Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:55

Xəbərlər

Ələsgər Məmmədli həbsdə qaldı

Ələsgər Məmmədli, arxiv fotosu
Ələsgər Məmmədli, arxiv fotosu

Dekabrın 4-də Bakı Apellyasiya Məhkəməsi "Toplum" İnternet Televiziyasının təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılmasından imtina ilə bağlı müdafiə tərəfinin verdiyi şikayəti təmin etməyib.

İclasda iştirak edən Ə.Məmmədli həbs-qətimkan tədbirinin uzadılmasına heç bir əsas olmadığını və ev dustaqlığına buraxılması üçün qanuni əsaslar olduğunu bildirib.

Buna baxmayaraq, məhkəmə şikayəti təmin etməyib.

Bundan əvvəl, noyabrın 27-də Xətai rayon Məhkəməsi 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Ə.Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı müraciətini təmin etməmişdi. Məhkəmə onlayn formatda keçirilmişdi.

Ə.Məmmədli bu il martın 8-də həbs olunub. Xətai rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Daha sonra qətimkan tədbirinin müddəti uzadılıb.

Ə.Məmmədli Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ittiham olunur. O, özünü təqsirli bilmir və həbsini peşə fəaliyyəti ilə əlaqələndirir.

Xatırlatma

Ümumilikdə ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bəzilərinin ittihamı hətta ağırlaşdırılıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Avropa ölkələri canavarların qorunma statusunu aşağı endirib

Canavarlar
Canavarlar

Avropa ölkələri canavarların qorunma statusunun aşağı salınması haqda təklifi dəstəkləyib. "Politico" nəşrinə dayanan AzadlıqRadiosu bildirir ki, mal-qaraya hücum çəkən canavarların öldürülməsinə daha çox sərbəstlik verilməsi Avropa ittifaqı (Aİ) və fermerlərin böyük qələbəsi sayılır.

Dekabrın 3-də Strasburqda Avropada vəhşi təbiət və təbii yaşayış oylaqlarının mühafizəsi haqqında Bern Konvensiyasının üzvləri canavarların statusunu "ciddi qorunan növ"dən "qorunan növə" endiriblər.

Bu qərar hökumətlərdən ötrü heyvanların ovlanma məsələsinin həllini asanlaşdıracaq. Bütün prosesin bir ilədək sürəcəyi gözlənilir.

"Politico"nun bilgisinə görə, canavarların qorunma statusunun endirilməsi Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin şəxsi qələbəsidir. İki il öncə canavar onun Dolli adlı ən sevimli ponisini parçalamışdı. Fon der Lyayen qərarı "avropalı kənd icmaları və fermerlər üçün önəmli xəbər" adlandırıb. Onun fikrincə, sözügedən qərar vəhşi təbiətin qorunmasına və ev heyvanlarının mühafizəsinə balanslı yanaşmanı nəzərdə tutur.

Qərarı ovçular da olumlu qarşılayıb. "Bəzi hüquqi əngəllər qalsa da, indi onları dəf etmək olar", - Avropa Ovçular Federasiyasının prezidenti Lorens Xudemaker belə deyib.

Aİ-nin bütün 27 üzv ölkəsiylə yanaşı, bu təklifi Andorra, Ermənistan, Gürcüstan, İslandiya, Norveç, Şimali Makedoniya, Moldova, Lixtenşteyn, Serbiya, İsveçrə və Ukrayna da dəstəkləyib. İngiltərə, Monteneqro, Bosniya və Herseqovina, Monako və Albaniya qərarın əleyhinə çıxıb, Tunis və Türkiyə isə bitərəf qalıb.

Bern Konvensiyasına üzv ölkələrin, azı, 17-si etiraz etməsə, dəyişiklik üç aydan sonra qüvvəyə minəcək.

Abxaziya parlamenti Rusiya ilə investisiya razılaşmasını təsdiqləməyib

Gürcüstanın separatçı regionu - Abxaziyanın de-fakto parlamenti Suxumidə toplanır.
Gürcüstanın separatçı regionu - Abxaziyanın de-fakto parlamenti Suxumidə toplanır.

Gürcüstanın bölücü Abxaziya bölgəsinin parlamenti Rusiyanın investisiyalara dair razılaşmasını ratifikasiya etməyib.

Deputatlar dekabrın 3-də, parlamentin növbədənkənar iclasında buna qərar veriblər. Parlament binası önünə toplaşan müxalifətçilər razılaşmanın Abxaziyanı köləyə çevirəcəyini bildirsələr də, Rusiyanın əleyhinə olmadıqlarını da vurğulayıblar.

"Bu razılaşmanın təbliğatçıları var – istefa verən prezident və iqtisadiyyat naziri", -müxalif deputat Kan Kvarçiyanın sözləridir. O, iqtisadiyyat nazirinin səriştəlilik səviyyəsini deputatların müzakirəyə çıxaracağını da deyib.

Noyabrın 15-də bölgənin paytaxtı Suxumidə etirazçılar yerli parlamentə və prezident administrasiyasına basqın ediblər. İzdiham Moskva ilə qalmaqallı sərmayə razılaşmasının ləğvinə çağırıblar.

"Milli maraqların birbaşa təslim edilməsi"

Bölgə rəhbərləri sözügedən razılaşmanın yerli iqtisadiyyatın inkişafına təkan verəcəyini söyləyiblər. Müxalifətsə onun rusiyalı sərmayəçilərə əsassız üstünlüklər qazandıracağından razılaşmanı "milli maraqların birbaşa təslimi" adlandırıb.

Nəticədə Abxaziya lideri Aslan Bjaniya inzibati binaları tərk etmələri şərtiylə müxalifətin istefa tələbini qəbul edib.

Razılaşmanın rəddi və siyasi böhran Abxaziyanın Rusiya ilə münasibətlərini ehtiyatla balanslaşdırmalı olduğunu göstərir. Kreml bölgəyə əsaslı iqtisadi və hərbi dəstək göstərsə də, müxalifət və əhalinin bir bölümü müstəqilliyin itirilməsindən ehtiyatlanaraq Rusiyadan güclü asılılıqdan çəkinir.

Gələn il fevralın 15-nə - Abxaziyada növbədənkənar prezident seçkisinədək vitse-prezident Badra Qunba bölgəyə rəhbərliyi öz üzərinə götürüb. Parlamentin keçmiş spikeri Valeri Bqanba de-fakto baş nazir təyin edilib.

Siyasi böhranın sürməsi Abxaziya rəhbərliyi daxilindəki parçalanmaların əlamətidir. Müxalifətin ictimai narazılığı yayması və Bjaniyanı istefaya məcbur etməsi idarəetmə və xarici siyasət məsələlərində indiki administrasiyadan narazılığın artdığını göstərir.

Xatırlatma

Abxaziya və Cənubi Osetiya 1990-cı illərin əvvəllərində müstəqilliyini elan edib və 2008-ci ildə Gürcüstanla müharibədən sonra Rusiya onların müstəqilliyini tanıyıb. Hər iki bölgənin ərazisində Rusiya hərbi qüvvələri yerləşdirilib. Rəsmi Tbilisi Abxaziya və Cənubi Osetiyanı Rusiya ordusunun işğal etdiyini bildirir. BMT sənədlərində hər iki ərazi Gürcüstanın bölgələri sayılır.

Ərdoğan Putini Suriyadakı durumun danışıqlarla çözülməsinə çağırıb

Ərdoğan və Putin Ankarada Türkiyə-Rusiya-İran üçtərəfli zirvə görüşündə.
Ərdoğan və Putin Ankarada Türkiyə-Rusiya-İran üçtərəfli zirvə görüşündə.

Dekabrın 3-də Rusiya prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Prezidentlər Suriyanın şimalındakı münaqişənin nizamlanması üçün diplomatiyanın zərurətini vurğulayıblar.

Ərdoğanın ofisinin yaydığı bilgiyə görə, Suriya daha böyük qeyri-sabitliyin qaynağına çevrilməməlidir.

"Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləsə də, bu ölkədə ədalətli və davamlı çözümə can atır", - Türkiyə prezidentinin ofisi X sosial şəbəkəsindəki paylaşımında belə deyib.

