Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:27

Sabir Əhmədli İran səfirliyindən pulu necə alırdı?


Xalq yazıçısı Sabir Əhmədlinin son kitabı - ölümündən sonra çap olumasını vəsiyyət etdiyi "Yazılmayan yazı" kitabından parçalar. Bu bölüm S.Əhmədlinin "Ədəbiyyat" qəzetinə rəhbərlik etdiyi dönəm haqdadır.


...Tənqid şöbəsinin müdiri Kamilə Nemətdi.

O, hərdən publisistik məqalələr yazırdı, daha artıq məişət, dolanışıq barədə. Amma qəzetin ədəbi tənqid şöbəsi işin öhdəsindən əsla gələ bilmirdi.

Kamilənin başı daha artıq İranla əlaqə yaratmağa qarışmışdı.

Uşaqları, qızı İranda oxuyurdu. Bu işdə ona İran missionerləri, səfirlik kömək etmişdi. Özü də arabir İrana gedirdi.

İran səfirliyi Kamilənin sayəsində bizimlə ünsiyyət yaradırdı. Səfirlik bizimlə işi başlıcası onun vasitəsilə görürdü. Bu sahədə əlaqələri artırmağa çalışırdıq. İran bizə yeni təkliflər vermişdi.

Onlar redaksiyada bir şöbə açmaq istəyirdilər.

Burada onlar nə istəsələr yazacaq, biz də çap edəcəkdik. Səfirliyin “ Şərq şöbəsi” adlanan bölməsi qarşısında biz xeyli öhdəliklər götürürdük.

Bu işlərə İran səfirliyi istəyirdi Kamilə başçılıq etsin. Vəsait, pul da buraxacaqdılar.

Yoxsulluqdu, pulumuz yoxdu, donluq verə bilmirdik.

Əməkdaşlar gözləyirdilər, İranla əlaqələrimiz artacaq, otaqlarımızdan beşini verəcəyik onlara. Onlar burada “öz işlərini” görəcəklər, əvəzində bizə həm ev kirayəsi, həm də pul – vəsait verəcəklər.

Nə isə dolaşıq bir işdi. Müqavilə şərtlərindən görünürdü, İran diplomatik dəstəsi, səfirlik burda “ Ədəbiyyat qəzeti” içində, onun qanadı, örtüyü altında başqa, özlərinə sərfəli işlər görmək istəyirlər. Səfirliyə getdim.

Onların qoyduqları şərtləri bir xeyli yumşaltdım. Əlimiz yanır ağzımıza təpirdik. Əməkdaşlar qalmışdılar çarəsiz, məndən umurdular. Duyurdum narazıdırlar:

Niyə İranla ülfət-ünsiyyəti yubadıram? Kamilə də səfirliyin təəssübkeşi kimi hazırdı, başlayaq. Səfirlikdə Sabir adlı mədəni işlər attaşesinin başçısı ilə görüşdük.

Onların ara adamı vardı, redaksiyaya gəlir, bizimlə danışırdı. Onu Kamilə tanıyırdı. O düşmüşdü qabağa.

Dağlar vəd edirdi bizə, beş otaq, lap on otaq istəyirdi bizdən. Deyirdi haqqını verəcək. Amma indiyə qədərki azacıq pulu onlardan dilənçi kimi qoparırdıq.

Yazıq təsərrüfat müdiri Qürbət kişini göndərirdim, gedib üzünə üz bağlayıb 100 dollar çəkirdi onlardan. Bu iş, yeni müqavilə, onun bağlanacağı əsla mənim ürəyimcə deyildi.

Bununla belə, içşilərin qınağını, hər qarşılaşanda baxışlarındakı tənəni yeməyib, getdim bu işə. Bizə az-çox sərfəli olan bir müqavilə hazırladım.

Möhür vurdum, qol çəkdim və qalxıb getdim səfirliyə. Orada onlar da qol çəksinlər, guya işimiz yoluna düşsün. Baksovetin qabağında bir tanışla qarşılaşdım.

O, İran səfirliyində diplomatik işlərə bələd adamdı. Ona İran Səfirliyi ilə aramızda olan bağlaşmanı, onun şərtlərini danışdım. Soruşdum nə məsləhət görürsən?

O, bir ara susdu, sonra mənə üz tutub küçədəcə söylədi : "Sabir müəllim! Siz ağsaqqal adamsınız. Belə işlərə getməyin!" Onun atasına rəhmət oxudum.

Möhür basılmış, mənim qolum çəkilmiş, qarşı tərəfin də eyni qayda ilə təsdiq edəcəyi müqaviləni eləcə qovluğumda saxlayıb, səfirliyin əlli addımlığından üzgeri döndüm.

Bunlar bizi istəklərinə qoşmaq, bizim əlimizlə qəzetin adı altında öz işlərini görmək istəyirdilər.

Doğrudur, İran ölkəsi ilə bizim keçmişimiz, ədəbiyyatımız yaxın, doğma idi, tariximiz az qala birdi.

Onlarla bu istiqamətdə birgə çalışmaq, anlaşmaq olardı və lazımdı. Amma İran dövləti, səfirliklə diplomatik əlaqədə belə qaranlıq, şübhəli işlərə getmək sonra cəncələ çevrilər, xoşagəlməz hallar törənərdi.

Burasını anladım. Bu ünsiyyəti büsbütün pozduq. Heç əvvəlki, Cabir Novruzun qol çəkdiyi o sadə, yüngül bağlaşma da gücünü saxlamadı.

Sonra bütün bunları üzə çıxarmaq, mənə bunun üstündə bir zınqırov qoşub ittiham eləmək istədilər. Amma əllərində əsas yoxdu.

İran səfirliyinin başçısı çağrıldı ölkəsinə. Orada onu bir sıra fırıldaqlar üstündə həbs etdilər, cəza verdilər.

Mən bu işin üstünə bir də qayıtmaq istəməzdim. Amma Yazıçılar Birliyində qəzetin işi ortaya gətiriləndə, Ayaz belə bir söz söylədi, guya İranla belə bir müqavilənin bağlanmağını onlar qoymayıblar.

Halbuki, əvvəlcə mən özüm bu işdən həmin ağıllı diplomatın məsləhətilə çəkilmiş, qayıtmışdım redaksi-yaya. Ayazı çağırmışdım.

Onu da başa salmışdım: “Bu işdən mənim ağlım yönlü bir şey kəsmir. Çəkilək bu sevdadan”.

Onun da ağlına batmışdı. Guya onun, redaksiyanın məsləhətilə pozmuşduq bu işi. Belə deyildi. Düzü əzəlcə danışdığımdı. Əzəldən mənim dalağım sancmışdı.

“ Ədəbiyyat qəzeti” mollalarla işləyir” təki bir söz də buraxmışdılar. Bu sözü mən Yazıçılar Birliyində də eşitmişdim...

Həmçinin oxu
Sabir Əhmədli Azərbaycanın sovet dövründəki rəhbərləri haqda
XS
SM
MD
LG