Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 13:07

Ukrayna seçkiləri hökumətin oliqarxlar qarşısında gücünü sınayır


Ukraynada bələdiyyə seçkisindən görüntü
Ukraynada bələdiyyə seçkisindən görüntü

.


BARONLAR DA HÖKUMƏTƏ DİŞ QICAYIR
Ukraynadakı yerli seçkilərin nəticələri təkcə ölkənin merlərini və bələdiyyə şurası üzvlərini müəyyən etməyəcək. Bu nəticələr həm də yerli oliqarxların Ukraynanın siyasi həyatına təsir dərəcəsini ortaya qoya bilər.

Ukraynanın əksər hissəsində keçirilən yerli seçkilər Prezident Petro Poroshenko hökumətinin yaxın vaxtlara qədər öz regionlarına nəzarət etməyə öyrəşmiş oliqarxlara qarşı gücünü sınayacaq.

Mer və bələdiyyə şurası üzvləri seçkisinin yekun nəticələri oktyabrın 28-dən tez bilinməyəcək. Səsvermənin yeni meri dərhal müəyyən edə bilmədiyi dairələrdə isə noyabrın ortasında təkrar seçki keçiriləcək.

Oktyabrın 25-də yerli seçkilər Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan şərq əraziləri, mərkəzi hökumətə aid olan bəzi ərazilər və keçən il Rusiyanın ilhaq etdiyi Krım istisna olmaqla bütün Ukrayna ərazisində keçirilməli idi.

Buna da bax: Parlament seçkiləri ilə bağlı virtual səsvermə

Rynat Akhmetov
Rynat Akhmetov

BÜLLETENLƏRİ OLİQARX ÇAP EDİB
Ancaq bülletenlərlə bağlı yaranmış mübahisə səbəbindən Mariupol şəhərində seçki məntəqələri heç açılmadı da. Maiupol separatçıların nəzarət etdiyi ərazilərlə Krımın arasında strateji mövqedə yerləşən iri liman şəhəridir.

Mariupolda baş verənlər mərkəzi hökumətlə regional baronlar arasında güc mübarizəsini qabartdı. Kiyev demokratiyanı gücləndirərək Ukraynanı Avropa inteqrasiyasına doğru aparmaq istəyir. Əksər baronlar üçünsə prioritet öz regional güclərini əldən verməmək, yaxud da möhkəmləndirməkdir. Oliqarxlar həmçinin ənənəvi olaraq Moskvanı Ukrayna siyasətinə müdaxilə etmək üçün “pəncərə” ilə təmin ediblər. Belə ki, oliqarxların çox zaman Rusiyada biznes fəaliyyəti olur və Rusiya bundan istifadə edir.

Hökumətin nəzarətində olan seçki komissiyası Mariupolda səsverməni təxirə salmaq tapşırığı verib. Komissiya deyib ki, səsvermədə istifadə olunacaq bülletenlərin Ukraynanın ən zəngin adamı, sənayeçi Rynat Akhmetovun nəzarətində olan şirkət tərəfindən çap edilməsi “düzgün deyil”.

Prezident Petro Poroshenkonun Həmrəylik partiyası öz bəyanatında deyib ki, Mariupolda seçkilər “…seçki bülletenlərinin düzgün hazırlanmaması, onların çapı və sayı üzərində nəzarətin, habelə etibarlı saxlama yerinin olmaması səbəbindən ləğv edilib”.

Ukraynanın Müxalifət Bloku isə hökuməti yerli seçkiləri məğlubiyyətdən qorxduğuna görə dayandırmaqda ittiham edib. Bu qrupun Mariupolda mer postuna namizədi Rynat Akhmetovun Metinvest şirkətinin rəsmisidir.

Mariupolda səsvermənin yeni tarixi hələ müəyyən edilməyib.

Buna da bax: İranda məhərrəmlik- [Fotolar]

Oleksandr (Sasha) Borovik
Oleksandr (Sasha) Borovik

ODESSADA SAAKASHVİLİN KÖMƏKCHİSİ YARIŞIR
Digər əsas şəhərlərdə də milli və yerli populist partiyaların namizədləri oliqarxların nümayəndələri ilə üz-üzə gəlib. Oliqarxların regionlarda nüfuzlarını saxlamaqda israrlı olması qərbyönlü hökumətin ölkəni Avropaya doğru aparmaq səyləri ilə toqquşa bilər.

Ukraynanın ən iri Qara dəniz limanı olan Odessada islahatçılar hazırkı mer Hennady Trukhanovu yerindən tərpətmək üçün mübarizə aparırlar. Bu isə ölkənin oliqarx elitasına birbaşa meydan oxumaqdır.

