Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:37

Azərbaycanda uşaq cinayətləri artıb. Səbəblər…


'Uşağa cəza verilməlidir' - Azərbaycan məktəbləri uşaqlar üçün təhlükəsizdirmi?
Gözlə

No media source currently available

0:00 0:12:42 0:00

'Uşağa cəza verilməlidir' - Azərbaycan məktəbləri uşaqlar üçün təhlükəsizdirmi?

Azərbaycanda cinayət edən uşaqların sayının artdığı bildirilir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə ölkədə cinayət törədən 14-17 yaşlı uşaqların sayı 2022-ci illə müqayisədə 14.1 faiz artıb. Ötən il bu yaş qrupuna aid uşaqların 364 cinayət törətdiyi, onlardan 46-sının ağır və xüsusi ağır olduğu bildirilir.

Komitə: "Artım böyük deyil"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən "Turan"a bildirilib ki, uşaq cinayətlərində artım o qədər də böyük deyil, bu kimi halların qarşısını almaq üçün profilaktik və maarifləndirmə işi aparılır. Komitədən əlavə edildiyinə görə, son illər orta məktəblərdə "Məktəblinin dostu" adlı layihələri olub: "Bu layihə çərçivəsində həm bizim, həm də Elm və Təhsil Nazirliyinin əməkdaşları tərəfindən orta məktəb uşaqlarından müəyyən qədər soyuq silah tipli alətlər götürülüb".

Vurğulanıb ki, bəzən uşaqlar aralarında mübahisələri özləri həll etmək qərarına gəlirlər: "13-18 yaşlı uşaqlarda psixoloji olaraq qaydanı pozmaqdan zövqalma yaşanır. Onların bir-birini bulinq etmək, bir-birinin üzərində hökmranlıq hissini qurmaq tipli məsələlər var. Biz maarifləndirmə işini məhz o yaş kateqoriyasında olan uşaqlar arasında aparırıq".

Fazil Mustafa
Fazil Mustafa

"Məktəbi cəlbedici mühitə çevirə bilmədik"

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa da agentliyə deyib ki, bu, sosial mühit və məktəbdən uzaq düşmək ilə bağlı məsələdir: "Məktəbi biz uşaq üçün cəlbedici bir mühitə çevirə bilmədik. 14-17 yaşlı uşaqlar deyəndə, burada həm də söhbət 9-11 siniflərin uşaqlarından gedir. Bu yaşda məktəbdə olmalı uşaqlar məktəbdən kənarda qalırsa, bu, həm də cinayətin törədilməsi üçün münbit şəraitə çevrilir".

Deputat hesab edir ki, bu kimi məsələlərdə ictimaiyyətin fəallığı, həssaslığı önəmlidir: "Bu da müşahidə olunmur. Bir çox hallarda ailələr bu uşaqlara nəzarət etmək imkanına sahib deyillər".

F.Mustafanın fikrincə, uşaqları diqqətdə saxlayıcı mexanizmləri inkişaf etdirmək lazımdır: "Məşğuliyyətsiz, diqqətsiz, təhsildən kənar uşaq qalmamalıdır. Məktəbdən kənar qalan, dilənən hər bir uşaq sabah kriminal mühitə düşə biləcək uşaqdır".

Zümrüd Yağmur
Zümrüd Yağmur

"Problemlərin kökündə siyasi sistem dayanır"

"Qadın üçün" təşəbbüs qrupunun təsisçisi Zümrüd Yağmur isə AzadlıqRadiosuna bildirib ki, həmin mənfi statistika ildən-ilə artın xətlə gedir: "Biz bunu iqtisadi, sosial və ictimai problemlərə bağlıya bilərik. Amma burada problemlərin kökündə məhz siyasi sistem dayanır. Ölkədə qanunlar işləmir, ədalət sistemi pozulub. Bu da, təbii ki, insanların psixologiyasına ciddi mənfi təsir göstərir".

O, ailə və cəmiyyətin yeniyetməyə şəxsiyyət kimi formalaşmağa yardım etməli olduğunu vurğulayır: "Amma cəmiyyət kömək etmir, çünki özünün kifayət qədər çoxlu problemləri var və özü aqressivdir. Ailə də kömək etmir, çünki Azərbaycanda ailə institutu əvvəlki kimi davam edə bilmir, çox yüklənib və uşağa vaxt ayıra bilmir".

Z.Yağmurun sözlərinə görə, hətta sosial ədalətli ölkələrdə yeniyetməlik təlatümlü bir dönəmdir: "Avropada müəyyən saatlarda hər hansı saytlara giriş pulladır və yaxud da yaş limitləri var. Amma Azərbaycanda siyasi nəzarət olduğu halda, internetin uşaqlara necə təsir edə biləcəyinə dair dövlət proqramı yoxdur".

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi ilə ayrılıqda danışmaq mümkün olmayıb.

XS
SM
MD
LG