Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 09:50

Taliban qadın tələbələrə belə divan tutur


Taliban polisi
Taliban polisi

Əfqanıstanda universitetlər Talibana qarşı müqavimət ocaqlarına çevrilib. Qadın tələbələr Taliban hökumətinin onlara qarşı qadağalarına etiraz edirlər.

Buna cavab olaraq Taliban ölkə boyu bir neçə universitetin kampusuna hücum edərək nümayişləri zorakılıqla dağıdıb, siyasi fəallıqda suçladığı tələbələri universitetdən qovdurub.

Geyim qaydaları

Sonuncu insident zamanı Taliban oktyabrın 30-da ölkənin şimal-şərqindəki Bədəxşan əyalətində oxuduqları universitetin ərazisində yürüş keçirən onlarla qadın tələbəni döyüb. Tələbələr bir qrup qadının geyimlərinə görə universitet ərazisinə buraxılmamasına etiraz edirdilər.

Taliban 2021-ci ilin avqustunda hakimiyyəti zəbt etməsindən bir neçə həftə sonra əfqan universitetlərində qadınlara yeni geyim qaydaları və cinsi seqreqasiya tətbiqinə başlayıb.

Talibanın təhsil nazirliyi bütün qadın tələbə, müəllim və əməkdaşların bədənin hər yerini örtən burka, islam əbası, habelə saçı, bədəni və üzün çox hissəsini örtən niqab geyinməsini əmr edib. Sinif otaqları da ya cinslərə görə ayrılır, ya da ortadan pərdə ilə bölünür. Qadın tələbələrə yalnız qadınlar dərs deyə bilər.

Bu əmrə qarşı çıxan fəallar onun cəmiyyətdə qorxu və qadın və qızlara qarşı ayrıseçkilik vərdişləri yaradacağını deyirlər.

Əxlaq polisi qadınları döyüb

"Döymə və diskriminativ qaydalar etirazımızın qarşısını almaq və qadınların səsini kəsmək məqsədi daşıyır”, – Bədəxşan Universitetində etiraz edən qadınlardan biri Nahid AzadlıqRadiosunun Radio Azadi xidmətinə müsahibəsində deyib.

Əsl adının gizli qalmasını istəyən Nahid deyir ki, etiraz Talibanın qızları təhsildən “itələyib çıxarmasının” qarşısını almağın yeganə yolu idi.

Onun sözlərinə görə, universitetin qarovulçuları və Talibanın əxlaq polisinin üzvləri qızların universitetə girməsinə imkan verməyib, onlara “düzgün geyinməyi” tapşırıb.

Qadınlar universitetin qarşısında “Təhsil bizim haqqımızdır” və “Qadın, həyat, azadlıq” şüarlarını səsləndirərək yürüş edərkən keşikçilər və Talibanın əxlaq polisi onları şallaqla döyüblər. Sosial mediada yayılan videolardan da bu mənzərə görünür.

Heydər Əliyev Fondunun tikdirdiyi məktəbdə valideynləri içəri buraxmırlar...
Gözlə

No media source currently available

0:00 0:07:01 0:00

Qadınlar dərsə giriblər

Nahid deyir ki, Talibanın bütün qadın tələbələrə göy burka və ya qara niqab geydirmək cəhdi qeyri-praktik və məntiqsizdir.

"Onlar bu fikri haradan götürüblər ki, qadınlar yalnız müəyyən rənglərdə geyindikləri halda təhsil ala bilərlər?”, – o söyləyir. Nahidin sözlərinə görə, Bədəxşan əyalətinin paytaxtı Feyzabadda çox sayda qadın artıq mühafizəkar geyim tərzinə keçməli olub.

Bədəxşan Universitetinin tələbələri Talibanın onlarla qadını döydüyünü, bir neçə qadının huşunu itirdiyini deyiblər.

Əsl adının gizli qalmasını istəyən Nadia isə bu zorakılığın qadınlara mane ola bilmədiyini və onların son nəticədə universitetə daxil olduğunu bildirir: "Döyüləndən sonra da müqavimət göstərdik və etirazı davam etdirdik. Son nəticədə təzyiqi üstələyib dərsimizə getdik”.

Talibanın əxlaq polisi tələbələri döydüyünü inkar edib və etirazçılarla universitet əməkdaşlarının məşğul olduğunu deyib.

Qadın tələbələr yataqxanadan çıxarılıb

Oktyabrda Taliban onlarla qadın tələbəni ölkənin ən iri təhsil ocağı olan Kabil Universitetinin yataqxanalarından çıxarıb.

Azı 40 qadının yataqxanadan çıxarılması kampus yaxınlığında etirazlara səbəb olub. Etirazçı qadınlar "Təhsil bizim qırmızı xəttimizdir” və “Sükut xəyanətdir” şüarlarını səsləndiriblər.

Taliban bir neçə qadını yataqxanadan çıxardığını təsdiqləyib və hər hansı detal açıqlamadan onların universitet qaydalarını pozduğunu iddia edib. Etirazçılar qovulanların şəhərdəki Taliban əleyhinə nümayişlərdə etiraz edən tələbələr olduğunu deyirlər.

Sentyabrdakı hücum

Sentyabrda Kabil təhsil mərkəzində onlarla əfqan qız və qadının ölümünə səbəb olan intihar bombası partladılıb. Bu hadisə Taliban idarəçiliyinə qarşı ən böyük və uzunmüddətli etirazlardan birinə səbəb olub. Etirazçıların çoxu universitetlərin qadın tələbələri olub.

Qurbanlarının çoxu şiə hazara icmasından olan bu hücuma görə məsuliyyəti heç kim öz üzərinə götürməyib. Ölkənin əsas şəhərlərində küçəyə çıxan etirazçılar Taliban hökumətini qadınları sıxışdırmaqda, habelə etnik və dini azlıqları qoruya bilməməkdə ittiham ediblər.

Taliban etirazları qəddar üsullarla yatırıb; etirazçıları döyüb, həbs edib, qadın nümayişçiləri isə hədələyib.

XS
SM
MD
LG