Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 01:29

Ərdoğanın seçkidəki yenilgisi hansı yanlış addımlardan qaynaqlanıb?


Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkiləri ərəfəsində İstanbulda təşviqat mitinqində çıxış edir.
Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkiləri ərəfəsində İstanbulda təşviqat mitinqində çıxış edir.

Rəcəb Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyası (AKP) Türkiyədə keçirilən bələdiyyə seçkilərində yenilərək beş böyük şəhərdə mövqelərini itirib. Bu, islamçı ideyalara söykənən partiyanın hakimiyyətə gəldiyi 2002-ci ildən bəri ümumxalq səsverməsində üzləşdiyi ilk yenilgidir. Üstəlik, Cümhuriyyət Xalq Partiyasının (CHP) son yarım əsrə yaxın dövrdə qazandığı ən böyük seçki qələbəsidir.

"The Financial Times" qəzeti yazır ki, Türkiyədə artıq uzun zamandır davam edən iqtisadi böhran, nəhayət, bir çox seçicinin səbrini tükəndirdi. Məqalədə deyilir ki, Ərdoğanın yol verdiyi silsilə taktik səhvlər onun bir çox namizədinin müxtəlif siyasi partiyalar tərəfindən məğlub edilməsinə yol açıb.

"Bu nəticə qarşıdakı illər boyunca Türkiyə siyasətində əksini tapacaq. 2028-ci ildə keçiriləcək prezident və parlament seçkilərində Ərdoğanı məğlub etməklə bağlı müxalifətin ümidlərini yenidən dirildəcək", - siyasi risklər sahəsində ixtisaslaşan "Eurasia Group" konsaltinq şirkətinin Avropa üzrə direktoru Emre Pekerin sözləridir.

"Anadolu" dövlət xəbər agentliyinin məlumatına görə, seçkilərdə AKP səslərin 36 faizini, CHP isə 38 faizini toplayıb. Beş il öncə AKP 44 faiz, CHP 30 faizdən az səs toplamışdı.

"Ərdoğanın son dərəcə bölücü ritorikası…"

Ankarada yerləşən TOBB İqtisadiyyat və Texnologiya Universitetinin professoru Burak Bilgehan Özpek deyir ki, seçici iştirakının az – 78 faiz olması ənənəvi AKP dəstəkçilərinin seçki məntəqələrinə gəlməməsindən qaynaqlana bilər.

R.T.Ərdoğan və AKP-nin İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədi Murat Kurum İstanbulda seçkiöncəsi mitinqdə.
R.T.Ərdoğan və AKP-nin İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədi Murat Kurum İstanbulda seçkiöncəsi mitinqdə.

"Ərdoğanın son dərəcə bölücü ritorikası, medianın çox hissəsinə nəzarət etməsi və ictimai resurslardan öz seçki imkanlarını artırmaq üçün yararlanması Türkiyəni kəskin şəkildə iki cəbhəyə ayırıb", - Özpek belə deyir.

"CHP qütbləşmə oyununu oynamağın yolunu öyrənib", - yenə onun sözləridir. Özpek deyir ki, anti-Ərdoğan ritorikası CHP-nin həm millətçi, həm də kürd seçiciləri cəlb etməsinə yardım göstərib.

"Bu, bizim gözlədiyimiz nəticə deyildi. Əsas problem odur ki, biz seçicilərimizi seçki qutularına gəlmək üçün səfərbər edə bilməmişik… Biz seçkidə məğlub oluruqsa, bu, müxalifətin bizdən yaxşı olmasına görə deyil, bizim özümüzün işimizi görmədiyimizə görədir", - AKP Mərkəzi Qərarverici Şurasının üzvü Harun Armağanın baxışıdır.

Ancaq hətta AKP-nin öz içində də bu yenilgidə iqtisadi durumun ciddi rol oynadığı fikri ilə razılaşırlar. İllərlə sürən inflyasiya türklərin alıcılıq qabiliyyətini azaldır.

Çoxları sürətli qiymət artımına görə Ərdoğanın qeyri-standart iqtisadi siyasətini günahlandırır. Ancaq may seçkilərindən sonra o, inflyasiya böhranını aradan qaldırmaq üçün yenidən ənənəvi iqtisadi yanaşmaya qayıtmağa çalışır.

