Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 18:56

'Suçluyuq': Rus cərrah Ukrayna hərbi hospitalında niyə könüllü çalışır?


Andrey Volna
Andrey Volna

Ötən ilin payızında müharibə əleyhinə fikirlərinə görə izlənəcəyi qorxusu ilə Rusiyanı tərk etməli olan Andrey Volna ölkənin aparıcı ortopedik cərrahlarından biri idi. İndi ailəsi ilə birlikdə Estoniyada yaşayır. Bu da var ki, son iki ay ərzində Kiyev ərazi hərbi hospitalında könüllü çalışıb və, əsasən, döyüşlərdə yaralanan Ukrayna əsgərlərini müalicə edib.

Volna Ukraynada işini sürdürməkdən ötrü uzunmüddətli viza almaq istəyir. O, AzadlıqRadiosu Rusiya xidmətinin əməkdaşı Sergey Medvedevə verdiyi müsahibəsində müharibə dövründə Ukraynada çalışan rusiyalı kimi yaşadıqlarını paylaşıb.

Volna həkimlik fəaliyyətinin ilk altı ili ərzində Sibirdə kömür mədənçiləri ilə işləyib. Burada o, metan partlamasından alınan zədələr də daxil, müxtəlif yaraları sağaldıb. "Güllə yaraları partlayış yaraları ilə müqayisədə bütövlükdə daha sadədir… Əlbəttə, mən əvvəllər heç vaxt eyni yerdə bu qədər çox sayda belə yaraları görməmişəm", - Volnanın sözləridir.

Doktor Volna son iki ayda Kiyevdəki bombardmanlara da şahid olub. Onun sözlərinə görə, o və həmkarları əməliyyat otağında çalışarkən dəfələrlə həyəcan siqnalını eşitsələr də, heç kim əməliyyatı yarıda qoymağı ağlına da gətirməyib: "Kiyevdəki gündəlik həyata gəlincə, mən teatra gedəndə gerçəkdən heyran qaldım. Kiyevdə [XX əsr alman yazıçısı Erix Mariya Remarkın] uşaqlıqda nöqtə-vergülünədək oxuduğum romanı əsasında səhnəyə qoyulmuş… "Üç dost" tamaşasına getdim. Həqiqətən heyran oldum. Tamaşanın əvvəlində belə bir elan verdilər: "Əziz tamaşaçılar! Bu tamaşada siz hava həyəcanı, atəş və partlayış səsləri eşidəcəksiniz. Qorxmayın. Bu, sadəcə, tamaşanın audio komponentidir. Real həyəcan siqnalı səslənərsə, biz tamaşanı ayrıca elanla dayandıracağıq. Ən yaxın bomba sığınacağı 200 metr aralıdakı "Kreşşatik" metro stansiyasındadır. "Təhlükə bitdi" siqnalı səslənəndə tamaşa davam edəcək".

Ukraynalı hərbi həkim Donetsk vilayətində yaralı ukraynalı əsgəri müalicə edir.
Ukraynalı hərbi həkim Donetsk vilayətində yaralı ukraynalı əsgəri müalicə edir.

"Siyasətə qarışmamaq yanlış idi…"

Doktor Volna Rusiya hakimiyyətinin törətdiyi cinayətlərə görə rusiyalıların kollektiv məsuliyyəti haqda suala belə cavablayıb: "Mən məsuliyyət daşıdığımı hiss edirəm və anlayıram ki, kollektiv məsuliyyətdəki payımı daşımalıyam. Tez-tez keçmişi düşünür, harada səhv buraxdığımızı anlamağa çalışıram. Düşünürəm ki, qırılma nöqtəsi, haradasa, geniş peşəkar imkanların açıldığı 1990-cı illərdə olub. Bizim – mənim və dostlarımın başı yeni gələn texnologiyalara və peşəkar inkişaf imkanlarına qarışmışdı. Bu, bəlkə də, başımız öz karyeramıza qarışanda və "qoy siyasətlə peşəkarlar məşğul olsun" deyəndə baş verib. Bəlkə də, bu bizim hamımızın yol verdiyimiz səhv idi.

Ancaq mənim səhvim – mən özümü buna görə qınayıram – o idi ki, karyera qurmaq yetərli deyildi. Siyasətə qarışmamaq yanlış idi… [Siyasəti tərk edənlərin] yerini boz, simasız insanlar tuturdu. Sonradan bildik ki, bunlar KQB və FSB-dən gəliblər. Bax, ölkə o zaman əldən çıxdı. Fikrimcə, baş verənlərə görə mənim məsuliyyətimin rüşeymi bundadır.

Əlbəttə, bizim hamımız məsuliyyət daşıyırıq. Ukraynaya gələndə anlayırsan ki, hər cür mənfi reaksiyaya hazır olmalısan, axı aqressor ölkənin nümayəndəsisən. Ukraynalılar sənin müharibə əleyhinə baxışlarını bilməyə borclu deyillər. Onlar sadəcə sənin rusiyalı olduğunu bilirlər. Mən könüllü olaraq Ukraynaya həkim dostlarıma kömək etməyə gələndə hər cür reaksiyaya, o cümlədən xəstələrin reaksiyasına hazır idim, çünki rusam və məsuliyyət daşıyıram", - həkimin sözləridir.

Düzdür, o, Ukraynada hələ belə təpki ilə qarşılaşmadığını da söyləyir.

XS
SM
MD
LG