Xəbərlər
Ceyhun Bayramov sülh müqaviləsinin 15 bəndinin razılaşdırıldığını təsdiq edir
"Sülh müqaviləsi ilə bağlı layihə preambula və 17 maddədən ibarətdir. Preambula və 15 maddə üzrə mətnlər tam razılaşdırılıb, iki maddə üzrə isə açıq suallarımız var".
AZƏRTAC-ın xəbərinə görə, bunu bu gün, dekabrın 12-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, həmin açıq suallar üzrə işlər davam edir: "Artıq bir neçə raund danışıqlar və mətn mübadilələri həyata keçirilib. Hələ ki, tam razılaşdırılmış varianta gəlmək mümkün olmayıb".
Lakin nazir xüsusi olaraq detallara toxunmayıb.
Yaxınlarda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da eyni məsələni dilə gətirmişdi. O da deyirdi ki, sülh müqaviləsinin preambulası və 17 maddədən 15- razılaşdırılıb. Amma o əlavə edirdi ki, kifayət qədər iradə olarsa, onu yekunlaşdırıb imzalamaq olar.
14 oktyabr
Əliyev Ermənistanın sülh sazişi ilə bağlı təklifini reallıqdan kənar sayır
"Sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz".
AZƏRTAC-ın xəbərinə görə bunu oktyabrın 14-də prezident İlham Əliyev Belçika Krallığının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən deyib.
"Prezident İlham Əliyev bu baxımdan Ermənistan hökumətinin "bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın" təklifini tamamilə reallıqdan kənar hesab etdiyini bildirdi və bu cür yanaşma presedentinin ona məlum olmadığını vurğuladı", - xəbərdə əlavə edilir.
Ermənistan rəsmiləri son aylar dəfələrlə bəyan ediblər ki, onlar sülh sazişinin tezliklə bağlanmasına tərəfdardırlar. Baş nazir Nikol Paşinyan sentyabrın 26-da BMT Baş Assambleyasındakı çıxışı zamanı bunları demişdi: "Azərbaycan prezidenti və mən dəfələrlə qeyd etmişik ki, qeyd olunan sazişin ən azı 80 faizi razılaşdırılıb. İndi Ermənistan bu tarixi fürsətdən yararlanmaq və dalana dirənmək riskindən qaçmaq üçün əvvəllər razılaşdırılmış hissələr üzrə Sülh Sazişi bağlamağı, sonra isə qalan məsələlər üzrə danışıqları davam etdirməyi təklif edir".
Son bir neçə ildə hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Danışıqların detalları açıqlanmır. Ötən ildən başlayaraq isə tərəflər sərhədlərin delimitasiyası ilə bağlı birbaşa danışıqlara başlayıblar.
Xatırlatma
1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə və ötən il birgünlük hərbi əməliyyat nəticəsində Bakı bütün ölkə ərazisində suverenliyin bərpa edildiyini açıqlayıb.
Rəsmi Bakı ötən il birgünlük hərbi əməliyyatları "lokal antiterror tədbirlər" elan etsə də, Yerevan onu "etnik təmizlənmə" kimi dəyərləndirib. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü olmuşdu.
Qarabağdakı tanınmayan qurumun rəhbəri 2024-cü ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Amma indi bununla bağlı Yerevandan ziddiyyətli bəyanatlar eşidilir.
Türkmənistanda şagird və tələbələrə qadağa: Yeni ili qeyd etmək və bayram axşamı küçəyə çıxmaq olmaz
Türkmənistanda şagird və tələbələrə Yeni ili qeyd etmək yasaqlanıb. AzadlıqRadiosu türkmən xidmətinin bilgisinə görə, hakimiyyətin təşkil etdiyi Yeni il tədbirlərinə qatılmaqsa məcburidir.
"Tələbələrə Yeni il axşamı kafedə, yaxud evdə şənlik təşkil etməyəcəklərinə, eləcə də şəhəri gəzməyə çıxmayacaqlarına dair yazılı öhdəlik imzalatdırıblar", - xidmətin qaynaqlarından biri belə deyib.
Yasağı pozanlar təhsil aldığı universitetdən qovula bilər.
"Ötənilki təcrübədən bilinir ki, əsasən, yuxarı kurs tələbələrini qorxutmaq üçün xəlvəti şənlik keçirən tələbə universitetdən xaric edilirdi", - xidmətin bir başqa qaynağının sözləridir.
Şagirdlərə isə hələ noyabrda xəbərdarlıq edilib. Bu yasaq barədə bilgi verən müəllimlər Təhsil Nazirliyinin bir sərəncamını əsas gətirir.
Bütövlükdə ölkədə Yeni ilin keçirilməsinə hazırlıq işləri gedir. Keçən il dövlət müəssislərinə Yeni il ağacını quraşdırmaq, məktəb və uşaq bağçasında Yeni il tədbirləri keçirmək yasaqlanmışdı. Bayramla bağlı məhdudiyyətlər Sərdar Berdiməhəmmədov prezident olandan bəri tətbiq olunmağa başlanıb.
Onun atası Qurbanqulu Berdiməhəmmədovun prezidentliyi dönəmində təmtəraqlı məclislər keçirilir, keçmiş dövlət başçısı da mahnılar oxuyurdu. O vaxt da dövlət Yeni il şənliklərinə nəzarət edir, ancaq onları yasaqlamırdı.
Belaruslu pensiyaçıya dörd il həbs cəzası verilib
Minsk rayon məhkəməsi 59 yaşlı pensiyaçı Anna Strijeviçə dörd il həbs cəzası verib. Bu bilgini "Vyasna" insan haqlari təşkilatı yayıb. Strijeviç həm də 22 min Belarus rublu (6.7 min ABŞ dolları) məbləğində cərimələnib.
Pensiyaçı qadın Aleksandr Lukaşenkonu təhqir etməkdə, ona böhtan atmaqda, eləcə də milis əməkdaşını təhqir etməkdə, asayişi qabaca pozmaqda və ekstremist fəaliyyətə dəstək verməkdə suçlanıb.
Qadın ötən il dekabrın 18-də saxlanılıb. Qapalı keçən məhkəmənin təfərrüatı bilinmir. Hüquq müdafiəçilərinin fikrincə, o, siyasi məhbuslara yardım göstərdiyi üçün məhkum edilə bilərdi, çünki fəal şəkildə onlara məktublar yazırmış.
"Vyasna"nın bilgilərinə görə, 2020-ci ildə Belarusda "Aleksandr Lukaşenkonu təhqir etmək" və ona böhtan atmaq maddələriylə 1200-dən çox adam məhkum edilib. Onlardan, azı, 514 nəfəri həbsə atılıb. Qalanları da ya islah müəssisələrinə göndərilib, ya da azadlıqları məhdudlaşdırılıb. Təhqir və böhtana görə məhkum olunanların çoxu sosial şəbəkələrdə təqib edilirmiş. Sözügedən statistikada yalnız hüquq müdafiəçilərinin bildiyi hallar əksini tapıb.
Rus dilini bilməyən mühacir övladları məktəbə götürülməyəcəklər
Rusiya Dövlət Duması üçüncü və sonuncu oxunuşda rus dilini bilməyən mühacir övladlarını məktəbə götürməyi yasaqlayan qanun qəbul edib. Qanunun lehinə 409 səs verilib, yalnız bir deputat yeni qanunun əleyhinə çıxıb. Onun kimliyi açıqlanmır.
Qanuna görə, dil biliklərini müəyyənləşdirən test sınağı ödənişsiz olacaq. Məktəbə götürülənlərin rus dili biliyi ilə yanaşı, Rusiyada qanuni əsaslarla yaşayıb-yaşamaması da yoxlanılacaq.
Dövlət Dumasının bilgisinə görə, təhsil ili başlayarkən, mühacir övladlarının 41 faizi rus dilində ünsiyyət zamanı çətinlik çəkib.
"Keyfiyyətli təhsilin əldə edilməsini və məktəb proqramının uğurlu mənimsənilməsini təmin etmək üçün rus dilini bilmək zəruridir. Əks halda, dili bilməyən uşağın öyrənmə və sosial uyğunlaşma prosesləri son dərəcə çətinləşir. O da, sinif yoldaşları və müəllimlər də problemlər yaşayır", - Dövlət Dumasında belə deyiblər.
Qanun 2025-ci il aprelin 1-dən qüvvəyə minəcək.
Blinken hökuməti haqsız tutulanları azad etməyə çağırır. Bakının cavabı
Birləşmiş Ştatlar Azərbaycanda vətəndaş cəmiyyəti və mediaya artan təzyiqlərdən narahat olduğunu bildirir, insan haqları uğrunda işinə görə həbs olunanları azad etməyə çağırır. Bu bəyanatla ABŞ dövlət katibi Antoni Blinken dekabrın 11-də çıxış edib. Bəyanatda ABŞ Azərbaycan hökumətini Rüfət Səfərov, Sevinc Vaqifqızı, Azər Qasımlı, Fərid Mehralızadə, Bəxtiyar Hacıyev, Qubad İbadoğlu, MeydanTV müstəqil media orqanının bugünlərdə həbs olunmuş jurnalistlərini azad etməyə çağırır.
Həbsdə olanlardan ikisi – R.Səfərov və S.Vaqifqızı bu həftə Vaşinqtonda insan haqları fəaliyyətlərinə görə təltif olunmalı idilər. R.Səfərova qiyabi olaraq İnsan Haqları Müdafiəçisi Mükafatı verilib. S.Vaqifqızı isə dövlət katibinin "Antikorrupsiya çempionu" mükafatına layiq görülüb.
"Azərbaycan hökumətini insan haqları naminə fəaliyyətinə görə haqsız tutulanları azad etməyə, vətəndaş cəmiyyətinə təzyiqləri dayandırmağa, hamının insan hüquqları və fundamental azadlıqlarına sayqı göstərməyə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzv olarkən götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq", – bəyanatda deyilir.
XİN: "Ümidvarıq ki, yeni ABŞ administrasiyası dövründə..."
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ dövlət katibi A.Blinkenin bəyanatına cavab verib.
"Ölkəmizdə insan hüquqları və azadlıqlarının qorunması ilə bağlı mövcud vəziyyəti təhrif edən, Azərbaycanın məhkəmə-hüquq prosesinə müdaxilə məqsədli qərəzli bəyanatı rədd edirik", - XİN vurğulayıb.