Bildirilib ki, regionda diplomatiyaya daha böyük imkanlar açılmalıdır və Suriya rejimi prosesin siyasi nizamlanmasına qatılmalıdır.

Ərdoğan Türkiyə və Birləşmiş Ştatlarda terrorçu təşkilat kimi tanınan Kürd Fəhlə Partiyası (PKK) və onun Suriyadakı son hadisələrdən yararlanmaq istəyən ardıcıllarıyla mübarizədə qətiyyətli mövqeyini qoruyacağını deyib.

"Təcavüz dərhal dayandırılmalıdır"

Telefon danışığı ötən həftə Hələb şəhərini ələ keçirib hökumət qüvvələrinə qarşı vuruşan qiyamçıların irəliləyişi fonunda baş tutub. Suriya İnsan Haqları Monitorinq Mərkəzinin bilgisinə görə, qiyamçılar dekabrın 3-də Həma şəhərinin də çevrələrinə çox yaxınlaşıblar.

Bildirilib ki, qiyamçıların şimaldakı irəliləyişi nəticəsində 104-ü mülki şəxs, toplam 602 nəfər həlak olub.

Həmaya hücum qiyamçıların dirçələn hərəkatına qarşı mübarizədə Rusiya və İranın dəstəklədiyi Əsədə basqıyı artıracaq. Şəhər 2011-ci ildə vətəndaş müharibəsi başlanandan bəri hökumət qüvvələrinin nəzarətindədir.

Kremlin bilgisinə görə, Putin "Suriya dövlətinə radikal qruplaşmaların terrorçu təcavüzünün dərhal dayandırılması" zərurətini qeyd edib. Tərəflər İran, Türkiyə və Rusiyanın bu məsələdə sıx əlaqəli fəaliyyətinin önəmini vurğulayıblar.

Qiyamçıların hücumu Suriyadakı uzun müddət dondurulmuş olan vətəndaş müharibəsini yenidən canlandırıb.

Ötən həftə "Həyat Təhrir əş-Şam" (HTŞ) və müttəfiqləri Hələbin və onun ətrafındakı ərazilərin böyük bölümünü zəbt edib. Bu, son illərin ən iri hücumudur.

Qruplaşma Suriyada şəriət qanunlarıyla yönəldiləcək dövlət qurmaq istəyir. ABŞ kəşfiyyatının bilgilərinə görə, qruplaşmanın 5-10 min üzvü var.

Münaqişə Moskva və Tehranı hücumu dəstəkləyən Türkiyə ilə qarşı-qarşıya qoyub.

İranın xarici işlər naziri Abbas Əraqçı rəsmi Dəməşqin müraciəti əsasında ölkəsinin Suriyaya ordu birləşmələri göndərə biləcəyini bildirib.

İraq baş naziri Məhəmməd Şiə əl-Sudani ölkəsinin Suriyadakı hadisələri kənardan izləməyəcəyini söyləyib və qiyamçıların irəliləyişində Suriyaya zərbələr endirən İsraili ittiham edib.

Qubad İbadoğlunun ölkədən çıxışına qadağa saxlandı

Qubad İbadoğlu
Qubad İbadoğlu

Dekabrın 3-də Bakının Nərimanov rayon Məhkəməsində iqtisadçı-alim Qubad İbadoğlunun ölkədən çıxışına məhdudiyyət qoyulması ilə bağlı şikayətə baxılıb. Şikayət təmin edilməyib.

Vəkil Zibeydə Sadıqovanın sözlərinə görə, artıq üçüncü dəfədir ki, məhkəmə İbadoğlunun Azərbaycandan çıxışına qoyulan qadağanı qaldırmaqdan imtina edir.

Müdafiə tərəfi əvvəlki iki müraciəti müalicə və mürəkkəb cərrahi əməliyyatdan ötrü ölkədən çıxışın vacibliyi ilə əsaslandırıb. Bu dəfə isə bildirilib ki, Avropa Parlamenti rəhbərliyi onu 14-19 dekabr tarixlərində Strasburqa akademik Andrey Saxarov mükafatının təqdimatı mərasimində iştiraka dəvət edib.

Müdafiə tərəfi hesab edir ki, İbadoğlunun hüquqları qanunsuz olaraq məhdudlaşdırılıb.

Xatırlatma

Q.İbadoğlu ötən il iyulun 23-də həbs edilmişdi. O, Cinayət Məcəlləsinin (CM) 204.1-ci (Satış məqsədi ilə saxta pul... və ya xarici valyuta hazırlama, əldə etmə və ya satma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunub. Daha sonra ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. Q.İbadoğlu ittihamları saxta adlandırıb.

Bu il aprelin 22-də onun barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı, daha sonra isə müstəntiqin qərarı ilə polisin nəzarətinə verilmə ilə əvəz olunub.

Q.İbadoğlu dövlət qeydiyyatına alınmayan Azərbaycan Demokratiya və Rifah Partiyasına (ADR) rəhbərlik edib. Amma ev dustaqlığına buraxılandan sonra səhhəti ilə bağlı siyasi fəaliyyətinə fasilə verdiyini açıqlayıb.

Lavrov Ukraynaya təcavüzdən sonra ilk dəfə Avropa İttifaqına gələcək

Sergey Lavrov
Sergey Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov 5-6 dekabrda Maltada ATƏT Nazirlər Şurasının iclasına qatıla bilər. AzadlıqRadiosunun əməkdaşı Rikard Yozvyak yazır ki, bu gerçəkləşsə, Ukraynada savaş başlayandan bəri və sanksiyalar dönəmində Lavrovun Aİ ölkəsinə ilk səfəri olacaq.

Bu səfər baş tutarsa, Qərb dövlətlərinin rəsmi Moskva ilə getdikcə artan diplomatik təmasları fonunda gerçəkləşəcək.

Ötən il Şimali Makedoniyadakı iclasa 90 nəfərlik nümayəndə heyətiylə yollanan Lavrov bu dəfə maksimum altı şəxsi yetərli saya bilər. Rəsmi nahara dəvət edilən rusiyalı nazir Ukrayna müharibəsinə həsr olunan axşam yeməyinə buraxılmayacaq.

Rəsmi tədbirdə dördüncü çıxış edəcək Rusiya nümayəndəsi söz alarkən, ötən il Skopyedə olduğu kimi, digər nümayəndələr zalı nümayişkaranə şəkildə tərk edə bilərlər.

Gələn il ATƏT-ə Finlandiya sədrlik edəcək. Sonrakı 2026 və 2027-ci illərdə sədrliyə İsveçrə, Türkiyə, Mərkəzi Asiya ölkələri və ya Avropanın San-Marino və Lixtenşteyn kimi çırtdan ölkələrinin adı çəkilir. Rəsmi Ankara 2010-cu ildən bəri İstanbulda baş tutmayan ATƏT sammitinin həmin şəhərdə keçirilməsini də təklif edə bilər.

Gələn ilin büdcəsi builkindən 20 milyon çox, 158 milyon avro həcmində müəyyənləşdirilib. Rusiya DTİHB-yə veriləcək maliyyənin, Azərbaycansa ATƏT-ın Minsk qrupuna maliyyə ayrılmamasını tələb edə, büdcə dalanından mümkün çıxış yolu kimi digər üzv ölkələr də əlavə büdcədənkənar vəsaitlər ayıra bilər.

İclasda ATƏT-ın baş katibi, DTİHB, Milli Azlıqlar üzrə Ali Komissarın Ofisi və Media azadlıqları üzrə Nümayəndəliyin rəhbəri vəzifələrinə yeni təyinatlar gözlənilir.

Ukraynaya növbəti hərbi yardım və Rusiyaya yeni sanksiyalar planlaşdırılır

"HIMARS" reaktiv yaylım atəşi sistemi
"HIMARS" reaktiv yaylım atəşi sistemi

ABŞ prezidenti Co Bayden yetki müddəti bitənədək Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Ağ evin milli güvənlik müşaviri Ceyk Sallivanın sözlərinə görə, sanksiyalar Rusiyanın Ukraynadakı hərbi imkanlarını azaltmağı hədəfləyir: "Rusiyanın maliyyə sektoruna qarşı ciddi sanksiyalardan sonra ABŞ daha çox sanksiyalar tətbiq edəcək".

