Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 07:07

Sahibkarlara kreditlər yeni qaydalarla veriləcək


Kredit məbləğinin yuxarı həddi 1 milyon dollardan 3 milyon dollara qədər artırılacaq
Kredit məbləğinin yuxarı həddi 1 milyon dollardan 3 milyon dollara qədər artırılacaq
Yeni qaydalara görə, sahibkarlara kredit vermək barədə son qərarı əvvəllər olduğu kimi, bank yox, fondun yeni yaradılmış Müşahidə Şurası verəcək

Rəşad Allahverdiyev Ağstafada sahibkarlıqla məşğul olur. Deyir, biznesini böyütmək üçün düz bir il Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil banklarına ayaq döyüb. Əvvəlcə ona deyiblər ki, kredit ala bilər, amma sonra banklar hərəsi bir bəhanəylə kredit verməkdən imtina ediblər: «Şapka» istədilər məndən, bir daha əmin oldum ki, adamın olmasa, güzəştli kredit almaq mümkün deyil».


Rəşad Allahverdiyev kimi bütün sahibkarlar krediti ona görə Sahibkarlığa Kömək Milli Fondundan almaq istəyirlər ki, bu fondun kredit şərtləri kommersiya banklarının verdikləri kreditdən qat-qat yüngüldür. Məsələn, kommersiya bankı krediti illik 18-20 faizlə verirsə, banklar Sahibkarlığa Kömək Milli Fondundan aldığı krediti yeddidən yuxarı faizlə verə bilməz.


Sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin işi ilə bağlı Sahibkarlığa Kömək Milli Fondunun da keçmiş rəhbəri Qədir Hüseynov həbs olunub. Amma bu yaxınlarda fonda yeni rəhbər təyin edildikdən sonra yenidən kreditlərin verilməsinə başlanıb. İqtisadi İnkişaf Nazirliyi deyir ki, fondun keçmiş rəhbərliyi dövründə vəsaitlərin paylanmasında şəffaflıq olmayıb.


Bir neçə gün əvvəl prezident bildirdi ki, bir layihə üçün ayrılan kredit məbləğinin yuxarı həddi 1 milyon dollardan 3 milyon dollara qədər artırılacaq. Bu, o deməkdir ki, fonda müraciət edənlərin sayı bir az da artacaq və onların arasında iri sahibkarların sayı çoxalacaq.


Tacirlər və İstehsalçılar Birliyinin sədri Sevgim Rəhmanov hesab edir ki, dövlətin bir layihə üçün ayırdığı vəsaiti artırması yaxşı haldır, çünki iri biznes qurmaq istəyənlər indiyə qədər bu vəsaitdən istifadə edə bilmirdilər.


Amma Sevgim Rəhmanovun fikrincə, əsas məsələ həmin vəsaitin xərclənməsinə nəzarət etməkdir. Tacirlər və İstehsalçılar Birliyinin sədri deyir ki, fondun vəsaitləri tender əsasında paylanmalıdır: «Kim tenderdə qalib çıxsa, ona verilsin, şəffaf olmayanda hərə bir söz danışır».


Sahibkarlar Şurasının üzvü, «Azinşaat» Holdinq Şirkətinin prezidenti Natiq Şirinzadə isə hesab edir ki, fondun vəsaitlərindən daha çox adamın yararlanması üçün dövlətin ayırdığı pulu müvəkkil banklar vasitəsilə yox, birbaşa fondun özü versə yaxşıdır.


Sahibkarlığa Kömək Milli Fondunun yeni təyin edilmiş sədri Elçin Zeynalov isə deyir ki, bundan sonra sahibkarların kredit alması asanlaşacaq, indi sahibkarlara kreditlər yeni qaydalar əsasında veriləcək. Yeni qaydalara görə, sahibkarlara kredit vermək barədə son qərarı əvvəllər olduğu kimi, bank yox, fondun yeni yaradılmış Müşahidə Şurası verəcək.


Elçin Zeynalov deyir ki, yeni qaydalarda kreditin qaytarılma müddətinin 8 ildən 5 ilə qədər azaldılması da müzakirə olunur.


Sahibkarlığa Kömək Milli Fondu ölkədə qeyri-neft sektorunda sahibkarlığı inkişaf etdirmək məqsədilə yaradılıb. Fond kreditləri illik 7 faizlə 8 illiyinə verir. Bu ilin dövlət büdcəsində fonda 80 milyon yeni manat ayrılıb.


XS
SM
MD
LG