Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 05:55

28 günlük təşviqat müddəti nələrlə yadda qaldı?


Təşviqat qrupları öz mövqelərini cəmiyyətə çatdıra bildilərmi?
Təşviqat qrupları öz mövqelərini cəmiyyətə çatdıra bildilərmi?
Referendumqabağı təşviqata ayrılmış müddət martın 17-i, səhər saat 8-də başa çatır. 28 günlük təşviqat müddəti nələrlə yadda qaldı? Təşviqat qrupları öz mövqelərini cəmiyyətə çatdıra bildilərmi?

Müxalifyönlü «Respublikaçılar» təşviqat qrupunun üzvü Arif Hacılı deyir ki, onlar yaradılmış şəraitdən maksimum istifadə etməyə çalışdılar, amma həm pulsuz efir imkanının azlığı, həm də kütləvi aksiyalara icazə verilməməsi təşviqatın keyfiyyətinə ciddi təsir göstərdi.

A.Hacılı deyir ki, referendum əleyhinə olanlar öz materiallarını yayanda tez-tez polis təzyiqilə üzləşiblər, seçicilərlə keçirilən qapalı görüşləri polis izləyib:

«Qapalı görüşlərimizin bir çoxu ciddi maneələrlə üzləşdi».

Müxalifyönlü təşviqat qrupları hər dəqiqə üzərlərində polis nəzarətini hiss etdiklərini deyirlər. Elə «Azadlıq» radiosunun əməkdaşları da müxalifyönlü təşviqat qruplarının tədbirlərini izləyəndə addımbaşı polislə rastlaşıblar, amma digər təşviqat qruplarının tədbirlərinə polis nəzarətini müşahidə etməyiblər.

«Tərəqqi» təşviqat qrupunın üzvü, deputat Zahid Oruc da deyir ki, onlar polislə demək olar ki, üz-üzə gəlməyiblər:

«Biz polis mühafizəsi istəməmişdik. Qapalı görüşlər olduğu üçün polisin müşayiətinə də ehtiyac yox idi».

Amma bir neçə kənddə keçirdikləri görüşlərinə polis seçici kimi qatılıb. Zahid Oruc deyir ki, təşviqat müddətində yetərincə referenduma çıxarılan məsələləri təbliğ edə biliblər.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə hesab edir ki, 28 günlük təşviqat müddətinə 28-dən çox pozuntu düşür. Onun fikrincə, təbliğat müddəti üçün ayrılmış vaxtın azlığı ucbatından ictimaiyyətə referenduma çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklər barədə ətraflı məlumat vermək mümkün olmayıb.

A.Məmmədli deyir ki, apardıqları monitorinq zamanı bəlli olub ki, özəl elektron media da referendumla bağlı maarifləndirməyə, təşviqat qruplarının tədbirlərinə az yer ayırıb. Hətta elə televiziya olub ki, ümumiyyətlə, referendum barədə danışmayıb.

A.Məmmədlinin sözlərinə görə, təbliğat müddətində yalnız müxalifəti təmsil edən qruplar təzyiqlə üzləşiblər.

«Respublikaçılar» təşviqat qrupunun üzvü Arif Hacılı deyir ki, onlar MSK-ya yüzlərlə şifahi, 30-dək yazılı şikayət ediblər, amma yalnız bir şikayətləri haqlı sayılıb.

MSK-dan isə deyirlər ki, təşviqat müddətində təxminən on şikayət olub və hər biri də araşdırılıb. MSK rəhbərliyi hesab edir ki, bu şikayətlərin əsası olmayıb və təşviqat dövründə hər bir tərəfə bərabər şərait yaradılıb.

Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı təbliğat aparmaq üçün rəsmi qeydiyyatdan keçən 9 təşviqat qrupundan ikisi - «Qarabağ və Respublika Uğrunda», «Respublikaçılar» seçiciləri referendumu boykota çağırıb. «Yeni Azərbaycan», «Hüquq və demokratiya», «Tərəqqi» və digər təşviqat qrupları isə referendumu dəstəkləyir.
XS
SM
MD
LG