Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:28

Övladına dövlət bağçasında yer tapmayan valideynlər. '500 manat istəmişdilər'


'Tələb olsaydı, açardıq' - Azərbaycandilli bağçalar niyə azdır
Gözlə

No media source currently available

0:00 0:04:33 0:00

'Tələb olsaydı, açardıq' - Azərbaycandilli bağçalar niyə azdır

"Bağçada uşağına yer tapmaq istəyirsənsə, ya cibində pulun olmalıdır, ya da bir tanışın. Bu problem illərdir davam edir, birinci uşağımda da eyni ssenari idi, ikincidə də", - bunu AzadlıqRadiosuna uşaq bağçalarında yer azlığından şikayətçi valideyn deyir.

Bağçalarda yer probleminin yaşı artır

10 il öncə AzadlıqRadiosuna danışan Kərəm Əliyev azyaşlı uşaqlarını evinin yaxınlığındakı bağçaya qoya bilmədiyini deyirdi. Bu gün AzadlıqRadiosuna danışan valideyn - Günay Rəsulova övladlarını nəinki yaxında, heç uzaqdakı uşaq bağçasına da qoya bilmədiyindən gileylənir. Beləliklə, problemin yaşı kimi miqyası da gün keçdikcə artıb.

Rəsulova beş il öncə övladını yaxınlıqdakı dövlət bağçasına qoya bilməyib deyə, şəhər mərkəzindəki tədris müəssisələrindən birinə yazdırıb. İki il hər gün bir saat yol gedərək övladını bağçaya aparıb-gətirməli olan ana indi kiçik övladını heç o bağçaya da yazdıra bilmədiyini deyir.

"Birinci qızımın vaxtında gecikdiyimizi bəhanə etdilər və ona görə evimizin yanındakı bağçaya qoya bilmədim. 500 manat istəmişdilər, onu da vermədim. Uzağa qoydum. Keçən il elektron portal çıxdı və düşündüm problem olmaz. Elektron portal ilə sorğu göndərdim və boş yerin olmadığını öyrəndim. Həmin ili saxladım, bu il yenə eyni ssenari. Qeydiyyat başlayan kimi yoxladım və nəticə dəyişmir. Yerlər doludur", - deyən Rəsulova bunu sistemə müdaxilə kimi dəyərləndirir. O, elektron portaldan əlini üzdüyünə görə övladını tanışlıq ilə bağçaya yazdırmaq məcburiyyətində qaldığını da söyləyir.

Tanışsız, pulsuz valideynlər…

Dilarə Əliyevanın övladına da bağçada yer tapılmayıb və bu səbəbdən işindən ayrılmaq məcburiyyətində qalıb. O da elektron sistemə qeydiyyat başlayan kimi daxil olsa da, yaxınlıqdakı dövlət bağçasında bütün yerlərin dolu olduğunu söyləyir.

"Pulumuz yoxdur deyə, özəl bağçaya qoya bilmirik, çünki qiymətlər bahadır. Həm də dövlət bağçası ola-ola niyə özələ qoyaq axı? Düşünürəm ki, elektron sistemə müdaxilə etməsələr, bu qədər tez yerlər tutula bilməzdi də. Bir mən deyiləm, bizim məhəllədə 15 valideynin 10-u qoya bilməyib. Uşağı bağçaya qoya bilmədik deyə, evdə ona baxıram. Həm ailə büdcəmizə, həm uşağın inkişafına təsir edir bu bağçaların yer problemi", - deyən Əliyeva metronun "İçərişəhər" stansiyasından tutmuş, "28 May" stansiyasına qədər bağçalara baş çəkdiyini, yer tapmayıb qayıtdığını da xatırladır: "Hər bağçaya keçərli deyil, mərkəzdəkilər qorxurlar. Amma Xəzər rayonunda bağ evinə yaxın bağçada utanmadan bir yerin 700 manat olduğunu dedilər. Elə bil, bağçaya uşaq götürmür, torpaq satır. Araya tanış salanda yerin qiyməti də azalırdı".

Bakıdakı özəl bağçaların əksəriyyətində orta aylıq qiymət 500 manata yaxındır. Valideynlər isə bu bağçaların qiymətinin bəzən maaşlarından da artıq olduğunu deyir.

Yeddi kəndin uşaq bağçası 5 ildir qıfıllıdır
Gözlə

No media source currently available

0:00 0:05:20 0:00

Bölgələrdə də narazılar var

Statistika Komitəsinin 2023-cü ilin əvvəlinə aid məlumatına əsasən, Azərbaycanda cəmi min 844 məktəbəqədər təhsil ocağı var, onların 148-i özəl, min 696-sı dövlətindir. Dövlət bağçalarının yarıdan çoxu - 974-ü şəhərlərdədir.