ABŞ Ukraynaya 725 milyon dollar dəyərində hərbi yardım da ayırıb.

C.Bayden Konqresin Ukraynaya hərbi yardım üçün ayırdığı bütün vəsaiti yanvarın 20-dək xərcləmək niyyətindədir. Pentaqonun ehtiyatlarındakı silahların da daxil olduğu hərbi yardım məqsədlərinə 7.1 milyard dollar nəzərdə tutulub.

Donald Tramp yeni prezident seçiləndən sonra Bayden administrasiyası Ukraynaya Rusiya ərazisinin dərinliklərinə "ATACMS" uzunmənzilli raketləriylə zərbə endirməyə və piyadaəleyhinə minaların verilməsinə icazə verib. Rəsmi Moskvaya, o sıradan "Qazprom"a qarşı sanksiyalar da tətbiq edilib. Bu, Rusiyadan qaz ixracını əngəlləməklə Kremlin əldə etdiyi gəlirləri savaşı maliyyələşdirməyə yönəldə bilməməsinə imkan verəcək.

ABŞ-ın Azərbaycandakı səfiri istefa verib

Mark Libbi
Mark Libbi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Mark Libbi diplomatik xidmətindən istefa verib.

Bu barədə səfirin bəyanatında bildirilib. Onun sözlərinə görə, istefa səbəbi xəstəliyi ilə bağlıdır: "2023-cü ildə ABŞ Senatı qarşısında dinləməmdə qeyd etdiyim sağlamlıq qayğıları, təəssüf ki, davam edib".

Səfir bildirib ki, 2024-cü ili başa vurduqdan sonra istefaya çıxacaq: "Uğurlu 2025-ci ilə qədəm qoymaq və xərçəng barədə məlumatlandırmanı artırmaq məqsədilə yerdə qalan bir neçə həftəni Azərbaycanda keçirmək niyyətindəyəm".

Səfir M.Libbinin etimadnaməsini prezident İlham Əliyev bu il yanvarın 18-də qəbul etmişdi.

Xatırlatma

Rəsmi Bakının son illər Qərb ölkələri, xüsusilə də ABŞ-la münasibətlərində ayrı-ayrı vaxtlarda gərginlik müşahidə edilib. Ötən il Azərbaycan hakimiyyətinə yaxın media orqanlarında ABŞ səfirliyinin Bakıda məzun tədbiri "casus şəbəkəsi ilə görüş" adı ilə təqdim olunub. Ancaq ABŞ-ın yeni təyin olunmuş səfiri M.Libbi Bakıya gələndən sonra həmin tədbir baş tutub.

ABŞ rəsmiləri, bir qayda olaraq, Azərbaycanda fundamental azadlıqlar və tənqidçilərin həbsi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Azərbaycan rəsmiləri isə belə çağırışları ölkənin daxili işlərinə qarışmaq kimi dəyərləndiriblər.

Sumqayıtda yaşayış binasında partlayış olub [Video]

Yaşayış binasında partlayış
Yaşayış binasında partlayış

Sumqayıt şəhərinin 13-cü mikrorayonunda yerləşən beşmərtəbəli yaşayış binasında partlayış baş verib.

Dekabrın 3-də səhər saatlarında partlayış nəticəsində yaralıların olduğu bildirilir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) ilkin məlumata əsasən bildirilib ki, hadisə nəticəsində üç nəfər Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub: "Həmin şəxslər ağır yanıq xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda bir nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağırdır".

Hadisənin baş vermə səbəbi ilə bağlı, hələlik, rəsmi açıqlama yoxdur. Amma partlayışın qaz sızmasından olduğu ilə bağlı yerli mediada ehtimallar səslənib.

Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin yaydığı birgə məlumata görə isə, altı nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib: "Sumqayıtda baş verən partlayışlarla bağlı araşdırma aparılır".

Məhkəmə Əli Kərimlini 1500 manat cərimələyib

Əli Kərimli
Əli Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli haqqında ittiham hökmü çıxarılıb. Dekabrın 2-də Nəsimi rayon Məhkəməsində çıxarılan bu hökmlə o, Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsi ilə təqsirli bilinib və 1500 manat cərimə cəzasına məhkum edilib.

Hökm AXCP-nin keçmiş üzvü, 2019-cu ildə partiyadan uzaqlaşdırılmış Aydın Əliyevin şikayəti əsasında çıxarılıb. A.Əliyev iddia edir ki, Ə.Kərimli müxtəlif internet televiziyalarına müsahibələrində onu hakimiyyətlə əməkdaşlıqda suçlamaqla ona böhtan atıb.

Hökmdən öncə çıxış edən A.Əliyev də, onun nümayəndəsi də məhkəmədən AXCP sədrinə 6 ay həbs cəzası kəsilməsini istəyib.

Ə.Kərimli çıxışında vurğulayıb ki, məhkəmə iclasından öncə polislər Nəsimi rayon Məhkəməsinin binasının önündə cəbhəçilərə hücum edib, xeyli sayda saxlanılan və zorakılığa məruz qalanlar var. AXCP sədri bildirib ki, vəkili Vidadi Mirkamal da saxlanılaraq naməlum istiqamətə aparılanlar arasındadır.

Məhkəmənin gedişində əlaqə saxlanılıb və V.Mirkamal sərbəst buraxılaraq prosesə qoşulub.

"Hamı bilir ki, bu, sifarişli işdir və qərar haradan gəlir. Qərarı elan edin, bitsin, insanlara əziyyət verməyə nə ehtiyac var? İndiyə qədər azı 10 nəfərə işgəncə verilib ki, mənim əleyhimə ifadə alsınlar. Bu məhkəmə prosesi də tarixdə rüsvayçı proses kimi qalacaq. "Hökumətlə əməkdaşlıq" ifadəsi ləyaqəti alçaldan ifadə kimi qiymətləndirilir", - Əli Kərimli bildirib.

Vəkili Fəxrəddin Mehdiyev də iddianın əsassız olduğunu vurğulayıb.

Hakim Babək Pənahov təxminən bir saatlıq müşavirədən sonra AXCP sədri haqqında ittiham hökmünü elan edib.

Məhkəmədən sonra Ə.Kərimli AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək.

AXCP: Məhkəmə önündə saxlanılan fəallardan ikisi həbs edilib

Dekabrın 2-də Nəsimi rayon Məhkəməsinin önündə saxlanılan AXCP üzvlərindən Rövşən Avsarovun 15 sutka, Fərahim İsmayılovun isə 30 sutka inzibati qaydada həbs edildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.

Partiyadan vurğulandığına görə, onlar İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisinin qanuni əmrinə qəsdən tabe olmamaq) maddələri üzrə təqsirli biliniblər: "Saxlanan AXCP üzvlərindən Elçin Rzayev, Rövşən Rəhimov və Rövşən Səfərovun hər biri də 200 manat məbləğində cərimə olunacaq sərbəst buraxılıb".

Hələlik, bu məlumatları rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

+++

AXCP üzvlərindən birinin sözlərinə görə, Nəsimi rayon 20-ci polis bölməsində saxlanılanlardan dörd nəfər fiziki təzyiqə məruz qalıb: "Ruslan Əmirovun üzündə zədə yerləri görünür. Sol qabırğası, çox güman ki, sınıb, nəfəs ala bilmir. Mənim özümü də döyüblər, çeçələ barmağımın dırnağı qopub. Bölmədə hələ saxlanılan var".

Əli Kərimlinin məhkəməsi önündə saxlananlar var

AXCP-dən verilən məlumata görə, proses başlamazdan əvvəl polis əməkdaşları məhkəmə binasının önünə toplaşanları ərazidən uzaqlaşdırmağa başlayıb: "Əli bəy çıxış edirdi, bu anda polis əməkdaşları yaxınlaşıb avtomobillərini ərazidən çıxaracaqlarını və bizim oradan uzaqlaşmağımız lazım olduğunu dedilər. Buna etiraz edən bir neçə nəfər saxlandı. Digərlərini məhkəmədən xeyli irəliyə uzaqlaşdırıblar".