"Son dörd il ərzində dövlət katibi Blinkenin rəhbərlik etdiyi ABŞ Dövlət Departamentinin Azərbaycanın daxili işlərinə müdaxilə ilə məşğul olması səbəbindən sözügedən dövr bir çox dönəmlərdə dostluq və əməkdaşlıq ilə yadda qalan Azərbaycan-ABŞ münasibətləri üçün itirilmiş illər kimi qiymətləndirilir", - açıqlamada əlavə edilib.
XİN ümid edir ki, yeni ABŞ administrasiyası dövründə iki ölkə arasında qarşılıqlı dostluq və tərəfdaşlıq münasibətləri yenidən bərpa olunacaq.
Dövlət katibinin köməkçisi: 'ABŞ Azərbaycanda vətəndaş cəmiyyətini dəstəkləməyə davam edəcək'
"...Düzünü desək, biz tendensiyalardan çox narahatıq. Dünən də, bu gün də Beynəlxalq İnsan Haqları Günü ilə bağlı Azərbaycandan olan laureatları - Sevinc Vaqifqızı və Rüfət Səfərovu burada, Vaşinqtonda salamlaya bilmədik. Biz bu mükafatı şəxsən onlara verə bilmədik, çünki Azərbaycan hakimiyyəti onları həbs edib".
Bunu ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisi Dafna Rand "Turan"a müsahibədə bildirib və əlavə edib ki, bu, bir siqnal idi: "Mesaj budur ki, hakimiyyət bu tendensiyanı davam etdirmək niyyətindədir. ABŞ və digərlərinin insan hüquqları müdafiəçilərini, vətəndaş cəmiyyəti üzvlərini dəstəkləməsini istəmirlər. Odur ki, mesaj yüksək və aydın şəkildə eşidildi".
"Vəziyyəti dəyişdirmək üçün Vaşinqtonun alətləri tükənibmi" sualına Dövlət Departamenti rəsmisinin cavabı belə olub: "Xeyr. Biz səylərimizi ikiqat artırmağa, diplomatiyadan - özəl diplomatiyadan, ictimai diplomatiyadan istifadə etməyə davam edəcəyik və bugünkü tədbir də belədir. Viza sanksiyaları və bir sıra digərləri də daxil olmaqla, bəzi cəza alətlərindən istifadə etməyə davam edəcəyik. Ən əsası, biz vətəndaş cəmiyyəti nümayəndələrini dəstəkləməyə davam edəcəyik, bu, bizim ən yaxşı alətimizdir".
Hazırda Azərbaycanda 30-dək jurnalist, ictimai fəal qaçaqmalçılıq və digər ittihamlarla həbsdədir. Onlar ittihamları rədd edir, həbslərini siyasi sifariş sayırlar. Hakimiyyət təmsilçiləri fərdlərin konkret cinayətlərə görə cəzalandırıldığını deyirlər.
Yerli və beynəlxalq insan haqları təşkilatları ölkədə azı 300 siyasi məhbusun olduğunu bildirirlər.
Məhkəmə Rüfət Səfərovla bağlı şikayəti təmin etmədi
Bu gün, dekabrın 11-də hüquq müdafiəçisi Rüfət Səfərov barəsində çıxarılan həbs qərarından verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunmayıb.
Bir həftə öncə, dekabrın 4-də Binəqədi rayon Məhkəməsi R.Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçmişdi.
Bakı Apellyasiya Məhkəməsi Binəqədi məhkəməsinin qərarını dəyişdirmədən saxlayıb.
R.Səfərova Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma), 178.3.2 (dələduzluq -külli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. O, ittihamı qurama sayır və fəaliyyəti ilə izah edir.
Vəkil Bəhruz Bayramov bildirib ki, R.Səfərov həbsini "siyasi" adlandırıb. Onun səhhətindən və saxlanma şəraitindən şikayəti yoxdur.
6 dekabr
Beynəlxalq qurumlar Rüfət Səfərovu azadlığa buraxmağa çağırırlar
"Amnesty International" beynəlxalq insan haqları təşkilatı Azərbaycan hakimiyyətini hüquq müdafiəçisi Rüfət Səfərovu dərhal azad etməyə çağırıb.
"Rüfət Səfərovun qondarma dələduzluq və xuliqanlıq ittihamları ilə saxlanması Azərbaycan hakimiyyətinin ölkədə narazı səsləri susdurmağa yönəlik amansız səylərinə daha bir örnəkdir. Rüfət Səfərovun saxlanmasında məqsəd insan haqları müdafiəçilərinin işinə zərbə vurmaq, ölkədə insan haqlarının durumunun monitorinqini əngəlləməkdir...", – qurumun Şərqi Avropa və Orta Asiya üzrə direktoru Mari Struters deyib.
ABŞ senatoru, Senatın xarici əlaqələr komitəsinin sədri Ben Kardin X hesabında yazıb ki, Səfərov gələn həftə Dövlət Departamentinin İnsan Haqları Müdafiəçisi Mükafatını alacaq, bir neçə senatorla görüşəcəkdi: "Ancaq Azərbaycandakı rejim onu saxta ittihamla həbs etdi. Onun ədalət uğrunda savaşı həbsxana divarlarını aşır. O, dərhal azad olunmalıdır".
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri də Səfərovun həbsini Azərbaycanda insan haqları müdafiəçiləri və fəallara artan təzyiqlərə daha bir örnək adlandırıblar.
"Bu, təşviş doğuran hadisə tənqidi səslərin susdurulması, fundamental azadlıqlar və demokratik dəyərlərin müdafiəsinə qalxanların hədəfə alınmasının tərkib hissəsidir", – məruzəçilər Torhildur Sunna Evarsdottir və Emanuelis Zingeris bəyanatda deyirlər.
Hakimiyyət təmsilçiləri indiyədək ölkədə siyasi təqiblərlə bağlı deyilənləri rədd ediblər. Onların bildirdiyinə görə, şəxslər konkret cinayətlərə görə cəzalandırılırlar.
4 noyabr
Rüfət Səfərov həbs edildi
Bu gün, dekabrın 4-də Binəqədi rayon Məhkəməsi hüquq müdafiəçisi Rüfət Səfərov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Bu barədə vəkil Elçin Sadıqov məlumat verib: "Biz ev dustaqlığı haqqında vəsatət qaldırdıq. Məhkəmə vəsatəti təmin etmədi. Biz bu qərardan apellyasiya şikayəti verəcəyik".
Vəkilin sözlərinə görə, R.Səfərov məhkəmədə bildirib ki, onun həbsi hüquq-müdafiə fəaliyyətinə görə qisas alınmasıdır: "Eyni zamanda, dedi ki, bu, ABŞ-da mükafat almasının qarşısını almaq üçün həyata keçirilmiş həbsdir. Qeyd etdi ki, bu qisasçılığı gözləyirdi".
Vəkil əlavə edib ki, R.Səfərova qarşı Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə də əlavə ittiham verilib: "Ekspert rəyi alınıb ki, guya zərərçəkmiş şəxsdə xəsarətlər aşkarlanıb".
R.Səfərova bir gün əvvəl isə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq -külli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
Böyük Britaniya səfiri Rüfət Səfərovun saxlanılmasından narahatdır
"İnsan hüquqları fəalı Rüfət Səfərovun saxlanılması ilə bağlı xəbərləri dərin narahatlıqla izləyirəm. İfadə azadlığı demokratik cəmiyyətin əsas dayaqlarından, onun inkişafı və hər bir fərdin özünü reallaşdırmasının əsas şərtlərindən birini təşkil edir". Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqüs Old dekabrın 4-də X platformasındakı hesabında yazıb.
+++
"Biz hüquq müdafiəçisi Rüfət Səfərovun Azərbaycanda saxlanılması ilə bağlı xəbərlərdən dərin narahatıq. Biz bu məsələni yaxından izləyirik".
Bunu dekabrın 3-də ABŞ Dövlət Departamentinin Mətbuat katibinin müavini Vedant Patel mətbuat üçün brifinqdə bildirib.
"İnsan hüquqları müdafiəçilərinin hər yerdə öz işlərini maneəsiz, azad və qisas qorxusu olmadan apara bilmələri vacibdir. Biz Azərbaycanı haqsız yerə həbs edilənlərin hamısını azad etməyə, vətəndaş cəmiyyətinə, o cümlədən, hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı təzyiqləri dayandırmağa çağırırıq", - ABŞ rəsmisi əlavə edib.
3 dekabr
Rüfət Səfərov saxlanılıb
Hüquq müdafiəçisinin atası Eldar Sabiroğlunun deməsinə görə, dekabrın 3-ü axşam saatlarında oğlunu evinin qarşısında saxlayıb naməlum istiqamətə aparıblar.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən də "Turan"a bildirilib ki, torpaq alqı-satqısı ilə əlaqədar R.Səfərovla bir nəfər arasında münaqişə olub: "Bununla bağlı araşdırma aparılır".
"Azərbaycan hökuməti bundan xəbər tutub..."
"Rüfət Səfərovu gördüm, səhhəti ilə bağlı şikayəti olmadı. Dedi ki, onu saxlayıb birbaşa Binəqədi rayon Polis İdarəsinə gətiriblər". Bunu vəkil Elçin Sadıqov deyib.
Vəkilin sözlərinə görə, R.Səfərov ona deyib ki, avtomobili qarajda saxlayarkən tanımadığı adam ona hücum edib: "Deməsinə görə, sonra polislər gəlib. Onu gətiriblər idarəyə. Həmin şəxs də şikayətində bildirib ki, Rüfətin atasından torpaq alıb. Həmin şəxs iddia edib ki, guya torpağın qalan hissəsini də almaq üçün Rüfətə pul verib. Halbuki, Rüfət deyir ki, onunla heç görüşü olmayıb və onu tanımır. Hazırda Rüfət Səfərov polisdə dindirilir".
Vəkilin bildirdiyinə görə, R.Səfərov saxlanmasını ABŞ-da insan haqları müdafiəçisi kimi mükafata layiq görülməsi ilə izah edib: "Dedi ki, mükafatı ABŞ dövlət katibi təqdim etməli idi. Bildirdi ki, Azərbaycan hökuməti bundan xəbər tutduğu üçün bu uydurma cinayət işini düzüb-qoşub".
Anası: "Rüfətə mükafat veriləcəkdi"
"Bu hadisəni ailəmiz gözləyirdi. Oğlum Rüfəti ABŞ səfirliyindən çağırıb ona mükafat veriləcəyi bildirilmişdi". Bunu AzadlıqRadiosuna R.Səfərovun anası Tahirə Tahirqızı deyib.
