Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:51

Ukraynanı müdafiə edən belaruslu könüllülər


Ukraynada belaruslu könüllü döyüşçü
Ukraynada belaruslu könüllü döyüşçü

Ötən ilin fevralında Rusiyanın Ukraynaya hücum etməsindən az sonra belaruslu könüllü Dzyanis Proxarau və yoldaşları özlərini Buça yaxınlığında yarıdağılmış bir binada Rusiya qoşunlarının mühasirəsində gördülər. Könüllülər Ukrayna əsgərlərinin onları qurtarmasını gözləyirdilər.


Kömək gəlmədiyi üçün sayları az olan bu qrup sona qədər döyüşdü. Saatlarla davam edən toqquşmada bəziləri həlak oldu, bəziləri isə ağır yaralandı. Sağ qalanlar qaranlıq düşəndə geri çəkilə bildilər.

Bu hadisələrin üstündən bir ilə yaxın vaxt keçib. İndi 27 yaşlı Proxarau Ukraynada döyüşən Belarus könüllülərinin ən iri hərbi birliyi olan Kastus Kalinouski alayının komandiridir. Kit (Belarus dilində “balina”) ləqəbi ilə tanınan Proxarau yeni gələn əsgərlərə təlim keçir.

"Onlara ötürməyə çalışdığım bacarıqlar olmasaydı, burada olmazdım”, – deyən Proxarau onu da əlavə edir ki, Kiyev bölgəsindəki ağır döyüşlərdə Rusiya üzərində qələbəyə doğru yolun uzun olacağını anlayır.

Bayden:"Putin səhv edib"
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

Yeni üzvlər

Qarlı sahələr və təpələrdən keçib Kiyevdən bir saatlıq məsafədə yerləşən təlim yerinə gələn 20-yə yaxın adam nəhayət gəlib çatdığına sevinirdi.

Bəziləri Ukraynaya bir neçə gün, bəziləri isə bir-iki həftə öncə gəlib. Ancaq hər biri uzun yol qət edib. Belarusu, yaxud yaşadıqları ölkələri tərk etməzdən öncə hökumət əleyhinə Belarus haker qrupu olan “Cyberpatisans” tərəfindən yoxlanan bu könüllülər daha sonra Varşavadakı diaspora dəstək qrupu olan “Belarus Evi”ndə üzbəüz yoxlamadan keçiblər.

Proxaraunun sözlərinə görə, onun birliyinə qoşulmaq istəyənlərin sayı qəbul edə biləcəklərindən çox olsa da, yaxşı hərbi təcrübəsi olanların sayı yetərincə deyil. Eyni zamanda Belarusun avtoritar lideri Alyaksandr Lukaşenkanın casuslarının içəri sızması təhlükəsinə görə proses çox vaxt alır.

Yeni gələnlər – bədənləri tatu ilə örtülü idmançı görünüşlü gənclər, saqqallı bəyaz yaxalıqlı işçilər, əlləri işləməkdən qabar olmuş orta yaşlı kişilər müxtəlif nəsilləri, peşələri və keçmişləri təmsil edir. Onları birləşdirənsə Ukraynanın özünü Rusiyadan qorumasına kömək etmək və Lukaşenkanın süqutunu sürətləndirmək istəyidir.

“Belarusluların 80%-i Lukaşenkaya nifrət edir”

"Biri (Rusiya Prezidenti Vladimir) Putin, biri də Lukaşenka üçün", – atıcılıq təlimində fasiləyə çıxan, hər əlində bir avtomat silah tutan Ruslan deyir.

Təhlükəsizlik səbəblərindən soyadını demək istəməyən Ruslan eyni zamanda keçmiş belaruslu hüquq mühafizə əməkdaşlarının BYPOL təşkilatının üzvüdür. O deyir ki, belarusluların 80%-i Lukaşenkaya nifrət edir və "onların çoxu bu müharibədə Ukraynanı dəstəkləyir”.

Belarus Rusiyanın özünə ən yaxın müttəfiq saya biləcəyi dövlətdir. Lukaşenkanın ciddi pozuntularla müşayiət olunan prezident seçkisində özünün qalib gəldiyini elan etdiyi, daha sonra etirazları qəddarlıqla yatırdığı 2020-ci ildən bəri onların ittifaqı daha da möhkəmlənib.

Lukaşenka 1994-cü ildən bəri hakimiyyətdədir.

