Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:27

Vəkil Bürosunun müdiri və vəkil müstəntiq önündə...


Korrupsiyaya Qarşı Mübarizə İdarəsi (Foto arxiv)
Korrupsiyaya Qarşı Mübarizə İdarəsi (Foto arxiv)

Tovuz rayon Vəkil Bürosunun müdiri Rəşad Abdullayev və bu qurumun daha bir vəkili Süleyman Əliyevin saxlanması xəbəri rəsmi qaydada təsdiqlənib. Onlar haqqında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Hər ikisinə Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham verilib.

Bu barədə Baş Prokurorluq və Vəkillər Kollegiyası birgə məlumat yayıb.

Vəkillər məhkəmədə baxılan müxtəlif işlərdə onların xeyrinə qərar verilməsindən ötrü hakimlərə təsir göstərmək adıyla adamları aldadıb, onların pulunu ələ keçirməkdə suçlanırlar.

Avqustun 26-da saxlanılan R.Abdullayev və S.Əliyevin istintaq dövründə həbsdə saxlanmamasına qərar verilib. Onların barəsində istintaq dövrü üçün polisin nəzarətinə vermə-qətimkan tədbiri seçilib.

Vəkillərə ittiham verilən Cinayət Məcəlləsinin 312-1.1 maddəsində 6 min manatdan 10 min manatadək cərimə və ya əmlakı müsadirə olunmaqla, 3 ildən 7 ilədək həbs cəzası nəzərdə tutulub.

Onlar haqqında Vəkillər Kollegiyasında da araşdırma başlanıb.

+++

Tovuz rayon Vəkil Bürosunun rəhbəri Rəşad Abdullayev və bu büronun daha bir vəkili Süleyman Əliyevin saxlandığı bildirilir. Rayondan AzadlıqRadiosuna verilən bilgiyə görə, adları çəkilən vəkillər Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb: "Əməliyyat avqustun 26-da keçirilib. Hər ikisi saxlanılaraq Bakıya gətirilib".

Vəkillərin saxlanmasını prokurorluqdakı mənbə də AzadlıqRadiosuna təsdiqləyib. Prokurorluqdan bildirilib ki, Tovuzdakı əməliyyat müxtəlif adamların şikayətləri əsasında gerçəkləşdirilib: "Vətəndaşlardan aldadılmaları, pullarının mənimsənilməsi haqda xeyli şikayətlər var. Həmin şikayətlər əsasında da əməliyyat keçirilib və saxlanılıblar. Dələduzluq və korrupsiya ilə bağlı başqa əməllərdə şübhəli bilinirlər".

Tovuz Vəkil Bürosunun rəhbəri R.Abdullayevin 3 il vəkil təcrübəsi var. O, daha öncə Gəncə Apellyasiya Məhkəməsində hakim köməkçisi çalışıb. Oradakı iş yoldaşlarından biriylə davadan sonra işdən çıxıb və vəkillik fəaliyyətinə başlayıb.

S.Əliyevin isə 6 il vəkillik təcrübəsi var.

Hələlik, sadalanan vəkillərin özləri və ya ailə üzvlərinin onların saxlanması, vətəndaşların şikayətləriylə bağlı deyilənlərə münasibəti bilinmir.

XS
SM
MD
LG