Anasının sözlərinə görə, R.Səfərov dekabrın 6-da ABŞ-a getməli idi. Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə hüquq müdafiəçisinə mükafat veriləcək və səfər dekabrın 11-nə qədər davam edəcəkmiş: "Ona görə şər-böhtan atıb onu əngəlləyəcəklərini gözləyirdim".
T.Tahirqızı DİN Mətbuat xidmətinin açıqlamasına da münasibət bildirib: "Rüfətin adına heç bir şey yoxdur, torpaq alqı-satqısı nədir, torpaq alveri nədir? Ayıbdır, məlumatı düzgün çatdırın".
Onun dediyinə görə, R.Səfərovun yerini müəyyən etməyə çətinlik çəkiblər: "Mən Daxili İşlər Nazirliyinə müraciət edirəm. Ayıbdır, ora gedirik, deyirlər, "burada deyil", bura gedirik, deyirlər, "burada yoxdur". Bu, rüşvət almayıb, dövlət çevrilişi etməyib. Biz uşaq deyilik, alitəhsilli adamlarıq. Qaydanı da bilirik, qanunu da".
T.Tahirqızı vurğulayıb ki, polisdən R.Səfərova heç bir çağırış olmayıb, onu həyətdə, evə gələndə tutub aparıblar.
Anasının bu açıqlamalarına DİN və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda ittiham etdikdən sonra istefaya çıxıb. O bundan sonra rüşvət almaq ittihamı ilə həbs edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.
Keçmiş müstəntiq ona qarşı irəli sürülən ittihamları rədd edib. 2019-cu ildə əfv sərəncamı ilə azadlığa çıxıb. Daha sonra o, hüquq müdafiəsi fəaliyyətinə başlayıb.
Bayden Ağ evi tərk edənədək Ukraynaya 20 milyard dollarlıq kredit ayırıb
Dekabrın 10-da ABŞ Rusiyanın dondurulmuş aktivlərinin faizləri hesabına Ukraynaya 20 milyard dollarlıq kredit ayırıb. Kreditin yayda "Böyük yeddilik" (G7) ölkələrinin təsdiqlədiyi 50 milyard dollarlıq yardım paketinin bir bölümü olduğu bildirilir.
ABŞ prezidenti seçilmiş Donald Trampın Ukraynaya yardımla bağlı tərəddüdü fonunda Bayden administrasiyası bu ilin sonunadək krediti Kiyevə çatdıracağına söz verib.
Yetkilərinin icrasına yanvarın 20-də başlayacaq Tramp indiyədək Ukraynaya verilən yardımın həcmini tənqid etsə də, bu ölkəni lend-liz proqramı (ABŞ-nin "2022-ci ildə Ukraynada Demokratiyanı Müdafiə üçün Lend-liz Aktı"- red) çərçivəsində dəstəkləyəcəyini deyib.
Ukrayna üçüncü ildir sürən Rusiya təcavüzünün önünü kəsmək üçün ABŞ və Avropanın hərbi və maliyyə dəstəyindən çox asılıdır.
Tramp yardımı dayandırsa da, G7-nin ayırdığı 50 milyard dollarlıq kredit Ukraynanın 2025-ci ilin birinci yarısında müdafiə xərcləri üçün çox önəmli olacaq.
"G7-nin kreditləri təcili yardım, xəstəxana və cəsarətli dirənişin digər əsaslarının davamlığını təmin etmək üçündür", - bunu deyən ABŞ maliyyə naziri Canet Yellen əlavə edib ki, ölkəsinin dəstəyi Ukraynaya suverenliyini qorumaq və "ədalətli" sülhə nail olmağa kömək edəcək.
Kreditin ayrılmasıyla bağlı bəyanat ABŞ və müttəfiqləri arasında Rusiyanın dondurulmuş milyardlarla dollarlıq aktivlərindən beynəlxalq hüququ pozmadan Ukraynaya kömək etmək üçün ən yaxşı şəkildə istifadəyə dair bir neçə ay sürən danışıqlardan sonra verilib.
Rusiya Zaporojyeni vurub, ölü və yaralılar var
Rusiya Ukraynanın Zaporojye şəhərindəki xəstəxanaya havadan zərbə endirib. Ölkənin fövqəladə hallar xidmətinin bilgisinə görə, nəticədə altı nəfər ölüb və azı, 22 nəfər yaralanıb.
Yerli hakimiyyət orqanları iki qadının dağıntılar altından çıxarıldığını, amma daha dörd adamın da orada qaldığını bildirir.
Baş prokurorluğun bilgisinə görə, havadan zərbə şəhər mərkəzini hədəf götürübmüş. Nəticədə yaxınlıqdakı kafe məhv edilib və partlayış dalğasıyla ətrafa səpələnən qırıntılar ərazidəki ev və avtomobillərə ziyan vurub.
Zaporojye vaxtaşırı Rusiyanın hava zərbələrinə məruz qalır. Dekabrın 6-da belə zərbələrdən 10 nəfər həlak olub.
Bu ara Rusiya Müdafiə Nazirliyi Ukrayna ilə sərhəddəki Bryanks vilayətində düşmənin 14 PUA zərbəsi endirdiyini bildirib. Nəticədə adı bildirilməyən bir istehsalat müəssisəsi yanıb.
Aİ Gürcüstan hökumətinin etirazçılara repressiv tədbirlərini tənqid edib
Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri Gürcüstan hökumətini artıq ard-arda 13 gecə davam edən etirazlarda "demokratik geriləmə" və etirazçılara qarşı istifadə etdiyi "repressiv" taktikalara görə xəbərdarlıq edib.
Dekabrın 10-da əllərində Aİ və Gürcüstan bayraqlarını dalğalandıran 4 minədək etirazçı parlament binasının önünə toplaşıb.
"Hər gün işdən sonra buraya gəlirik", - 40 yaşlı Sofiya Caparidze AFP-yə belə deyib və əlavə edib: "Bütün gürcülər, hər bir şəhər və kənd Aİ-yə qoşulmaq istəyir. Biz SSRİ-yə dönmək istəmirik".
Aİ xarici işlər nazirləri dekabrın 16-da keçirəcəkləri sammitdə son iki həftə boyunca qərbyönlü etirazçıların üzləşdiyi davranışa görə Gürcüstan liderlərinin cəzalandırılmasını müzakirə edəcəklər.
"Fəsadlara yol açacaq"
"Davam edən demokratik geriləmə və Gürcüstan hakimiyyətinin əl atdığı son repressiv üsullar ikitərəfli münasibətlərimizdə fəsadlara yol açacaq. Aİ əlavə tədbirləri gözdən keçirəcək", - bəyanatda belə deyilir.
Aİ xarici işlər nazirləri "insanlığa yaraşmayan" davranış və işgəncələrdən köklü narahatlığını bildirərək, insan haqlarının pozulması hallarının araşdırılmasına çağırıb: "400-dən çox insan saxlanılıb və çatan bilgilərə görə, onlardan 300 nəfərdən çoxu zorakılıq və pis davranışla üzləşib. Əksəriyyətin təcili tibbi yardıma ehtiyacı var".
Etirazçılara, media nümayəndələrinə və müxalifət liderlərinə qarşı hökumətin repressiv addımlarına görə üzüntüsünü dilə gətirən Aİ saxlanılanların dərhal sərbəst buraxılmasını tələb edir.
Dekabrın 9-da Böyük Britaniya jurnalistlərə və qərbyönlü etirazçılara qarşı "dəhşətli" repressiyaları qınayaraq, Gürcüstan hökuməti ilə əlaqələrini kəskin şəkildə məhdudlaşdırdığını bildirib. Bu, ABŞ və Aİ-nin daha öncə atdığı addımların bənzəridir.
Sərt açıqlamalar versə də, Aİ-nin sammitdə konsensus əldə etməsi çətin ola bilər. Macarıstanın sağçı lideri Viktor Orban Gürcüstan hökumətinə dəstəyini dilə gətirib və avropalıların "Gürcü arzusu" liderlərinə qarşı sanksiyalar tətbiq etmək cəhdlərini qınayıb.
Xatırlatma
Ötən ilin dekabrında Aİ-yə namizəd statusu əldə etsə də, Gürcüstanda "xarici agentlər" və cinsi azlıqlara dair mübahisəli qanunlar qəbul edilib. Brüssel bu qanunları Avropanın dəyər və prinsiplərinə zidd saydığından Gürcüstanın Aİ-yə üzvlük danışıqlarını başlatmaqdan vaz keçib.
'COP29-dan sonrakı repressiya': RSF MeydanTV jurnalistlərini azad etməyə çağırır
"Sərhədsiz Reportyorlar" təşkilatı (Reporters Without Borders-RSF) MeydanTV jurnalistlərinin həbsini pisləyib, bunu İlham Əliyev rejiminin tənqidçilərini susdurmağa yönəlik sistematik strategiyanın tərkib hissəsi adlandırıb. Qurum jurnalistləri dərhal azad etməyə çağırıb.
"Heç bir ay deyil ki İlham Əliyev rejimi COP29-un şəfəqi altında beynəlxalq imicini parıldatmağa çalışırdı. İndi yenidən jurnalistlərə qarşı amansız repressiya başlanıb. MeydanTV-nin altı jurnalistinin həbsi rejimin Azərbaycan vətəndaşlarına informasiya verməyə cəsarəti çatan şəxsləri abırsızcazına hədəfə aldığını bir daha sübuta yetirir. RSF onları, eləcə də haqsız yerə saxlanmış daha 13 jurnalistə dərhal azadlıq tələb edir. Qurum beynəlxalq ictimaiyyəti fundamental hüquqların belə ağır və sistematik pozuntularına göz yummamağa çağırır", – RSF-in Şərqi Avropa və Orta Asiya bölümün başçısı Janna Kavelye deyib.
8 dekabr
Dekabrın 6-da həbs edilən fotojurnalist Əhməd Muxtar xırda xuliqanlıq və polis işçisinin əmrinə tabe olmamaqda təqsirli bilinib. Ona 20 sutka həbs verilib.
MeydanTV jurnalistlərinin məhkəməsi keçirilib
Dekabrın 8-də Xətai rayon Məhkəməsində "MeydanTV işi" ilə bağlı həbs olunanların məhkəmə prosesi keçirilib. Məhkəmə Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, Ramin Cəbrayilzadə (Deko) və Ülvi Tahirov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən əlbir törədildikdə) maddəsi ilə ittiham olunurlar.
