə qarşı hərbi əməliyyata başlayıb. Ankara kürd təşkilatlarını terrorçu sayır, Tel-Rifatdan baza kimi istifadə edərək Suriyada Türkiyə ordusunun nəzarətində olan şimal rayonlarına hücum etdiyini bildirir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın Hələbdəki hərbi əməliyyatları dəstəkləmədiyini bildirib.

ABŞ Əsəd ordusuna qarşı hücumlarla əlaqəsi olmadığını açıqlayıb. “Axios” nəşri yazır ki, cihadçıların hücumu Ağ ev üçün gözlənilməz olub.

+++

Rusiya hərbi təyyarələrinin Suriya hava qüvvələri ilə birlikdə Hələbin böyük hissəsini tutmuş üsyançıları bombaladığı bildirilir.

İran noyabrın 30-da bildirib ki, üsyançılar Hələbdəki konsulluğa hücum ediblər. Ancaq xəsarət alanların olmadığı açıqlanıb.

Rusiya və İranın xarici işlər nazirləri müttəfiqləri Suriyaya dəstək bildiriblər. Suriya prezidenti Bəşər-əl-Əsəd son yeddi ildə ən böyük problemlə üzləşib.

Noyabrın 29-da islamçılar, Türkiyənin dəstəklədiyi müttəfiqləri ilə birlikdə Suriyanın şimal-qərbində yerləşən Hələbə qəfil hücum ediblər. Məlumatlara görə, üsyançılar şəhərin böyük hissəsini ələ keçiriblər.

Suriya, 29 noyabr, 2024-cü il
Suriya, 29 noyabr, 2024-cü il

Suriya ordusu üsyançıların Hələbə girdiyini təsdiqləsə də, hava zərbələri, Rusiya hərbi təyyarələrinin iştirakını təsdiqləməyib.

Suriya İnsan Haqları Təşkilatının məlumatına görə, islamçı ekstremist Heyət-Təhrir eş-Şam (HTŞ) hərəkatının başçılıq etdiyi döyüşçülər “Hələbin yarısını” tutublar, hökumət qüvvələri geri çəkilməli olub.

HTŞ-nın keçmişdə Əl-Qaeda və İslam Dövləti ekstremist qrupları ilə əlaqələri olub. Bu qrup əvvəllər Əl-Qaedanın Suriyadakı qanadı olan Əl-Nusra Cəbhəsi kimi tanınıb, BMT və ABŞ onu terrorçu təşkilat sayır.

2018-ci ildə ABŞ Dövlət Departamenti HTŞ-nı, Əl-Nusra Cəbhəsinin 2012-ci ilin dekabrından mövcud olan xarici terrorçu təşkilat kateqoriyasına əlavə edib.

Hələbdə baş verənlər Suriyada son 4 ildə əsasən sakitlik hökm sürmüş vətəndaş müharibəsini yeniləmiş olur.

Rusiya və İran bu müharibədə Bəşər əl-Əsədi dəstəkləyib. ABŞ kürd üsyançılara, Türkiyə isə müxtəlif üsyançı qruplara kömək edib. ABŞ ordusunun hələ də Suriyanın kürdlərin əlində olan hissələrində əsgərləri var.

Noyabrın 30-da hava zərbələrində azı 16 dinc sakinin həlak olduğu bildirilir.

XS
SM
MD
LG