Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:31

Xəzər dənizi döyüş meydanına çevrilib?


Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər Dağıstanının Xəzər dənizindəki Kaspiysk limanında.
Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər Dağıstanının Xəzər dənizindəki Kaspiysk limanında.

Rusiyanın Xəzər dənizində və ətrafında yerləşən hərbi qüvvələri Ukraynaya zərbələr endirməyə davam edir. Beləcə, nə çevrəyə vurulan zərər hesablanır, nə də hədəflər vurularkən dağıdılan tikililərin və öldürülən insanların sayı açıqlanır.

Ukraynanın rəsmi bilgilərinə dayanan AzadlıqRadiosunun müxbirləri Sergey Dobrınin, Andrey Besedin və Rey Förlonq yazırlar ki, Rusiya təyyarələri tammiqyaslı müdaxilənin ilk günlərindən Xəzər dənizindən dəfələrlə raket atışı gerçəkləşdirib. Sahilə yaxın ərazilərdə yaşayanlar bu barədə bilgilərini paylaşırlar. Yayılan bir videogörüntüdə "Kalibr" qanadlı raketinin buraxılması əksini tapıb.

Bəzi yerli sakinlər hərbi fəaliyyətin çevrəni çirkləndirdiyinə diqqət çəkir. Xəzər dənizindəki suitilərin kütləvi ölümünü raket atışlarına bağlayan jurnalistlər də var.

Rusiya Xəzərdəki hərbi donanmasının Ukraynaya raket zərbələri endirməsini təsdiqləməyib. Ancaq hələ 2015-ci ildə keçmiş müdafiə naziri Sergey Şoyqu donanmanın Suriyadakı hədəfləri "Kalibr" raketləri ilə vurduğunu söyləmişdi. Bir sonrakı ildə də buna bənzər bilgi yayılmışdı.

Deyildiyinə görə, 2022-ci ildəki zərbələr daha çox dəniz üzərindən uçan bombardmançıların atdığı "X-55" qanadlı raketləri ilə gerçəkləşdirilirdi.

Ukraynaya "Kalibr" raketlərinin atıldığı güman edilsə də, hərbçilərin buna aid açıq-aşkar sübutları yoxdur.

Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Xəzər dənizində raket atır.
Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Xəzər dənizində raket atır.

Raketin quyruq hissəsinin davranışı göstərir ki…

Yerli balıqçıların iyunda yaydığı videoda iki raket görüntülənib. Raketin quyruq hissəsinin davranışı onların bombardmançıdan çox, hərbi donanmanın "Kalibr"inə aid olduğunu sezdirir.

Rusiyanın Xəzərdəki hərbi donanmasının çevrəyə zərər verməsi işğaldan öncə də yerli sakinləri təlaşlandırıb. Rəsmi Moskva Dağıstanın Kaspiysk şəhərində donanmaya yeni baza inşa edib və 2020-ci ilin iyununda burada gəmilərin ilk paradını da keçirib.

Yerli sakinlərdən biri AzadlıqRadiosuna deyib ki, o gündən bəri hər il keçirilən paraddan sonra sahilə yaxın ərazidə çox sayda ölü balıq və neft yığılır.

"Təxminən 30 il öncə dəniz çox canlı idi, amma indi yox. Yayda gəmilərə doğru üzüb, nə baş verdiyini gördüm. Bunun bir səbəbi Xəzər donanmasıdır", - həmin sakinin sözləridir.

Rusiyada "arzulanmaz təşkilat" elan edilən AzadlıqRadiosu müsahiblərin həbs edilmələrindən ehtiyatlanaraq onların adını açıqlaya bilmir.

Adının çəkilməsini istəməyən bir başqa sakin də deyib ki, o, suyun daha təmiz olacağına ümid edərək doqquz il öncə paytaxt Mahaçqaladan Kaspiyskə köçüb. Bu müddət boyunca durumun çox dəyişdiyini söyləyən həmin sakin hər il keçirilən dəniz paradlarının təsirindən də danışıb: "Gəmilər limanda deyil, sahilə yaxın yerdə lövbər salır. Bütün günü yanacaq yandırdığından mühərriklərin səsindən qulaq tutulur. Təbii ki, tullantılar dənizə axıdılır. …Sonra gəmilər atəş açmağa başlayır. Dəhşətli ab-hava yaranır. Yanıq qoxusu hətta bağlı pəncərələrdən keçib evə daxil olur... Nəfəs almaq mümkün olmur".

Yanacaq qalıqları və ölü balıqlar sahilə yığılır

Hər il sentyabrda dənizdə təlim keçirən Hərbi Dəniz Qüvvələri builki tədbirə 30-dan çox hərbi gəmini cəlb edib.

Təlim çox uzaqda keçirilsə də, qaynaqlarımızın bilgilərinə görə, yanacaq qalıqları və ölmüş balıqlar yenə də sahilə yığılır.

Jurnalistlər çevrənin çirklənməsini və suitilərin kütləvi ölümünü həm təlim, həm də raket zərbələri ilə əlaqələndirirlər.

"Kalibr" və "X-55" raketlərində dənizə tökülə bilən zəhərli raket yanacağından istifadə edilir. Di gəl, Rusiya hərbi donanmasının Xəzər dənizinə və çevrəsinə necə təsir göstərdiyini ölçmək üçün heç bir müstəqil elmi araşdırma aparılmayıb.

XS
SM
MD
LG