Jurnalistlərin hamısı "qaçaqmalçılıq" ittihamını rədd edib və cinayət işini jurnalist fəaliyyətləri ilə əlaqələndiriblər.
****
Vəkil Bəhruz Bayramovun sözlərinə görə, Ülvi Tahirovun MeydanTV ilə heç bir əlaqəsi yoxdur: "Onlar Aynur Elgünəşlə sadəcə ailəvi dost idilər. Tahirovun evində axtarış zamanı külli miqdarda pul götürülüb. Lakin Tahirov pulun vergi ödəyicisi kimi həyat yoldaşına məxsus olduğunu bildirib. Onun xidmətlərin göstərilməsi barədə müqavilələri var və görülmüş işlər müqabilində əməkhaqqı alınıb. Tahirovun özü 2022-ci ildən xaricə getməyib".
6 dekabr
"Dekabrın 6-sı, saat 13:00 radələrində MeydanTV ilə əməkdaşlıq etmiş bəzi şəxslərlə əlaqə kəsilib". Bu barədə MeydanTV rəhbərliyinin yaydığı məlumatda bildirilir.
Açıqlamaya görə, həmin şəxslər Bakı şəhər Baş Polis İdarəsində saxlanılırlar.
Qurum Aynur Qənbərovanın (Elgünəş), Aytac Əhmədovanın (Tapdıq), Xəyalə Ağayevanın, Natiq Cavadlının, Aysel Umudovanın və Ramin Cəbrayılzadənin (müstəqil jurnalist) adlarını çəkir.
Vurğulanır ki, adları qeyd olunan jurnalistlərin bəzilərinin evlərində axtarış aparılıb, onlara aid olan şəxsi avadanlıqlar və əşyalar götürülüb: "MeydanTV rəhbərliyi olaraq bildiririk ki, jurnalistlərimizin saxlanılması, dindirilməsi qeyri-qanunidir və bütün ittihamları rədd edirik. Fəaliyyətə başladığımız gündən jurnalistlərimiz həbs edilib, özləri, ailələri təqiblərə məruz qalıb, onlara müxtəlif təzyiq və təhdidlər olub...".
+++
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən "Turan"a bildirilib ki, "vətəndaş Ramin Cəbrayılzadə ölkəyə qeyri-qanuni xarici valyuta gətirməsi ilə əlaqədar daxil olan məlumat əsasında saxlanıb".
Yazar təxəllüsü Ramin Deko olan R.Cəbrayılzadənin bu deyilənlərə münasibəti bəlli deyil.
DİN-dən qeyd edilib ki, əlavə araşdırmalar aparılır, daha bir neçə şəxs araşdırma çərçivəsində saxlanılıb: "Əlavə məlumat veriləcək".
Son bir ildə "AbzasMedia", ToplumTV jurnalistləri daxil olmaqla 20-dək jurnalist və ictimai fəal valyuta qaçaqmalçılığı ittihamı ilə saxlanıblar. Onlar ittihamları qəbul etmir, peşə fəaliyyətləri ilə əlaqələndirirlər.
+++
ABŞ dövlət katibinin köməkçisinin müavini Coşua Hak Azərbaycanda həbsdə olan fəalların və jurnalistlərin yaxınları ilə görüşüb. Bu barədə ABŞ-ın Bakıdakı səfirliyinin dekabrın 6-da yaydığı bəyanatında deyilir.
Səfir Mark Libbi və dövlət katibinin köməkçisinin müavini C.Hak həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun, AzadlıqRadiosunun jurnalisti və iqtisadçısı Fərid Mehrəlizadənin, həmçinin "AbzasMedia"nın baş redaktoru Sevinc Vaqifqızının ailə üzvləri ilə görüşüb.
"Birləşmiş Ştatlar Azərbaycanı beynəlxalq insan hüquqları öhdəliklərini yerinə yetirməyə, haqsız yerə həbs olunanları dərhal azadlığa buraxmağa, vətəndaş cəmiyyətinə, o cümlədən hüquq müdafiəçiləri və jurnalistlərə qarşı repressiyalara son qoymağa çağırmağa davam edir", - səfirlik bildirir.
Rüfət Səfərov İnsan Hüquqları Müdafiəçisi Mükafatına layiq görülüb
Bakıda həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərov dekabrın 10-da ABŞ Dövlət Departamentində İnsan Hüquqları Müdafiəçisi Mükafatına layiq görülüb.
Təqdimat mərasimində dövlət katibinin Demokratiya və İnsan Haqları Məsələləri üzrə müavini Uzra Zeya R.Səfərovun əyləşəcəyi boş stulu göstərib, onun Azərbaycan hökuməti tərəfindən haqsız yerə saxlanıldığını deyib.
R.Səfərov dekabrın 3-də saxlanılıb, dələduzluq, xuliqanlıq, sağlamlığa az ziyan vurma ittihamı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Ailəsi onun ABŞ-yə mükafat almağa gedəcəyi üçün həbslə cəzalandırıldığını deyib. Özü ittihamları hüquq müdafiə fəaliyyəti ilə əlaqələndirib.
Dövlət katibinin müavini U.Zeya çıxışında deyib ki, hüquq müdafiəçilərinin işlərinə görə üzləşdikləri çətinlikləri, ailələri, dostları, icmalarına təhlükələri anlayırlar. "Nominantlardan biri üçün nəzərdə tutulmuş boş stul bu çətinliklərə böyük nümunədir: Bu mükafatı almaq üçün Birləşmiş Ştatlara səfər etməyə hazırlaşan Rüfət Səfərov Azərbaycan hökuməti tərəfindən haqsız yerə saxlanılıb. Onun həbsini qətiyyətlə pisləyir və dərhal azadlığa buraxılmasına çağırırıq", – o deyib.
Blinkendən çağırış
Dövlət katibi Antoni Blinken çıxışında R.Səfərovdan danışarkən onun vaxtilə prokurorluqda işlədiyini, korrupsiyaya etiraz olaraq işdən getdiyini, ancaq özünün saxta şəkildə rüşvətxorluqda ittiham olunaraq 9 il həbs cəzasına məhkum edildiyini deyib. O, həbsdən çıxandan sonra "Müdafiə Xətti" adlı qurum yaradaraq hüquq müdafiəsi fəaliyyətinə görə hədəfə alanlara kömək edib. Dövlət katibi R.Səfərovun Bakıdakı ABŞ səfirliyində vizasını alandan bir neçə saat sonra saxlanıldığını vurğulayıb.
"Azərbaycan hökuməti Rüfəti dərhal azad etməlidir, haqsız yerə tutulan digər jurnalistləri, insan haqları müdafiəçilərini, siyasi opponentlərini, digərlərini də azadlığa buraxmalıdır", – A.Blinken bildirib.
Mərasimdə R.Səfərovun mükafatı təqdim olunarkən dövlət katibindən boş stulun yanında durması xahiş olunub. "Bu gün Rüfət bizimlə deyil, çünki insan haqları işinə görə haqsız yerə həbs olunub. O, insan haqları müdafiəçilərinin cəsarətini təcəssüm etdirir və bu gün bizimlə olmalı idi", – dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Dafna Rand deyib.
Dekabrın 9-da dövlət katibi A.Blinken həbsdə olan jurnalist Sevinc Vaqifqızını Antikorrupsiya Çempionu elan etmişdi. S.Vaqifqızı daxil olmaqla, hazırda Azərbaycanda 30-dək jurnalist, ictimai fəal qaçaqmalçılıq və digər ittihamlarla həbsdədir. Onlar ittihamları rədd edir, həbslərini siyasi sifariş sayırlar. Hakimiyyət təmsilçiləri fərdlərin konkret cinayətlərə görə cəzalandırıldığını deyirlər. Ancaq yerli və beynəlxalq insan haqları təşkilatları ölkədə azı 300 siyasi məhbusun olduğunu bildirirlər.
Blinken Sevinc Vaqifqızını Antikorrupsiya Çempionu elan edib
Dekabrın 9-da ABŞ dövlət katibi Antoni Blinken korrupsiya araşdırmaları ilə tanınan "AbzasMedia" nəşrinin baş redaktoru, hazırda həbsdə olan Sevinc Vaqifqızını Antikorrupsiya Çempionu elan edib. "Sevinc Vaqifqızı Azərbaycanda yüksək səviyyədə korrupsiyanı ifşa etdiyinə görə bu ada layiq görülüb", - Blinken bildirib.
"Azərbaycanlı jurnalist Sevinc Vaqifqızı hökumətin yol verdiyi sui-istifadə hallarının ifşasına 10 ildən çox sərf edib. O bu gün bizimlə olmasa da, bu ada layiq görülənlər sırasındadır", – dövlət katibi çıxışında deyib.
"Sevinc 2023-cü ilin noyabrında, Azərbaycanda müstəqil mediaya divan tutulduğu bir vaxtda başqa bir ölkədən evinə qayıdırdı. O, həbs olunma ehtimalını gözə alaraq qayıtdı. Və həbs olundu. İndi bir ildən çoxdur ki, həbsdədir", – Blinken vurğulayıb.
"Sevinc həbsindən öncə yazırdı: "Daha qorxu hiss etmirəm. Onların nəyə qadir olduğunu bilirəm... bu məni dayandırmır. Adamlara faydalı olmaq daha vacibdir... xalqın bizə ehtiyacı var", – dövlət katibi həbsdə olan jurnalistdən sitat gətirib.
A.Blinken əlavə edib ki, mükafata layiq görülənlərin hər biri həmvətənlərinə fayda verməkdən ötrü çətin seçim ediblər.
Antikorrupsiya Çempionu adına layiq görülənlər arasında Uqanda, Qambiya, Albaniya, Ermənistan, Livan, Qazaxıstan, Nepal, Kolumbiya və Panamadan olan hakim, xüsusi təhqiqatçı, prokurorlar var.
S.Vaqifqızı ötən il noyabrın 21-də "AbzasMedia"nın direktoru Ülvi Həsənli həbs olunanda xaricdə səfərdə idi. O, ölkəyə qayıdan kimi saxlanılıb. Ondan sonra daha bir neçə şəxs də həbs edilib, onlara qaçaqmalçılıq ittihamı verilib, sonra ittiham ağırlaşdırılıb. Saxlanan jurnalistlər və fəallar ittihamları qəbul etmir və həbslərini peşə fəaliyyəti ilə əlaqələndirirlər.