Ona qarşı mübarizə aparan namizəd isə ABŞ təhsilli hüquqşünas, regionun qubernatoru Mikheil Saakashvilinin köməkçisi Sasha Borovikdir. O, seçkilərdə prezident Poroshenkonun blokunun dəstəyi ilə iştirak edir.

PREZİDENTİN REYTİNQİ DİBƏ VURUR
Həmrəylik blokunun mer və yerli qanunverici yerlərinin ən böyük sayını qazanacağı təxmin edilir. Lakin davam etməkdə olan iqtisadi qarışıqlıq zamanı prezidentin reyrinqi 26%-ə düşüb. Buna ölkənin şərqindəki münaqişə də öz təsirini göstərib.

Prezident Poroshenkonun müttəfiqlərinə dəstəyin zəifləməsindən bəhrələnən qüvvələrdən biri Müxalifət Partiyası ola bilər. Bu partiya əsasən Viktor Yanukovych-in Regionlar Partiyasının keçmiş üzvlərindən təşkil olunub.

Keçmiş Regionlar Partiyasının güclü olduğu Şərqi Ukraynanın çox yerlərində rusiyameylli siyasətçilər hələ də yerli hakimiyyətdə öz mövqelərini saxlayıblar.

Buna da bax: Ramin Hacılı Azərbaycanı tərk edib

NARINCI-MAVİ AYRISEÇKİLİYİ DƏRİNLƏŞİRMİ?
Hazırda ölkə parlamentində yerlərin 10 %-ə qədərini saxlamaqda olan Müxalifət Bloku prezident Petro Poroşenkonun Ukraynanı NATO-ya aparmaq məqsədinə qarşıdır. Bu partiya qoşulmamaq siyasətini dəstəkləyir ki, bu da Rusiyanın qətiyyətlə Ukraynadan istədiyi statusdur.

Müxalifət Blokunun əsasən rusdilli şərqi Ukraynada uğur qazanacağı təqdirdə seçkinin nəticələri “narıncı-mavi” bölgüsünü yenidən qızışdıra bilər. Ukraynanın hansı istiqaməti tutmalı olduğu barədə mübahisələr hələ 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində ölkənin müstəqillik qazandığı dövrdən başlayıb.

Lakin təhlilçilər deyirlər ki, ölkədə yarana biləcək yeni Narıncı-Mavi bölgüsü əvvəlkilər qədər kəskin olmayacaq. Belə ki, Rusiyanın Krımı tutmasından və separatçıları dəstəkləməsindən sonra avropapərəst əhval-ruhiyyə artıq şərqi Ukraynanın da bəzi hissələrində möhkəmlənib.

Buna da bax: Azərbaycanda nazirlər nə yaşdadırlar

Yulia Tymoshenko
Yulia Tymoshenko

YULİA TYMOSHENKO DA PUSQUDADIR
25 oktyabr seçkilərindən bəhrələnə biləcək digər qüvvə keçmiş Baş nazir Yulia Tymoshenkonun Batkivshchyna Partiyasıdır. Əsas müxalifət liderlərindən biri olan Tymoshenko Ukraynada “peşəkar ordu və ədalətli tariflər” tələb edir.

Yulia Tymoshenko və müttəfiqlərinin oktyabrda keçən seçkilərdən daha yaxşı nəticə göstərəcəyi gözlənir. Keçən seçkilərdə onlar yalnız altıncı yeri tuta bilmişdilər.

Luhansk və Donetsk regionlarına qismən nəzarət edən separatçılar həmin ərazilərdə seçkilərin keçirilməsinə imkan verməyiblər.

Daha əvvəl separatçılar oktyabrın 18-də öz seçkilərini keçirməklə hədələsələr də sonradan bu planlarını gələn ilin fevralına qədər təxirə saldılar.

Hazırda separatçıların nəzarətində olan ərazilərdə yaşayan insanlardan başqa 1.5 milyon adam da Şərqi Ukrayna və Krımdan qaçaraq ölkənin başaqa ərazilərinə yayılıb. Bu insanların səs verməsinə icazə verilmir.

Yerli seçkilərin məqsədi gələcəkdə daha çox səlahiyyətin Kiyevdən bələdiyyə strukturlarına ötürülməsi üçün zəmin hazırlamaq idi.

Planda həmçinin yerlərdə toplamış vergilərin yenidən bölünmək üçün Kiyevə, mərkəzi hakimiyyətə göndərilməməsi, elə yerlərdə saxlanması nəzərdə tutulur. Lakin güman ki, dəyişiklik yavaş-yavaş gələcək. Çünki səlahiyyətlərin ötürülməsi həm də şərqdə daha böyük muxtariyyət tələblərinə şərait yarada bilərdi.

XS
SM
MD
LG