Blinken hökuməti haqsız tutulanları azad etməyə çağırır. Bakının cavabı

Antoni Blinken və İlham Əliyev

Birləşmiş Ştatlar Azərbaycanda vətəndaş cəmiyyəti və mediaya artan təzyiqlərdən narahat olduğunu bildirir, insan haqları uğrunda işinə görə həbs olunanları azad etməyə çağırır. Bu bəyanatla ABŞ dövlət katibi Antoni Blinken dekabrın 11-də çıxış edib. Bəyanatda ABŞ Azərbaycan hökumətini Rüfət Səfərov, Sevinc Vaqifqızı, Azər Qasımlı, Fərid Mehralızadə, Bəxtiyar Hacıyev, Qubad İbadoğlu, MeydanTV müstəqil media orqanının bugünlərdə həbs olunmuş jurnalistlərini azad etməyə çağırır.

Həbsdə olanlardan ikisi – R.Səfərov və S.Vaqifqızı bu həftə Vaşinqtonda insan haqları fəaliyyətlərinə görə təltif olunmalı idilər. R.Səfərova qiyabi olaraq İnsan Haqları Müdafiəçisi Mükafatı verilib. S.Vaqifqızı isə dövlət katibinin "Antikorrupsiya çempionu" mükafatına layiq görülüb.

"Azərbaycan hökumətini insan haqları naminə fəaliyyətinə görə haqsız tutulanları azad etməyə, vətəndaş cəmiyyətinə təzyiqləri dayandırmağa, hamının insan hüquqları və fundamental azadlıqlarına sayqı göstərməyə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzv olarkən götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq", – bəyanatda deyilir.

XİN: "Ümidvarıq ki, yeni ABŞ administrasiyası dövründə..."

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ dövlət katibi A.Blinkenin bəyanatına cavab verib.

"Ölkəmizdə insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edən, Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanatı rədd edirik", - XİN vurğulayıb.

"Son dörd il ərzində dövlət katibi Blinkenin rəhbərlik etdiyi ABŞ Dövlət Departamentinin Azərbaycanın daxili işlərinə müdaxilə ilə məşğul olması səbəbindən sözügedən dövr bir çox dönəmlərdə dostluq və əməkdaşlıq ilə yadda qalan Azərbaycan-ABŞ münasibətləri üçün itirilmiş illər kimi qiymətləndirilir", - açıqlamada əlavə edilib.

XİN ümid edir ki, yeni ABŞ administrasiyası dövründə iki ölkə arasında qarşılıqlı dostluq və tərəfdaşlıq münasibətləri yenidən bərpa olunacaq.

Dövlət katibinin köməkçisi: 'ABŞ Azərbaycanda vətəndaş cəmiyyətini dəstəkləməyə davam edəcək'

"...Düzünü desək, biz tendensiyalardan çox narahatıq. Dünən də, bu gün də Beynəlxalq İnsan Haqları Günü ilə bağlı Azərbaycandan olan laureatları - Sevinc Vaqifqızı və Rüfət Səfərovu burada, Vaşinqtonda salamlaya bilmədik. Biz bu mükafatı şəxsən onlara verə bilmədik, çünki Azərbaycan hakimiyyəti onları həbs edib".

Bunu ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisi Dafna Rand "Turan"a müsahibədə bildirib və əlavə edib ki, bu, bir siqnal idi: "Mesaj budur ki, hakimiyyət bu tendensiyanı davam etdirmək niyyətindədir. ABŞ və digərlərinin insan hüquqları müdafiəçilərini, vətəndaş cəmiyyəti üzvlərini dəstəkləməsini istəmirlər. Odur ki, mesaj yüksək və aydın şəkildə eşidildi".

"Vəziyyəti dəyişdirmək üçün Vaşinqtonun alətləri tükənibmi" sualına Dövlət Departamenti rəsmisinin cavabı belə olub: "Xeyr. Biz səylərimizi ikiqat artırmağa, diplomatiyadan - özəl diplomatiyadan, ictimai diplomatiyadan istifadə etməyə davam edəcəyik və bugünkü tədbir də belədir. Viza sanksiyaları və bir sıra digərləri də daxil olmaqla, bəzi cəza alətlərindən istifadə etməyə davam edəcəyik. Ən əsası, biz vətəndaş cəmiyyəti nümayəndələrini dəstəkləməyə davam edəcəyik, bu, bizim ən yaxşı alətimizdir".

Hazırda Azərbaycanda 30-dək jurnalist, ictimai fəal qaçaqmalçılıq və digər ittihamlarla həbsdədir. Onlar ittihamları rədd edir, həbslərini siyasi sifariş sayırlar. Hakimiyyət təmsilçiləri fərdlərin konkret cinayətlərə görə cəzalandırıldığını deyirlər.

Yerli və beynəlxalq insan haqları təşkilatları ölkədə azı 300 siyasi məhbusun olduğunu bildirirlər.