Ötən həftə MeydanTV ilə əməkdaşlıq edən jurnalistlər də eyni ittihamla həbs olunublar. Hazırda ölkədə 30-dək jurnalist və ictimai fəal qaçaqmalçılıqda ittihamı olunur, özləri bunu siyasi sifariş sayırlar.
Rəsmilər ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmədiyini deyirlər. Ancaq yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Beynəlxalq insan haqları qurumları, Bakıdakı Qərb diplomatlarından bəziləri də ölkədə insan haqlarının durumundan narahatlıq bildirir, təzyiqləri dayandırmağa çağırırlar.
Əliyev və Ərdoğan Suriyadan danışıblar
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 10-da türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.
Söhbət zamanı Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə də toxunulub, "xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub".
Məlumatı Azərbaycan prezidentinin mətbuat xidməti yayıb.
Dövlət başçılarının Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə etdikləri vurğulanır.
Məlumata görə, R.T.Ərdoğan bütün sahələrdə olduğu kimi, Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycanla Türkiyənin birgə fəaliyyət göstərəcəyini qeyd edib.
Dekabrın 8-də Suriyada Bəşər Əsədin hakimiyyətinə son qoyulub. Bu ölkədə 2011-ci ildən vətəndaş müharibəsi gedirdi. Bu illər ərzində Suriyanın milyonlarla vətəndaşının mühacirətə köç etdiyi, yüz minlərlə sakinin həlak olduğu, yaralandığı, həbsə atıldığı bildirilir.
B.Əsəd 2000-ci ildə atası Hafiz Əsədin ölümündən sonra onun yerinə hakimiyyətə gəlib. Hafiz Əsəd ötən əsrin 70-ci illərindən bu ölkəyə rəhbərlik edirdi. Beynəlxalq təşkilatların hesabatlarında Əsəd ailəsinin hakimiyyəti dönəmində Suriyada insan haqları ilə bağlı çoxsaylı pozuntular yer alır.
B.Əsəd 2009-cü ildə prezident İ.Əliyevin dəvəti ilə Azərbaycana səfər edib.
İsrail Suriyanın 250-dən çox hərbi obyektinə zərbə endirib
İsrail Suriyada 250-dən çox hərbi hədəfə zərbələr vurub. Bu barədə İsrail Ordusunun "Qaley" radiosu xəbər verib.
Zərbə hədəflərinin hərbi bazalar, qırıcı təyyarələr, hərbi-raket kompleksləri, istehsalat meydançaları və raket anbarları olduğu bildirilir.
"AFR" müxbirləri paytaxt Dəməşqdə dekabrın 10-da güclü partlayışların eşidildiyini xəbər veriblər. Suriyanın ən iri hərbi hava qüvvələri bazalarına zərbələr barədə bilgiləri "Reuters" və "Əl-Ərəbiyyə" də paylaşıb. Dəməşq və onun ətrafına endirilən zərbələr hərbi obyektlərə, araşdırma mərkəzlərinə və radioelektron mübarizə idarəsinə tuş gəlib.
Londondakı Suriya İnsan Haqlarını Müşahidə Mərkəzi də son 48 saatda İsrailin 250-dən çox hava hücumu nəticəsində Bəşər Əsədin ən önəmli hərbi obyektlərinin, o sıradan Həma, Homs və Latakiyadakı hərbi bazaların məhv edildiyini bildirib.
Hücumlar haqqında bilgilər İsrailin baş naziri Benyamin Netanyahunun "İsrailə qarşı elan olunan ölüm-qalım savaşında" ölkəsinin Yaxın Şərqin simasını dəyişdirməsinə və düşmənləri "addım-addım" məhv etməsinə dair bəyanatından sonra yayılıb.
"Əl-Mayadin" telekanalının xəbərinə görə, İsrail tankları Suriya paytaxtı istiqamətində hərəkət edir və ondan 20 km məsafədədir.
İsrail ordusu Colan təpələrindəki bufer zonasını tərk etməsi və Suriya ərazisinin dərinliklərinə irəliləməsi barədə xəbərləri təkzib edib.
İsrail ordusu dekabrın 8-də 1973-cü ildən bəri ilk dəfə Colan təpələrindəki bufer zonaya daxil olaraq bitişik "strateji" mövqeləri tutub.
8 dekabr
İsrail hərbçiləri Colan təpələrindəki bufer zonaya daxil olublar
Dekabrın 8-nə keçən gecə və səhər saatlarında İsrail ordusu Colan təpələrindəki bufer zonaya daxil olaraq bitişik "strateji" mövqeləri tutub.
Baş nazir Benyamin Netanyahu İsrailin nəzarət etdiyi Colan təpələriylə Suriya sərhədində görüntülənən videomüraciətində belə deyib.
İsrail hərbçiləri Hermon dağının Suriyaya aid yamacını nəzarətə götürüblər. "Biz düşmən qüvvələrinin sərhədlərimiz yaxınlığında öz mövqelərini möhkəmləndirməsinə imkan verməyəcəyik", - yenə Netanyahunun sözləridir.
İki ölkənin döyüş mövqeləri arasındakı ərazini İsrailin tutması Suriyada Bəşər Əsəd rejiminin çöküşünə dair bilgilər fonunda baş verib.
Netanyahunun fikrincə, 1974-cü il razılaşmasına görə, bufer zonası kimi sayılan ərazilər Suriya ordusu mövqelərini tərk etdiyindən həmin statusunu itirib və sərhədlərini qorumaq üçün İsrail oraya qoşunlarını yeridib. O əlavə edib ki, Əsəd rejiminin çöküşü İsrailə yeni imkanlar açmaqla yanaşı, risklər də törədir.
Bu təpələr 1967-ci ildə işğal edilib
İsrail 1967-ci il savaşında işğal etdiyi Colan təpələrini öz ərazisi sayır. Dünya ölkələrinin çoxu bu ərazilərin Suriyaya məxsus olduğunu bildirir. Ordu İsrailin rəsmən ona məxsusluğunu elan etmədiyi rayonlara daxil olub.
Netanyahu müraciətində deyib ki, Əsəd rejiminin çöküşü əsas himayədarlarına - İranla "Hizbullah"a endirilən zərbələrə görə mümkün olub.
İran və ona yaxın radikal livanlı qruplaşma olan "Hizbullah" (ABŞ-də terrorçu təşkilat sayılır - red.) Suriyadakı vətəndaş müharibəsində Əsədi fəal dəstəkləyib. Ancaq onlar silahlı qruplaşmaların son hücumunun önünü kəsmək üçün rejimə dəstək göstərmədilər. "Hizbullah" bu ilin noyabrında İsraillə apardığı silahlı qarşıdurma nəticəsində zəifləyib və atəşkəslə razılaşıb.
Dəməşqi və ölkə ərazisinin önəmli bölümünü tutan Suriya silahlı müxalifəti arasında İsraillə qarşıdurmanı sürdürmək niyyəti güdən qüvvələr önəmli rol oynayır. Bunlar arasında ən böyük qruplaşma Birləşmiş Ştatların terrorçu təşkilat kimi tanıdığı "Həyat Təhrir əş-Şam"dır (HTŞ).
Ağır hərbi texnikanın silahlıların əlinə keçməsini önləməkdən ötrü İsrail Suriya ordusunun obyektlərinə bir neçə hava zərbəsi endirib. "Reuters"in bilgisinə görə, İsrail Dəməşqdəki Suriya hərbi kəşfiyyatı və gömrük idarəsinin baş qərargahına da zərbələr vurub. Raketlərin hazırlanmasında iranlı mütəxəssislər də çalışdığından araşdırma mərkəzi də hücuma məruz qalıb.
Almaniya səfiri Azərbaycanda jurnalistlərə qarşı repressiyalardan narahatdır
Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann Azərbaycanda jurnalistlərə qarşı repressiyalarla bağlı narahatlığını ifadə edib.
"Ümumdünya İnsan Hüquqları Bəyannaməsini həyata keçirmək + insan hüquqlarını müdafiə etmək üçün insan hüquqlarının pozulduğu yerlərə kameralar + mikrofonlar yerləşdirməliyik. Mətbuat azadlığı insan hüquqları sahəsində vəziyyətin indikatoru olduğuna görə biz bütün dünyada, o cümlədən Azərbaycanda jurnalistlərə qarşı zorakılıq + repressiyalardan narahatıq", - o, X sosial şəbəkəsindəki hesabında yazıb.
4 dekabr
Beynəlxalq İnsan Hüquqları Günündə diplomatlar Azərbaycandakı vəziyyətdən narahatdırlar
Dekabrın 4-də Avropa İttifaqı (Aİ), Böyük Britaniya, ABŞ və İsveçrənin Azərbaycandakı səfirlikləri yerli hüquq müdafiəçiləri, mətbuat nümayəndələri, hüquqşünaslar və ictimai fəalların iştirakı ilə qəbul təşkil ediblər.
"Turan"ın xəbərinə görə, çıxışlarda "Azərbaycanda fundamental azadlıqlarından istifadə etdiklərinə görə" həbs olunanların hamısının azadlığa buraxılması çağırışı səslənib.
ABŞ səfiri Mark Libbi təəssüflə qeyd edib ki, insan hüquqları və söz azadlığı uğrunda mübarizə aparanların bir çoxu bugünkü tədbirə qatıla bilmir. O, hazırda həbsdə olan iqtisadçı, Azadlıq Radiosunun jurnalisti Fərid Mehralızadə, "Abzas Media" nəşrinin baş redaktoru Sevinc Vaqifqızı, ictimai fəal Bəxtiyar Hacıyev, müxalifətçi Tofiq Yaqublu, III Respublika Platformasının təsisçisi Akif Qurbanov, qurumun üzvü Ruslan İzzətli və başqalarının adını çəkib.
Səfir onları "öz gözəl vətənində insan hüquqlarının müdafiəsində fədakarlıq göstərən cəsur azərbaycanlı vətənsevərlər" adlandırıb.
"Mən Azərbaycan hökumətini bu şəxsləri və haqsız yerə tutulmuş bütün digər şəxsləri azad etməklə insan hüquqları ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırıram", - diplomat vurğulayıb.
1948-ci il dekabrın10-da BMT Baş Assambleyası Ümumdünya İnsan Hüquqları Bəyannaməsini qəbul edib. 1950-ci ildən başlayaraq hər il dekabrın 10-u Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunur.
