Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:54

Nəcməddin Sadıqovun bacısı oğlu 'Tərtər işi'nə görə məhkəmə qarşısında


Nəcməddin Sadıqov (ortada), 2017-ci il
Nəcməddin Sadıqov (ortada), 2017-ci il

2017-ci ilin may-iyun aylarında Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələrə görə zərərçəkənlərin ittiham etdiyi səlahiyyətlilərdən biri də o dövrdə Baş Qərargah rəisi olan Nəcməddin Sadıqovdur. Zərərçəkənlər Sadıqovun heç olmasa, məhkəməyə çağrılıb dindirilməsini tələb edirlər.

Nəcməddin Sadıqov özü olmasa da, onun bacısı oğlu, general-mayor Ramil Əsgərov avqustun 1-də “Tərtər işi” üzrə məhkəməyə çağrılaraq dindirilib. O, həmin hadisələr vaxtı işgəncə verməkdə ittiham olunanlardan 4 nəfərin məhkəməsində şahid qismində ifadə verib. Söhbət o dövrdə Tərtərdə hərbi hissə komandiri olmuş polkovnik Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev, müddətdən artıq xidmət edən hərbi qulluqçular Ramil Qarayev və Rüstəm Ələsgərovun məhkəməsindən gedir.

Ramil Əsgərov Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi olub. O, məhkəmədə sualları cavablandırarkən məlum olub ki, 2020-ci ildə Ermənistanla 44 günlük müharibə gedən dövrdə vəzifəsindən azad edilib. Deyir ki, oktyabrın 23-də öz ərizəsiylə işdən çıxıb.

'Tərtər işi': Ləğv olunan hökmün cəzası
Gözlə

No media source currently available

0:00 0:09:30 0:00

“Kiməsə nəsə deməyimin mənası yox idi”

Əsgərov bildirib ki, 2017-ci il mayın 7-də rəhbərliyin göstərişiylə Tərtərə gedib. Həmin vaxt Tərtərdə gedən istintaqa kömək məqsədilə göndərilib. Çünki onun rəhbərlik etdiyi idarədə də təcrübəli təhqiqatçılar olub.

General-şahid etiraf edib ki, orada hərbçilərə qarşı bir sıra qanunsuz hərəkətlərin şahidi olublar. Məsələn, dindirməyə cəlb olunanların əlləri, gözləri bağlı vəziyyətdə saxlanması, pəncərədən atılma halları və s. Məhkəmədə zərərçəkənlər də, vəkillər də Əsgərovdan soruşub ki, bəs niyə hərbçilərə qarşı qanunsuzluqlara, işgəncə hallarına müdaxilə etmədi, baş verənlər barədə Müdafiə Nazirliyinin rəhbərliyinə məruzə eləmədi?

“Mən orada bəlkə də 10-cu adam idim. Mənim kiməsə nəsə deməyimin mənası yox idi...”, – deyən Əsgərov əlavə edib ki, məruzə eləməyə ehtiyac yox idi. Çünki hərbi prokurorluq da daxil olmaqla, səlahiyyət sahibləri orada idi. Onun sözlərinə görə, üstəlik, korpus komandiri, general Hikmət Həsənov da telefonla mütəmadi rəhbərliyə məruzə edirdi.

Bununla belə, Əsgərov təsdiqləyib ki, Nəcməddin Sadıqovun bacısı oğlu olduğuna görə müəyyən qədər ondan çəkinirdilər.

Ali Məhkəmənin kollegiya sədrinin oğlunun həbsi tələb olunur

Tərtərdəki işgəncələrdə ən çox adı hallananlardan biri Cəfər Seyidovdur. O, 2007-2017-ci illərdə Bakı şəhər prokuroru, ondan sonra isə Ali Məhkəmənin hakimi olan Əziz Seyidovun oğludur.

Məhkəmədə dindirilən zərərçəkmişlər deyir ki, işgəncələr mayın 1-dən başlasa da, bir neçə gün sonra Tərtərə Cəfər Seyidovun rəhbərliyi altında “Sualtı Hücum” (SAH) Dəniz Xüsusi Təyinatlıları gətirilib. Onlar saxlanılan hərbçilərə uzun müddət ağlasığmaz işgəncələr verib.

Avqustun 1-də məhkəmədə şahid qismində dindirilən polkovnik Seyidov özünün və komandiri olduğu qüvvələrin işgəncələrdə iştirakı haqda zərərçəkənlərin dediklərini qəbul eləməyib. O bildirib ki, işgəncələrdə iştirak eləməyiblər. Tərtərə gəlişlərinin məqsədi isə sorğuya cəlb olunan hərbçilərin saxlandığı köhnə qərargah binasının mühafizəsinin təşkili olub. Həmçinin həmin hadisələr zamanı yaralı hərbçiləri hospitallara aparmaq lazım olanda, bu işləri də görürdülər.

Seyidov iddia edib ki, işgəncələrin şahidi olmayıb. Hərçənd, orada olduğu müddətdə kiminsə sözügedən qərargah binasının ikinci mərtəbəsindən özünü atıb öldürdüyünü eşidib. Onda da təəccüblənib: “Fikirləşdim ki, axı pəncərədə barmaqlıq var, necə atıb özünü?”

Cəfər Seyidovun ifadəsi, onun suallara cavablarından sonra onunla zərərçəkənlər arasında gərginlik yaşanıb. Zərərçəkmişlər Seyidovun yalan danışdığını bildiriblər. Onlar vurğulayıb ki, Tərtərdəki işgəncələrə görə həbs olunmalı əsas şəxslərdən biri məhz Seyidovdur.

Xatırlatma

2017-ci ilin may-iyun aylarında Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələrlə bağlı məhkəmə araşdırmaları davam edir. Hazırda bu olaylarla əlaqədar hər biri 4 nəfərdən ibarət iki qrupun məhkəməsi gedir. 5 nəfərlik daha bir qrupun isə məhkəməsi yaxın günlərdə başlayacaq.

2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat yenilənəndən sonra ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb.

Tərtər hadisələrilə eyni dövrdə Beyləqanda da bənzər olaylar yaşanıb. 5 nəfərlik daha bir qrup isə Beyləqandakı işgəncə iddialarıyla əlaqədar mühakimə olunur.

2017-ci ildə “Tərtər işi” çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub, dövlətə xəyanətdə ittiham edilib. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı.

Hüquq müdafiəçiləri işgəncədən ölənlərin sayının 10-dan artıq olduğunu desələr də, bu, rəsmən təsdiqlənməyib. Həmin şəxslərdən beşinə sonradan bəraət verilib.

Yazıda adları çəkilən Müdafiə Nazirliyinin yüksək rütbəliləri indiyədək ittihamlara şərh verməyiblər.

XS
SM
MD
LG