Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 01:33

İlk F-16-lar Ukraynada. Rusiya Donetskdə hücumları intensivləşdirir 


Volodimir Zelenski
Volodimir Zelenski

Ukrayna prezidenti Volodimir Zelenski avqustun 4-də çoxdan gözlənilən F-16 qırıcılarının ölkəsində qarşılanma mərasiminə qatılıb. O deyib ki, bu təyyarələr Ukraynanın işğalçı Rusiya qüvvələrinə qarşı müdafiəsi üçün vacibdir.

“İndi bu, bir reallıqdır, səmalarımızdakı reallıq. F-16-lar Ukraynadadır”, -- Zelenski Ukrayna Hava Qüvvələri günü mərasimində söyləyib. O, çıxışını Ukrayna simvolları ilə bəzədilmiş müasir hərbi təyyarələr fonunda edib.

"Aviasiyamızı, havadan müdafiə qabiliyyətimizi, müdafiə qüvvələrimizi gücləndirmək üçün yüzlərlə görüşlər və danışıqlar aparmışıq”, -- prezident deyib.

“Cavabında tez-tez eşidirdik ki, “Bu mümkün deyil”. Ancaq yenə də ambisiyamızı gerçəkləşdirdik”, -- Zelenski vurğulayıb.

F-16-lar artıq istifadə olunur

Zelenski Kiyevin tərəfdaşlarına, özəlliklə Niderland və Birləşmiş Ştatlara Ukraynaya F-16-lar verilməsində köməyə görə təşəkkür edib.

O, hazırda Ukraynada neçə F-16 olduğunu detallı açıqlamasa da, deyib ki, hava qüvvələri “artıq ölkəmiz üçün onlardan istifadə etməyə başlayıb”.

“İlk F-16-larımızda hansı tapşırıqların icra olunacağını, yaxud artıq icra olunduğunu detallı söyləyə bilmərəm... Ukraynada artıq təlim görmüş pilotlar var. Amma bu, yetərli deyil”, -- Zelenski əlavə edib.

Tədbirin keçirildiyi məkan təhlükəsizlik səbəblərindən dəqiq açıqlanmayıb.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğala başlayandan Ukrayna qərbdən müasir F-16 qırıcıları istəyib. 2023-cü ildə bir sıra ölkələr ABŞ-ın razılığı ilə Kiyevə bu təyyarələri verməyə razılaşıb.

Bloomberg iyulun 31-də yazıb ki, ilk F-16-lar artıq Ukraynaya çatıb. Digər mənbələr onların sayının 6 olduğunu, Niderland tərəfindən verildiyini qeyd edib.

Rusiya Donetskdə daha bir kəndi tutduğunu deyir

Bu arada Rusiya Ukraynanın şərqi Novoselovka Perşa kəndini tutduğunu iddia edib. Ukrayna hakimiyyəti isə Donetsk vilayətində Rusiyanın atəşə tutduğu ərazilərdən əhalinin çıxarılması göstərişi verib.

Rusiya Müdafiə Nazirliyi sözügedən kəndi “azad etdiyni” bildirib. Son həftələr Kreml Donetskdə bir neçə kəndlə bağlı oxşar açıqlama verib. Həmin kəndlərin bəziləri bir neçə küçədən ibarətdir.

Donetsk Rusiyanın 2022-ci ildə qanunsuz ilhaqını elan etdiyi dörd vilayətdən biridir.

Region qubernatoru Vadim Filaşkin Telegram postunda yazıb ki, Rusiya qüvvələri “bu ərazilərdə şəhərləri və kəndləri hər gün bombalayır, buna görə də uşaqların valideynləri və digər qanuni təmsilçiləri ilə bir neçə kənddən təxliyə olunması qərarı verilib”.

O, ümumilikdə 744 uşaq və ailəsinin Ukraynanın daha təhlükəsiz vilayətlərinə aparıldığını bildirib.

Avqustun 4-də Ukrayna silahlı qüvvələri beş dronu vurduğunu bəyan edib. Rusiya həmin gün səhər saatlarında Ukraynanın bir neçə vilayətinə rakert və dron hücumu gerçəkləşdirmdişdi.

XS
SM
MD
LG