Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 01:01

Priqojinin döyüşçüləri Rusiya ordusu ilə atışıblar?


Yevgeni Priqojin Vaqner muzdluları ilə
Yevgeni Priqojin Vaqner muzdluları ilə

Rusiyada Vaqner özəl hərbi şirkətinin başçısı Yevgeni Priqojin Rusiya 72-ci motoatıcı briqadasının komandiri, podpolkovnik Roman Venevitinin dindirilməsi videosunu dərc edib.

Onun Ukraynanın şərqindəki cəbhə xəttinə yaxın ərazidə baş vermiş münaqişədən sonra Vaqner əməkdaşları tərəfindən tutulduğu və tərksilah olunduğu güman edilir.

Bundan əvvəl dərc olunmuş məruzədə deyilirdi ki, mayın 17-də Baxmut yaxınlığındakı Semiqorye kəndinin həndəvərlərində Vaqner qrupunun döyüşçüləri ilə Rusiya ordusunun hərbçiləri arasında atışma olub.

Həmin sənəddə iddia olunduğuna görə Vaqner döyüşçüləri nizami Rusiya ordusu hərbçilərinin qrupun geri çəkilməsi üçün saxlanmış yolu minaladıqlarını aşkar ediblər.

Muzdlular yolu minalardan təmizləməyə cəhd göstərərkən Rusiya ordusu tərəfindən atəşə tutulublar.

Münaqişə

Bu da qeyd olunur ki, döyüş zamanı Ural avtomobili zədələnib. Belə görünür ki, Venevitin dindirmə zamanı məhz bu avtomobildən danışır.

Belə ehtimal edilir ki, bu, Vaqner döyüşçüləri ilə Rusiya ordusu əsgərləri arasında haqqında ictimaiyyətə açıqlama verilmiş ilk toqquşmadır.

Məruzədə deyilir ki, vaqnerçilər 72-ci motoatıcı briqadasının komandirini həbs ediblər. Onun həmin vaxt sərxoş olduğu qeyd edilir.

Sözü gedən dindirmənin videosunda Venevitin Vaqnerin çevik hərəkət qrupunun tərksilah olunması, habelə vaqnerçiləri daşıyan Ural avtomobilinin atəşə tutulması üçün əmr verdiyini etiraf edir.

O iddia edir ki, bu hərəkəti “şəxsi qərəz” zəminində edib və özünü təqsirli hesab edir.

Qərb ekspertləri bildirirlər ki, Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsində iştirak edən birləşmələrin vahid ümumi komandanlığı olmur və onlar bu səbəbdən bir-biri ilə münaqişə vəziyyətinə düşürlər.

Venevitin kimdir?

Baxmut uğrunda döyüşlərin getdiyi zaman Priqojin Rusiyanın müdafiə naziri Sergey Şoqyunu və baş qəragah rəisi Valeri Gerasimovu hədələyən və təhqir edən videolar yayırdı.

Priqojin onları sursat çatışmazlığında və “Rusiya torpaqlarının verilməsində” ittiham edir və qisasla hədələyirdi.

Rusiya Müdafiə Nazirliyi bu kimi bəyanatları şərh etmir. Venevitinin həbsi və dindirilməsi barədə videoya da hələ ki, rəsmi münasibət bildirilməyib.

The Insider təhqiqat saytı videodakı hərbçinin şəxsiyyətini müəyyən etdiyini bildirir.

“Sirena” adlı teleqram kanalı isə bildirir ki, Roman Venevitin adlı şəxs Rusiya ümumqoşun akademiyasında təhsil alıb.

Bu da bildirilir ki, 45 yaşlı hərbçi əvvəllər Nijeqorodda mühafizə agentliklərindən birində işləyib.

XS
SM
MD
LG