Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 13:38

Mariupolu tikən miqrantlar. ‘İki həftəyə 700 dollara yaxın pul aldım’


Lvovda Mariupolu müdafiə edənlərin xatirəsinə sərgi açılıb
Lvovda Mariupolu müdafiə edənlərin xatirəsinə sərgi açılıb

Onlarla tacikistanlı miqrant Ukraynanın Rusiya işğalı altında olan Mariupol şəhərində tikinti işlərində çalışır. İşçilər yüksək maaş və digər güzəştlər vəd edilərək Ukraynaya gətirildiklərini deyirlər.

Dekabrın 5-də AzadlıqRadiosuna danışan işçilər Rusiyada müxtəlif tikinti şirkətləri, habelə Rusiya və Tacikistandan vasitəçilər tərəfindən müharibədə zədələnən binaları təmir etmək üçün işə cəlb olunduqlarını deyiblər.

Aya 1900 dollar vəd olunub

"Bizə dedilər ki, ayda 1900 dollar qazanacağıq və maaşımız hər iki həftədən bir ödənəcək. Ancaq iki həftəlik işə görə 700 dollara yaxın pul aldım”, – yalnız adını deyən Sunnatulloh gileylənir.

"Bundan başqa bizə qalmağa yaxşı yer və gündə üç dəfə yemək verəcəklərini demişdilər. Qaldığımız yer bərbaddır, yemək də pisdir. Maaş həmişə gecikir və söz verildiyindən daha azdır”, – 20 yaşlı Sunnatulloh deyir. Mariupola bir ay bundan öncə gələn gənc buradan çıxmaq istədiyini söyləyir.

Qeyd edək ki, liman şəhəri olan Mariupol 3 aylıq amansız mühasirədən sonra mayda Rusiya tərəfindən işğal edilib.

İso adlı başqa bir Tacikistan vətəndaşı beş aydır ki, burada işləyir. O, maaşını heç vaxt vaxtında almadığını deyir.

Miqrantların dekabrın 4-də AzadlıqRadiosuna göndərdiyi videoda Mariupolda işləyən bir qrup tacikistanlı fəhlə sahibkarlarından maaşını tələb edir.

Fəhlələrin vasitəçi olduğunu dedikləri adamların bəziləri radionun zənglərinə cavab verməyib.

Hüquq müdafiəçisi: "Ukraynalı uşaqları Çeşenistana aparıb öz ölkəsinə qarşı nifrət aşılayırlar"
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Dörd dəfə artıq maaş vədi

Miqrant işçilərin ilk qrupu, o cümlədən tacikistanlı fəhlələr Mariupola yayın əvvəllərində gətirilib. O zaman Rusiyanın təyin etdiyi yerli hökumət dağıdılmış şəhərin bərpasına başlamışdı. Mariupolun çox hissəsi, o cümlədən bir çox yaşayış ərazisi və ictimai binalar 3 aylıq Rusiya bombardmanından sonra xarabalığa çevrilmişdi.

İşçilərin çoxu milyonlarla ortaasiyalının çalışdığı Rusiyada işə götürülüb.

İşçilərin dediyinə görə, hansısa şirkətlər onlara Mariupolda Rusiyadakından dörd dəfə artıq maaş ödənəcəyini vəd edib. Oktyabrın əvvəllərində AzadlıqRadiosuna danışan bəzi fəhlələr ilk vaxtlarda həmin vədlərin bir hissəsinə əməl edildiyini demişdilər.

Rusiyadakından iki dəfə çox maaş

“Restavratsiya” adlı özəl rus tikinti şirkətinin işə götürdüyü 30 yaşlı Qurbon Şarifov Mariupola avqustda gəlib.

Üstündən iki aya yaxın vaxt keçəndən sonra Şarifov 2 min 350 dollara yaxın, Rusiyadakından iki dəfə çox maaş aldığını deyirdi.

"Burada zədələnmiş binaları təmir edirik, pəncərə və qapıları dəyişirik, yeni damlar qoyuruq. Gündə 3 dəfə yemək verirlər, qalmağa yeri də şirkətlərimiz təmin edir”, – Şarifov deyir.

Ancaq Şarifov növbəti maaşının nə qədər olacağını bilmədiyini söyləyir. Onun sözlərinə görə, Mariupolda özünü təhlükədə hiss etməsə də, Tacikistandakı ailəsi onun Ukraynada işləməsinə görə narahatdır.

Mariupolda nə qədər tacikistanlının olduğu məlum deyil. Ancaq Şarifovun dediyinə görə, təkcə “Restavratsiya” şirkəti bura 110 işçi göndərib və onların çoxu tacikistanlıdır. Bəzi işçilər şəhərdə 120 nəfər tacik fəhlənin çalışdığını deyirlər.

Tacikistanın Moskvadakı səfirliyi ölkə vətəndaşlarını yüksək riskli ərazilərə və münaqişə zonalarına getməməklə bağlı xəbərdar etdiyini bildirir.

“Bura Ukrayna ərazisidir”

Tacik miqrantların hüquqlarını müdafiə edən Karimcon Yorov tacikistanlı işçilərin Maiupola gəlməklə beynəlxalq hüququ pozmalarından narahatdır.

"Onların Ukrayna hökumətinin icazəsini almadan Mariupolda olmağa ixtiyarları yoxdur, çünki bura Ukrayna ərazisidir”, – o deyir.

"Onlar [Ukrayna hökuməti] tərəfindən həbs edilsələr, Ukrayna qanunları və beynəlxalq qanunlara görə məsuliyyət daşıyacaqlar”, – deyə Yorov xəbərdar edib.

Rusiyada işləyən tacik miqrantların bir çoxu tikinti şirkətlərindən təkliflər aldığını, ancaq həyatını riskə atmaq istəmədiyi üçün onları rədd etdiyini deyir.

Mariupoldan göndərdikləri videoda tacikistanlı işçilər digər miqrantlara boş vədlərlə bağlı xəbərdarlıq edirlər: "Hamısı yalandır. Bura gəlməyin”.

XS
SM
MD
LG