Lerikdə yaşayan dörd uşaq anası da övladlarını bağçaya qoya bilməyib. Səbəb isə yaxınlıqda olmaması, uzaqdakı müəssisədə yer qıtlığıdır: "Mərkəzdən uzaq qalıram, yaxında bağça olsaydı, qoyardım, yoxdur. Mərkəzdəki də əlavə xərcdir. Nazirliyə yığışıb ərizə yazacağıq ki, bağça sayları rayonlarda da artırılsın".

Statistika Komitəsinin məlumatına görə, rayonda cəmi 13 bağça, onlarda da cəmi 520 uşaq var. Digər rayonların rəqəmləri və vəziyyəti də bənzərdir.

Uşaq bağçaya gedərsə...

Psixoloq Leyla Əhmədova uşaqların bağçaya getməməsinin sonrakı inkişafına təsir etdiyini düşünür. Çünki uşaq bağçada adaptasiya prosesini keçir, ünsiyyət bacarıqları formalaşır, dinləmə qabiliyyəti artır, asudə vaxtı dəyərləndirməyi öyrənir: "Bəzi uşaqların ilkin incəsənət bacarıqları bağçada aşkarlanır. Əgər valideyn evdə uşaqla birtərəfli məşğul olursa, bağçada vəziyyət tamam fərqlidir. Bütün sahələr üzrə uşaqlarla məşğələlər aparılır. Məktəbəqədərki dövrdə uşağın nitqi, xüsusilə şifahi nitqi daha sürətli inkişaf edib zənginləşir. Lüğət ehtiyatı artır. O, ana dilini qrammatik qanunları əsasında danışmağa başlayır, bunu da yalnız bağçada formalaşdıra bilər".

Nazir problemi nədə görür

Elm və təhsil naziri Emin Əmrullayev 2022-ci ilin noyabrında deyib ki, bağçalarda yer var, amma valideynlər övladlarını öz istədikləri müəssisəyə qoya bilmədiyi üçün narazıdır. Lakin AzadlıqRadiosunun həmsöhbət olduğu valideynlər də, sosial mediadakı narazılıqlar da daha çox yaxınlıqdakı bağçalarda yerin olmamasındandır.

Nazir Əmrullayev onu da əsas gətirib ki, sovet vaxtı tikilən bağçaların ətrafında evlər artıb deyə, yer qıtlığı müşahidə olunur. Lakin AzadlıqRadiosuna dərdini açan valideynlərdən savayı, ekspertlər də bildirir ki, uşaqların sayında artım varsa, yeni bağçalar çoxdan tikilməli idi.

Nazirin bu çıxışından bir il keçir, valideynlərin narazılıqları isə səngimir.

Fəaliyyət planı var imiş

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, kiçik yaşlıların bağçalara cəlb olunması baxımından Azərbaycandakı göstəricilər aparıcı dövlətlərlə müqayisədə çox aşağıdır: "Bağçaların sayının çox olduğu Bakıda məktəbəqədər yaş qrupunda olan uşaqların 25 faizi məktəbə bağçalardan gəlir. Təəssüflər olsun ki, maddi-texniki baza, binalar da bəs etmir ki, digər 75 faiz uşaqlar da bağçalara cəlb olunsun".

Bağça menyusu: hər gün vermişel?
Gözlə

No media source currently available

0:00 0:04:52 0:00

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov isə bu ilin iyulunda bildirib ki, bağçalarla bağlı müəyyən fəaliyyət planı var, növbəti illər ərzində bağçaların tikintisi genişlənəcək. Nazirlik rəsmisi bağçalara qəbulda elektron sistemə keçidi "şəffaflıq göstəricisi" adlandırıb: "Sıxlıq ərazilərdə uşaqların qeydiyyatı zamanı növbələr yaranır və valideynlər də bundan narazılıq edirlər. Bu proses üzərində işlənilir" .

Bağçaya gedən uşaqların sayı azalır

Son bir neçə ildə ölkədə məktəbəqədər təhsil ocaqlarının sayı artsa da, oradakı uşaqların sayı azalıb. Əgər 2020-ci ildə 129 min uşaq bağçasına gedirdisə, bu ilin əvvəlinə həmin göstərici 11 min nəfər azalaraq 118 minə enib. Bu azalma, əsasən, dövlət sektorunda qeydə alınıb. Ötən il dövlət bağçalarına gedən uşaqların sayı bir öncəki illə müqayisədə 7 min nəfərdən çox azalıb. Əvəzində eyni dövr ərzində özəl bağçalara gedənlərin sayı təxminən 300 nəfər artıb. Hazırda Azərbaycanda bağçaya gedən uşaqların cəmi 4.8 faizi özəl bağçalara gedə bilir. Bu rəqəm ölkədə gəlir bərabərsizliyinin nə qədər yüksək olmasının göstəricisi sayıla bilər.

Bağçalar 2011-ci ildən yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilmişdi. Prezident İlham Əliyevin sərəncamına əsasən, 2022-ci ildə isə yenidən Elm və Təhsil Nazirliyinin balansına qaytarılıb.

XS
SM
MD
LG