Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:55

Sabir Əhmədli Azərbaycanın sovet dövründəki rəhbərləri haqda


Xalq yazıçısı Sabir Əhmədlinin son kitabı - ölümündən sonra çap olumasını vəsiyyət etdiyi "Yazılmayan yazı" kitabından parçalar.


Mirzə İbrahimovu Azərbaycan SSRİ Ali Soveti Rə-yasət Heyətindən çıxardıqları günün ertəsiydi.

Sıxışdırılan xalq yazıçısı gəlmişdi Yazıçılar İttifaqına. Yazıçılar İttifaqı yazıçıların güvənc yeri olmuş, çox vaxtlar da onları girə vermişdi.

İşdən, vəzifədən çıxarıldığı günün ertəsi gəldi, qalxdı üçüncü qata, "Ədəbiyyat qəzeti"nə. İşçilər onunla maraqlandı, sorub soruşdular.

O, dəhlizdəki divanın üstə oturub, azacıq yayxanıb dedi: “Məni qınayırlar: niyə sənə əl çalırlar?” Deyirəm: “ Mən o sözləri deyirəm, onu bir pinəçi də desə, əl çalacaq, alqışlayacaqlar”.

O zaman milli duyğuların tərpəndiyi vaxtdı. Doğma dildən ötrü qalxmışdılar.

Dil söhbətini, milli dilin dövlət dili sayılmasını istəyənlərdən biri, bəlkə, birincisi Mirzə İbrahimovdu.

Xalq arasında buna görə hörmət qazanmışdı. Azərbaycanın dəyərli rəhbərliyi onda olmuşdu: İman Mustafayev Mərkəzi Komitənin birinci katibi, Rəhimov Nazirlər Sovetinin sədri, Mirzə İbrahimov Ali Sovet Rəyasət Heyətinin sədri olanda.

Hər üçü millətini sevən, başarıqlı insanlardı.

Rus- Moskva anladı ki, bu üçü birlikdə çox iş görə bilər. Onların arasına nifaq saldılar: “ Mustafayev ləzgidir, ləzgiləri gətirir hakimiyyət başına, Rəhimov qədeşdi, Mirzə İbrahimov həmşəri, şöhrətpərəst…» Rəhimov barəsində eşitmişdim: Ermənilərin katalikosu gəlir onun qəbuluna.

Katalikosun xahişi bu olur ki, Naxçıvanı, Qarabağı Azərbaycan versin Ermənistana.

Rəhimov deyilənə görə, əlini aparır xayasına doğru, azərbaycanca deyir: “Budur, bunları verərəm sana! ”Demə, erməni katalikosu Azərbaycan - türk dilini bilirmiş. Əliboş gedib.

İman Mustafayevi bir kərə belə gördüm: Qarabağ kanalı çəkilmişdi. Onun açılışı olacaqdı. Məni qəzetdən göndərdilər ki, gedim Mingəçevir səmtə.

Gərək ki, Xana-baddamı, ya haradasa bu arxın açılış bayramında olum və oradan yazım.

Mənimlə birlikdə Osman Sarıvəlli də oraya göndərilmişdi. Getdim. Səhər yollanacaqdım açılış yerinə. Bir yağış başladı, aləm sel-su içində.

Gəldik arxın açılışına. Xeyli insan vardı. Hamısı arxın açılışına yığılmışdı. Şıravan yağış döşəyirdi. Kimsə getmir, əhali yağış altında cumculuq islanırdı.

Arxın açılışına İman Mustafayev gəlməliydi, Mər-kəzi Komitənin birinci katibi, respublikanın başçısı. Hamı yağış altında onun yolunu gözləyirdi. Düşünürdülər ki, bu havada o gəlməz.

Gəlsə də yığıncaq, təntənə baş tutma-yacaq. Yağış altında necə iclas quracaqlar? Üstdən bir qədər keçmişdi, hökumət maşını göründü. İman Mustafayev gəldi.

Çadır düzəltdilər. Göydən enən sel-su altında İman Mus-tafayev Qarabağ arxının açılışında bir isti, qızğın nitq söylədi.

Arxın bəndi üzərinə bağlanmış yeləni kəsdi. Alqışlar, gur yağış altında su arxının açılışı baş tutdu…

Süleyman Rəhimov Cəbrayıl seçki dairəsindən Res-publika Ali Sovetinə deputatlığa seçilməliydi. Bundan ötrü seçicilərlə görüşsün deyə klubda bir böyük yığıncaq keçirildi.

