Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri Gürcüstan hökumətini artıq ard-arda 13 gecə davam edən etirazlarda "demokratik geriləmə" və etirazçılara qarşı istifadə etdiyi "repressiv" taktikalara görə xəbərdarlıq edib.
Dekabrın 10-da əllərində Aİ və Gürcüstan bayraqlarını dalğalandıran 4 minədək etirazçı parlament binasının önünə toplaşıb.
"Hər gün işdən sonra buraya gəlirik", - 40 yaşlı Sofiya Caparidze AFP-yə belə deyib və əlavə edib: "Bütün gürcülər, hər bir şəhər və kənd Aİ-yə qoşulmaq istəyir. Biz SSRİ-yə dönmək istəmirik".
Aİ xarici işlər nazirləri dekabrın 16-da keçirəcəkləri sammitdə son iki həftə boyunca qərbyönlü etirazçıların üzləşdiyi davranışa görə Gürcüstan liderlərinin cəzalandırılmasını müzakirə edəcəklər.
"Fəsadlara yol açacaq"
"Davam edən demokratik geriləmə və Gürcüstan hakimiyyətinin əl atdığı son repressiv üsullar ikitərəfli münasibətlərimizdə fəsadlara yol açacaq. Aİ əlavə tədbirləri gözdən keçirəcək", - bəyanatda belə deyilir.
Aİ xarici işlər nazirləri "insanlığa yaraşmayan" davranış və işgəncələrdən köklü narahatlığını bildirərək, insan haqlarının pozulması hallarının araşdırılmasına çağırıb: "400-dən çox insan saxlanılıb və çatan bilgilərə görə, onlardan 300 nəfərdən çoxu zorakılıq və pis davranışla üzləşib. Əksəriyyətin təcili tibbi yardıma ehtiyacı var".
Etirazçılara, media nümayəndələrinə və müxalifət liderlərinə qarşı hökumətin repressiv addımlarına görə üzüntüsünü dilə gətirən Aİ saxlanılanların dərhal sərbəst buraxılmasını tələb edir.
Dekabrın 9-da Böyük Britaniya jurnalistlərə və qərbyönlü etirazçılara qarşı "dəhşətli" repressiyaları qınayaraq, Gürcüstan hökuməti ilə əlaqələrini kəskin şəkildə məhdudlaşdırdığını bildirib. Bu, ABŞ və Aİ-nin daha öncə atdığı addımların bənzəridir.
Sərt açıqlamalar versə də, Aİ-nin sammitdə konsensus əldə etməsi çətin ola bilər. Macarıstanın sağçı lideri Viktor Orban Gürcüstan hökumətinə dəstəyini dilə gətirib və avropalıların "Gürcü arzusu" liderlərinə qarşı sanksiyalar tətbiq etmək cəhdlərini qınayıb.
Xatırlatma
Ötən ilin dekabrında Aİ-yə namizəd statusu əldə etsə də, Gürcüstanda "xarici agentlər" və cinsi azlıqlara dair mübahisəli qanunlar qəbul edilib. Brüssel bu qanunları Avropanın dəyər və prinsiplərinə zidd saydığından Gürcüstanın Aİ-yə üzvlük danışıqlarını başlatmaqdan vaz keçib.