Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:46

Mariya Zaxarova: 'Qarabağdakı sülhməramlılar yeni şəraitə adaptasiya olunacaq'


Mariya Zaxarova
Mariya Zaxarova

Qarabağdakı Rusiya sülhməramlılarının fəaliyyəti yeni şəraitə adaptasiya olunacaq.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

“Rusiya sülhməramlı kontingentinin regiona yeridildiyi şərait bu ilin 19-20 sentyabrında baş vermiş toqquşmalar nəticəsində ciddi şəkildə dəyişib və əhalinin kütləvi çıxışı fonunda bizim sülhməramlılarımızın fəaliyyəti adaptasiya olunacaq”.

Sözçü deyib ki, Rusiya sülhməramlı kontingenti artıq Qarabağdakı bir sıra stasionar və müvəqqəti müşahidə postlarını yığşışdırıb.

Zaxarovanın sözlərinə görə sülhməramlılarla bağlı prinsipial məsələlər Bakı ilə müzakirə olunacaq.

Zaxarova deyir ki, ermənilərin bir hissəsi qayıtmaq istəyir

Rusiya Müdafiə Nazirliyi oktyabrın 7-də bildirmişdi ki, Rusiya sülhməramlıları Əsgəran rayonundakı müşahidə postlarını yığışdırıblar.

Nazirlik bu qərarın qanunsuz silahlı birləşmələrin tərksilahı ilə bağlı olduğunu və gözətçi postlarının keçmiş təmas xəttindən uzaqlaşdırıldığını bildirmişdi.

Rusiya sülhməramlıları Qarabağda Vladimir Putin, İlham ƏliyevNikol Paşinyan arasında imzalanmış 9 noyabr 2020-ci il bəyanatına görə yerləşdiriliblər. Onların missiya müddəti 2025-ci ildə başa çatır.

Sentyabrın sonlarında sülhməramlıların gələcək taleyi barədə suala cavab verən Dmitri Peskov demişdi ki, bu məsələ Azərbaycanla müzakirə olunacaq.

Vedomosti saytının yazdığına görə Mariya Zaxarova deyib ki, Moskvada ermənilərin bir hissəsinin Qarabağa qayıtmaq istədiklərinə dair məlumat var.

İlham Əliyev: 'Paşinyan 6 saata Qranadaya uça bilir, amma...'
Gözlə

No media source currently available

0:00 0:01:48 0:00

Paşinyanın bəyanatı

Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan yerli ictimai telekanala müsahibəsində Qarabağdakı Rusiya sülhməramlı kontingentinin Ermənistana gətirilməsinin mümkünlüyü ilə bağlı bəyanat verib.

O deyib ki, bu kontingent Qarabağdan çıxdığı təqdirdə Ermənistana köçürülməli yox, Rusiyaya qayıtmalıdır.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi sülhməramlı kontingentin Qarabağdan çıxarılması məsələsini Azərbaycan və ya Ermənistanla müzakirə etmədiyini bildirmişdi.

Nazirliyin mətbuata verdiyi məlumatda deyilirdi:

"Rusiya Müdafiə Nazirliyi nümayəndə heyətinin Bakı və ya Yerevanda Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını müzakirə etdiyinə dair bəzi KİV-lərdə yayılmış məlumat həqiqətə uyğun deyil”.

Nazirlik əlavə etmişdi ki, Müdafiə Nazirliyi xətti ilə Azərbaycan və Ermənistanla aparılan danışıqlar əvvəlcədən planlaşdırılıb və sülhməramlıların cari fəaliyyəti ilə bağlıdır.

Ərdoğanın da bəyanatı olmuşdu

Hələ ötən iyul ayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya sülhməramlı kontingentinin 2025-ci ilədək Qarabağdan getməli olduğunu demişdi.

O vaxt onun bu bəyanatı Moskvanın narazılığına səbəb olmuş, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirmişdi ki, Türkiyə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının tərəfi deyil, Rusiya sülhməramlıları isə Qarabağda bu razılaşma əsasında yerləşdirilib. Məhz bu sənəddə sülhməramlıların regionda qalma müddəti və bu müddətin daha beş il uzadılması üçün parametrlər əksini tapıb.

Ərdoğan daha sonra bu məsələyə bir daha qayıtmayıb.

Ağdərəyə qayıdışı gözləyən köçkünlər: 'Noolar erməni olanda....'
Gözlə

No media source currently available

0:00 0:05:11 0:00

Tərksilah başa çatmayıb?

Lakin Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən deyib ki, Qarabağda qanunsuz silahlıların tərksilahı prosesi davam edir. Prezidentin vurğulamasına görə, ərazilərin onlardan təmizlənməsi prosesi gedir: "Bizdə olan məlumata görə, hələ bu ərazidə gizlənən qruplar var. Ərazi kifayət qədər böyükdür, buna görə ərazini tamamilə təmizləmək üçün vaxt tələb olunacaq".

Xatırlatma

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ vilayəti və ətraf 7 rayonunu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin ərazilərə, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Ancaq tərəflər (Ermənistan və Azərbaycan) sülh sazişi imzalamayıb, Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Son illər Azərbaycanla Ermənistan arasında həm Rusiyanın, həm də Avropa İttifaqının vasitəçiliyi ilə ayrı-ayrılıqda sülh danışıqları aparılıb.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirləri" başlatdığını elan edib. Yerevan bunu "etnik təmizləmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər, onların silahları təhvil verməyə başladıqları açıqlanıb.

Bundan sonra erməni sakinlərin regiondan Ermənistana axını da başlayıb.

XS
SM
MD
LG