Onun sonrakı deputatlığa namizədliyində vəkili mən olmuş-dum. Amma onda ilk kərə o, deputatlığa namizəd veriləndə kimdi onun inanılmış nümayəndəsi? Özü çıxış etdi klubda.

Dedi: “Mən ticarətçi deyiləm, sizə qənd, çay, ərzaq boyun olum. Kişilərə bir məsləhətim var. Bir əlləriylə arvadlarınnın ipini yığsınlar, bir əlləri iş görməyə bəs edər”.

Bilmirəm bu sözləri o, kimə söyləyirdi? Rayonda-kılaramı, yoxsa yüksək vəzifə sahiblərinə?

Vəli Axundov - Mərkəzi Komitənin katibi Yazıçılar İttifaqından Mehdi Hüseynlə yaxındı, ailəlikcə ünsiyyət saxlayırdılar. Bu kişilərin arvadları da biri-birinə məhrəm-dilər.

Yazıçılar İttifaqında kəskin çəkişmələrin getdiyi vaxt-lardı. Çağırıb sayılan yazıçıları yığmışdılar Mərkəzi Komi-təyə. Orada danışdırırdılar: “Niyə çəkişir, yola getmirsiniz”?

Dəstənin birinin başında Süleyman Rəhimov, o birində Mehdi Hüseyn - Yazıçılar İttifaqının sədri dayanırdı. Bu köhnə savaşdı.

Həmişə İttifaqda belə çəkişmə olmuşdu. “İttifaq” sözünü də ikiyə ayırır, “İt – tifaqı” təki çağırırdılar.

Bir yanda keçmişdə, otuzuncu illərdə həqiqi yazıçılar, vicdanlılar olmuşdu, o yanda sovet yazıçıları, birincilərə böhtan, şər atanlar, əsl yazıçıları Sibirə, ölümə göndərənlər.

Partiya, hökumət də həmişə Yazıçılar İttifaqının rəhbərliyinə onlara tabe olanları qoyurdu.

Sonralar yazıçılar, xalq içindən çıxanlar intellektuallar təki iki dəstəyə bölünüb vuruşurdular. Bunlarınkı sənət, məslək, ideya davasından artıq, şöhrət və qazanc üstündə idi.

Vəli Axundov çalpapaqlarla bu biriləri yığmışdı Mərkəzi Komitəyə. Dindirir, danışdırır, çəkişmənin, davanın kökünə varıb, onu aradan götürmək istəyirdi. Çalpapaqların başçısı Süleyman Rəhimov danışdı, o belə bir bənzətmə gətirdi.

Dedi: “Vəli Yusifoviç, təsəvvür edin ki, biz bir maşında gedirik. Bu maşının sürücüsü Mehdi Hüseyndir. O maşını yaxşı sürmür, çala-çökəyə salır, bizi də atıb tutur, içimiz tökülür”.

Vəli Axundov gülümsəyib cavabında demişdi: “O, yaxşı sürə bilmir maşını. Siz də bir yandan onun başını qatır, qoymursunuz”.
“Qayıdacağına inanırdı” adlı bir film çəkmişdik.

Film sənədliydi, kiçikdi, mənim qardaşım Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədova həsr olunmuşdu. Onun rejissoru Yalçın Əfəndiyev, operator Tofiq Sultanov, ssenaristsə məndim.

Bu qısametrajlı film qəhrəmanın vətəni Cəbrayılda və qəhrəmanın son döyüşləri getmiş, həlak olduğu Polşada çəkilmişdi.

Bu işə o vaxt kinostudiyanın sədri Adil İskəndərov kömək etmiş, onun xeyirxahlığı ilə baş tutmuşdu. Allah Tofiqə rəhmət eləsin, olduqca pak bir insandı.

Film hazır olanda Mərkəzi Komitədə ona baxmışdılar. Qardaşım Vaqif eşitmişdi, ya o da iştirak etdiyi bir məclisdə Vəli Axundov həmin kiçik filmə baxdıqdan sonra demişdi: “Ananı incidiblər”.

Bu olduqca incə, səmimi bir rəydi. Belə ki, film başdan-başa ağbirçək ananın nitqi, nağıl danışmağı üstə qurulmuşdu. Burasını mən düşünmüşdüm.

Ana hələ o ana qədər öldüyünə inanmadığı oğlu barədə danışır, qəhərli səslə, doğma balasının həyatı, onun barəsində soraqlar çatdırırdı. Şəhid olmuş, düşmən gülləsindən ağır, çətin bir döyüşdə bir neçə yara alıb ölmüş övladı barədə ana söyləyirdi.