Azərbaycan XİN: "Qətiyyətlə rədd edirik"
"ABŞ, Böyük Britaniya, İsveçrə və Avropa İttifaqı səfirlərinin Azərbaycanda "jurnalistlər" və "siyasi fəallar"ın saxlanılması ilə bağlı iddialarını qətiyyətlə rədd edirik. Bu bəyanatlar Azərbaycan məhkəmə sisteminin müstəqilliyinə açıq şəkildə zərbə vurmaq cəhdidir".
Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında yer alır.
Vurğulanır ki, "İstintaqın gedişinə və məhkəmə prosesinə müdaxilə hüquqi dövlətin təməl prinsipi olan qanunun aliliyi ilə ziddiyyət təşkil edir".
Xatırlatma
Aralarında Azadlıq Radiosunun jurnalisti F.Mehralızadə olmaqla ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bəzilərinin ittihamı hətta ağırlaşdırılıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında müxtəlif (dələduzluq, narkotik, qəsdən sağlamlığa zərər vurma və sairə) ittihamlarla üzləşən təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
'Əfv' olsa da, Belarusda yenə yüzlərlə siyasi məhbus məhbəsdə qaldı
Belarus prezidenti Aleksandr Lukaşenko 29 siyasi məhbusu əfv etsə də, ölkədə hələ yüzlərlə siyasi məhbus qalmaqdadır. Bir yandan da yanvarda keçiriləcək prezident seçkiləri öncəsi plüralizmə qarşı repressiya dalğaları genişlənməkdədir.
Əfv edilənlərin 11-i qadın, 18-i kişidir. Yarıdan çoxunun xroniki xəstəliyi və əlilliyi var.
"Azadlığa buraxılanların hamısı törətdiyi əməllərdən peşman olaraq əfvlə bağlı dövlət başçısına müraciət edib", - prezident administrasiyasının açıqlamasında belə deyilir. O da bildirilir ki, DİN "qanunları bir daha pozmamaları üçün" azadlığa buraxılanlara göz qoyacaq.
Daha öncə əfvlə azadlığa buraxılanların bir neçəsi güvənlik xidmətlərinin onları izlədiyinə diqqət çəkib.
Əfv edilənlərin arasında məşhur fəalların olub-olmadığı bilinmir
Bu il sayca yeddinci əfv fərmanıyla toplam 178 nəfər azadlığa buraxılıb.
"Vyasna" insan haqları təşkilatından olan Pavel Sapelka AP-yə deyib ki, Lukaşenko əfv olunanlardan iki dəfə çox insanı həbs etdirir.
O, Belarusda repressiya dalğasının genişləndiyini söyləyib.
Hazırda Belarusdakı siyasi məhbuslar arasında 1300-dək siyasətçi, jurnalist, hüquq müdafiəçisi və vətəndaş cəmiyyəti fəalı var. Onlara vəkil tutmaq yasaqlanıb, saxlanma şəraitləri də ağırdır.
2020-ci ildəki prezident seçkisinin nəticələrinə etiraz edənlərə qarşı genişmiqyaslı repressiyalarda, azı, 13 min belaruslu ölkəni tərk etməyə məcbur qalıb.
Rusiya prezidenti Vladimir Putinin yaxın müttəfiqi olan A.Lukaşenkonun gələnilki seçkilərdə də qalib elan ediləcəyi gözlənilir.
Azər Qasımlı 4 ay həbs edildi
Bu gün, dekabrın 9-da Yasamal rayon Məhkəməsində Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı barəsində ilkin istintaq üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Vəkil Rövşanə Rəhimovanın sözlərinə görə, A.Qasımlı özünü təqsirli bilmir və həbsini siyasi sifariş adlandırıb.
Müdafiə tərəfi məhkəmə qərarından apellyasiya şikayəti veriləcəyini bildirib.
8 dekabr
Dekabrın 8-də Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə 48 saata şübhəli şəxs qismində saxlanılıb.
Bu barədə vəkil Aqil Layıc "Turan"a bildirib.
"Azər Qasımlıya borclu olan bir şəxs var. Məhkəmələri Qasımlı udmuşdu. İndi həmin adamı çağırıblar, guya Azər Qasımlı ondan hədə-qorxu ilə pul tələb edib", - vəkil vurğulayıb.
A.Layıcın sözlərinə görə, A.Qasımlı ittihamı qəbul etmir və saxlanılmasının ictimai-siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirib.
29 noyabr
Azər Qasımlının xanımının xaricə çıxışına 'stop' götürülüb
Noyabrın 29-u günün ikinci yarısı Samirə Qasımlı bildirib ki, onun ölkədən çıxışına qoyulmuş qadağa götürülüb. Onun sözlərinə görə, bir müddət əvvəl Daxili İşlər Nazirliyindən vəkili Aqil Layıca zəng vuraraq anlaşılmazlıq olduğu və məhdudiyyətin götürüldüyü bildirilib: "Mən təkrar hava limanına getdim, pasport nəzarətindən keçdim, "stop" həqiqətən də götürülmüşdü. Lakin qeydiyyat bitdiyinə görə təyyarəyə minə bilmədim".
+++
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ardınca onun həyat yoldaşı, siyasi psixoloq Samirə Qasımlının da ölkədən çıxışına məhdudiyyət qoyulduğu bildirilir.
S.Qasımlı deyir ki, bu gün, noyabrın 29-da səfərə getməli idi, amma pasport nəzarətində ona ölkədən çıxışına "stop" qoyulduğu deyilib: "Əvvəl pasportuma möhür vuruldu, sonra isə "Bir dəqiqə gözləyin" deyib "stop" olduğumu dedilər".
Onun sözlərinə görə, ölkədən çıxışına qadağanı Daxili İşlər Nazirliyi (DİN) qoyub: "Səbəb isə bizim ailəyə olan qisasçılıqdır, Azər Qasımlıya olan təzyiqdir".
Onun dediklərinə, hələlik, DİN-dən münasibət öyrənmək mümkün olmayıb.
25 noyabr
Azər Qasımlı Bakı şəhər Baş Polis İdarəsində dindirilib
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı bu gün, noyabrın 25-i günün ikinci yarısında Bakı şəhər Baş Polis İdarəsində saatlarla dindirildiyini deyir.
Onun sözlərinə görə, dindirilmə zamanı rəhbərlik etdiyi Siyasi Menecment İnstitutu ilə bağlı suallar verilib.
Vurğulamasına görə, hazırda mövcud olan cinayət işləri ilə bağlı da suallar alıb. O, istintaq sirri olduğunu vurğulayaraq təfərrüatları açıqlaya bilmədiyini söyləyib.
Lakin A.Qasımlının sözlərinə görə, Siyasi Menecment İnstitutu ilə bağlı hər hansı cinayət işi yoxdur.
A.Qasımlının deməsinə görə, ölkədən çıxışına qadağanın qoyulması məsələsi ilə bağlı ona bildirilib ki, ifadələri araşdırılacaq və ona əlavə məlumat veriləcək.
Onun dediklərinə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.
22 noyabr
Azər Qasımlı ölkədən çıxışına 'stop' qoyulduğunu deyir
Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Azərbaycandan çıxışına qadağa qoyulduğunu bildirir.
O, AzadlıqRadiosuna deyib ki, bu gün, noyabrın 22-də Çexiyanın paytaxtı Praqaya, oradan da Berlinə səfər edəcəkdi: "Aeroportda məni sərhəd nəzarətindən buraxmadılar, bildirdilər ki, Daxili İşlər Nazirliyi çıxışıma "stop" qoyub".
A.Qasımlı, hələlik, bunun səbəbini bilmədiyini qeyd edib: "İndi Bakı şəhər Baş Polis İdarəsinə gedirəm ki, görüm nə məsələdir? Aydın məsələdir ki, hansısa qondarma cinayət işi fikirləşirlər. Bu arada, onu da deyim ki, o cinayət işləri ki var, heç birində mənin adım keçmirdi. Heç birində şahid da olmamışam ki, buna görə mənə "stop" qoysunlar. Ehtimalım odur ki, cinayət işi açıb həbs etmək istəyirlər".
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
Xatırlatma
Ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.
Cənubi Koreya prezidentinə ölkədən çıxmaq yasaqlanıb
Cənubi Koreyanın prezidenti Yun Sok Yola ölkəni tərk etmək yasaqlanıb.
"Yonhap" agentliyinin bilgisinə görə, baş prokuror O Don Un parlamentdəki dinləmələrdə bildirib ki, ölkədə fövqəladə vəziyyətin tətbiqi və etirazlar açılan cinayət işində araşdırılır.
Prezident dövlətə xəyanət və hakimiyyətdən sui-istifadədə suçlanır. Polis onun sorğu-suala çəkilməsini istisna etmir.
Y.S.Yol "daxildə Şimali Koreya tərəfdarları ilə aparılan mübarizə" ilə əsaslandırdığı fövqəladə vəziyyəti dekabrın 3-də elan etmişdi. Altı saat qüvvədə olan fərmanda siyasi partiyaların fəaliyyəti, etirazlar, tətillər yasaqlanmış, mediada senzura başladılmış, eləcə də ölüm cəzası verə bilən hərbi-səhra məhkəmələri qurulmuşdu.
Prezidentin fərmanı paytaxt Seul və ölkə parlamentində geniş etirazlar doğurmuşdu. Parlament fərmanın ləğvinə səs verəndən sonra Y.S.Yol öz qərarından dönməyə məcbur qalmış, ölkənin müdafiə naziri və bir sıra aparıcı məmurlar istefa vermişdilər.
Parlamentdə prezidentin impiçmentinə dair səsvermə keçirilsə də, hakim "Xalqın gücü" partiyası bunu boykot etdiyindən Y.S.Yol vəzifəsində qalıb.
İran və Rusiyanı 'zəif' adlandıran Tramp Putini Ukraynadakı savaşı dayandırmağa çağırıb
ABŞ-də prezident seçilmiş Donald Tramp Rusiya və İranın zəif durumda olduğunu deyib və Vladimir Putini Ukraynada, az qala, üç ildir sürən savaşı dayandırmağa çağırıb.
Trampın sözləri Dəməşqi ələ keçirən Suriya qiyamçılarının həm də Əsəd ailəsinin ölkədəki yarıməsrlik hökmranlığına son qoyduğu günə təsadüf edib.