ABŞ prezidenti Co Bayden iki cinayətdə suçlanan oğlunu əfv edib

Co Bayden və Hanter Bayden
Co Bayden və Hanter Bayden

"Bu vəzifədə çalışdığım ilk gündən dedim ki, Ədliyyə Nazirliyinin qərarlarına qarışmayacağam. Hətta oğlumu seçib-ayırıb haqsızca təqib etdiklərini görəndə belə sözümü tutdum", - Baydenin açıqlamasında belə deyilir.

Ağ ev rəhbərinin sözlərinə görə, oğluna ünvanlanan suçlamalar siyasi gərəkçəlidir.

"Mən hüquq sisteminə inanıram, ancaq onu da bilirəm ki, naşı siyasət bu sistemə də hopub və, beləcə, məhkəmə səhvi doğurub", - Bayden öz qərarını belə əsaslandırıb. O, ümid etdiyini bildirib ki, "amerikalılar bir ata və prezidentin nədən bu qərara gəldiyini anlayacaqlar".

Oğul Bayden silah alıb-saxlamaq qaydasını pozmağa və vergidən yayınmağa dair iki cinayətdə əfv edilib. İlk işə görə hökm dekabrın 12-də, ikinci işə görə dekabrın 16-da verilməli idi.

Sentyabrda oğul Bayden vergidən yayınmaqla bağlı ittihamın bütün maddələrində özünü suçlu saymışdı. Onun dediyinə görə, cəmi bir neçə ay öncə qanunsuz silah alışında suçlu bilindiyindən ailəsinin canını daha bir ağrılı cinayət işindən qurtarmaq istədiyi üçün bu gözlənilməz etirafları etmişdi.

54 yaşlı Hanter Bayden 2018-ci ildə revolver satın alarkən narkotik istifadəçisi olduğunu gizlətmişdi, - bu, ciddi pozuntu sayılır. Bu üzdən, onu 2 il həbs və 750 min dollar cərimə gözləyirdi.

Suriya ordusu qiyamçıların irəliləyişini dayandırmaq üçün əks-hücuma başlayıb

İdlibə hava zərbələri
İdlibə hava zərbələri

Suriya ordusu ölkənin şimal-qərbinə əlavə ordu birləşmələri göndərib və dekabrın 1-də Hələbi ələ keçirən qiyamçılara havadan zərbələr endirib.

Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Monitorinq Mərkəzinin bilgilərinə görə, hökumət qüvvələri Hələb və İdlibdən sonra Həma vilayətinə hücumun önünü kəsmək üçün "güclü" müdafiə xətti qurub.

Suriyanın dövlət SANA xəbər agentliyi bildirir ki, ordu bölmələri son gecə boyunca qiyamçıları Həma vilayətinin şimalından sıxışdırıb çıxarmağı bacarıb.

Əraziyə əlavə ağır texnika və raket qurğuları göndərilib. Suriya və Rusiya hərbçiləri qiyamçıların silah anbarlarına və dayaq məntəqələrinə havadan zərbələr endirib. Son üç gündə minədək qiyamçının öldürüldüyü iddia edilir.

Dəməşqdə səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, İran müttəfiq ölkənin əks-hücumunu dəstəkləməyə hazırdır. İordaniya kralı İkinci Abdulla və BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Əsədə öz dəstəklərini dilə gətiriblər.

Dekabrın 1-də bir çox Qərb dövlətinin hökumətləri tərəfləri münaqişəni siyasi yolla çözməyə və mülki infrastrukturu qorumağa çağırıb.

Suriya qiyamçıları Hələbin cənub-qərbindəki Xan Şeyxunda.
Suriya qiyamçıları Hələbin cənub-qərbindəki Xan Şeyxunda.

Müxalifətyönlü qüvvələr irəliləyişini sürdürür

Hələbin böyük bir hissəsini, İdlib civarındakı kənd ərazilərini ələ keçirən qiyamçıların Həma şəhərinə daxil olduğu deyilsə də, müstəqil qaynaqlar bunu təsdiqləməyib. Paytaxt Dəməşqdə özünüitirmə və çaşqınlıq əlamətlərinin olmadığı, həyatın öz axarı ilə davam etdiyi bildirilib.

Bu da bildirilir ki, qiyamçılar ABŞ-ın dəstəklədiyi kürd döyüşçülərinin nəzarətindəki Tel-Rifat şəhərinə daxil olaraq kürd birləşmələrini Suriyanın şimal-şərqindəki mövqelərinə qayıtmağa çağırıblar.

Sonuncular Türkiyəni qiyamçılara dəstək göstərməkdə suçlayıblar. Rəsmi Ankara isə bildirib ki, qiyamçıların məhdud hücumu Suriya ordusunun son həftələrdə nəzarət etmədiyi mövqelərə hücumlarının önünü kəsmək üçün gerçəkləşdirilib və ordu geri çəkilərkən hücumun əhatə dairəsi də genişlənib.

BMT-nin Suriya üzrə xüsusi elçisi Qeyr Pedersen bildirib ki, qiyamçıların hücumu regional güvənliyə təhlükədir. O, münaqişəni dayandırmaq üçün tərəfləri diplomatik səylərini bərpa etməyə çağırıb.

Suriyadakı hadisələri yaxından izlədiyini deyən Ağ evin milli güvənlik müşaviri Ceyk Sallivan deyib ki, Suriyanın şimal-şərqində 900-dək ABŞ hərbçisi İŞİD-in dirçəlməməsinə çalışır.

İqtisadi göstəricilərin qeyri-müəyyənliyi fonunda dolların məzənnəsi artıb

Dollar
Dollar

Dekabrın 2-də ABŞ dollarının məzənnə artımı ABŞ-da faiz dərəcələrinin endirilmə perspektivləri baxımından çox önəmli olub. "Reuters"in xəbərinə görə, prezident seçilmiş Donald Trampın son açıqlaması da bunu dəstəkləyib.

Noyabrın 30-da Tramp BRICS üzvlərindən yeni valyuta yaratmamaq və dolları əvəzləyəcək digər valyutanı dəstəkləməmək öhdəliyi götürmələrini tələb edib. Əks halda, ABŞ bu ölkələr üçün 100 faizlik tarif artımı tətbiq edəcək.

Bu, ticarət savaşlarında ABŞ-ın ənənəvi "zəif dollar" mövqeyindən uzaqlaşmasına bir işarə sayılıb. Nəticədə dollarla müqayisədə Çin yuanı son üç ayın, Hindistan rupisi isə bütövlükdə ən minimal dəyərinə düşüb.

Fransadakı siyasi bəlirsizlik avroya basqıyı artırıb və Avropa İttifaqının valyutası da dollarla müqayisədə 0.4 faiz ucuzlaşaraq 1.0532 dollara enib.

"ABŞ iqtisadiyyatının davamlılığını və digər ölkələrdə pisləşən perspektivləri nəzərə alsaq, bunun dolların daha dərin enişinin başlanğıcı olduğunu düşünmürük", - "Capital Economics" ticarət bazarları baş iqtisadçısının müavini Yonas Qoltermann belə deyib və əlavə edib ki, yaxın zamanda faiz dərəcələri üzrə ABŞ-ın xeyrinə növbəti dəyişikliklərin başvermə ehtimalı yüksəkdir.

Bu həftənin sonunda noyabr ayı üzrə məşğulluğa dair hesabatın dərci dərəcələrə təsir edəcək başlıca amildir. İşsizlik səviyyəsinin 4.1 faizdən 4.2 faizə yüksələcəyi gözlənilir.

Avropa Mərkəzi Bankının bu ay faiz dərəcələrini endirəcəyi gözlənilir.

Fransadakı siyasi bəlirsizlik Avropanın vahid valyutasına daha bir əngəl sayılır. Qatı sağçıların parlamentdəki liderləri dekabrın 1-də bildiriblər ki, hökumət onların əlavə büdcə güzəştləri barədə təkliflərini rədd edib. Bu da yaxın günlərlə hökumətə etimad votumu üzrə səsvermə keçirilməsinə, baş nazir Mişel Barnyenin istefasına səbəb ola bilər.

