Apellyasiya Məhkəməsi MeydanTV jurnalistini azad etməyib

Sizin brauzer HTML5-i dəstəkləmir

'MeydanTV işi': Yeddi jurnalist eyni maddə ilə həbs edildi

Bu gün, dekabrın 12-də Bakı Apellyasiya Məhkəməsində MeydanTV ilə əməkdaşlıq etmiş jurnalisti Aysel Umudovanın şikayətinə baxılıb.

Vəkil Aqil Layıcın verdiyi məlumata görə, müdafiə tərəfi məhkəmədən həbs qərarının ləğvini və ya başqa qətimkan tədbiri ilə dəyişdirilməsini xahiş edib.

Jurnalist qaçaqmalçılıq ittihamını təkzib edir, qaçaqmalçılıqla heç bir əlaqəsi olmadığını bildirir. Umudova jurnalist fəaliyyətinə görə təqib olunduğunu deyib. Lakin məhkəmə şikayəti təmin etməyib.

Müdafiə tərəfinin bildirməsinə görə, Umudovanın səhhətində problemlər var: "Polis bölməsində iki dəfə ona təcili yardım çağırılıb. Dekabrın 11-də İstintaq Təcridxanasında da vəziyyəti pisləşib".

11 dekabr

'COP29-dan sonrakı repressiya': RSF MeydanTV jurnalistlərini azad etməyə çağırır

"Sərhədsiz Reportyorlar" təşkilatı (Reporters Without Borders-RSF) MeydanTV jurnalistlərinin həbsini pisləyib, bunu İlham Əliyev rejiminin tənqidçilərini susdurmağa yönəlik sistematik strategiyanın tərkib hissəsi adlandırıb. Qurum jurnalistləri dərhal azad etməyə çağırıb.

"Heç bir ay deyil ki İlham Əliyev rejimi COP29-un şəfəqi altında beynəlxalq imicini parıldatmağa çalışırdı. İndi yenidən jurnalistlərə qarşı amansız repressiya başlanıb. MeydanTV-nin altı jurnalistinin həbsi rejimin Azərbaycan vətəndaşlarına informasiya verməyə cəsarəti çatan şəxsləri abırsızcazına hədəfə aldığını bir daha sübuta yetirir. RSF onları, eləcə də haqsız yerə saxlanmış daha 13 jurnalistə dərhal azadlıq tələb edir. Qurum beynəlxalq ictimaiyyəti fundamental hüquqların belə ağır və sistematik pozuntularına göz yummamağa çağırır", – RSF-in Şərqi Avropa və Orta Asiya bölümün başçısı Janna Kavelye deyib.

8 dekabr

Dekabrın 6-da həbs edilən fotojurnalist Əhməd Muxtar xırda xuliqanlıq və polis işçisinin əmrinə tabe olmamaqda təqsirli bilinib. Ona 20 sutka həbs verilib.

MeydanTV jurnalistlərinin məhkəməsi keçirilib

Dekabrın 8-də Xətai rayon Məhkəməsində "MeydanTV işi" ilə bağlı saxlanılanların məhkəmə prosesi keçirilib. Məhkəmə Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, Ramin Cəbrayilzadə (Deko) və Ülvi‌ Tahirov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən əlbir törədildikdə) maddəsi‌ ilə ittiham olunurlar.

Jurnalistlərin hamısı "qaçaqmalçılıq" ittihamını rədd edib və cinayət işini jurnalist fəaliyyətləri ilə əlaqələndiriblər.

****

Vəkil Bəhruz Bayramovun sözlərinə görə, Ülvi Tahirovun MeydanTV ilə heç bir əlaqəsi yoxdur: "Onlar Aynur Elgünəşlə sadəcə ailəvi dost idilər. Tahirovun evində axtarış zamanı külli miqdarda pul götürülüb. Lakin Tahirov pulun vergi ödəyicisi kimi həyat yoldaşına məxsus olduğunu bildirib. Onun xidmətlərin göstərilməsi barədə müqavilələri var və görülmüş işlər müqabilində əməkhaqqı alınıb. Tahirovun özü 2022-ci ildən xaricə getməyib".

6 dekabr

"Dekabrın 6-sı, saat 13:00 radələrində MeydanTV ilə əməkdaşlıq etmiş bəzi şəxslərlə əlaqə kəsilib". Bu barədə MeydanTV rəhbərliyinin yaydığı məlumatda bildirilir.

Açıqlamaya görə, həmin şəxslər Bakı şəhər Baş Polis İdarəsində saxlanılırlar.

Qurum Aynur Qənbərovanın (Elgünəş), Aytac Əhmədovanın (Tapdıq), Xəyalə Ağayevanın, Natiq Cavadlının, Aysel Umudovanın və Ramin Cəbrayılzadənin (müstəqil jurnalist) adlarını çəkir.

Vurğulanır ki, adları qeyd olunan jurnalistlərin bəzilərinin evlərində axtarış aparılıb, onlara aid olan şəxsi avadanlıqlar və əşyalar götürülüb: "MeydanTV rəhbərliyi olaraq bildiririk ki, jurnalistlərimizin saxlanılması, dindirilməsi qeyri-qanunidir və bütün ittihamları rədd edirik. Fəaliyyətə başladığımız gündən jurnalistlərimiz həbs edilib, özləri, ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub...".

+++

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən "Turan"a bildirilib ki, "vətəndaş Ramin Cəbrayılzadə ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında saxlanıb".

Yazar təxəllüsü Ramin Deko olan R.Cəbrayılzadənin bu deyilənlərə münasibəti bəlli deyil.

DİN-dən qeyd edilib ki, əlavə araşdırmalar aparılır, daha bir neçə şəxs araşdırma çərçivəsində saxlanılıb: "Əlavə məlumat veriləcək".

Son bir ildə "AbzasMedia", ToplumTV jurnalistləri daxil olmaqla 20-dək jurnalist və ictimai fəal valyuta qaçaqmalçılığı ittihamı ilə saxlanıblar. Onlar ittihamları qəbul etmir, peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

+++

ABŞ dövlət katibinin köməkçisinin müavini Coşua Hak Azərbaycanda həbsdə olan fəalların və jurnalistlərin yaxınları ilə görüşüb. Bu barədə ABŞ-ın Bakıdakı səfirliyinin dekabrın 6-da yaydığı bəyanatında deyilir.

Səfir Mark Libbi və dövlət katibinin köməkçisinin müavini C.Hak həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun, AzadlıqRadiosunun jurnalisti və iqtisadçısı Fərid Mehrəlizadənin, həmçinin "AbzasMedia"nın baş redaktoru Sevinc Vaqifqızının ailə üzvləri ilə görüşüb.

"Birləşmiş Ştatlar Azərbaycanı beynəlxalq insan hüquqları öhdəliklərini yerinə yetirməyə, haqsız yerə həbs olunanları dərhal azadlığa buraxmağa, vətəndaş cəmiyyətinə, o cümlədən hüquq müdafiəçiləri və jurnalistlərə qarşı repressiyalara son qoymağa çağırmağa davam edir", - səfirlik bildirir.

Buna da bax: Almaniya səfiri Azərbaycanda jurnalistlərə qarşı repressiyalardan narahatdır