Rüfət Səfərov İnsan Hüquqları Müdafiəçisi Mükafatına layiq görülüb

Rüfət Səfərov

Bakıda həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərov dekabrın 10-da ABŞ Dövlət Departamentində İnsan Hüquqları Müdafiəçisi Mükafatına layiq görülüb.

Təqdimat mərasimində dövlət katibinin Demokratiya və İnsan Haqları Məsələləri üzrə müavini Uzra Zeya R.Səfərovun əyləşəcəyi boş stulu göstərib, onun Azərbaycan hökuməti tərəfindən haqsız yerə saxlanıldığını deyib.

R.Səfərov dekabrın 3-də saxlanılıb, dələduzluq, xuliqanlıq, sağlamlığa az ziyan vurma ittihamı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Ailəsi onun ABŞ-yə mükafat almağa gedəcəyi üçün həbslə cəzalandırıldığını deyib. Özü ittihamları hüquq müdafiə fəaliyyəti ilə əlaqələndirib.

Dövlət katibinin müavini U.Zeya çıxışında deyib ki, hüquq müdafiəçilərinin işlərinə görə üzləşdikləri çətinlikləri, ailələri, dostları, icmalarına təhlükələri anlayırlar. "Nominantlardan biri üçün nəzərdə tutulmuş boş stul bu çətinliklərə böyük nümunədir: Bu mükafatı almaq üçün Birləşmiş Ştatlara səfər etməyə hazırlaşan Rüfət Səfərov Azərbaycan hökuməti tərəfindən haqsız yerə saxlanılıb. Onun həbsini qətiyyətlə pisləyir və dərhal azadlığa buraxılmasına çağırırıq", – o deyib.

Blinkendən çağırış

Dövlət katibi Antoni Blinken çıxışında R.Səfərovdan danışarkən onun vaxtilə prokurorluqda işlədiyini, korrupsiyaya etiraz olaraq işdən getdiyini, ancaq özünün saxta şəkildə rüşvətxorluqda ittiham olunaraq 9 il həbs cəzasına məhkum edildiyini deyib. O, həbsdən çıxandan sonra "Müdafiə Xətti" adlı qurum yaradaraq hüquq müdafiəsi fəaliyyətinə görə hədəfə alanlara kömək edib. Dövlət katibi R.Səfərovun Bakıdakı ABŞ səfirliyində vizasını alandan bir neçə saat sonra saxlanıldığını vurğulayıb.

"Azərbaycan hökuməti Rüfəti dərhal azad etməlidir, haqsız yerə tutulan digər jurnalistləri, insan haqları müdafiəçilərini, siyasi opponentlərini, digərlərini də azadlığa buraxmalıdır", – A.Blinken bildirib.

Mərasimdə R.Səfərovun mükafatı təqdim olunarkən dövlət katibindən boş stulun yanında durması xahiş olunub. "Bu gün Rüfət bizimlə deyil, çünki insan haqları işinə görə haqsız yerə həbs olunub. O, insan haqları müdafiəçilərinin cəsarətini təcəssüm etdirir və bu gün bizimlə olmalı idi", – dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Dafna Rand deyib.

Dekabrın 9-da dövlət katibi A.Blinken həbsdə olan jurnalist Sevinc Vaqifqızını Antikorrupsiya Çempionu elan etmişdi. S.Vaqifqızı daxil olmaqla, hazırda Azərbaycanda 30-dək jurnalist, ictimai fəal qaçaqmalçılıq və digər ittihamlarla həbsdədir. Onlar ittihamları rədd edir, həbslərini siyasi sifariş sayırlar. Hakimiyyət təmsilçiləri fərdlərin konkret cinayətlərə görə cəzalandırıldığını deyirlər. Ancaq yerli və beynəlxalq insan haqları təşkilatları ölkədə azı 300 siyasi məhbusun olduğunu bildirirlər.

Buna da bax: Blinken Sevinc Vaqifqızını Antikorrupsiya Çempionu elan edib