Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:49

Tacikistanda evlənmə yaşı artırılsa da, erkən evliliklər çoxalır


Qadın hüquqları müdafiəçiləri deyirlər ki, bəzi tacik valideynlər qanunlardakı boşluqdan istifadə edərək qızlarını ərə verirlər.
Qadın hüquqları müdafiəçiləri deyirlər ki, bəzi tacik valideynlər qanunlardakı boşluqdan istifadə edərək qızlarını ərə verirlər.

Dilrabo atasının ölümündən və anasının yenidən ərə getməsindən sonra 16 yaşında ərə getməyə razı olduğunu deyir. Beləcə, dövlətə məxsus uşaq evində qalmayacaq və ağır həyat şərtlərindən qurtulacaqdı. "Evliliyim cəmi iki il çəkdi. Bu müddətdə ərimin təhqirlərinə məruz qaldım. İndi də azyaşlı oğlumla yaşamağa yerimiz yoxdur", - soyadının çəkilməsini istəməyən 23 yaşlı Düşənbə sakini belə deyir.

Dilrabonun sözlərinə görə, 7-ci sinifdən sonra məktəbə getməyi dayandırmasaydı, indi həyatı başqa cür ola bilərdi.

"İndi çalışa, dolanışığımı təmin edə bilərdim. Əvəzində isə çətinliklərlə üz-üzə qalmışam", - Dilrabonun AzadlıqRadiosuna dediyi sözlərdir.

Tacikistanda rəsmi evlilik yaşı 17-dən 18-ə qaldırılıb

Dilrabo evliliyinin və boşanmasının rəsmi qeydiyyatdan keçirildiyini, yoxsa yalnız islami nikahdan ibarət olduğunu söyləmir.

2010-cu ildə Tacikistan rəsmi evlilik yaşını 17-dən 18-ə qaldırıb. Fərəngis Nəcibullahın AzadlıqRadiosu tacik xidmətinin müxbirləri Sərvinozi Ruhullo və Barot Yusufinin hazırladığı material əsasında yazdığı məqalədə deyilir ki, hökumət qadınların haqlarını qorumaq və onların rifahını təmin etmək üçün bu addımın atıldığını bildirib.

Hökumət din adamlarına 18 yaşdan aşağı şəxslər üçün nikah kəsməməyi də tapşırıb.

Ancaq ölkə sakinləri məhkəmə qərarı olduğu halda, 17 yaşında da evlənə bilirlər. Rəsmi statistika son illər Tacikistanda məhkəmənin icazəsi ilə baş verən uşaq evliliklərinin sayca davamlı artmaqda olduğunu göstərir.

Tacikistanda sorğuda iştirak edən respondentlərin əksəriyyəti qızlarının 19-20 yaşında ərə getməsinə üstünlük verdiklərini bildirib.
Tacikistanda sorğuda iştirak edən respondentlərin əksəriyyəti qızlarının 19-20 yaşında ərə getməsinə üstünlük verdiklərini bildirib.

Tacikistanın İnsan Haqları Ombudsmanı Suhaili Qodiri deyir ki, 2022-ci ildə ölkədə 4 mindən çox adam məhkəmənin icazəsi ilə 17 yaşında evlənib. Bu say 2018-ci ildə qeydə alınan 2 min 500 uşaq evliliyi ilə müqayisədə ciddi artım deməkdir.

"Bu rəqəmlər həddindən artıq yüksəkdir. 18 yaşa çatmazdan öncə evliliyə icazə verilməməlidir. Əvvəl-axır, biz bu qanunda dəyişiklik etməliyik", - Qodirinin sözləridir.

Qanundakı boşluqdan yararlanırlar

Qanun insanların 17 yaşında evlənməsinə məhkəmələrin hansı şərtlərdə icazə verə biləcəyini göstərmir.

Qadın haqları fəalları iddia edirlər ki, bəzi tacik valideynlər ailə məcəlləsindəki bu boşluqdan sui-istifadə edərək qızlarını evliliyə sürükləyir.

17 yaşında evlənənlərin çoxu qadınlardır. Mühafizəkar cəmiyyətdə ailələrin çoxu qızlarını erkən yaşda ərə verməyə çalışır.

Tacikistanda 2021-ci ildə min 500 ailə başçısı arasında keçirilən bir rəy sorğusunda respondentlərin 53 faizi qadın üçün ən yaxşı evlilik yaşının 19-20 yaş, kişilər üçünsə 24 yaş olduğunu demişdi.

Kişilərin nədən qadınlardan daha gec evlənməli olduğu sualına cavab olaraq, əksər respondentlər kişilərin evlənməzdən öncə universitet təhsili almalı olduğunu bildirmişdi.

Ekspertlər və qadın haqları qrupları erkən evlənən qadınların çox zaman mental və fiziki problemlərlə üzləşdiyini bildirirlər.

Düşənbədə yeni evlənən cütlük foto çəkdirir.
Düşənbədə yeni evlənən cütlük foto çəkdirir.

"Sən düz deyirdin"

Onlar deyirlər ki, 17 yaşlı qızlar ərlərinə və uşaqlarına qulluq etməyə, məişət yükünü daşıma - evlilik həyatına başlamağa hazır deyillər.

"Bir dəfə bir qadın bizim təşkilatdan 17 yaşlı qızını ərə verməklə bağlı məsləhət istədi. Mən anlatdım ki, onun qızı hələ uşaqdır, evliliyə hazır deyil və bu iş alınmaz. Ancaq qadın qızının ərə getməsinə razılıq verib. Di gəl, ilyarımdan sonra evlilik boşanma ilə nəticələnib. İndi həmin yeniyetmə gəlin 19 yaşında tənha anadır", - "Ğəmxori" qadın haqları təşkilatından Şohsənəm Qaraboyeva belə deyir.

"Qadın ofisə gəlib dedi ki, sən düz deyirdin. Gənc gəlinin qaynana və qayınatası onun evlilik həyatına hazır olmamasından və hətta [ev işlərini görmək üçün] səhər tezdən oyanmamasından şikayətlənirmiş", - yenə Qaraboyevanın sözləridir.

XS
SM
MD
LG