İsrail Suriyanın 250-dən çox hərbi obyektinə zərbə endirib

İsrailin hava hücumlarından sonra Suriyanın paytaxtı Dəməşqin kənarında tüstü qalxır.

İsrail Suriyada 250-dən çox hərbi hədəfə zərbələr vurub. Bu barədə İsrail Ordusunun "Qaley" radiosu xəbər verib.

Zərbə hədəflərinin hərbi bazalar, qırıcı təyyarələr, hərbi-raket kompleksləri, istehsalat meydançaları və raket anbarları olduğu bildirilir.

"AFR" müxbirləri paytaxt Dəməşqdə dekabrın 10-da güclü partlayışların eşidildiyini xəbər veriblər. Suriyanın ən iri hərbi hava qüvvələri bazalarına zərbələr barədə bilgiləri "Reuters" və "Əl-Ərəbiyyə" də paylaşıb. Dəməşq və onun ətrafına endirilən zərbələr hərbi obyektlərə, araşdırma mərkəzlərinə və radioelektron mübarizə idarəsinə tuş gəlib.

Londondakı Suriya İnsan Haqlarını Müşahidə Mərkəzi də son 48 saatda İsrailin 250-dən çox hava hücumu nəticəsində Bəşər Əsədin ən önəmli hərbi obyektlərinin, o sıradan Həma, Homs və Latakiyadakı hərbi bazaların məhv edildiyini bildirib.

Hücumlar haqqında bilgilər İsrailin baş naziri Benyamin Netanyahunun "İsrailə qarşı elan olunan ölüm-qalım savaşında" ölkəsinin Yaxın Şərqin simasını dəyişdirməsinə və düşmənləri "addım-addım" məhv etməsinə dair bəyanatından sonra yayılıb.

"Əl-Mayadin" telekanalının xəbərinə görə, İsrail tankları Suriya paytaxtı istiqamətində hərəkət edir və ondan 20 km məsafədədir.

İsrail ordusu Colan təpələrindəki bufer zonasını tərk etməsi və Suriya ərazisinin dərinliklərinə irəliləməsi barədə xəbərləri təkzib edib.

İsrail ordusu dekabrın 8-də 1973-cü ildən bəri ilk dəfə Colan təpələrindəki bufer zonaya daxil olaraq bitişik "strateji" mövqeləri tutub.

İsrail əsgərləri Colan təpələrini Suriyadan ayıran "Alfa" xəttinin yaxınlığında patrul çəkirlər.

8 dekabr

İsrail hərbçiləri Colan təpələrindəki bufer zonaya daxil olublar

Dekabrın 8-nə keçən gecə və səhər saatlarında İsrail ordusu Colan təpələrindəki bufer zonaya daxil olaraq bitişik "strateji" mövqeləri tutub.

Baş nazir Benyamin Netanyahu İsrailin nəzarət etdiyi Colan təpələriylə Suriya sərhədində görüntülənən videomüraciətində belə deyib.

İsrail hərbçiləri Hermon dağının Suriyaya aid yamacını nəzarətə götürüblər. "Biz düşmən qüvvələrinin sərhədlərimiz yaxınlığında öz mövqelərini möhkəmləndirməsinə imkan verməyəcəyik", - yenə Netanyahunun sözləridir.

İki ölkənin döyüş mövqeləri arasındakı ərazini İsrailin tutması Suriyada Bəşər Əsəd rejiminin çöküşünə dair bilgilər fonunda baş verib.

Netanyahunun fikrincə, 1974-cü il razılaşmasına görə, bufer zonası kimi sayılan ərazilər Suriya ordusu mövqelərini tərk etdiyindən həmin statusunu itirib və sərhədlərini qorumaq üçün İsrail oraya qoşunlarını yeridib. O əlavə edib ki, Əsəd rejiminin çöküşü İsrailə yeni imkanlar açmaqla yanaşı, risklər də törədir.

Bu təpələr 1967-ci ildə işğal edilib

İsrail 1967-ci il savaşında işğal etdiyi Colan təpələrini öz ərazisi sayır. Dünya ölkələrinin çoxu bu ərazilərin Suriyaya məxsus olduğunu bildirir. Ordu İsrailin rəsmən ona məxsusluğunu elan etmədiyi rayonlara daxil olub.

Netanyahu müraciətində deyib ki, Əsəd rejiminin çöküşü əsas himayədarlarına - İranla "Hizbullah"a endirilən zərbələrə görə mümkün olub.

İran və ona yaxın radikal livanlı qruplaşma olan "Hizbullah" (ABŞ-də terrorçu təşkilat sayılır - red.) Suriyadakı vətəndaş müharibəsində Əsədi fəal dəstəkləyib. Ancaq onlar silahlı qruplaşmaların son hücumunun önünü kəsmək üçün rejimə dəstək göstərmədilər. "Hizbullah" bu ilin noyabrında İsraillə apardığı silahlı qarşıdurma nəticəsində zəifləyib və atəşkəslə razılaşıb.

Dəməşqi və ölkə ərazisinin önəmli bölümünü tutan Suriya silahlı müxalifəti arasında İsraillə qarşıdurmanı sürdürmək niyyəti güdən qüvvələr önəmli rol oynayır. Bunlar arasında ən böyük qruplaşma Birləşmiş Ştatların terrorçu təşkilat kimi tanıdığı "Həyat Təhrir əş-Şam"dır (HTŞ).

Ağır hərbi texnikanın silahlıların əlinə keçməsini önləməkdən ötrü İsrail Suriya ordusunun obyektlərinə bir neçə hava zərbəsi endirib. "Reuters"in bilgisinə görə, İsrail Dəməşqdəki Suriya hərbi kəşfiyyatı və gömrük idarəsinin baş qərargahına da zərbələr vurub. Raketlərin hazırlanmasında iranlı mütəxəssislər də çalışdığından araşdırma mərkəzi də hücuma məruz qalıb.