Ağ evin gələcək sahibi dekabrın 8-də deyib ki, Rusiya Ukraynadakı savaşa və problemli iqtisadiyyatına, İran da İsrail və onun hərbi uğurlarına görə zəif durumda olduğundan suriyalı diktatorun yardımına gələ bilmir.
Tramp 2022-ci ilin fevralından bəri Rusiyanın 600 minədək, ərazisini qoruyan Ukraynanınsa 400 minədək hərbçisini itirdiyini də söyləyib.
"Savaş dərhal dayandırılmalı və danışıqlar başlanmalıdır", –deyən Tramp əlavə edib: "Vladimiri yaxşı tanıyıram. İndi o tərpənməlidir. Çin də kömək edə bilər. Dünya gözləyir".
Kreml Trampın şərhinə hələ cavab verməyib.
Parisdə görüş və müzakirələr olub
Trampın fikrincə, Ukrayna prezidenti Volodimir Zelenski "sülh saziş bağlamaq istərdi". O, dekabrın 7-də Fransa prezidenti Emmanuel Makron və Zelenskiylə Parisdə Ukrayna savaşını müzakirə edib. Zelenski üçtərəfli danışıqları "yaxşı və səmərəli" adlandıraraq deyib ki, liderlər "ədalətli sülh" imkanlarını dartışıblar.
Tramp və Zelenski başqa dünya liderləriylə birgə Notr-Dam kilsəsinin yenidən açılış mərasiminə qatılmaq üçün Parisdə toplaşıblar.
"İnsanlarımız, savaş meydanındakı durum və Ukrayna üçün ədalətli sülh barədə danışdıq. Hamımız bu müharibənin mümkün qədər tez və ədalətli bitməsini arzulayırıq", - sosial şəbəkə paylaşımında bu sözləri dilə gətirən Zelenski "qətiyyətli" mövqeyinə görə prezident Trampa təşəkkürünü bildirib.
Makron tərəfləri sülh və güvənlik naminə səylərini davam etdirməyə çağırıb.
Yanvarın 20-də yetkilərini gerçəkləşdirməyə başlayacaq Tramp indiki administrasiyanın savaş başlanandan bəri Ukraynaya onlarla milyard dollar ayırmasını tənqid edib.
Savaşın tez zamanda bitməsi suallı qalır
Prezident olarsa, savaşı 24 saata bitirə biləcəyini söyləyən Trampın sözləri Ukraynanın işğal altındakı ərazilərini güzəştə getməli olması kimi yozulub.
Ekspertlərin fikrincə, bir çox səbəb savaşı tez bitirməyi çətinləşdirəcək. Bunların arasında Ukraynaya güvənlik zəmanəti verilməsini və Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını qeyd etmək olar.
Bu arada, Ağ evi tərk edəcək Bayden administrasiyası Ukraynanın müdafiəsini gücləndirmək üçün bu ölkəyə silah tədarükünü artırıb.
Dekabrın 7-də rəsmi Vaşınqton deyib ki, 988 milyon dollarlıq növbəti sursat və hərbi avadanlıqdan ibarət yardım paketini hazırlayır. Sözügedən vəsait "Ukraynanın güvənliyinin təmin edilməsi Təşəbbüsü" ilə bağlı yerdəqalan 2.21 milyard dollardan götürüləcək.
Pentaqonun bilgisinə görə, vəsait HIMARS raket sistemləri və dronların alınmasına xərclənəcək.
Tramp administrasiyasının Kiyevə yardımı dayandıracağına dair bilgilər çoxaldıqca, Avropa ölkələri öz dəstəyini artırır.
Zelenski dekabrın 7-də bildirib ki, Ukrayna Danimarkadan müasir "F-16" döyüş təyyarələrinin ikinci bölümünü alıb. Ötən il rəsmi Kopenhagen Ukraynanı toplam 19 təyyarə ilə təmin edəcəyini bildirmişdi.
Lavrov: 'ABŞ kimi böyük bir ölkə ilə normal münasibətlərin olmasını istərdik'
Rusiya xarici işlər naziri Sergey Lavrov ölkəsinin ABŞ ilə savaş durumunda olmadığını deyib. Bu barədə o, Moskvada "Fox News"un sabiq əməkdaşı Taker Karlsona müsahibəsində bu sözləri dilə gətirib: "Əlbəttə, biz qonşularımızla, bütün ölkələrlə, özəlliklə ABŞ kimi böyük bir ölkə ilə normal münasibətlərin olmasını istərdik".
Lavrov Rusiya ərazisinin dərinliklərinə ATACMS və digər uzaqmənzilli raketlərlə zərbə endirilməsindən sonra ölkəsinin də buna reaksiya verməli olduğunu söyləyib: "Ümid edirik ki, bir neçə həftə öncə "Oreşnik" sisteminin siqnalı ciddi sayılıb".
Günlər öncə Maltada ATƏT-in Nazirlər Şurasının iclasında Lavrov ABŞ-ni kəskin tənqid edərək deyib ki, "qaynar mərhələyə rahatlıqla keçə biləcək Soyuq savaş yenidən dirildilir".
Rusiyalı diplomat ABŞ-nin kiçik və ortamənzilli raketlərə dair ikitərəfli razılaşmadan imtinasını da tənqid edib və ATƏT-i "Avropanın ABŞ-yə tabe olunması kursunun qurbanı" adlandırıb.
Savaşı başladan Rusiya deyildi?
Lavrovun fikrincə, Ukraynada savaşın dayandırılması və münaqişənin nizamlanması üçün rəsmi Kiyev NATO üzvlüyündən imtina etməli, ərazisində Qərbin hərbi bazalarını qapatmalı və əcnəbi hərbçilərin qatıldığı təlimləri ləğv etməlidir.
Moskvanın ukraynalıları məhv etməyə niyyəti olmadığını deyən nazir bu xalqı "rus xalqının bacı və qardaşları" adlandıraraq əlavə edib ki, savaşı başladan Rusiya deyildi.
2022-ci ilin fevralında Rusiyanın Ukraynaya tammiqyaslı təcavüzündən bəri BMT-nin hesablamalarına görə, 659-u uşaq, ən azı, 12 min 162 mülki şəxs həlak olub və min 747-si uşaq, 27 minədək dinc insan xəsarət alıb. Yekun rəqəmlərin daha yüksək olduğu güman edilir. Hər iki ölkə müharibə başlayandan hərbi itkiləri barədə bilgiləri gizlədir.
Müsahibə zamanı Karlson Lavrovdan rusiyalı müxalif siyasətçi Aleksey Navalnının həbsxanadakı ölümü barədə də soruşub. Almaniyada müalicə olunan Navalnının tibbi analiz nəticələrinin Rusiyadan gizlədildiyini vurğulayan nazir ehtimal edib ki, müxalifətçiyə "Almaniyada nəsə edə bilərdilər": "O, Rusiyada cəzasını çəkərkən vəfat edib. Vaxtaşırı özünü yaxşı hiss etmirdi. Bu da almanlardan onun analiz nəticələrini bizə göndərmələrini xahiş etməyimizin başqa bir səbəbiydi. Biz onların aşkar etdiklərini tapmadıq".
Mərhum siyasətçinin 2020-cü ildə Kremlin buyruğuyla Federal Təhlükəsizlik Xidməti tərəfindən zəhərləndiyini deyilir. Rəsmi Moskva bir yandan siyasətçinin zəhərlənməsi faktını danır, o biri yandan da bunu Qərb xüsusi xidmət orqanlarının əməli sayır.
Suriya ordusu Həmanı tərk edib
Suriya ordusu "dinc əhalinin həyatını qorumaq və şəhərdə döyüşlərin önünü almaq üçün" mövqelərini dəyişdirdiyini bildirib. Bu, prezident Bəşər Əsəd, onun müttəfiqləri olan İran və Rusiya üçün daha bir itkidir.
"Son bir neçə saatda əsgərlərimizlə terrorçu qruplaşmalar arasında qarşıdurma gücləndiyindən ... bu qruplaşmalar bir neçə xətti yararaq şəhərə daxil olub", - Suriya ordusunun dekabrın 5-dəki açıqlamasında belə deyilir.
Paytaxt Dəməşqin müdafiəsində əsas rol oynayan Həma sahilyanı Tartus və Latakiya şəhərlərinin qapısıdır. Tartusda Rusiyanın strateji hərbi dəniz bazası yerləşir.
Bir gün öncə qiyamçıların irəliləyişini dayandırmaq üçün Suriya və Rusiya hərbçiləri onları atəşə tutmuş və havadan zərbələr endirmişdi.
BMT döyüşlər nəticəsində on minlərlə dinc sakin didərgin düşdüyünü bildirib.
4 noyabr
Qiyamçıların Rusiya hərbi bazası yaxınlığındakı irəliləyişi əngəllənib
Suriya ordusu Rusiya hərbi hava bazası yaxınlığındakı qiyamçıların önünü kəsmək üçün əks-hücuma başlayıb. Dövlət mediası bu xəbəri yayıb.
Əks-hücum son bir neçə gündə "Həyat Təhrir əş-Şam"ın (HTŞ) rəhbərlik etdiyi silahlı qruplaşmaların ildırımsürətli irəliləyişindən sonra başlanıb. Ölkənin ərazicə ən böyük şəhəri - Hələbi, 14 mərkəzi qəsəbə və şəhəri ələ keçirən silahlıları Hmeymim hərbi hava bazasından 35 km ayırır. Rusiyadan dəstək istəyən Bəşər Əsəd 2015-ci ildə Hmeymimi rusiyalılara təslim edib.
Üsyançıların dekabrın 4-də Suriyanın dördüncü ən böyük şəhərindən - hökumətin nəzarətindəki Həmadan təxminən 20 kilometr geri çəkildiyi bildirilib. Onların özü cəmi 10 km geri çəkildiklərini deyir.
Dəməşqin müdafiəsində əsas rol oynayan Həma sahilyanı Tartus və Latakiya şəhərlərinin qapısıdır. Tartusda Rusiyanın strateji hərbi dəniz bazası yerləşir.
HTŞ-dan başqa qiyamçılar arasında Türkiyənin dəstəklədiyi və fərqli silahlı qruplaşmlardan ibarət "Suriya Milli Ordusu" da var.
BMT-nin Suriya üzrə xüsusi elçisi Heyr Pedersen dekabrın 3-də bildirib ki, döyüşlər nəticəsində on minlərlə dinc sakin didərgin düşüb.