Büdcə kəsirinin artması Fransanın qiymətli kağızlar üzrə gəlirliyini Yunanıstanla eyni səviyyəyə endirib.

Kamran Məmmədli: 'Ölkədən çıxışıma qadağa qoyulub'

Kamran Məmmədli etiraz edərkən
Kamran Məmmədli etiraz edərkən

Heyvan haqları fəalı Kamran Məmmədli deyir ki, onun ölkədən çıxışına qadağa qoyulub.

Onun AzadlıqRadiosuna bildirməsinə görə, bu gün, dekabrın 2-də səhər saatlarında Tbilisiyə uçmalı idi: "Pasport nəzarətində olan adam pasportuma baxdı, sonra kiməsə zəng vurdu. Qısa müddətdən sonra mənə bildirdi ki, Daxili İşlər Nazirliyi ölkədən çıxışıma qadağa qoyub. Səbəb barədə bir söz deyilmədi".

K.Məmmədli hesab edir ki, qadağa COP29-dakı aksiyasına görədir: "İyul ayında ölkədən çıxıb qayıtmışdım, problem yaşamamışdım".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

15 noyabr

Bakıda COP29 tədbirində etiraz aksiyası olub

Heyvan haqları fəalı Kamran Məmmədli noyabrın 15-də Bakıda BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı etiraz aksiyası keçirib. O, üzərində "Sahibsiz itləri vurmağı dayandırın" yazılmış plakat qaldırıb.

Daha sonra K.Məmmədlini mühafizəçilər aparıb, hadisəni çəkən bəzi jurnalistlərə qarşı zorakılıq edildiyi deyilir. Jurnalistlərdən Xəyalə Ağayeva da bildirib ki, onu və həmkarı Aytac Tapdığı sürüyərək zor gücü ilə hansısa otağa aparıblar, sonra isə binadan kənara uzaqlaşdırıblar.

Məsələ ilə bağlı COP29 təşkilatçılarından münasibət öyrənmək mümkün olmayıb.

K.Məmmədli sonradan sərbəst buraxılıb. O, AzadlıqRadiosuna mühafizəçilərin onu ərazidən uzaqlaşdırdığını söyləyib: "Məni tualetə saldılar, bir saat- saat yarım orda saxladılar. Sonra beş-altı mühafizəçinin müşayiəti ilə maşına mindirib, aparıb "Ulduz" metrostansiyasının çıxışında sərbəst buraxdılar".

Azərbaycanda bundan əvvəl də fəallar Bakıda bir neçə dəfə toplaşaraq sahibsiz itlərin güllələnməsinə etiraz ediblər. Onlar baş verənlərə görə hökumətin məsuliyyət daşıdığını bildirirlər. Amma rəsmi qurumlar sahibsiz itlərin güllələnməsi ilə bağlı məlumatları artıq təsdiq etmirlər. Bildirirlər ki, Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunda sahibsiz heyvanların qısırlaşdırılması, quduzluğa qarşı peyvənd edilməsi və birkalanması ilə bağlı tez-tez aksiyalar keçirirlər.

Putinin təsdiqlədiyi büdcədə müdafiə xərcləri rekord həddə çatacaq

Rusiya ordusunun səfərbər edilmiş ehtiyatda olan hərbçiləri təlim mərkəzində döyüş hazırlığı keçirlər.
Rusiya ordusunun səfərbər edilmiş ehtiyatda olan hərbçiləri təlim mərkəzində döyüş hazırlığı keçirlər.

Rusiya prezidenti Vladimir Putin ölkənin yeni büdcəsini təsdiqləyib. Növbəti ildə müdafiəyə rekord sayda vəsaitin ayrılması Rusiyanın Ukrayna savaşını qazanmaq qətiyyətinin zəifləmədiyini göstərir.

Gələn il müdafiə sahəsinə 13.5 trilyon rubl (126 milyard dollar) – toplam xərclərin 35.5 faizi ayrılacaq. Soyuq savaş dönəmindən indiyədək müdafiəyə bu həcmdə vəsait ayrılmamışdı. Misal üçün, ötən il müdafiə xərcləri büdcənin 28.3 faizi idi.

Yeni büdcə hökumətin silahlı qüvvələrə və güc strukturlarına vəsait ayırmaq niyyətini apaçıq göstərsə də, ötənilki büdcədən fərqli olaraq, bu dəfə xərclərin üçdə bir bölümü ictimai nəzarətdən gizlədilir.

Büdcə kəsirinin 1.7 faiz olacağı gözlənilir, ancaq hökumət 0.5 faiz kəsirlə "balanslaşmış" büdcə layihəsi təqdim edib.

Dövlət xərclərinin artması son aylar iqtisadi fəaliyyətdə dalğalanma doğurub. Məmurlar Ukrayna savaşına qatılan könüllülərin onsuz da yüksək maaş və ödənişləri artırırlar. Bu da 32 ayı aşan savaşa əlavə döyüşçü cəlbinin daha da çətinləşdiyindən xəbər verir.

Üstəlik, belə durum bir çox sənaye sahələrində işçi qüvvəsi çatışmazlığı yaratdığından maaşlar və qiymətlər artıb. Ötən ay kartof və yağ kimi əsas tükədici məhsulları qəfildən bahalaşıb, işsizlik səviyyəsi isə 2.4 faizə enib.

Ölkənin iqtisadiyyatı "soyutmaq" istəyən Mərkəzi Bankı faiz dərəcəsini daha öncə görünməyən həddə yüksəldib. Bu, həm daşınmaz əmlak sövdələşmələrini azaldıb, həm də ipoteka kreditlərini əlçatmaz səviyyəyə çatdırıb. Müəssisə rəhbərləri mümkün müflisləşmələrdən rahatsızdır.

Rusiyanın Ukraynaya 2022-ci ildə başlatdığı təcavüz İkinci Dünya müharibəsindən sonra Avropada baş verən ən böyük savaşdır.

AXCP: 'İki üzvümüz həbs edilib, biri isə cərimələnib'

AXCP
AXCP

Son günlər müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki fəalının inzibati qaydada həbs edildiyi, bir nəfərin isə cərimələndiyi bildirilir.

AXCP sədrinin müavini Ayaz Məhərrəmli AzadlıqRadiosuna deyib ki, onlardan Xətai rayon təşkilatının fəalı Malik Babayevi noyabrın 27-də evindən polislər Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinə aparıblar: "Xətai rayon Məhkəməsi Babayevi 15 sutka inzibati həbsə məhkum edib".

Məhərrəmli Babayevə aid başqa detalları açıqlamayıb və əlavə edib ki, noyabrın 28-də də AXCP Xətai rayon təşkilatının daha bir fəalı Natiq Abbasov Xəzər rayon Polis İdarəsinə dəvət edilib: "Natiq Abbasov polisin dəvəti ilə getsə də, bir gün sonra Xəzər rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polis və hərbi qulluqçunun tələbinə tabe olmamaq) maddəsi ilə günahkar bilərək 25 sutka inzibati həbsə məhkum edib".

Məhərrəmli onu da vurğulayıb ki, Abbasovun əmisi oğlu Emin Abbasov saxlandığı zaman onun şəklini çəkdiyi üçün polisdə 50 manat cərimə olunub.

O, AXCP üzvlərinin saxlanılmasını sosial şəbəkələrdə tənqidi rəylər yazmaları ilə əlaqələndirir.

AXCP-dən bu deyilənləri rəsmi qurumlardan dəqiqləşdirmək və onlara münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Hazırda müxalifətdə olan AXCP-nin 11 fəalı uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 300 civarında siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Rumıniyadakı parlament seçkilərində Sosial-Demokratlar Partiyası irəlidədir

Ölkənin ikipalatalı parlamentinə seçilmək üçün 10 mindən çox namizəd qeydiyyatdan keçib.
Ölkənin ikipalatalı parlamentinə seçilmək üçün 10 mindən çox namizəd qeydiyyatdan keçib.

Dekabrın 1-də Rumıniyada keçirilən parlament seçkiləri başa çatıb.

Exit-poll-un nəticələrinə görə, hakim Sosial-Demokratlar Partiyası (PSD) səslərin 26 faizini, qatı sağçı "Rumınların Birliyi uğrunda İttifaq" (AUR) 19 faizini toplayıb.