Minsk öz ordusunu Rusiya ordusu ilə birlikdə Ukraynada vuruşmağa göndərməsə də, Rusiyaya öz ərazisindən istifadə imkanı yaradıb və hücum üçün forpost rolunu oynayıb. Hava bazalarını Rusiyanın istifadəsinə açan Minsk birgə hərbi təlimlər keçirib və yaralı Rusiya əsgərlərini öz ərazisində müalicə edib.

Passiv dəstək, yoxsa...

Nəticədə bir çox ukraynalılar belarusluların Rusiyanın müharibəsini passiv də olsa dəstəklədiyini düşünür. Sözügedən alayın üzvləri isə bu qənaətin yanlışlığını sübut etməyə çalışırlar. Alaya 1863-cü ildə Rusiya imperiyasına qarşı baş qaldırmış üsyanın rəhbərlərindən biri olmuş Kastus Kalinouskinin adının verilməsi də təsadüfi deyil.

Onlardan biri, Rusiyanın hücuma başladığı zaman Kiyevdə yaşayan Kos ləqəbli gənc deyir ki, ərazi müdafiə birliyinə qoşulmağa gedərkən yolda onu saxlayaraq Belarus pasportuna görə sorğu-sual etməyə aparıblar.

Ukraynanı dəstəklədiyi təsbit edildikdən sonra onu çağırış idarəsinə gətirib avtomat silah veriblər. "Belaruslu olduğuma görə utanmaq istəmirəm”, – o söyləyir.

Həmin gün dan yeri sökülməmiş ilk raketlər düşməyə başlayanda Kiyevdə yaşayan Proxarau tanışlarına zəng vuraraq ordu ilə əlaqəsi olan, ona silah tapa biləcək adamları axtarmağa başlayır. Kiyevdə könüllü ərazi müdafiə birliyi yaradan Azov hərəkatı veteranlarından cavab gəlir.

Proxarau 2014-cü ildə Donbasda başlayan müharibədə ilk vaxtlarda Azov batalyonunun tərkibində döyüşən belaruslulardan biri olub. Kastus Kalinouski alayının əsas sütununu təşkil edən bu qrup eyni zamanda Rusiyaya qarşı döyüşmək istəyən digər belarusluları cəlb etməklə məşğuldur.

Azı 300 nəfər

Ukrayna hərbi kəşfiyyatının dəstəyi altında fəaliyyət göstərən bu alay rəsmən Ukrayna Silahlı Qüvvələrinin tərkibindədir. Üzvlərinin dəqiq sayı açıqlanmasa da, Proxarau deyir ki, bu say 300-dən artıqdır. Müharibə davam etdikcə alaya yeni döyüşçülər də qoşulur.

Hücumun ilk bir neçə həftəsində alayın üzvləri Kiyev bölgəsindəki döyüşlərdə, o cümlədən İrpinin azad olunmasında iştirak edib. Daha sonra onlar Donbasdakı Severodonetsk və Lısıçansk şəhərlərinin uğursuz müdafiəsinə və digər döyüşlərə qatılıblar.

AzadlıqRadiosunun Belarus xidməti tammiqyaslı müharibənin başlanmasından bəri Ukraynanın tərəfində vuruşan azı 18 belaruslu döyüşçünün həlak olduğunu müəyyənləşdirib. Onların arasında Kastus Kalinouski alayının iki komandir müavini də var.

Belarus müxalifətinin get-gedə daha çox potensial siyasi güc kimi gördüyü alay internetdə də çox fəaldır. Onun media komandasının Kiyev ofisi peşəkar prodakşn studiyasını xatırladır. Ruslan deyir ki, alayı “Belarusda qulaqlarını və gözlərini yumanlardan başqa hamı tanıyır”.

Zabit çatışmır

"Rusiyanın yeni səfərbər olunmuş əsgərlərinin faydasız olması düşüncəsi yanlışdır. Düzünə qalsa, onlar məndən daha hazırlıqlıdırlar”, – əvvəllər elektrik və həmkarlar ittifaqının üzvü olmuş 57 yaşlı Fima söyləyir.

Əvvəllər kran operatoru, müxalifət fəalı və Əfqanıstan müharibəsi veteran olmuş 58 yaşlı Baça indi tank əleyhinə raketləri yükləməklə məşğul olur. O deyir ki, belaruslu əsgərlərin əhval-ruhiyyəsi çox yüksəkdir, ancaq birliyin tərkibində yaxşı təlim görmüş zabitlər çatışmır.

"Bura elə Əfqanıstan kimidir. Ancaq indi hər şeyi yerlə-yeksan edən Rusiya ordusu ilə üzləşən saqqallı partizan mənəm”, – o vurğulayır.

XS
SM
MD
LG