Türkiyə lirəsinin qara günləri: Ərdoğan seçiləndən sonra daha da çökdü
Gözlə

No media source currently available

0:00 0:03:52 0:00

Armağanın sözlərinə görə, Ərdoğan bu dəfə də populist tədbirlərə əl atmaqla partiyası üçün daha çox səs qazana biləcəyinin fərqində idi. Ancaq o, qarşıdakı müddət ərzində inflyasiyanı azaltmaq istiqamətində fiskal siyasətin üzərində durmağı seçib.

"İqtisadiyyat yerlə-yeksan edilib"

Bu iqtisadi proqramın inflyasiyanı azaldacağı gözlənilsə də, qısamüddətli perspektivdə türklərin gündəlik yaşamını çətinləşdirib; faiz dərəcələri artır, türk lirəsinin dəyəri hələ də rekord aşağı həddədir, inflyasiya isə 70 faizdir.

"İqtisadiyyat yerlə-yeksan edilib", - ömrü boyunca AKP-yi dəstəkləyən 55 yaşlı İstanbul sakini Erol belə deyir. O, bazar günü keçirilən seçkilərdə İmamoğlunun cəbhəsinə səs verib.

Nəticələr müxalifəti ruhlandırsa da, Ərdoğan Türkiyənin ən populyar siyasətçilərindən biri olaraq qalmaqdadır.

Bundan başqa, AKP-nin yenidən qruplaşması, eləcə də Ərdoğanın yeni iqtisadi proqramının bəhrə verməsi üçün 2028-ci il seçkilərinədək gen-bol vaxt var.

Ancaq təhlilçilər deyirlər ki, praktik siyasətçi və qətiyyətli kampaniya ustası kimi tanınan Ərdoğan da AKP-nin itkilərini artıran yanlışlara yol verib.

Fatih Erbakan
Fatih Erbakan

Ərdoğanın səhvlərindən biri…

Ankarada fəaliyyət göstərən "Metropoll" tədqiqat qrupunun siyasi təhlilçisi Özer Sencar deyir ki, Ərdoğanın səhvlərindən biri onun islamçı Yeni Rifah Partiyasının (YRP) AKP səslərinə mümkün təsirini düzgün dəyərləndirməməsidir.

"İstanbul Ekonomi Araştırma" qrupundan Can Selçuki deyir ki, YRP narazı AKP seçicilərinin Ərdoğanın siyasətindən məyusluqlarını dünyəvi müxalifəti dəstəkləmədən ifadə edə biləcəkləri kanal mövqeyi tutub.

Mühafizəkar dindar seçicilərə arxalanan bu partiyanın sədri Fatih Erbakan keçmiş baş nazir Necmettin Erbakanın oğludur. O, ölümündən 13 il keçmiş hələ də dini mühafizəkar türklər tərəfindən xoş sözlərlə yad edilir. Ərdoğan 1994-cü ildə İstanbul meri vəzifəsinə seçilərkən, kampaniyasını Erbakanın "Rifah" partiyasının bayrağı altında aparıb.

Seçki kampaniyası zamanı Suriya sərhədi yaxınlığındakı mühafizəkar Şanlıurfa şəhərində seçicilər "The Financial Times"a iqtisadiyyatın durumu və Ərdoğanın avtokratiyaya üz tutmasından narahat olduqları üçün, əvvəlki kimi, AKP-ni deyil, YRP-ni dəstəkləməli olduqlarını deyiblər.

Ərdoğanın partiyası ilə bağlı bu məyusluq namizədliyini YRP-dən verən keçmiş AKP millət vəkili Mehmet Kasım Gülpınarın mer seçilməsi ilə nəticələnib.

76 yaşlı Alaattin İstegün AKP-ni tərk edərək YRP-yə könüllülük etməyə başlayıb. "Son 10 ildə Ərdoğan hər şeyi özü üçün edib. O, qanunu tanımır", - İstegünün sözləridir. O, Erbakanın daha demokratik sistemi bərpa edə biləcəyinə inanır.

XS
SM
MD
LG