Blinken Sevinc Vaqifqızını Antikorrupsiya Çempionu elan edib

Sevinc Vaqifqızı

Dekabrın 9-da ABŞ dövlət katibi Antoni Blinken korrupsiya araşdırmaları ilə tanınan "AbzasMedia" nəşrinin baş redaktoru, hazırda həbsdə olan Sevinc Vaqifqızını Antikorrupsiya Çempionu elan edib. "Sevinc Vaqifqızı Azərbaycanda yüksək səviyyədə korrupsiyanı ifşa etdiyinə görə bu ada layiq görülüb", - Blinken bildirib.

"Azərbaycanlı jurnalist Sevinc Vaqifqızı hökumətin yol verdiyi sui-istifadə hallarının ifşasına 10 ildən çox sərf edib. O bu gün bizimlə olmasa da, bu ada layiq görülənlər sırasındadır", – dövlət katibi çıxışında deyib.

"Sevinc 2023-cü ilin noyabrında, Azərbaycanda müstəqil mediaya divan tutulduğu bir vaxtda başqa bir ölkədən evinə qayıdırdı. O, həbs olunma ehtimalını gözə alaraq qayıtdı. Və həbs olundu. İndi bir ildən çoxdur ki, həbsdədir", – Blinken vurğulayıb.

"Sevinc həbsindən öncə yazırdı: "Daha qorxu hiss etmirəm. Onların nəyə qadir olduğunu bilirəm... bu məni dayandırmır. Adamlara faydalı olmaq daha vacibdir... xalqın bizə ehtiyacı var", – dövlət katibi həbsdə olan jurnalistdən sitat gətirib.

A.Blinken əlavə edib ki, mükafata layiq görülənlərin hər biri həmvətənlərinə fayda verməkdən ötrü çətin seçim ediblər.

Antikorrupsiya Çempionu adına layiq görülənlər arasında Uqanda, Qambiya, Albaniya, Ermənistan, Livan, Qazaxıstan, Nepal, Kolumbiya və Panamadan olan hakim, xüsusi təhqiqatçı, prokurorlar var.

S.Vaqifqızı ötən il noyabrın 21-də "AbzasMedia"nın direktoru Ülvi Həsənli həbs olunanda xaricdə səfərdə idi. O, ölkəyə qayıdan kimi saxlanılıb. Ondan sonra daha bir neçə şəxs də həbs edilib, onlara qaçaqmalçılıq ittihamı verilib, sonra ittiham ağırlaşdırılıb. Saxlanan jurnalistlər və fəallar ittihamları qəbul etmir və həbslərini peşə fəaliyyəti ilə əlaqələndirirlər.

Ötən həftə MeydanTV ilə əməkdaşlıq edən jurnalistlər də eyni ittihamla həbs olunublar. Hazırda ölkədə 30-dək jurnalist və ictimai fəal qaçaqmalçılıqda ittihamı olunur, özləri bunu siyasi sifariş sayırlar.

Rəsmilər ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmədiyini deyirlər. Ancaq yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Beynəlxalq insan haqları qurumları, Bakıdakı Qərb diplomatlarından bəziləri də ölkədə insan haqlarının durumundan narahatlıq bildirir, təzyiqləri dayandırmağa çağırırlar.