Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:34

Türkmənistanda internatdan çıxanları qocalar evlərinə göndərirlər


Türkmənistanda gənclər
Türkmənistanda gənclər

Türkmənistanda dövlət uşaq evlərində böyüyən uşaqların çoxu 18 yaşı tamam olan kimi qocalar evlərinə göndərilir. Bunu bu ölkədə uşaq evində böyüyən bir qadın deyir.

Qanunla hökumət uşaq evlərinin yetkinlik yaşına çatan sakinlərini sosial evlə təmin etməlidir.

"Reallıqda isə bu vədə əməl etmirlər", – qadın AzadlıqRadiosuna deyib.

"Valideynsiz uşaqların 18 yaşı tamam olan kimi oğlanlar orduya, qızların çoxu isə anadan olduqları vilayətlərdə qocalar evlərinə yerləşdiriliblər", – qadın iddia edib.

Otaq ayrılıb, yemək yox

26 yaşlı qadın qanunla uşaq evindən çıxandan sonra birotaqlı mənzilə hüququ çatdığını söyləyib. Əvəzində isə ona Lebap vilayətinin paytaxtı Türkmənabad şəhərində qocalar üçün nəzərdə tutulmuş dövlət müəssisəsində bir otaq ayrılıb.

Qadın radioya kimliyini açıqlamamaq şərti ilə danışıb. Avtoritar Türkmənistanda hökumət tənqidə dözümsüz yanaşır.

O, sosial dəstəksiz qaldığını, özünü "arzuolunmaz və müdafiəsiz", müstəqil həyata hazırlıqsız hiss etdiyini söyləyib.

"Qocalar evində yaşayan ahıllara baxanda həmişə düşünürdüm ki, onların həyatı valideynsiz uşaqlarınkından fərqlənmir. Arzuolunmaz olmaq çox ağrılı bir hissdir", – qadın danışır.

Onun başının üstündə damı olsa da, müəssisənin digər sakinləri kimi ərzaqla təmin olunmayıb: "Yerli bazarda iş tapmalı oldum, çünki ərzaq, digər vacib şeyləri almağa pulum yox idi. Qocalar evindəki baxıcı və inzibatçı məni hədələdilər ki, "bizi qəzəbləndirsən, səni polisə verərik, fahişəlikdə ittiham edərik"".

AzadlıqRadiosu qadının iddialarını dəqiqləşdirə bilməyib. Lebapda rəsmi orqanlar radionun sorğularını cavablandırmayıb.

Həyata hazırlıqsız

Türkmənistan hökuməti uşaqların uşaq evində, yaxud oranı tərk edəndən sonra üzləşdikləri çətinliklər barədə informasiya vermir.

Dövlət mediası çox vaxt dövlət müəssisələrində xoşbəxt uşaqlığın əks olunduğu bərbəzəkli fotolar yayır – uşaqlar məktəb səyahətlərinə çıxır, konsertlərə gedir, yaxud onlara ölkə prezidentinin adından hədiyyələr – şirniyyat, velosiped paylanır.

Mayda dövlət mediası yazıb ki, Aşqabad və Balkanabad uşaq evlərindən 32 məktəbli informasiya və kommunikasiya texnologiyaları üzrə üçhəftəlik xüsusi təlim kursuna qatılıb.

Ancaq Lebapdakı qadın deyir ki, valideynsiz uşaqların çoxu uşaq evindən sonrakı həyata hazırlıqla bağlı heç bir kömək görmürlər: "Uşaq evindən çıxandan sonra cinayətə əl atan, yaxud həyatın öhdəsindən gələ bilmədiyinə görə özünü öldürməyə cəhd edənlər çoxdur".

Beş ildən çoxdur ahıllar evində yaşayan qadın sosial mənzil alacağını gözləsə də, ümidi gerçəkləşməyib. Deyir, Milli Təhlükəsizlik Nazirliyinin ailəli rəsmisi ilə səmimi münasibət qurandan sonra çoxdan gözlədiyi mənzil ondan ötrü əlçatan olub.

"Onun ikinci arvadı olmağa məcbur qaldım. Bundan sonra o mənim hüququm çatan birotaqlı mənzili almağıma yardım etdi", – əlavə detalları açıqlamayan qadın söyləyir.

Bu məqaləni AzadlıqRadiosunun Praqadakı əməkdaşı Farangiz Nacibullah radionun türkmən xidmətinin Lebap vilayətindəki müxbirlərinin məlumatları əsasında qələmə alıb.

XS
SM
MD
LG