"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının üzvü, bir ildir həbsdə olan Möhyəddin Orucov deyir ki, onu anbardar işlədiyi "ATEF" Şirkətlər Qrupunda əməkdaşların hüquqlarının pozulması haqda şikayətlərinə görə öncə 1 aylıq inzibati qaydada həbs etdilər. Azadlığa çıxandan sonra da şirkət rəhbərliyiylə polisin əlbirliyi, Suraxanı rayonu 32-ci polis bölməsində yaşananlar haqda müsahibəsinə görə narkotiklə şərlənərək bu dəfə uzunmüddətli həbsə göndərdilər. O, dekabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən belə deyib.
Öncə prokuror məhkəmədə ittiham aktını açıqlayıb. Orada göstərilib ki, M.Orucovu 2023-cü il dekabrın 13-də 232 saylı orta məktəbin yanında polislər saxlayıb Suraxanı rayon Polis İdarəsinə gətiriblər. Orada üstünü axtararkən şalvarının cibindən 3.9 qram narkotik tapılıb.
İttihama münasibət bildirən 24 yaşlı ictimai fəal özünü təqsirli bilməyib: "Mən özümü polisin şərləməsində necə təqsirli bilim?!".
"Bildim ki, bunlar əlbirdir"
M.Orucov danışır ki, "ATEF" Şirkətlər Qrupunun iriölçülü transformatorlar zavodunda çalışırmış. Zavodda işçi hüquqları kobud şəkildə pozulurmuş. Bununla bağlı ötən ilin oktyabrında Əmək Müfəttişliyinə şikayət edəndən beş gün sonra onu Suraxanı rayonu 32-ci polis bölməsinə çağırıblar: "Guya telefon nömrəmlə bağlı problem var. Atamla birlikdə getdim. Atamı göndərdilər, məni saxladılar. Oranın rəisi Samir Çobanov mənə dedi ki, utanmırsız, çörəyini yediyiniz yerdən şikayət edirsiz? Bildim ki, bunlar əlbirdir. Samir Çobanov mənə qarşı zorakılıq elədi...".
Həmin vaxt M.Orucova polisin qanuni tələbinə tabe olmama və xırda xuliqanlıq ittihamıyla 30 günlük inzibati həbs cəzası verilib. O, həbsdən çıxandan sonra mediaya müsahibə verib. İctimai fəal qanunsuz həbs olunması, 32-ci polis bölməsi rəisinin ona qarşı zorakılıq etməsi və s. məsələlərdən danışıb.
"İndi ittiham aktında yazıblar ki, guya məni 232 nömrəli məktəbin yanında tutublar. Yalandır. Mən, əlimdə sənədlər, zavodun bir binasından çıxıb, o biri binasına gedəndə arxadan bir nəfər mənə yapışdı. İki nəfər də başımdan tutub məni maşına basdı. İdarəyə gətirdilər. Orada döydülər. Gördülər ki, xeyri yoxdur, dedilər, bilirik, atan da xəstədir, elə eləmə, evinizdən kilo ilə çıxaraq...", - M.Orucov ifadəsində belə deyib.
O əlavə edib ki, atası Qarabağ müharibəsi əlilidir. Atasının durumunu nəzərə alıb ona aidiyyəti olmayan narkotiki üzərinə götürməyə məcbur qalıb.
M.Orucova ittiham verilən Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsində 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Xatırlatma
Ötən il avqustun 1-də "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası və Kuryer Birliyi Həmkarlar İttifaqı etiraz aksiyası keçirib. Onlar kuryerliklə məşğul şəxslərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etiraz ediblər. Elə həmin gün konfederasiyanın sədri Afiyəddin Məmmədova polisə müqavimət və xırda xuliqanlıq ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilib. O, inzibati həbsdən buraxılandan az sonra yenidən həbs olunub. Bu dəfə ictimai fəala CM-in 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham verilib. Hazırda onun məhkəməsi davam edir.
Avqustun 4-də "İşçi Masası"nın daha bir üzvü - Elvin Mustafayev narkotik ittihamı ilə həbs edilib. Ona bir müddət öncə Bakı Ağır Cinayətlər Məhkəməsində 3 il həbs cəzası verilib.
E.Mustafayevdən bir neçə gün sonra Konfederasiyanın digər üzvü - Ayxan İsrafilov da narkotik ittihamıyla həbs edilib. Ona da eyni cəza kəsilib.
Adları çəkilən ictimai fəalların hamısı ittihamların saxta olduğunu, işçilərin hüquqlarını qoruduqlarına, ölkədəki özbaşınalıqlara etirazlarına görə şərləndiklərini deyir.
Hökumət rəsmiləri ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını iddia edirlər.