Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 07:55

‘Kaş əsgər öldürənlərin cəzasını əsgər anaları verəydi...’


Kifayət Süleymanova
Kifayət Süleymanova

“Kaş əsgər öldürənlərin cəzasını həmin əsgərlərin anaları verəydi...” – hərbi xidmətdə olan oğlunu itirən ana - Kifayət Süleymanova belə deyir.

BDU-nun tarix fakültəsini fərqlənmə diplomuyla bitirən Tapdıq Babaşov ötən ilin mayında Fövqəladə Hallar Nazirliyinin Biləcəridə yerləşən N saylı hərbi hissəsində dünyasını dəyişib. Onun müəmmalı ölümü, eləcə də sözügedən hərbi hissədə 50-dək əsgərə işgəncə verilməsi, onların təhqir olunması 10 aydır sürən məhkəmədə araşdırılır. İşə Bakı Hərbi Məhkəməsində Müslüm Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Tapdıq Babaşovu intihar həddinə çatdırmaqda, əsgərlərə işgəncə verməkdə, nizamnamə qaydalarını pozmaqda suçlanan 3 nəfər - hərbi hissənin manqa komandiri olmuş Ruslan Cavadov, Cəmil Ağayev və Elməddin Babayev məhkəmə önünə çıxarılıb.

Buna da bax:​ «...Əsgərlərin kürəyində ayaqqabı ilə gəzməmişəm»

“Mən aciz oğul böyütməmişəm”

Tapdıq Babaşov
Tapdıq Babaşov

Mərhum əsgərin anası, iş üzrə zərərçəkmiş Kifayət Süleymanovanın vəsatəti əsasında Tapdıq Babaşovun ölümünün səbəbini dəqiqləşdirmək üçün təkrar tibbi ekspertiza təyin olunsa da, həmin rəy də ananı qane etməyib. O, oktyabrın 11-də keçirilən məhkəmə iclasında ekspert rəyinə münasibətini belə ifadə edib: “Keçən məhkəmədə tələb etmişdim ki, hərbi hissənin generalı İlham Abdullayev gəlib ifadə versin, hərbi hissənin kameralarını göstərsinlər bizə. Niyə açıb içini göstərmirlər? Proses hərbi hissənin və prokurorluğun uydurduğu yalan ssenari üzərində qurulub. Məhkəmədə də həqiqət açılmadı. Heç həqiqətin ucu da görünmədi. Mənim oğlum aciz oğul deyildi. O, qarşısındakı qatilləri boğub atar, amma özünü atmazdı, intihar etməzdi. Mənim oğlumu boğub, ölmüş bilib atıblar. Boynu gömgöy idi, özüm gördüm. Hər dəfə ölümünə bir ad qoydular, şər atdılar. Bu hadisə ilə bağlı səs-küy yaranandan sonra general İlham Abdullayev hərbi hissəsinin adını qorumaq üçün adını intihar qoydu. Oğlumun intihar etdiyini deyənin dilini qopararam. Mən aciz oğul böyütməmişəm”.

Buna da bax:​ “Vətənə oğul verdim, üstümə tabut göndərdilər”

Kifayət Süleymanova işə obyektiv baxılmasa və məhkəmə ədalətli qərar çıxarmasa, Avropa Məhkəməsinə şikayət edəcəyini bildirib.

Dövlət ittihamçısı Yavər Abdullayev isə bu ekspertiza rəyi ilə ittihamın təsdiqləndiyini vurğulayıb.

Ardınca məhkəmə istintaqının yekunlaşdığı elan olunub. Prokuror çıxış edərək, təqsirləndirilən şəxslərə verilmiş ittihamların məhkəmədə də sübuta yetirildiyini söyləyib və Ruslan Cavadova 10 il, Cəmil Ağayev və Elməddin Babayevin hər birinə 8 il 6 ay həbs cəzası kəsilməsini təklif edib.

“Özünü atan adam sağa-sola baxmaz, atar”

Zərərçəkmişin vəkili Hüseyn Həsənov prokurorun çıxışı ilə razılaşmayıb: “Ruslan Cavadovla bağlı ittiham ayrılmalı və iş ibtidai istintaqa qaytarılmalıdır. Çünki işin halları ittihama uyğun gəlmir. Hadisənin yeganə şahidi olan Şöhrət Bayramov kiminsə pəncərədən sağa-sola baxdığını görüb. Özünü atan adam sağa-sola baxmaz, atar. Tapdıq Babaşov döyülüb, boğulub və halsız vəziyyətdə pəncərədən yerə atılıb”.

Buna da bax:​ Ölən əsgərin anası generalı tələb edir

Kifayət Süleymanova vəkilinin dediklərinə bir cümlə əlavə edib: “Kaş, əsgər öldürənlərin cəzasını həmin əsgərlərin anaları verəydi…”.

Hərbi hissədə döyülmüş, təhqir olunmuş əsgərlər də iş üzrə zərərçəkmiş kimi tanınıblar. 50 zərərçəkmiş əsgərdən 46-sı məhkəmədə iştirak edib. Onlar təqsirləndirilən şəxslərlə bağlı hər hansı şikayət və tələblərinin olmadığını bildiriblər.

Məhkəmə oktyabrın 20-də vəkillərin çıxışı ilə davam edəcək.

XS
SM
MD
LG