O, qələbə sevinci ilə ölüm sorağının arasında qalmışdı.

Vəli Axundov orasını həssaslıqla görmüşdü. Biz ananı çətin hala salmışdıq. Əgər ilk varianta baxsa idilər, burada ananın dillənməyi lap müsibətdi, büsbütün kövrəlib ağlayırdı. İlk variantı dinlədikdən sonra çoxları, eləcə də kinostudiyada istəməmişdilər, ana bu ağlar səslə dindirilsin.

Ona görə vadar olub ananı Bakıya gətirmiş, burada filmdəki nitqi dəyişmiş, büsbütün yenidən yazmışdıq onun səsini. Burada ana səsi “nikbinləmişdi”.

Əgər Vəli Axundov o ilk yazılışı görsə idi... Həqiqi faciə içində yanan ananın etirafı, dərdi-qəmi orada daha gerçək çıxmışdı…

Bir də Vəli Axundovu bir məclisdən xatırlayıram. Mərkəzi Komitədə yenə iclasdı, raykom katibi kimi bizim Vaqif də orada iştirak edirdi, Yazıçılar İttifaqının partiya təşkilat katibi kimi məni də o məclisə çağırmışdılar.

Nə isə yenə bir əsəbilik vardı. Vəli Axundov araqarışdıranları hədələdi: “Məniynən qoz-qoz oynamayın!” deyib əlinin birini ovcunda qoz varmış təki oynatdı.

Bütün birinci katiblər, Mərkəzi Komitə başçıları, respublikanın ağalarının əksəri yerlibaz olublar, doğulduqları yeri, kəndi, şəhəri gözləyiblər.

Bir zaman hətta Mir Cəfər Bağırovun başçılığı vaxtı onun vətəni Quba, Mustafayevin rəhbərliyi vaxtı İlisu- “Ləzgistan”, Vəli Axundovun vaxtı Bakı, Heydər Əliyevin vaxtı olan otuz ildən artıq müddətdə Naxçıvana üstünlük verilib.

Kadrlar da o yerlərdən seçilmişlər. Teymur Quliyev Nazirlər Sovetinin sədri olanda Cəbrayıl dəbdə idi. O zaman Bakı otellərində yer, otaq almaq olduqca çətindi.

Elə ki qonağın pasportuna baxır, Cəbrayılda doğulduğunu görürdülər, ona dərhal mehmanxanada, qonaq evində yer verirdilər.

Teymur Quliyevin atası, əmisi də mənim yaxşı yadımdadır. Uşaqkən onları Cəbrayılda çox görmüşdüm. Teymurun atası, qoca kişi, əlində bir torba, zənbil çıxırdı şəhərciyin arasına.

Kefi istəyəni dükanlardan yığırdı, zənbilini doldururdu. Ərzaq, azuqənin qıt vaxtı pul vermədən düzəlird çaylağın o tayındakı evinə.

O tayda böyük, bir neçə otaqlı evini dövlət almış, poçt şöbəsi orada yerləşdirilmişdi. Elə bil kişi evinin hayıfını dövlətdən, onun dükanlarından alır, dükançılarsa onun ardınca söyüb-söylənirdilər.

Mütəllibov bir hadisə ilə bağlı yadımda qalıb. Lətif Kərimov rəhmətə getmişdi. Onu filarmoniyadan götürəcəkdilər. Meyid orada vida üçün qoyulmuşdu. Mən də getdim. Son olaraq respublikanın rəhbərləri gəldilər.

Fəxri duruşda qabaqda sol yandan Mütəllibov dayanmışdı. Salonda məndən öndə iki qadın əyləşmişdi. Mütəllibovun mərasimə gəldiyini görcək canlandılar. Öz aralarında pıçıldaşdılar: “Görək görəcək?” Gözlərini səhnəyə dikdilər.

Mən də onları və səhnəni izləyirdim. Mütəllibov o qədər insanın sezə bilməyəcəyi tərzdə, himlə iki zənənə salam göndərdi.

Hər iki qadın şadlıqdan az qaldılar yerlərindən hoppansınlar. Sevincək bildirdilər: “ Gördü”!..

Həmçinin oxu
Polis rəisi Nazim Nağıyev üstümə qışqırdı "Bu alçaqlıq nədir yazmısınız?!"
"Anarla söhbətlərimizdə dönə-dönə 37-ci ilin sözünü təzələmişdim"
Heydər Əliyevin məruzəsində Sabir Əhmədli necə tənqid edilirdi
XS
SM
MD
LG