Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:48

Seymur Baycan. Denən ki, heç kimsən!


Seymur Baycan
Seymur Baycan

-

Bizim həkimlərin yarısı rəsmən mollalıqla məşğuldu.

Hər şey allahın əlindədi deyib durublar.

Hər şey allahın əlindədirsə bəs o zaman sən nəyə lazımsan, sən nə üçünsən?..

Seymur Baycan

DENƏN Kİ, HEÇ KİMSƏN!

Azərbaycan həkimi davranışları və hərəkətləri sayəsində həkim üçün çox vacib olan bir silahı itirib.

Bu silahın adı inamdır.

Azərbaycan həkiminə inanmırlar. Onun hər bir hərəkəti, dediyi hər bir soz, yazdığı hər bir resept, təyin etdiyi diaqnoz adamlar tərəfindən şübhəylə qarşılanır. İnsanlar həkimin yazdığı reseptə, təyin etdiyi diaqnozlara pul qazanmaq tələsi kimi baxırlar.

Çünki başına gələn başmaqçı olar. Başqa cürə desək ilan vuran ala çatıdan qorxar. Savadsızlıqdan, təcrübəsizlikdən qoyulan səhv diaqnozlar, yazılan səhv reseptlər, aparılan səhv əməliyyatlar bir kənarda qalsın, axı bizim həkimlər doğurdan da pul qazanmaq üçün dərman firmalarıyla əlbir olub nə qədər adamları aldadıblar, nə qədər adama havayı yerə torba-torba dərmanlar yedizdiriblər. Hətta pul qazanmaq ucun xəstələri uzadıb şaqqalayıblar, doğram-doğram ediblər.

Vicdanı yerində olan həkim üçün insanların inamını itirmək ağır bir dərd olmalıdır. Peşəkar həkim insanların inamını itirməyi özü üçün böyük cəza hesab etməlidir. Həkim və xəstə münasibətlərində, ümumiyyətlə həyatın hər bir sahəsində inam çox vacib məsələdir. Lap çoxdan bir şərq loğmanı haqqında oxumuşdum. Adını unutmuşam.

Rəvayətlərə görə bu loğmanı xəstə üstünə çağıranda heç vaxt birbaşa xəstənin üstünə getməzmiş. Otağa girəndə “kimdir xəstə” sualı verərmiş. Əhvalatın hikməti bundadır ki, loğman xəstənin görünüşcə başqalarından heç də seçilmədiyini nümayiş etdirirmiş və bununla xəstəyə ilk andan inam aşılayırmış.

Bu yazılanlar bəzi insanlar üçün klassik yanaşma hesab edilə bilər. Əsla elə deyil. Burda heç bir klassik yanaşma-filan yoxdur. Dövrdən və məkandan, siyasi quruluşlardan asılı olaraq insanın məsuliyyət hissi və fədakarlıq dərəcəsi dəyişir. Hansi quruluş, necə şərtlər olursa-olsun hər bir insan bacardığı qədər yaxşı olmağa, öz ləyaqətini qorumağa, mümkün olduğu qədər ətrafına, bəşəriyyətə fayda verməyə çalışmalıdır. Əlbəttə heç kim sistemin təsirini inkar etmir. Taqor deyirdi- Ölkəni sevinc bürüyəndə insanın pis cəhətləri öz-özünə yox olub gedir. Lakin ölkə xoşbəxtlikdən məhrum olanda insanın sağlam, təmiz, qüvvətli olması çətindir.

Bizim yaşadığımız şərtlər altında hər hansı insandan, peşə sahibindən mələk olmağı, tərtəmiz qalmağı tələb etmək ağılsızlıqdı. Söhbət olduğundan bir az yaxşı olmaq, işinə, peşəsinə bir az məsuliyyətlə yanaşmaqdan gedir. Hər bir insan məşğul olduğu sahənin məsuliyyətini anlamalıdır. Sahib olduğu peşənin tələblərinə bacardığı qədər cavab verməlidir. İnsanların inamını, etibarını qazanmalıdır. Əgər insan peşəsini şəxsi oyunlarına vasitə edirsə, deməli onun əxlaqında problemlər var.

