Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:44

Ukraynadan tütün, kərə yağı, ət idxalı kəskin azalıb


Rusiyanın fevralın sonunda Ukraynaya hücumu və hələ də davam edən təcavüz Azərbaycan və Ukraynanın ticarət əlaqələrinə də təsir edib

Rusiyanın fevralın sonunda Ukraynaya hücumu və hələ də davam edən təcavüz Azərbaycan və Ukraynanın ticarət əlaqələrinə də təsir edib.

2022-ci ilin ilk altı ayı ərzindəiki ölkənin toplam ticarət dövriyyəsi 456 milyon dollar olub. Ötən ilin eyni dövründə bu rəqəm 424 milyon dollara bərabər idi. Dövriyyənin həcmində ciddi dəyişiklik olmasa da, ölkələrin idxal və ixraclarının həcmində bu diqqət çəkir.

2022-ci ilin ilk altı ayı ərzində Azərbaycan Ukraynaya 324 milyon dollarlıq ixrac həyata keçirib. Ötən ilin eyni dövründə bu göstərici 205 milyon dollar idi. Yəni, bu ilin ilk yarısında Azərbaycan Ukraynaya ötən ilin eyni dövrü ilə müqayisədə 119 milyon dollar və ya 37 faiz daha çox ixrac həyata keçirib.

Ukraynanın Azərbaycana satdığı məhsulların dəyəri isə, əksinə, azalıb. Əgər ötən ilin ilk altı ayında 219 milyon dollarlıq məhsul satılmışdısa, bu il həmin rəqəm cəmi 132 milyon dollar olub. Deməli, Ukraynanın Azərbaycana ixracı bir ildə 87 milyon dollar və ya 40 faiz aşağı düşüb.

Cəmi 6 adda məhsul 1 milyon dollara satılıb

Azərbaycanın Ukraynaya ixracında hər zaman olduğu kimi ilk yeri neft tutur. Statistika Komitəsinin bu ilin ilk beş ayı ilə bağlı göstəricilərindən görünür ki, ixracın 90 faizə yaxını xam neft və neft məhsullarından ibarətdir.

Bu baxımdan, Azərbaycanın Ukraynaya ixracındakı kəskin artım məhz neft qiymətlərindəki artımla birbaşa bağlıdır. Çünki Ukraynaya satılan neftin həcmində çox ciddi dəyişiklik baş verməyib. Əgər ötən ilin eyni dövründə Ukraynaya 481 min ton neft satılmışdısa, bu il həmin rəqəm 506 min tona yüksəlib. Yəni, satılan neftin həcmi cəmi 25 min ton və ya 5 faizə yaxın artıb. Buna rəğmən, neft ixracından əldə edilən gəlir isə 173 milyon dollardan 305 milyon dollara yüksəlib. Yəni, 76 faiz artıb.

Azərbaycanın Ukraynaya ixracında ikinci yeri azot gübəri tutur. 2022-ci ilin ilk beş ayı ərzində 4 milyon 211 min manatlıq azot gübrəsi satılıb. Maraqlıdır ki, bu ildən fərqli olaraq, bu məhsul ötən il Azərbaycanın Ukraynaya satdığı ixrac malları arasında ciddi yer tutmayıb. Ukraynaya ixracla bağlı daha bir diqqət çəkən məqam odur ki, Azərbaycan beş ay içərisində cəmi 6 adda məhsulu Ukraynaya 1 milyon dollardan çox həcmdə sata bilib.

Ukraynadan tütün idxalı ciddi azalıb

Ukraynadan Azərbaycanın idxalında ən diqqət çəkən məqamlardan biri də tütünlə bağlıdır. Çünki, Ukrayna ənənəvi olaraq Azərbaycan siqaret şirkətlərinin əsas xam mal bazarı rolunu oynayırdı.

Müharibədən dolayı Azərbaycanda bir neçə siqaret istehsalçısının da fəaliyyətində çətinliklər yaranmışdı. Gömrük statistikası da bu çətinlikləri təsdiqləyir.

Belə ki, bu il ərzində Ukraynadan Azərbaycana cəmi 12 milyon dollar dəyərində tütün gətirilib. Halbuki, bir il öncə bu rəqəm 28 milyon dollara yaxın idi. Yəni, bir ilə Ukraynadan Azərbaycana ixrac edilən tütünün dəyəri iki dəfədən çox azalıb.

Azalma dəyər ifadəsi ilə yanaşı, həcm göstəricisində də özünü göstərir. Əgər ötən il Ukrayna Azərbaycana 2116 ton tütün satmışdısa, bu il həmin göstərici cəmi 784 tona bərabər olub.

Siqaret xammalı ilə yanaşı, hazır siqaret idxalı da kəskin azalıb. Ötən ilin ilk beş ayında Ukraynadan 8 milyon 500 min manat dəyərində siqaret idxal edilmişdi. Bu il həmin rəqəm cəmi yarım milyon manata bərabər olub.

Siqaret istehsalçısı çətinliyi təsdiqləyirdi

Xatırladaq ki, Azərbaycanda iri siqaret istehsalçılarından “Tabaterra” QSC mediaya açıqlamasında siqaret istehsalı ilə bağlı çətinlikləri təsdiqləmişdi.

Qurum bildirirdi ki, lisenziya əsasında buraxılan beynəlxalq məhsulların istehsalı üçün tələb olunan xammallar bu ilin martınadək həmin şirkətlərin Ukraynada yerləşən fabriklərindən təchiz edilirdi.

Ukraynada başlanan savaş ucbatından həmin xammallar regionda yerləşən digər ölkələrdən, əsasən, Türkiyədən gerçəkləşdirilir:

“Bildirmək istərdik ki, (mağazalarda tapılmayan markalar) “Sobranie” və “Winston” ticarət markaları “Japan Tobacco International” şirkətinə məxsusdur. Bildiyiniz kimi, hazırda regionda davam edən müharibə səbəbindən dünyada logistika sahəsində çətinliklər yaşanmaqdadır və bu səbəbdən yuxarıda qeyd olunan markaların bəzi çeşidləri üçün xammalların təchizat ölkəsi üzrə dəyişiklik prosesi daha çox vaxt tələb etmişdir”, – deyə şirkət açıqlamışdı.

Kərə yağı, ət idxalı

Bu il Ukraynadan Azərbaycana gətirilən kərə yağının həcmində də ciddi azalma olub. Əgər ötən il 1380 ton kərə yağı gətirilibsə, bu il həmin göstərici cəmi 531 tona bərabər olub.

Kərə yağı ilə yanaşı, bir çox ərzaq məhsulları kimi iri buynuzlu heyvan ətinin də idxalı kəskin azalıb. Ukraynandan Azərbaycana iribuynuzlu ət idxalı 980 tondan 307 tona geriləyib, yəni, üç dəfədən çox azalıb.

İkitərəfli ticarətdə diqqət çəkən daha bir məqam odur ki, ötən ilə nəzərən dərman idxalı 550 ton (20 faiz) azalsa da, həmin dərmanların ixracından əldə edilən gəlirdə 5 faizə yaxın artım olub.

XS
SM
MD
LG