Rumıniyada seçkilər Rusiyanın aqressiv hibrid hücumunun hədəfinə çevrilib
"Rumıniya Rusiyanın aqressiv hibrid fəaliyyətinə məruz qalıb". Ölkə güvənlik şurasının dekabrın 4-də ictimailəşdirdiyi məxfi sənədlərdə belə deyilir. Sənədlərdən çıxan qənaətə görə, prezident seçkilərinin birinci turunda rusiyayönümlü namizəd Kelon Corceskunun gözlənilməz qələbəsi məhz sözügedən yönləndirilmiş fəaliyyət nəticəsində mümkün olub.
Corcesku dekabrın 8-dəki ikinci turda avropayönümlü mərkəzçi namizəd Elena Laskoni ilə üz-üzə gələcək.
Sənədlərdə deyilir ki, Rusiya Corceskunu TikTok sosial şəbəkəsində təbliğ etmək üçün bir neçə üsula -yönləndirilən hesablara, ödənişli təbliğat vasitələrinə əl atıb.
Bu, Corceskunun populyarlığının qısa müddətdə 1 faizdən 22 faizədək artdığını izah edir. Güvənlik şurası onu da bildirib ki, Rumıniyanın rəsmi qurum və sıradan vətəndaşları, özləri də bilmədən, yönləndirmənin qurbanına çevrilərək bu fəaliyyətə cəlb edilib.
85 mindən çox kiberhücum?
Corceskunu məşhurlaşdırmaq üçün seçkilərə iki həftə qalmış 25 min TikTok hesabı fəal şəkildə istifadə olunub. Onlardan 800-nün fəaliyyəti noyabrın 11-dək çox zəif olsa da, daha sonra "bütün şəbəkə tam gücüylə işə başlayıb".
TikTok-dakı məhşur şəxslər Corceskunu birbaşa dəstəkləməklə yanaşı, bitərəf paylaşımlarında ona aid qeydlər yerləşdiriblər.
Müstəqil namizədin təbliğatında yarar saxlayan bir üsul da Rumıniyanın rəsmi qurumlarını təmsil edən saxta hesabların yaradılması olub. Belə hesablar dövlət qurumlarının Corceskunu dəstəklədiyi təsəvvürü yaradıb
Corcesku seçki kampaniyasına pul xərcləmədiyini söyləsə də, kəşfiyyat xidməti bütün bu əməliyyata xeyli vəsait sərf edildiyinə diqqət çəkib.
Sənədlərə əsasən, Rumıniyanın rəsmi seçki saytlarına giriş bilgilərinin Rusiya kibercinayətkar platformalarında dərci sözügedən əməliyyatın Rusiya ilə bağlantısını sübuta yetirir.
Kəşfiyyat xidməti 85 mindən çox kiberhücum müəyyənləşdirib.
Rusiyanın özü Rumıniyadakı prezident seçkilərinə müdaxiləsini inkar edib.
Paşinyan Avrasiya İqtisadi Birliyi sammitinə ev sahibliyi etməyəcəyini təsdiqləyib
Dekabrın 4-də Ermənistan baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyi (AİB) sammitinə ev sahibliyi etməyəcəyini təsdiqləyib. O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Ermənistanın fəaliyyətini də bərpa etməyəcəyini bildirib.
Keçmiş beş postsovet dövlətinin daxil olduğu ticarət blokunun zirvə görüşü dekabrın 25-də, Ermənistanın AİB-dəki sədrlik müddətinin sonunda Yerevanda keçirilməli idi.
Ermənistan XİN bildirib ki, AİB-ə üzv dövlətlər məkanın dəyişdirilməsinə qərar verib və sözügedən sammit Sankt-Peterburqda keçiriləcək.
Paşinyan tədbirin Ermənistanda keçirilməməsinə bir səbəb kimi heç də bütün AİB liderlərinin Ermənistana gəlişinin arzulanan olmadığını göstərib.
"Sizin də bildiyiniz məsələlərə görə görüşün Ermənistanda keçirilməsini məqsədəuyğun saymadım, axı AİB Ali İqtisadi Şurasının heç də bütün üzvlərini ölkəmizdə görmək xoş deyil", - Paşinyan müxalif deputatın sualını cavablarkən belə deyib.
Baş nazir arzuolunmaz şəxslərin Rusiya prezidenti Vladimir Putin və ya Belarus lideri Aleksandr Lukaşenko olduğuyla bağlı yozumlara aydınlıq gətirməyib. Lukaşenkonun bu ilin əvvəlində Bakıya səfəri zamanı səsləndirdiyi Azərbaycanyönlü bəyanatları Minsklə Yerevan arasındakı münasibətləri soyudub.
"Birbaşa zərbə"
Yerli təhlilçilərin və müxalif siyasətçilərin fikrincə, bir il öncə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutuna qoşulan Ermənistan hakimiyyəti Putinin ölkəyə gəlişini istəmir.
Ötən il BCM Ukraynada törətdiyi iddia edilən hərbi cinayətlərə görə Rusiya prezidentinin həbsinə qərar verib.
Ermənistana səfəri zamanı Putinin olası həbsiylə bağlı şərh verməyən Paşinyan rəsmi Moskvaya təklif etdiyi ikitərəfli müqaviləyə rədd cavabı verilməsindən gileylənib. Həmin müqavilə səfər zamanı Putinə toxunulmazlıq təmin edə bilərdi.
Rusiya XİN Yerevanın Roma Statutuna qoşulmasını həm rəmzi, həm də praktik baxımdan "Ermənistan-Rusiya münasibətlərinə birbaşa zərbə" adlandırıb.
Roma Statutunun ratifikasiyası Ermənistan-Rusiya münasibətlərindəki çatı dərinləşdirib. Yerevan KTMT-nin digər üzvləriylə birgə Rusiyanı Ermənistanın güvənliyinə dair öhdəlikləri yerinə yetirməməkdə ittiham edib.
Ötən həftə Paşinyan KTMT-nin daha bir toplantısını boykot edib. Bu, Ermənistanın ilin əvvəlində Rusiyanın başçılıq etdiyi hərbi ittifaqa üzvlüyünü, əslində, dayandırması fonunda baş verib.
Putin noyabrın 28-də sammitdə çıxışı zamanı Ermənistanın təşkilat çərçivəsində tamhəcmli fəaliyyətini bərpa edəcəyinə ümid bəsləyib. O, Yerevanın tənqidlərini ölkədaxili siyasi proseslərə və Azərbaycanın Qarabağ üzərində nəzarəti bərpa etməsinə bağlayıb.
Paşinyanın fikrincə, Ermənistanın KTMT-yə reinteqrasıyası artıq aktual deyil. Ermənistanın KTMT-dən, rəsmi olaraq, nə vaxt çıxacağı barədə heç nə söyləməyən baş nazir ölkəsinin qurum çərçivəsində yenidən fəaliyyətə başlamasını "çox çətin və az qala mümkünsüz" sayıb.
İranda həbsdə olan Nobel mükafatçısı 3 həftəlik azadlığa buraxılıb
Həbsdə olan Nobel mükafatı laureatı Nərgiz Məhəmmədi təcili tibbi yardımdan sonra 3 həftə müddətinə mücvəqqəti azadlığa buraxılıb. Onun vəkili belə deyib.
“Bədənindəki şişin götürülməsindən və sümük köçürülməsindən sonra fiziki durumu buna səbəb olub. Əməliyyat 21 gün öncə gerçəkləşdirilib”, – vəkil Mostafa Nilin “X” sosial səbəkəsindəki paylaşımında dilə gətirdiyi sözlərdir.
AzadıqRadiosu “Fərda” xidmətinin qaynaqları 52 yaşlı Məhəmmədinin sərbəst buraxılması faktını təstiqləyib.
Son 20 ilinin bəlli bölümünü həbsxanada keçirən etnik azərbaycanlı – 52 yaşlı N.Məhəmmədiyə "təbliğat yaymaq" ittihamı ilə 12 il həbs cəzası kəsilib. Nobel mükafatçısının özü və qohumları bu ittihamı rədd edir.
Ötən ay onun əri - Tağı Rəhmani deyib ki, iki aydan çoxdur səhhətindəki problemlərdən əziyyət çəkən Məhəmmədi Tehran xəstəxanalarından birinə köçürülüb.
"O, sağ ayağından əməliyyat olundu. Hətta həbsxanada yeriməsi, oturub adi işləri görməsi də mümkün deyildi. Bəzi məhbuslar onun azadlığa buraxılması üçün aclıq aksiyası da elan etdi", – Rahmani Radio Fərdaya belə deyib.
Həyat yoldaşının həbsxanaya heç qayıtmamalı olduğuna diqqət çəkən T.Rəhmani bütün insan haqları qoruyucuları və vətəndaş cəmiyyəti fəallarının azad edilməsinə çağırıb.
Nərgiz Məhəmmədi 2010-cu ildən bəri, az qala, həmişə həbsdə olsa da, ictimaiyyətin diqqətini tez-tez həbsxanadakı ortama və qadın məhbusların üzləşdiyi sui-istifadə hallarına çəkməyə çalışır. O, ötən il Nobel sülh mükafatına layiq görülüb. Həmin mükafatı Osloda onun yerinə yeniyetmə övladları qəbul ediblər. N. Məhəmmədinin adından İranın “zülmkar” hakimiyyətini tənqid edən bəyanatı da onlar səsləndiriblər.
Ələsgər Məmmədli həbsdə qaldı
Dekabrın 4-də Bakı Apellyasiya Məhkəməsi "Toplum" İnternet Televiziyasının təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılmasından imtina ilə bağlı müdafiə tərəfinin verdiyi şikayəti təmin etməyib.
İclasda iştirak edən Ə.Məmmədli həbs-qətimkan tədbirinin uzadılmasına heç bir əsas olmadığını və ev dustaqlığına buraxılması üçün qanuni əsaslar olduğunu bildirib.
Buna baxmayaraq, məhkəmə şikayəti təmin etməyib.
Bundan əvvəl, noyabrın 27-də Xətai rayon Məhkəməsi 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Ə.Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı müraciətini təmin etməmişdi. Məhkəmə onlayn formatda keçirilmişdi.
Ə.Məmmədli bu il martın 8-də həbs olunub. Xətai rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Daha sonra qətimkan tədbirinin müddəti uzadılıb.
Ə.Məmmədli Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ittiham olunur. O, özünü təqsirli bilmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.
Xatırlatma
Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bəzilərinin ittihamı hətta ağırlaşdırılıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.