Həkimlər maarifçilik hərəkatının, cəhalətlə, savadsızlıqla mübarizənin hər zaman ön sıralarında olmuşlar. Maarifçilik tarixinə nəzər salsaq böyük fədakarlıqlar etmiş xeyli həkimə rast gələ bilərik. Bu gün bəşəriyyət əldə etdiyi uğurlara görə həmin fədakar insanlara borcludur. Məsələn, Çexov yazdıqları ilə əməlləri ən çox üst-üstə düşən yazıçı adını boş yerə qazanmamışdı. O, adamları pulsuz müalicə edirdi. Öz həyatını təhlükə altına atırdı. Ondan oxucu kimi avtoqraf almaq çətin idi.

Anton Pavlovich Chekhov
Anton Pavlovich Chekhov

Yazıçı Çexov oxucularla o qədər də mülayim davranmırdı. Amma Çexovun imzasını əldə etməyin çox asan bir yolu var idi. Xəstə kimi qəbuluna düşən hər bir adam həkim Çexovun yazdığı reseptlə onun imzasını əldə edə bilirdi. Mən belə fədakarlığı Rafiq Tağıda gördüm. Həyatımda gördüyüm ən təmiz və vicdanlı insanlardan idi. Biz hamımız ona doktor deyə müraciət edirdik. Rafiq Tağıya bu müraciət çox yaraşırdı. Çünki o bu adı qazanmışdı.

Azərbaycan həkimi fədakar insanlardan nümunə götürmək əvəzinə həkim peşəsini gözdən salmaqla məşğuldur. İnsanları xilas etmək, insanları başa salmaq, yeniliyə, tərəqqiyə istiqamətləndirmək əvəzinə Azərbaycan həkimi insanların qəniminə çevrilib.

Adamın üstündə Allah var, bizim camaat hər zaman azdan-çoxdan həkimə və müəllimə hörmət edib. Yasda, toyda yuxarı başa keçirib. Mövcud hakimiyyətin ən bağışlanılmaz günahlarından biri o oldu ki, həkimləri və müəllimləri öz oyunlarına şərik etdirdi. Müəllimə süpürgə pulu yığdırdı. Seçki saxtakarlıqlarına cəlb etdi. Təəssüflər olsun ki, həkimlər və müəllimlər öz şəxsi ləyaqətlərini qorumaqda acizlik göstərdilər.

Beləliklə həkimlər və müəllimlər gözdən düşdü. Hörmətlərini itirdilər. İnsanlara yol göstərməli olan həkimlər və müəllimlər insanların yolunu azdırmaqla məşğul oldular. İstisnalar var, amma çox azdır. O qədər azdır ki, bu istisnalardan danışmağa dəyməz. Bu istisnalar böyük müəllim və həkim ordusunun günahlarını yuya bilməz. İndi bir çoxları müəllimə və həkimə lazımı dərəcədə hörmət göstərilməməsindən şikayətlənir.

Əgər insan öz ləyaqətini qorumaq üçün müqavimət göstərə bilmirsə, başqaları ona niyə hörmət etməlidirlər? Azərbaycan həkiminə inam o qədər itib ki, adamlar az qala iynə vurdurmaqdan ötəri də İrana, Gürcüstana gedirlər.

Bizim həkimlərin yarısı rəsmən mollalıqla məşğuldu. Masonlardan nağıllar danışırlar. Üstəlik bir əliylə resept, bir əliylə mesaj yazırlar. Hər şey allahın əlindədi deyib durublar. Başa düşdük hər şey allahın əlindədir, bunu inkar etmirik.

Hər şey allahın əlindədirsə bəs o zaman sən nəyə lazımsan, sən nə üçünsən? Niyə mədrəsədə yox, tibb universitetində təhsil almısan? Niyə əyninə əba əvəzinə xalat geyinmisən? Hər şey allahın əlindədirsə, məsələ bu qədər qətidirsə, o zaman tibb universitetini mədrəsəyə, xəstəxanaları da məscidə çevirmək lazımdır.

Səhiyyə nazirliyi də birləşsin Qafqaz Müsəlmanları idarəsinə, beləcə hər şey açıq və şəffaf olsun.

Camaat da işini bilsin. Bilsin ki, həkimin yanına yox, mollanın yanına gedir. Resept əvəzinə dua yazdırsın. Zatən bizim Tibb Universitetini bitirmişlərdən peşəkarlıq gözləməyin özü çox böyük sadəlövhlük olardı. Tibb Universitetini bitirmiş adam orda aldığı təhsillə ən yaxşı halda feldşer ola bilər. O da ola bilsə. Siz orda təhsil alan tələbələri bir müşahidə edin. Görün orda əlli tələbədən biri heç tələbəyə oxşayırmı?

