Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 12:35

Seçimi hər zaman suallar doğuran komissiya ləğv edildi


Prezident Administrasiyası
Prezident Administrasiyası

-

İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Prezidenti yanında Təhsil Komissiyası ləğv edilib. Bu komissiyanın böyük səlahiyyətləri olub. İki başlıca səlahiyyət ali və оrta iхtisas təhsili ocaqlarına tələbə qəbulu planını müəyyənləşdirmək və «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nı icra etmək idi.

«İLK TƏRKIB... ÇOX DEMOKRATİK OLUB»

Komissiyanın xaricdə təhsillə bağlı səlahiyyətləri ayrıca diqqət çəkib. Bu barədə araşdırma aparan İqtisadi Tədqiqatlar Mərkəzinin (İTM) rəhbəri Qalib Toğrul deyir ki, komissiyanın ilk tərkibi sonrakılarla müqayisədə çox demokratik olub: «İlk tərkibdə Bakı Dövlət Universitetinin professoru Cəmil Həsənli və Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı da yer alıb. Bir vaxtlar komissiya üzvləri sırasında vətəndaş cəmiyyətinin nümayəndəsi də olub - 2Müasir Təhsil İnnovasiyaları Mərkəzi» qeyri-hökumət təşkilatının proqram direktoru Elmina Kazımzadə. Ramiz Mehdiyevin başçılıq etdiyi komissiyada sonralar Elçin Əfəndiyev, Mahmud Kərimov, Fatma Abdullazadə, Misir Mərdanov, Fikrət Məmmədov, Şahin Mustafayev, Samir Şərifov, Azad Rəhimov və Məleykə Abbaszadə kimi dövlət və mərkəzi icra qurumlarının rəhbərləri təmsil olunublar».

«SON SÖZ KOMİSSİYADA OLUB»

Q.Toğrulun sözlərinə görə, Dövlət Proqramının icrası barədə son sözü – yekun qərarı həmişə bu komissiya verib. Söhbət bu qərarlardan gedir:

1. Hər il İqtisadiyyat (keçmiş İqtisadi İnkişaf Nazirliyi - red.) və Təhsil nazirlikləri ölkənin inkişaf perspektivlərini nəzərə alaraq sahələr, ixtisaslar, təhsil proqramı və pillələri üzrə kadr ehtiyaclarına olan tələbatı uyğun nazirlik, idarə və təşkilatlarla birgə müəyyənləşdirib və təsdiq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil Komissiyasına təqdim edib;

2. İqtisadiyyat və Təhsil nazirlikləri xarici təhsil qurumunun dünya üzrə reytinqi, öncəlik verilən ixtisas və təhsil proqramları üzrə tələb edilən təhsilin səviyyəsi, tələbənin təhsili, sosial təminatı və digər xərclər nəzərə alınmaqla, ən optimal xarici təhsil ocaqlarını seçərək, təkliflərini komissiyaya təqdim edib;

3. Xaricdə oxumağa namizədləri hər il bu komissiya təsdiqləyib;

4. Hər tədris ilinin yekununda, ali təhsil müəssisələrinin rəyinə əsasən, uğur qazanmayan tələbələr Təhsil Nazirliyinin təqdimatı ilə komissiyada müzakirə olunub və proqramdan çıxarılıb.

Bəs, Təhsil Nazirliyi nə iş görüb? İTM rəhbəri bildirir ki, nazirlik hər il elan verib sənədləri qəbul etdikdən sonra namizədlərin müsahibəsini həyata keçirib: «Daha sonra müsahibədən keçən namizədləri təsdiq üçün komissiyaya təqdim edib. Komissiyanın namizədləri hansı meyarla təsdiqləməsi hələ indiyədək qaranlıq qalır».

«SEÇİMİ HƏR ZAMAN NARAZILIQ DOĞURAN KOMİSSİYA...»

Q.Toğrul xaricdə təhsillə bağlı 1-ci proqramın bitdiyini və Təhsil Nazirliyində yeni proqram layihəsinin hazırlandığını xatırladır: «Yeni proqram layihəsində bir çox yeniliklər var. Bu barədə proqram layihəsi açıqlanandan sonra danışmaq daha doğru olar. Ancaq belə görünür ki, ən böyük yenilik bütün səlahiyyətlərin nazirliyin və ya bu sahədə böyük təcrübəsi olan Qazaxıstandakı kimi, ayrıca bir qurumun əlində cəmləşməsi olacaq. Seçimi hər zaman narazılıq doğuran komissiya artıq oyundan çıxarılıb».

XS
SM
MD
LG