Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 15:07

Ukrayna Pravoslav Kilsəsi Moskva patriarxlığından ayrıldı


Ukrayna Pravoslav Kilsəsi rəhbəri Onufri ata
Ukrayna Pravoslav Kilsəsi rəhbəri Onufri ata

UPK-nın bəyanatında bildirilir ki, o Moskva patriarxının Ukrayna müharibəsinə münasibətdə tutduğu mövqe ilə razı deyil

Ukrayna Pravoslav Kilsəsi (UPK) Rusiya Pravoslav Kilsəsinin (RPK) tərkibindən çıxdığını və “tam müstəqil” olduğunu elan edib.

UPK-nın bu barədə qərarı mayın 27-də onun rəsmi saytında dərc olunub.

Bundan əvvəl UPK-nın rəhbərləri təcili kilsə şurasının iclasını çağırmışdılar.

Şura bəyan edib ki, UPK tədhinin (kilsədə sürtülən xüsusi yağ) müstəqil olaraq hazırlanmasını bərpa edir.

Bu isə kilsə ayinləri mənasında o deməkdir ki, UPK özünü Moskva və İstanbul (Konstantinopol) patriarxlıqlarından müstəqil hesab edir.

UPK eyni zamanda Moskva patriarxlığından daha əvvəl ayrılmış Ukrayna Müstəqil Pravoslav Kilsəsini (UMPK) aralarındakı ixtilafın çözümü üçün dialoqu bərpa etməyə çağırıb.

UPK-nın bəyanatında bildirilir ki, o Moskva patriarxının Ukrayna müharibəsinə münasibətdə tutduğu mövqe ilə razı deyil.

UPK habelə Ukrayna və Rusiya rəhbərliyinə müraciət edərək onları danışqılar prosesini davam etdirməyə “qan tökülməsinin dayandırılması üçün güclü və müdrik Söz axtarışına” çağırıb.

“Təəssüf ki, səsimiz eşidilmədi”

RPK mitropoliti Onufrinin (Berezovskinin) yepiskop, ruhani və icma nümayəndələrindən ibarət şuraya müraciətində deyilir ki, UPK müharibənin ilk günündən Ukraynaya qarşı təcavüzü birmənalı şəkildə pisləyib:

“Amma təəssüf ki, bizim səsimiz eşidilmədi”.

İndiyədək Ukrayna ərazisində iki pravoslav kilsəsi fəaliyyət göstərirdi.

Ukrayna Pravoslav Kilsəsinin bir hissəsi 2018-ci ildə müstəqiliyini elan etmiş və Konstantinopol (İstanbul) patriarxlığı tərəfindən tanınmışdı.

O vaxt pravoslavların bu kilsəyə qoşulmayan hissəsi Moskva patriarxlığının tabeçiliyində qalırdı. İndi məhz bu pravoslavlar Moskvadan ayrıldıqlarını elan ediblər.

Gələcəkdə Ukraynadakı iki pravoslav kilsəsinin birləşərək vahid Ukrayna Pravoslav Kilsəsi olması mümkündür.

UPK-nın saytında dərc olunmuş sənəddə deyilir ki, kilsə Ukrayna qaçqınlarına sığınacaq vermiş Qərb ölkələrində öz icmalarını yaratmaq niyyətindədir.

Adətən belə icmaların yaradılması üçün Konstantinopol patriarxından icazə alınır.

XS
SM
MD
LG