PSD-nin koalisiyadakı kiçik tərəfdaşı olan "Liberal Partiya" (PNL) və sağ mərkəzçi "Rumıniyanın Qurtuluşu uğrunda Birlik" (USR) hərəyə 15 faiz səs qazanıb.

Bir həftə öncəki prezident seçkisinin birinci turunda alınan gözlənilməz nəticələr və diasporun verdiyi səslərin exit-poll-da nəzərə alınmaması gerçək sonucların fərqli ola biləcəyinə işarə edir. Seçkilərə ikili vətəndaşlığı olan moldovalılar da qatılıblar.

Parlamentdə heç bir partiya çoxluğa nail olmasa, koalisiya hökuməti qurmaq barədə danışıqlar başlanacaq. Ən çox səs toplayan partiya, böyük ehtimalla, baş nazir postuna namizədini irəli sürəcək.

Rumınları təlaşlandıran üzünü həm Şərqə, həm də Qərbə tutan ölkənin bölünməsi, iqtisadi durumun pisləşməsi və korrupsiyanın baş alıb getməsidir.

Parlamentə düşəcək siyasi partiya ölkədəki səslərin, ən azı, 5 faizini toplamalıdır. Ölkənin ikipalatalı - 329 yerlik aşağı və 136 yerlik yuxarı parlamentinə seçilmək üçün 10 mindən çox namizəd qeydiyyatdan keçib.

Seçkilərin son nəticəsi dekabrın 2-də açıqlanacaq. Həmin gün Konstitusiya Məhkəməsi ötən həftə keçirilən prezident seçkisinin birinci turunun nəticələrini də təsdiqləyəcək.

Rusiyayönlü müstəqil namizəd Kelin Corcesku 23 faiz səs toplayaraq Rumıniyanın Avro-Atlantik kursunun tərəfdarı Elena Laskoni və indiki baş nazir Marçel Çiolakunu gözlənilmədən arxada qoya bilib.

Rumıniya prezidentinin milli güvənlik və xarici siyasət məsələləri də daxil, bir çox yetkisi var. O, baş nazir və hakimlik vəzifələrinə partiyaların irəli sürdüyü namizədləri rədd edə bilər.

Suriyada cihadçı silahlılar Hələb civarlarına yaxınlaşıblar

Hələb vilayətində döyüşlər
Hələb vilayətində döyüşlər

Bir neçə gün öncə Suriyanın şimal-qərbində genişmiqyaslı hücuma başlayan Suriya antihökumət qüvvələri noyabrın 29-da Hələbin ətraflarına yaxınlaşıb. Yerli qaynaqlara dayanaraq bu xəbəri çatdıran "Anadolu" agentliyi döyüşçülərin şəhər mərkəzinə doğru irəlilədiyinə diqqət çəkib.

50-dən çox yaşayış məntəqəsini nəzarətə götürən cihadçı qruplaşmalar Hələb və İdlib əyalətlərində təxminən 400 kvadratkilometr ərazini ələ keçirib. Onların səhər saatlarında "Əl-Nəyrab" hərbi hava limanına hücum etdiyi də bildirilir. Bir hərbi helikopteri məhv edən cihadçılar Suriya hökumət ordusunun ağır silah, avtomobil və hərbi anbarlarını ələ keçirməyi bacarıb.

Yerli qaynaqlar cihadçıların hökumət qüvvələrinin onlarla əsgərini əsir götürdüyünü də bildirilir.

Noyabrın 28-də Rusiyanın düşmən tərəfləri barışdırmaq üzrə mərkəzinin rəhbər müavini Oleq İqnasyuk hökumət qüvvələrinin Rusiya aviasiyasının dəstəyi ilə "Cəbhat ən-Nusra" terror qruplaşmasının mövqelərinə hücuma keçdiyini və 400 cihadçının öldürüldüyünü iddia edib.

Daha öncə yayılan xəbərlərə görə, Hələb və İdlibə hücuma Türkiyənin dəstəklədiyi "Heyət Tahrir əş-Şam" cihadçı qruplaşması da qatılıb. Nəticədə strateji önəmli Ürm əs-Suğra və Əncərə də daxil, 10-dan çox yaşayış məntəqəsi, o sıradan Suriya hökumət ordusunun Hələbin qərbindəki ən iri "46-cı bazası" ələ keçirilib. Bununla da silahlılar Hələbi Dəməşqlə birləşdirən çox önəmli beynəlxalq yolu bağlayıblar.

İran XİN bildirib ki, "Heyət Tahrir əş-Şam"ın Hələbə qəfil hücumunu ABŞ və İsrail planlayıb. XİN təmsilçisi Esmail Bəqayi deyib ki, 2017-ci ildə Astanada keçirilən danışıqlarda İran, Türkiyə və Rusiya arasında əldə olunan razılaşmaya görə, Hələb deeskalasiya (gərginlikdə arınma -red.) zonasına daxil edilib. Onun fikrincə, cihadçıların qəfil hücumu Astana sülh prosesinin bütün prinsiplərini kobud şəkildə pozmaq anlamına gəlir.

İslamçıların Suriyadakı hücumu fonunda ölkə prezidenti Bəşər Əsəd Vladimir Putinlə görüşmək üçün Moskvaya səfərə gedib. Hələlik, Əsədin səfəri barədə rəsmi bilgi yoxdur.

Onun rejimini Rusiya ilə yanaşı, ABŞ-da terrorçu təşkilat kimi tanınan "Hizbullah" qruplaşması və İran dəstəkləyir.

DTX 84 kq qızıl külçənin saxlanması barədə məlumat yayıb

Qızıl külçələr
Qızıl külçələr

Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dakı hərbi attaşesinin baş köməkçisi polkovnik-leytenant Qəhrəman Məmmədovun saxlanması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

"Qəhrəman Məmmədov qızıl külçələri Anar Qasımova təhvil vermək üçün taksi ilə İstanbul şəhərindəki hotellərdən biri istiqamətində hərəkət edərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanıb. Onun daşıdığı çantaya keçirilmiş baxış zamanı içərisində 10 milyon 220 min 900 manat dəyərində olan 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilərək götürülüb", - məlumatda bildirilir.

Vurğulandığına görə, araşdırmalar nəticəsində hava limanındakı saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilib.

DTX Q.Məmmədovu A.Qasımov və xarici ölkə vətəndaşları ilə sövdələşərək Birləşmiş Ərəb Əmirliklərindən Türkiyəyə külli miqdarda qızıl külçələri qaçaqmalçılıq yolu ilə keçirməkdə şübhəli bilir.

Bakı Hərbi Məhkəməsi Q.Məmmədov barəsində həbs-qətimkan tədbiri seçib.

Rəsmi açıqlamaya, hələlik, sözügedən şəxslərdən və ya onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

İttiham sübuta yetirilərsə, Q.Məmmədovu 8 ilə qədər həbs gözləyir.

25 noyabr

Hərbi attaşe həbs edilib, qızıl qaçaqmalçılığında ittiham olunur

İstanbulda 70 kiloqram qızılla saxlandığı iddia edilən azərbaycanlı, Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin hərbi attaşesi Qəhrəman Məmmədov həbs olunub. Noyabrın 25-də Bakı Hərbi Məhkəməsində onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Polkovnik-leytenant Q.Məmmədova Azərbaycandan kənarda qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları verilib. Belə suç maddələrində 8 ilədək həbs cəzası nəzərdə tutulub.

"Qəhrəman Məmmədov özünü təqsirli bilmir. O, məhkəmədə qızıl qaçaqmalçılığı barədə ona verilən ittihamı qəbul etmədiyini deyib", - məhkəmədəki adının çəkilməsini istəməyən qaynaq AzadlıqRadiosuna belə söyləyib.

Hərbi attaşe haqqında istintaq Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılır və özü də bu qurumun istintaq təcridxanasında saxlanılır.

