Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 09:00

Valideyn alimenti ödəmirsə...


Boşanma
Boşanma

Şair-publisist Murad Köhnəqalanın həbsi ölkədə aliment problemini yenidən gündəmə gətirib. Aliment ödənişi ilə bağlı məhkəmə qərarlarının icrasında ciddi problemlər var. Bunu hökumət rəsmiləri də təsdiqləyir.

Bir müddət öncə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin sədri, deputat Aqiyə Naxçıvanlı da bu sahədə statistikanın qorxulu olduğunu bildirmişdi: «Bəli, alimentlərlə bağlı həddindən çox problem müşahidə olunur. Alimentləri ödəmirlər, maaşı gizlədirlər, aliment ödəməli olan şəxsi axtarıb tapmaq olmur. Qadınlar yanımıza gəlib gözyaşı tökürlər, ərlərinin aylarla alimenti ödəmədiyini bildirirlər. Məhkəmələrə müraciət edirik, onlar ya tapılır, ya da harasa çıxıb gedirlər. Kimsə qeyri-rəsmi olaraq yeni ailə qurur. Statistika çox qorxuludur, o, həm bizi, həm sizi, həm də ümumilikdə bütün cəmiyyəti narahat edir».

82 mindən çox qərar icra olunub

Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 2015-ci ildə 63 min 395, 2016-cı ildə 69 min 527, 2017-ci ildə isə 82 min 162 aliment ödənişi ilə bağlı qərar icra olunub.

Ədliyyə Nazirliyindən yerli mediaya bildirilib ki, təkcə 2016-cı il ərzində alimentlə bağlı məhkəmə qərarının icrasına görə 3 min 913 nəfər haqqında axtarış elan olunmuşdu. Bir il ərzində alimentdən yayınan 2 min 521 nəfər inzibati qaydada cəzalandırılıb, onlardan 2 min 74-ü həbs edilib. 180 nəfər haqqında isə CM-in 306-cı (məhkəmə hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə cinayət işi başlanıb.

Ə.Nuriyev
Ə.Nuriyev

«Konstitusiya» Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyir ki, inzibati qaydada həbs olunanların saxlandığı təcridxanalarda aliment ödənişinə görə cəzalandırılan şəxslərlə tez-tez qarşılaşırlar. Onun sözlərinə görə, bəzən hətta cəzaçəkmə müəssisələrində monitorinqlər zamanı məhz alimentə görə cinayət məsuliyyətinə cəlb olunub, müəyyən müddətə azadlıqdan məhrum edilən məhkumlara da rast gəlirlər. Ə.Nuriyev bildirir ki, hakimlər aliment ödənişindən yayınan şəxslər haqqında qərar verəndə məsələyə sırf məhkəmə qərarının icra olunmaması kontekstindən yanaşırlar: «Amma qanunda məhkəmə qərarının qərəzli şəkildə icra olunmamasından söhbət gedir. Yəni şəxsin o qərarı icra etmək imkanı var, amma icra eləmir. Bu baxımdan, məhkəmələr şəxsin faktiki durumunu araşdırmalı, qərarın bilərəkdən icra olunmadığı, yoxsa adamın imkanı xaricində olduğu mütləq aydınlaşdırılmalıdır. Bundan sonra duruma uyğun qərar verilməlidir».

«Fərdi yanaşılmalıdır»

Ə.Nuriyev deyir ki, elə şəxslər olur, məhkəmənin kəsdiyi məbləği tam olmasa da, bir hissəsini ödəyir. Hüquqşünas hesab edir ki, bu cür adamları məhkəmə qərarını icra etməməkdə suçlayıb həbs etmək doğru deyil: «Bəzən elə hallar da olur ki, şəxs rəsmən işsizdir, amma müəyyən gəliri var. Ona görə də bu məsələlərin hər birinə fərdi yanaşılmalıdır. Alimentin məbləği şəxsin maaşının 70 faizindən çox ola bilməz».

F.Mehdiyev
F.Mehdiyev

Hüquq nəzəriyyəsi üzrə bir neçə kitabın, dərsliyin müəllifi olan Fərhad Mehdiyev isə aliment həbslərindən danışarkən İnsan haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasını yada salır. Deyir ki, Konvensiya pul öhdəliklərinə görə həbsi birmənalı qadağan edir: «Mülki öhdəliyə görə həbs qadağası Avropa Konvensiyasının protokollarında da əksini tapıb. Azərbaycan da Konvensiyanı ratifikasiya edib. Görünür, hələ də bir sıra hallarda, hakimlər dövlətin nəyə imza atdığını dərk edə bilmir. Kredit borclarına görə də belə həbslər çox oldu. O işlərlə bağlı Avropa Məhkəməsi qərarlar çıxaranda bizim məhkəmələr necə səhv etdiklərini anlayacaqlar. Cinayət Məcəlləsinin 306-cı maddəsi pul öhdəliklərinə münasibətdə tətbiq olunmamalıdır. Məsələn, kimisə məhkəməyə verirsiz ki, bu adam bir daha məni narahat eləməsin. O adam qərardan sonra yenə bu işi davam etdirirsə, bu, artıq qərarın icrasından boyun qaçırmaqdır. Yaxud məhkəmə qərar verir ki, harasa sökülməlidir, adam bunu sökmürsə, o halda, əməlində 306-cı maddənin tərkibi yaranır».

«Vətəndaşı köməksiz qoymur»

Xarici təcrübədən danışan hüquqşünas bildirir ki, Avropada adam alimenti ödəyə bilməyəndə dövlət bu işdə ona kömək edir: «İşləmirsə, dövlət ona işsizlik sığortası ödəyir. Uşağın atası müəyyən deyilsə, yaxud əlildirsə, onlara baxmaq iqtidarında deyilsə, dövlət uşaqlara sosial yardım göstərir. Mütləq vətəndaşı köməksiz qoymur».

Azərbaycan ailələrini dağıdan əsas səbəblər - işsizlik və sosial media
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

F.Mehdiyev əlavə edir ki, şəxsin məhkəmə qərarını bilərəkdən, yoxsa imkansızlıqdan icra etməməsini müəyyən etmək çox asandır: «Adamın ya iş yeri, ya bank hesabı olmalıdır. Yaxud maşını varsa, kamera görüntüləri vasitəsilə müəyyən etmək olar. Bu halda onun maşınının, hesabının üzərinə həbs qoymaq olar».

Hüquq müdafiəçisi Səadət Bənənyarlı isə alimentlərlə bağlı problemin həlli üçün fond yaradılmasını təklif edir. Deyir ki, məhkəmənin müəyyən etdiyi məbləğ dövlət büdcəsi hesabına Fonddan verilə bilər. Alimenti ödəməli şəxs isə ödənişi Fonda köçürə bilər: «Bu halda ödənişin gecikməsindən uşaq da əziyyət çəkməz».

XS
SM
MD
LG