Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:40

HƏMAS lideri Yəhya Sinvar kim idi


Yəhya Sinvar Qəzza şəhərində "Qüds Əl-Əqsa" məscidinə dəstək aksiyasında.
Yəhya Sinvar Qəzza şəhərində "Qüds Əl-Əqsa" məscidinə dəstək aksiyasında.

ABŞ və Aİ-nin terrorçu qrup saydığı HƏMAS lideri Yəhya Sinvar öldürülüb. İsrailin xarici işlər naziri İsrael Kats oktyabrın 17-də bildirib ki, Sinvar Qəzza zolağında hərbi əməliyyat zamanı qətlə yetirilib. HƏMAS xəbəri şərh etməyib.

62 yaşlı Sinvarın 2023-cü il oktyabrın 7-də İsrailə qarşı insan ölümləri ilə nəticələnən hücumun memarı olduğu deyilir. Misli görünməmiş hücum İsrailin Fələstin anklavında hazırda davam edən müharibəni təhrik edib.

AzadlıqRadiosunun əməkdaşı Kian Şərifi Y.Sinvar barədə yazır.

Sinvar HƏMAS-ın siyasi rəhbəri İsmayıl Haniyə iyulun 31-də Tehranda şübhəli İsrail zərbəsi ilə qətlə yetiriləndən az müddət sonra qrupun əsas lideri olub.

O zaman HƏMAS-ın hərbi qanadı olan "İzzəddin əl-Qəssam briqadaları"nın başçısı Sinvar Qətərdə yaşayan Haniyənin yerini tutacaq əsas favorit sayılmırdı. HƏMAS-ın keçmiş siyasi rəhbəri Xalid Maşal və siyasi qanadın tanınmış simalarından biri Xəlil əl-Həyya əsas favoritlər arasında idi.

HƏMAS-ın siyasi lideri adətən xaricdə yaşayır, İran və "Hizbullah" kimi regional müttəfiqlərlə təmaslardan ötrü səyahət edir. Sinvarın isə Qəzzada olduğu bildirilir.

Ekspertlərə görə, Sinvarın təyin edilməsinin əsas səbəbi onun qrupa maddi və hərbi dəstək göstərən İranla yaxın əlaqələri idi.

Yəhya Sinvar Qəzza zolağında mitinq zamanı tərəfdarlarına əl yelləyir.
Yəhya Sinvar Qəzza zolağında mitinq zamanı tərəfdarlarına əl yelləyir.

Mayası İsrail həbsxanalarında yoğurulan

Tərəfdarları onu həmçinin Əbu İbrahim kimi tanıyırdı. Sinvar Qəzzanın Xan Yunis şəhərindəki qaçqın düşərgəsində doğulub.

Haniyənin valideynləri kimi, onun da valideynləri 1948-ci ildə Ərəb-İsrail müharibəsi zamanı yaşadıqları dənizkənarı Aşkelon şəhərini tərk ediblər. Müharibə nəticəsində fələstinlilərin "nakba", yəni "faciə" adlandırdıqları İsrail dövləti yaradılıb.

HƏMAS 1987-ci ildə yaranandan az müddət sonra Sinvar qrupa qoşulub və onun "əl-Məcd" adında qorxulu daxili təhlükəsizlik təşkilatını qurub. Sonuncunun əsas məqsədi qrupdaxili israilli casusları aşkarlamaq olub. O, zorakılıqla tanınıb, "Xan Yunis qəssabı" ləqəbi qazanıb.

İsrail qüvvələri tərəfindən ələ keçirilən Sinvar müxtəlif cinayətlərə, o cümlədən iki israilli hərbçinin öldürülməsinə görə bir neçə ömürlük həbs cəzası alıb və 20 ildən çox həbsxanalarda keçirib.

Orada olarkən dustaqların iş şəraitini yaxşılaşdırmaq üçün tətillər təşkil edib və həbsdə olan fələstinlilər arasında liderə çevrilib.

Sinvar 2011-ci ildə HƏMAS tərəfindən saxlanılan bir israilli hərbçinin mindən çox fələstinliyə dəyişdirilməsi zamanı həbsxanadan buraxılıb. Azadlığa çıxandan bir müddət sonra Haniyəni Tehrana müşayiət edən Sinvar orada bu ölkənin Ali dini lideri Əli Xamenei ilə tanış olub.

XS
SM
MD
LG