Q.Məmmədov 2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dakı səfirliyində hərbi attaşe olub və daha öncə də Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

O, Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. Onun saxlanması barədə öncə Türkiyə mediası xəbər yayıb. Bildirilib ki, İstanbul Prokurorluğunun təqdimatı ilə Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsi Sarıyer adlanan ərazidə ticarət mərkəzinin qarşısında bir şübhəli şəxsi saxlayıb. Taksidə olarkən saxlanılan şəxsdən 70 kiloqram qızıl aşkarlanıb.

İran nüvə silahına sahib ola biləcəyinə dair xəbərdarlıq edib

Abbas Əraqçı
Abbas Əraqçı

İranın xarici işlər naziri Abbas Əraqçı deyib ki, BMT-nin Tehrana sanksiyaları yenidən tətbiq olunarsa, ölkəsi nüvə doktrinasını dəyişə və nüvə bombası hazırlaya bilər.

Əraqçı noyabrın 28-də Lissabonda bildirib ki, İranın uzun müddətdir bomba hazırlamaq üçün texniki bilgiləri var. Ancaq bu, "Tehranın güvənlik strategiyasının tərkib hissəsi deyil".

Əraqçının bəyanatı İranın nüvə proqramını və Yaxın Şərqdəki münaqişələr də daxil, bir sıra məsələni E3 ölkələri (Böyük Britaniya, Fransa və Almaniya) ilə müzakirə edəcəyi Cenevrə görüşü ilə bir vaxta təsadüf edir.

Əraqçi noyabrın 29-da keçiriləcək görüşü indiki nüvə dalanından çıxış yolunun gerçəkdən olub-olmadığını öyrənməkdən ötrü "beyin fırtınası" sayıb.

İştirakçılar Cenevrə görüşünü nüvə danışıqları kimi qiymətləndirilməsələr də, İranın nüvə proqramının başlıca mövzu olacağı gözlənilir. İranla dünya dövlətləri arasında 2015-ci il nüvə sazişinin bərpası ilə bağlı müzakirələr 2022-ci ilin sentyabrından dayandırılıb.

Ötən həftə Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyin 35 nəfərdən ibarət İdarə Heyəti İranı qınayan qətnamə qəbul edib. Bu qətnamə keçmiş və indiki dövrdə nüvə bombası hazırlamaq cəhdləri daxil, İranın genişlənən nüvə proqramı durumunun hərtərəfli və yenilənmiş qiymətləndirilməsini nəzərdə tutur.

Elə hesabat İranla bağlı BMT Təhlükəsizlik Şurasına sorğu göndərilməsinə yol aça bilər. Ardınca İrana qarşı 2015-ci il sazişi əsasında ləğv edilmiş BMT sanksiyaları yenidən tətbiq edilə bilər.

Qətnaməyə cavab olaraq, İran uranın zənginləşdirilməsi üçün bir neçə "yeni və mürəkkəb" sentrifuqanı işə salıb.

Əraqçi Tehranın "düzgün" tərəflərlə danışdığına əmin olmadığından, Cenevrə danışıqlarına nikbin yanaşmadığını deyib.

2018-ci ildə Donald Tramp ABŞ-ı sazişdən çıxarandan və İrana qarşı sanksiyalar yenidən tətbiq ediləndən sonra sözügedən razılaşma öz qüvvəsini itirib. Rəsmi Tehran buna nüvə proqramını genişləndirmək, nüvə obyektlərində yoxlamaları məhdudlaşdırmaq və uranı 60 faizə qədər zənginləşdirməklə cavab verib.

Xanımı: Tbilisi məhkəməsi Əfqan Sadıqovun ekstradisiyasına qərar verib

Əfqan Sadıqov
Əfqan Sadıqov

Noyabrın 28-də Tbilisi şəhər Məhkəməsinin Azel.TV saytının rəhbəri Əfqan Sadıqovun Azərbaycana ekstradisiya olunması barədə qərar qəbul etdiyi bildirilir.

Bu barədə onun həyat yoldaşı Sevinc Sadıqova məlumat verib.

Müdafiə tərəfinin deyilən qərardan apellyasiya şikayəti verəcəyi gözlənir.

Hələlik, xanımının bu dediklərini məhkəmənin özündən dəqiqləşdirmək mümkün olmayıb.

Sayt rəhbərinin hüquqlarını müdafiə edən Gürcüstanın Sosial Ədalət Mərkəzi isə bildirib ki, bu ölkənin Baş Prokurorluğu vəsatət qaldıraraq Tbilisi şəhər Məhkəməsindən Ə.Sadıqovun Azərbaycana ekstradisiyasının məqbul sayılmasını xahiş edib.

Açıqlamalara görə, müdafiə tərəfi vəsatətlə razılaşmır və onun Azərbaycana ekstradisiyasının siyasi və "özbaşına təqib" məqsədi daşıdığını düşünür.

Bundan əvvəl Gürcüstanın Miqrasiya Xidməti Ə.Sadıqova sığınacaq verməkdən imtina edib. O, avqustun 3-də Azərbaycanın sorğusu əsasında saxlanıb.

Onun xanımı S.Sadıqova vurğulamışdı ki, Azərbaycanda Ə.Sadıqova qarşı mayın 10-da Daxili İşlər Nazirliyində cinayət işi qaldırılıb: "İyunda Bakıda "ASAN Xidmət"ə həyat yoldaşıma qarşı cinayət və ya məhkəmə işinin, habelə axtarışda olub-olmaması ilə bağlı sorğu göndərdim. Sorğuya cavabda sadəcə onun barəsində məhkumluğun olduğu göstərilib".

O, başqa detallar açıqlamamışdı.

Hələlik, bütün bu açıqlamalara Azərbaycanın rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

"Amnesty International" beynəlxalq insan haqları təşkilatı Gürcüstan hakimiyyətini Ə.Sadıqovun Azərbaycana deportasiyasını dayandırmağa çağırıb.

AzelTV-nin rəhbəri olan Ə.Sadıqov 2020-ci ildə Azərbaycanda xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmədə təqsirli bilinərək 7 il həbs olunub. Bir il sonra onun cəzası 6 ilə endirilib və o, 2022-ci il mayın 27-də əfv sərəncamı ilə azadlığa buraxılıb.

O, daha öncə də Azərbaycanda məhbus həyatı yaşayıb, bütün hallarda ittihamları qəbul etməyib və onların onun fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib.

Ə.Sadıqovu yerli hüquq müdafiəçiləri əvvəlki həbsi zamanı siyasi məhbus kimi tanımışdılar. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, Azərbaycan "siyasi məhbus" adlandırılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

Hazırda Azərbaycanda 10-dən çox jurnalist həbsdədir, onlar ittihamları qəbul etmir, siyasi motivli sayırlar.

Tokayev 'çətin zamanda' Qazaxıstana səfərə gələn Putini qəbul edib

Kasım-Jomart Tokayev və Vladimir Putin
Kasım-Jomart Tokayev və Vladimir Putin

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev noyabrın 27-də Qazaxıstana dövlət səfərinə gələn Vladimir Putinlə iki ölkə arasında enerji və sənaye əlaqələrinin inkişafına dair danışıqlar aparıb.

Tokayev səfərdən öncə rəsmi "Kazaxstanskya Pravda" qəzetində Putinin məqaləsini diqqətlə oxuduğunu söyləyib. O, iki ölkə arasındakı münasibətlərin durumu barədə açıqlamasını Rusiya mediasında dərc etdirib.

Tokayev Qazaxıstanın "indiki çox çətin zamanda" Rusiya üçün etibarlı strateji tərəfdar qaldığını vurğulayıb.

Putin qazaxıstanlı həmkarına "rus dilinə göstərilən qayğı üçün" minnətdarlığını bildirib.

Rəsmi Astana Rusiyanın Ukraynada apardığı savaşdan özünü uzaq tutsa da, enerjidaşıyıcıların Qərb bazarlarına Rusiya ərazisindən nəqlinə görə və bu ölkədən qida, elektrik enerjisi və digər məhsullar gətirilməsi üzündən Rusiyadan asılıdır.

Putin öz məqaləsində Qazaxıstanın ixrac etdiyi neftin 80 faizinin Rusiya ərazisindən keçdiyini vurğulamışdı.

İki prezident Qazaxıstana neft ixracına dair razılaşmanın uzadılması üçün protokol imzalayıblar.

