Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:00

Hökumət ötən il taxıl istehsalını artıra bilməyib


Fermer: 'Sovet vaxtı bundan iki dəfə artıq buğda götürürdük'
Gözlə

No media source currently available

0:00 0:03:01 0:00

Fermer: 'Sovet vaxtı bundan iki dəfə artıq buğda götürürdük'

Ölkənin taxılla təminatı ötən il Azərbaycanda ən çox gündəmə gələn məsələlərdən idi. Azərbaycan ənənəvi olaraq taxılla təminatda idxaldan ciddi asılıdır. Təminat baxımından ən ciddi problem yaşadan bitki buğdadır. Ötən il açıqlanan göstəriciyə görə, Azərbaycanda istifadə edilən ərzaqlıq buğdanın 75 faizi idxal hesabına təmin edilir. 2022-ci ildə qlobal taxıl bazarında baş verən böhran bu məsələni daha da aktuallaşdırıb. Yaşanan böhran başlıca olaraq Rusiya-Ukrayna savaşından qaynaqlanır, axı hər iki ölkə dünyanın ən böyük taxıl istehsalçı və ixracatçılarından biridir. Məsələn, Azərbaycan idxal etdiyi buğdanın təxminən 90 faizini məhz Rusiyadan alırdı.

Ötən il taxıl təminatı ilə bağlı baş verən çətinliklər hökumətin də əsas gündəm mövzularından biri idi. Bu məsələ ilboyu bir çox toplantıda müzakirəyə çıxarıldı. Hökumət rəsmiləri yaxın gələcəkdə taxıl istehsalında ciddi artıma nail olacaqlarına dair açıqlamalar verdi, taxıl istehsalının artırılması ilə bağlı müxtəlif addımlar gündəmə gəldi. Bunlardan biri Azərbaycanın xarici ölkələrin ərazisində torpaq icarəyə götürüb taxıl yetişdirməsi haqqında idi. Oktyabrın 10-da baş tutan Azərbaycan və Moldova hökumətlərarası komissiyasının iclasından sonra bildirilmişdi ki, Azərbaycan Moldovada dənli bitkilərin yetişdirilməsi üçün torpaq icarəyə götürməkdə maraqlıdır. İlboyu hökumət rəsmiləri də taxıl təminatında idxaldan asılılığın aradan qaldırılması barədə iddialı açıqlamalar verib. Prezident İlham Əliyev 2022-ci ilin avqustunda verdiyi açıqlamada bildirib ki, hökumət qarşıdakı 3-4 il ərzində ölkənin taxılla təminatını 62 faizdən 80 faizə yüksəltməyi hədəfləyir.

Taxıl istehsalına yeni təşviqlər

Ötən il Azərbaycanda taxıl istehsalını artırmaq üçün bir sıra addımlar atılıb. Məsələn, prezident "Ərzaqlıq buğda ilə özünü təminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Fərman imzalayıb. Burada təklif edilən yeniliklərdən biri məhsul subsidiyaları ilə bağlıdır. Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanacaq müqaviləyə əsasən, ərzaqlıq buğda istehsalına dair öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya məhsul subsidiyası tətbiq ediləcək. Ancaq bu yenilikdən yalnız müasir suvarma sistemlərindən yararlanan təsərrüfatlar istifadə edə biləcək. Eyni zamanda hökumət təsərrüfatları müasir suvarma sistemlərinə keçməyə də həvəsləndirir. Belə yeniliklər 2023-cü ildən başlayaraq 5 il müddətində gerçəkləşdiriləcək.

2022-ci ildə istehsal göstəriciləri

Dövlət Statistika Komitəsinin (DSK) açıqladığı rəqəmlərə görə, ötən il Azərbaycanda buğda istehsalı azalıb və il boyunca 1 milyon 736 min ton buğda yetişdirilib. 2021-ci ildə bu rəqəm 1 milyon 885 min ton idi. Deməli, ötən il Azərbaycanda buğda istehsalında 149 min ton və ya 8 faizə yaxın azalma baş verib. Açıqlanan göstəricilərdən aydın olur ki, buğda istehsalının azalması məhsuldarlığın aşağı düşməsindən və buğda əkini sahəsinin azalmasından qaynaqlanıb. Məsələn, 2022-ci ildə hər hektardan 31.9 sentner məhsul götürülüb. 2021-ci ildə bu rəqəm 32.9 sentner olub. Deməli, ötən il fermerlər hər hektardan 1 sentner daha az buğda yığa bilib. Məhsul yığılan sahələrin həcmi də həmin müddətdə 572 min hektardan 547 min hektara geriləyib.

DSK-nın rəqəmləri buğda ilə yanaşı, arpa və qarğıdalı istehsalında da azalmanı üzə çıxarır. 2022-ci ildə arpa istehsalı biröncəki illə müqayisədə 1 milyon 146 min tondan 1 milyon 100 min tona enib. Arpanın məhsuldarlığı il ərzində hər hektarda 2 sentner azalıb. Qarğıdalı istehsalı isə 287 min tondan 275 min tona enib. Qarğıdalının hər hektara düşən məhsuldarlığı il ərzində 3 sentner azalıb. Ötən il toplam 3.16 milyon ton taxıl yetişdirilib. Bu o deməkdir ki, 2021-ci illə müqayisədə Azərbaycanda taxıl istehsalı 6 faiz, yəni 202 min ton azalıb.

Qiymət artıb, ixrac coğrafiyası dəyişib

Azərbaycanda 2022-ci il kəskin qiymət artımları ilə yadda qaldı. Ancaq rəsmi rəqəmlər göstərir ki, il ərzində ölkədə qiyməti ən çox bahalaşan məhsul çörək olub. Çörək 50 faizdən çox bahalaşıb. Taxıl bazarında baş verən hadisələr fonunda Azərbaycanın buğda təminatında Qazaxıstanın rolu artmağa başlayıb. Ancaq idxalda əsas oyunçu hələ də Rusiyadır. Ötən ilin 11 ayını əhatə edən idxal əməliyyatlarına dair hesabatdan aydın olur ki, Azərbaycan Qazaxıstandan 252 min ton yumşaq buğda gətirib. Rusiyadansa 911 min ton buğda idxal edilib. Belə çıxır ki, Rusiyanın buğda idxalındakı payı təxminən 78 faizdir. Bir öncəki ilin eyni dövründə bu göstərici 83 faiz idi.

2022-ci ilin 11 ayı ərzində Azərbaycan xaricdən 398 milyon dollar dəyərində 1 milyon 168 min on buğda gətirib. 2021-ci ilin 11 ayı ərzində Azərbaycana 287 milyon 558 min dollar dəyərində 1 milyon 17 min ton buğda idxal edilmişdi. Bu o deməkdir ki, ötən il ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın bir tonunun orta qiyməti 341 dollar olub. Bir öncəki ilin eyni dövründə isə orta qiymət 282 dollar idi. Deməli, il ərzində buğdanın bir tonunun orta idxal qiyməti 20 faizdən çox artıb.

XS
SM
MD
LG