Onları dərsdən başqa hər şey maraqlandırır. Topaz, tesbeh, seriallar, türmə söhbətləri və dəxi bu kimi elmdən və savaddan savayı hər cür mövzular, maraqlar... Bizim tələbələrin bütün bilgiləri bir dəftərə sığışdırmaları özü bir möcüzədi, bu ayrıca bir araşdırma mövzusudu. Müəllimlər də tələbələrdən beş betər. Kor atın kor da nalbəndi olmalıdır. Başqa cür ola bilməz. Müəllimlər tələbələrə, tələbələr də müəllimlərə oxşayırlar. Həkimlər isə bu iki sinfin hər iki pis cəhətini özündə birləşdirərək universitetdən çıxıb millətin, insanlığın və bəşəriyyətin qəniminə çevrilirlər.

Dərman firmalarıyla əlbir olub adamları soyurlar. İnsanların savadsızlığından, avamlığından istifadə edirlər. Əslində isə həqiqi həkim insanlar arasında fərq qoymamalıdır. Həkim üçün millət, din, düşmən, varlı-kasıb, şəhərli-kəndli, savadlı-savadsız, qohum-yad anlayışı olmamalıdır. Həkim üçün yalnız və yalnız insan anlayışı olmalıdır.

Həkim üçün insanlara xidmət etmək, insanların etibarını, hörmətini, inamını qazanmaq ən ali məqsədə çevrilməlidir. Yaxşı, tutaq ki, biri avamdır, savadsızdır, bəyəm sən onun savadsızlığından, avamlığından sui istifadə etməlisən, bəs mərhəmət, bəs vicdan harda qaldı? İnsan deyilən bir varlıq ya allahdan qorxmalıdır ya da bəndədən utanmalıdır.

Azərbaycan həkimi nə allahdan qorxur nə də bəndədən utanır. Heç bir bəhanə onların davranışlarına haqq qazandıra bilməz. Nə bəhanə getirsələr bu yalnız onların məsuliyyətdən qaçmaqlarının ayağına yazılacaq. Azərbaycan həkimi xəstəyə xəstə kimi baxmır. Xəstəyə qurban kimi baxır.

Onun gözünü pul tutub. Bir şeyi anlaya bilmirəm, insan həyatını heçə sayan, insana qurban kimi baxan bu ağ xalatlılar evə gedəndə öz uşaqlarının üzünə necə baxırlar. Fırıldaqla ,adamları aldatmaqla qazandıqları çörəyi öz övladlarına necə yedizdirirlər? Söhbət tək həkimlərdən getmir. Axı başqasının balasını parçalayıb öz balasına yedizdirmək insana xas bir xüsusiyyət deyil. İnsan adlanan məxluqat (tək həkimlərdən söhbət getmir) başqasını aldatmaqla, kələk gəlməklə, xəbərçilik etməklə, yaltaqlanmaqla, işgəncə verməklə qazandığı çörəyi balasına yedizdirməyi özünə rəva bilməməlidir. Bilməməlidir, amma rəva bilirlər.

Çünki bizim camaatın hal-hazırda iki qibləgahı, iki istinadı var. Cib və soyuducu. Nə yolla olursa-olsun bu iki qibləgah dolu olmalıdır. O zaman sənin bütün günahların nəinki bağışlanılır, üstəlik “fərasətli oğlan”, ailəcanlı, ailesin yaxşı baxan kimi adlar da qazanırsan.

Başqaları üçün nümunəyə çevrilirsən. Bütün pis əməllərin vacibat kimi qəbul edilir. Lakin iş bununla bitmir. Onlar həm də mənəviyyat və ruh aləminə də iddialıdırlar, özlərini vacib persona hesab edirlər. Bu iddianı əldə əsas tutub onlarla bir az ciddi söhbət etdikdə, ölkənin ictimai-siyasi həyatından söhbət açdıqda o dəqiqə qorxurlar ve sən onlardan “mən kiməm ki” cavabı alırsan. "Mən kiməm ki" o deməkdir ki, mən heç kiməm.

O zaman bəs niyə toyda, yasda xüsusi diqqət tələb edirsən? Hörmət-diqqət umursan. Əgər sən heç kimsənsə bunu açıq və nümayişkəranə şəkildə de, adamlar da öz işini bilsin. Bilsin ki, sən heç kimsən. Denən ki, mən həkim deyiləm, mən müəllim deyiləm. Mən heç kiməm!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG