Dekabrın 3-də Bakının Nərimanov rayon Məhkəməsində iqtisadçı-alim Qubad İbadoğlunun ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı şikayətə baxılıb. Şikayət təmin edilməyib.
Vəkil Zibeydə Sadıqovanın sözlərinə görə, artıq üçüncü dəfədir ki, məhkəmə İbadoğlunun Azərbaycandan çıxışına qoyulan qadağanı qaldırmaqdan imtina edir.
Müdafiə tərəfi əvvəlki iki müraciəti müalicə və mürəkkəb cərrahi əməliyyatdan ötrü ölkədən çıxışın vacibliyi ilə əsaslandırıb. Bu dəfə isə bildirilib ki, Avropa Parlamenti rəhbərliyi onu 14-19 dekabr tarixlərində Strasburqa akademik Andrey Saxarov mükafatının təqdimatı mərasimində iştiraka dəvət edib.
Müdafiə tərəfi hesab edir ki, İbadoğlunun hüquqları qanunsuz olaraq məhdudlaşdırılıb.
Xatırlatma
Q.İbadoğlu ötən il iyulun 23-də həbs edilmişdi. O, Cinayət Məcəlləsinin (CM) 204.1-ci (Satış məqsədi ilə saxta pul... və ya xarici valyuta hazırlama, əldə etmə və ya satma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub. Daha sonra ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. Q.İbadoğlu ittihamları saxta adlandırıb.
Bu il aprelin 22-də onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı, daha sonra isə müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub.
Q.İbadoğlu dövlət qeydiyyatına alınmayan Azərbaycan Demokratiya və Rifah Partiyasına (ADR) rəhbərlik edib. Amma ev dustaqlığına buraxılandan sonra səhhəti ilə bağlı siyasi fəaliyyətinə fasilə verdiyini açıqlayıb.