"Rumıniya Rusiyanın aqressiv hibrid fəaliyyətinə məruz qalıb". Ölkə güvənlik şurasının dekabrın 4-də ictimailəşdirdiyi məxfi sənədlərdə belə deyilir. Sənədlərdən çıxan qənaətə görə, prezident seçkilərinin birinci turunda rusiyayönümlü namizəd Kelon Corceskunun gözlənilməz qələbəsi məhz sözügedən yönləndirilmiş fəaliyyət nəticəsində mümkün olub.
Corcesku dekabrın 8-dəki ikinci turda avropayönümlü mərkəzçi namizəd Elena Laskoni ilə üz-üzə gələcək.
Sənədlərdə deyilir ki, Rusiya Corceskunu TikTok sosial şəbəkəsində təbliğ etmək üçün bir neçə üsula -yönləndirilən hesablara, ödənişli təbliğat vasitələrinə əl atıb.
Bu, Corceskunun populyarlığının qısa müddətdə 1 faizdən 22 faizədək artdığını izah edir. Güvənlik şurası onu da bildirib ki, Rumıniyanın rəsmi qurum və sıradan vətəndaşları, özləri də bilmədən, yönləndirmənin qurbanına çevrilərək bu fəaliyyətə cəlb edilib.
85 mindən çox kiberhücum?
Corceskunu məşhurlaşdırmaq üçün seçkilərə iki həftə qalmış 25 min TikTok hesabı fəal şəkildə istifadə olunub. Onlardan 800-nün fəaliyyəti noyabrın 11-dək çox zəif olsa da, daha sonra "bütün şəbəkə tam gücüylə işə başlayıb".
TikTok-dakı məhşur şəxslər Corceskunu birbaşa dəstəkləməklə yanaşı, bitərəf paylaşımlarında ona aid qeydlər yerləşdiriblər.
Müstəqil namizədin təbliğatında yarar saxlayan bir üsul da Rumıniyanın rəsmi qurumlarını təmsil edən saxta hesabların yaradılması olub. Belə hesablar dövlət qurumlarının Corceskunu dəstəklədiyi təsəvvürü yaradıb
Corcesku seçki kampaniyasına pul xərcləmədiyini söyləsə də, kəşfiyyat xidməti bütün bu əməliyyata xeyli vəsait sərf edildiyinə diqqət çəkib.
Sənədlərə əsasən, Rumıniyanın rəsmi seçki saytlarına giriş bilgilərinin Rusiya kibercinayətkar platformalarında dərci sözügedən əməliyyatın Rusiya ilə bağlantısını sübuta yetirir.
Kəşfiyyat xidməti 85 mindən çox kiberhücum müəyyənləşdirib.
Rusiyanın özü Rumıniyadakı prezident seçkilərinə müdaxiləsini inkar edib.