Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 23:47

Xameneyinin bacısı və Xatəmi etirazçılara dəstək bildiriblər


İranın ali rəhbəri ayətüllah Əli Xameneyinin bacısı Bədri Xameneyi (soldan ikinci) jurnalist Mənsur Malikinin yas yerində
İranın ali rəhbəri ayətüllah Əli Xameneyinin bacısı Bədri Xameneyi (soldan ikinci) jurnalist Mənsur Malikinin yas yerində

İranın ali rəhbəri ayətüllah Əli Xameneyinin bacısı hökumətin ölkə boyunca yayılmış etirazlara divan tutmasını pisləyib və geniş kütlələr arasında xof yaradan İnqilab Keşikçiləri korpusunu silahlarını yerə qoymağa çağırıb.

Onun bu barədə məktubunu Fransada yaşayan oğlu ictimailəşdirib.

İranda deyildiyinə görə hicab qaydasını pozduğu üçün sentyabrın 16-da polisə aparılan və orda iddia olunduğuna görə döyülərək öldürülən gənc qadın Məhsa Əmininin ölümünə etirazdan başlanan və hazırda bütün ölkəni bürüyən hərəkat səngimək bilmir.

İranda yaşayan Bədri Hüseyni Xameneyi İran ali rəhbərinin doğma bacısıdır.

“Xameneyinin despotik xilafəti”

Reuters agentliyinin xəbərinə görə “2022-ci il, dekabr” tarixi ilə yayılmış məktubda deyilir ki, Bədri Xameneyi İranda İslam Respublikasının banisi ayətüllah Ruhulla Xomeyninin vaxtından qardaşının hakimiyyətinədək həmişə dini üsul-idarəyə qarşı çıxış edib.

Oğlu Mahmud Muradxaninin Twitter hesabından paylaşdığı məktubda Bədri Xameneyi yazır:

"Düşünürəm ki, qardaşıma qarşı çıxdığımı elan etməyin əsl vaxtıdır və mən Xomeyni vaxtından Əli Xameneyinin despotik xilafəti erasınadək İslam Respublikasının cinayətlərindən göz yaşları tökən bütün analara hüsn-rəqbətimi bildirirəm”.

Məktubda daha sonra bildirilir:

"Əli Xameneyinin inqilab keşikçiləri və muzdluları silahlarını yerə qoymalı və nə qədər ki, gec deyil xalqa qoşulmalıdırlar”.

İranda azərbaycanlı fəal: "Burda bazarlar bağlanıb"
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

İnqilab Keşikçiləri “rəhmsizliyə” çağırırlar

İran İnqilab Keşikçiləri Korpusu (İİKK) bütün Yaxın Şərq boyunca iranyönlü qüvvələri dəstəkləyib və yerləşdirib, habelə geniş biznes imperiyasını idarə edir.

Dekabrın 6-da İİKK-nin yaydığı bəyanatda ölkə ədliyyəsinə “iğtişaşçılara, quldur və terrrorçulara mərhəmət göstərilməməsinə” çağırış edilir.

İran ədliyyəsinin sözçüsü Məsud Sitayişi dekabrın 6-da bildirmişdi ki, Bəsic üzvü Ruhulla Əcəmianın ölümünə görə 5 nəfərə edam cəzası kəsilib.

Noyabrda Bədri Xameneyinin qızı Fəridə Muradxani xarici dövlətləri İranla bütün əlaqələrini kəsməyə çağırandan sonra həbs olunub.

385 min izləyicisi olan 1500tasvir Twitter hesabından yayılan videolarda Tehran, İsfahan, Elam, Kirmanşah, Nəcəfabad, Ərak, Babol və Şirazda dükanların bağlı olduğu görünür.

Bu şəhərlərdə təhlükəsizlik qüvvələri mağaza sahiblərini dükanlarını açmağa məcbur etmək istəyir.

Rəisi çıxış edib

Bu arada prezident İbrahim Rəisi Tehran Universitetində Tələbə Günü münasibətilə çıxış edib.

İclas keçirilən zalın qarşısına toplaşmış tələbələrdən bəziləri “şərəfsiz” və “tələbələr ölsələr də bu hökuməti qəbul etməyəcəklər” kimi şüarlar səsləndiriblər.

1500tasvir saytının yaydığı videolarda mülki geyimli təhlükəsizlik xəfiyyələrinin tələbələrlə mübahisə etdikləri görünür.

İran boyunca Tehrandakı Əmir Kəbir Universitetində və başqa universitetlərdə tələbələr etiraz aksiyalarını davam etdirirlər.

Videolarda tələbələrin “bu rejim devrilməlidir” və “Xameneyiyə ölüm!” şüarları səsləndirdiyi eşidilir.

İranın şimal-şərqindəki Məşhəd şəhərində, Firdovsi Universitetinin qarşısında aksiya keçirən tələbələr avtomobillərlə gəzən naməlum şəxslər tərəfindən hədələniblər.

Xatəmi də səsini ucaltdı

BBC xəbər verir ki, İranın keçmiş prezidenti, çox nadir hallarda ictimai çıxışlar edən Məhəmməd Xatəmi antihökumət etirazçılarını dəstəkləyib və hakimiyyəti “nə qədər ki, gec deyil” tələbləri yerinə yetirməyə çağırıb.

79 yaşlı Xatəmi deyib ki, “Qadın, Həyat, Azadlıq” kimi “gözəl şüar” İran cəmiyyətinin daha yaxşı gələcəyə can atdığını göstərir.

Keçmiş prezident habelə etirazçı tələbələrin həbslərini pisləyib.

Xəbərdə deyilir ki, qadınların başçılıq etdiyi etirazlar İranın bütün 31 ostanının 150 şəhər və 140 universitetinə yayılıb.

İranlıların HRANA insan haqları təşkilatının məlumatına görə azı 473 etirazçı öldürülüb və 586-sı tələbə olmaqla 18 min 215 nəfər saxlanıb.

Bu da xəbər verilir ki, 61 təhlükəsizlik əməkdaşı da həlak olub.

İslahatyönlü siyasətçi sayılan Məhəmməd Xatəmi 1997-2005-ci illərdə İranın prezidenti olub.

O etitrazçılara dəstək ifadə edən çıxışında deyib:

"Azadlıq və təhlükəsizliyin qarşı-qarşıya qoyulması yolverilməzdir. Bunun nəticəsində təhlükəsizliyin qorunub saxlanması bəhanəsi ilə azadlıq tapdanır...”

XS
SM
MD
LG