Qazaxıstan ərazisindən Özbəkistan və Qırğızıstana təbii qazın nəqli də müzakirə edilib.

Liderlər hidroenerji, avtomobil təkərləri, gübrələr və digər sahələrə aid mövzulara da toxunublar.

Rusiyanın Qazaxıstandan taxıl, meyvə və digər kənd təsərrüfatı məhsullarının idxalına qadağası da müzakirə edilib. Qazaxıstan öz istehsalçılarını qorumaq üçün avqustda Rusiyadan buğda gətirilməsini yasaqlayandan sonra Moskva həmin addımı atmışdı.

"Ölkələrimiz Avrasiya İqtisadi Birliyində və ya xarici bazarlarda rəqabət aparmamalıdır", - bunu deyən Tokayev Moskvanın rəhbərlik etdiyi postsovet ticarət blokunun daxilində və xaricində kənd təsərrüfatı məhsullarının ixracına işarə edib.

Tramp Ukrayna üzrə xüsusi elçiliyə generalın namizədliyini verib

Kit Kelloq
Kit Kelloq

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna və Rusiya üzrə xüsusi elçi vəzifəsinə onun müdafiə məsələləri üzrə müşaviri olmuş, təqaüddəki general-leytenant Keyt Kelloqun namizədliyini irəli sürüb.

"Kit mənim ilk prezidentlik dönəmimdə milli güvənlik sahəsində bir çox məsuliyyətli vəzifədə çalışıb. O, görkəmli hərbi və işgüzar karyera qura bilib",- Trampın sosial şəbəkədəki paylaşımında dilə gətirdiyi sözlərdir.

Kelloqun elə öncədən onun yanında olduğunu deyən Tramp əlavə edib ki, onlar birlikdə "gücdən yararlanıb barışı, ABŞ və dünyadakı güvənliyi təmin edəcəklər".

"Reuters"in xəbərinə görə, Kelloqun Ukrayna savaşını bitirəcəyi iddia olunan planı döyüşlərin indiki mövqelərdə dayandırılmasını və hər iki tərəfin danışıqlar aparmağa məcbur edilməsini nəzərdə tutur.

Ukrayna ordusuna ölüm hökmü?

Bilgiyə görə, ukraynalılar Kelloqun planına razılıq verməsələr, ABŞ Kiyevə ayrılan yardımı dayandıracaq. Rusiyalılar planı rədd edərlərsə, tam tərsinə, ABŞ Ukraynanın qələbəsi üçün gərəkli hər şeyi verəcək. Kelloqun planında Rusiyanı danışıqlara çəkmək üçün Ukraynanın NATO-ya üzvlüyü nəzərdə tutulmur.

San-Dieqo Dövlət Universitetinin siyasi elmlər professoru Mixail Alekseyev AzadlıqRadiosuna bildirib ki, tərəfləri danışıqlara məcbur etmək heç bir nəticə verməyəcək, "bunun niyə və necə baş vermədiyini görə biləcək ilk şəxs Kelloq olacaq".

Rusiyanın BMT-dəki səfirinin müavini Dmitri Polyanski BMT Təhlükəsizlik Şurasının iclasında bildirib ki, yeni Tramp administrasiyasının Ukraynaya dəstəyi azaltmaqla bağlı hər hansı qərarı Ukrayna ordusundan ötrü "ölüm hökmü" sayılacaq.

Polşanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi

Bu gün, noyabrın 28-də Polşanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mixal Qreçilo Xarici İşlər Nazirliyinə çağırılıb.

Məlumata görə, "görüş zamanı, Azərbaycan tərəfinin xəbərdarlıqlarına baxmayaraq, Polşa prezidenti Anjey Dudanın Ermənistan-Azərbaycan sərhəd bölgəsinə... səfər edərək Avropa İttifaqının Ermənistandakı Missiyası ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakına etiraz bildirilib".

"Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə alət kimi geniş şəkildə sui-istifadə olunduğu xatırlanıb". - XİN-in açıqlamasında əlavə edilib.

Bu məlumata Polşa və Ermənistan rəsmi qurumlarının münasibətini öyrənmək mümkün olmayıb.

Polşa prezidenti A.Duda noyabrın 25-dən 27-dək Ermənistanda rəsmi səfərdə olub.

Aİ-nin Ermənistandakı missiyası ilə bağlı bundan əvvəl də həm Rusiya, həm də Azərbaycan rəsmiləri bir neçə dəfə tənqidi fikirlər səsləndiriblər. Aİ təmsilçiləri isə bildirirlər ki, mülki, silahsız bir missiyanın mandatı yalnız müşahidə aparmaqdır.

Missiyanın yaradılması...

2023-cü ilin yanvarında Aİ sərhəd ərazilərdə "sabitliyə töhfə vermək" məqsədilə Ermənistanda mülki missiya yaradıb. İkiillik monitorinq missiyası Ermənistanda sərhəddə patrul xidməti həyata keçirir. Dekabrda missiya üzvlərinin sayı 138-dən 209 nəfərə artırılıb.

Rəsmi Bakı qurumun bu qərarını tənqid edib və bu addımı mandatın sayının "özbaşına" genişləndirilməsi adlandırıb.

Bu missiyanın yaradılmasından öncə tez-tez Azərbaycan və Ermənistan sərhədində atəşkəsin pozulması ilə bağlı məlumatlar yayılırdı. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini günahlandırırdılar.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında zaman-zaman hərbi toqquşmalara səbəb olub. Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla Qarabağa nəzarəti bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb. Hazırda sülh danışıqları gedir.

Bələdiyyə seçkilərinin tarixi açıqlanıb

Məzahir Pənahov
Məzahir Pənahov

Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-da keçiriləcək.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün, noyabrın 27-də keçirilən iclasında qurumun sədri Məzahir Pənahov məlumat verib.

Əslində Azərbaycanda bu ilin sonunda bələdiyyə seçkilərinin keçirilməsi gözlənirdi. Mövcud qanunvericiliyə görə, seçkilər səsverməyə azı 60 gün qalmış elan edilməlidir.

Azərbaycanda son bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib. Seçki Məcəlləsinə görə, bələdiyyələrin səlahiyyəti beş ildir və bu müddətdən gec olmayaraq seçki keçirilməlidir. Bəzi siyasi təhlilçilər və hüquqşünaslar bələdiyyə seçkilərinin vaxtında keçirilməməsini qanunsuz sayırlar.

Milli Məclisin bəzi üzvləri isə bu barədə tənqidlərə cavab verərkən bu gecikməni noyabrın 11-dən 22-nə kimi Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə izah ediblər. Amma bununla bağlı rəsmi izah ictimaiyyətə açıqlanmayıb.

Üstəlik, bu il bəzi bələdiyyələrin birləşdirilməsi ilə bağlı qanun layihəsi də hazırlanıb. Sənəddə Azərbaycanda 1 min 400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində onların ümumi sayının 685-ə endirilməsi nəzərdə tutulub.

Xatırlatma

Azərbaycanda ilk dəfə bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib. Ondan sonra ölkədə 2 min 757 bələdiyyə fəaliyyət göstərirdisə, 2009-cu ildə bir çox bələdiyyələr birləşdirilib və onların sayı 1 min 716-ya endirilib. Daha sonra bələdiyyələrin sayı 1 min 606-ya düşürülüb. Bu il də həmin proses davam edib, qanunvericiliyə olunan dəyişikliklərlə onların sayı yarıdan çox azaldılır. Ölkə vətəndaşları, xüsusilə də kənd sakinləri zaman-zaman bələdiyyələrin birləşdirilməsindən narazılıqlarını bildiriblər. Onlar deyiblər ki, nəticədə bələdiyyələr əlçatımlı olmurlar. Rəsmilər isə belə tənqidlərə cavab olaraq vurğulayıblar ki, bələdiyyələrin birləşdirilməsi onların gücünün artırılmasına xidmət edir.

İstər müxalifət, istərsə də bir sıra ekspertlər ölkədə bələdiyyələrin yerli hakimiyyət orqanı kimi statuslarını yetərli saymırlar.

Davamı

XS
SM
MD
LG