Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:55

Blinken Qarabağa alternativ marşrutlar üzrə kompromisə çağırır


Antoni Blinken (solda) və İlham Əliyev (foto-kollaj)
Antoni Blinken (solda) və İlham Əliyev (foto-kollaj)

İyulun 29-da ABŞ Dövlət katibi Antoni Blinken (Antony Blinken) Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Dövlət Departamentinin sözçüsü Metyu Millerin (Matthew Miller) adından yayılmış açıqlamada deyilir ki, Dövlət katibi Blinken Prezident Əliyevə Dağlıq Qarabağdakı humanitar vəziyyətdən dərin narahatlığını bildirib. O, Laçın dəhlizindən kommersiya, humanitar və şəxsi maşınların azad keçidinin vacibliyini, eləcə də Dağlıq Qarabağ əhalisinə humanitar təchizatların çatdırılması üçün alternativ marşrutlar üzrə kompromisin gərəkdiyini vurğulayıb. Dövlət katibi qeyd edib ki, bütün tərəflərin sülh danışıqlarında müsbət dinamikanı saxlaması vacibdir.

Prezident Əliyev erməni silahlı qüvvələrindən danışıb

Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatında isə deyilir ki, Prezident Əliyev Ermənistan tərəfinin təxribatçı addımlarının sülh prosesinə maneçilik törətdiyini bildirib. O, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazisində qanunsuz olaraq qalmaqda davam etdiyini, bunun bölgədə hərbi gərginlik mənbəyi olduğunu deyib. Prezident Əliyev Ermənistanın Laçın dövlət sərhədindən keçid məntəqəsində hərbi təxribat törətməsini, Azərbaycan sərhədçilərini atəşə tutmasını, qaçaqmalçılığa cəhd edilməsini, icazəsiz yük avtomobillərinin Azərbaycana göndərməsini qeyd edib.

Ermənistan rəsmiləri isə Qarabağda silahlı qüvvələrinin qalmadığını, orada “özünümüdafiə dəstələrinin” olduğunu deyirlər. Sərhəddə təxribat və digər iddiaları da Yerevan təkzib edir.

Prezident Əliyevin dediyinə görə, Azərbaycan erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolunu təklif edir, Avropa İttifaqı, Beynəlxalq Qırmızı Xaç Komitəsi də bu təklifi dəstəkləyir, amma Ermənistan bütün təkliflərə qarşı çıxıb. O, erməni tərəfinin “humanitar vəziyyət” və “blokada” ilə bağlı iddialarını “siyasi manipulyasiya” adlandırıb. Prezident Azərbaycanın erməni sakinlərin reinteqrasiyası yönündə qərarlı olduğunu, bu məqsədlə Xocalıda birinci görüşün keçirildiyini, Azərbaycanın ikinci görüş təklifini də irəli sürdüyünü xatırladıb.

Ötən həftə Ermənistanın Qarabağa humanitar yük adıyla göndərdiyi yük Laçın dəhlizinin girişində saxlanıb. Azərbaycan bu yükün göndərilməsini ərazi bütövlüyünə qəsd sayır.

Xatırlatma

Ermənistan ötən ilin dekabrından Laçın-Xankəndi yolunun blokadada olduğunu desə də, Azərbaycan bunu təkzib edərək dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu bildirir.

Bu ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulduğunu bildirib.

Bu addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.

Ermənistan isə bu ittihamı qəbul etmir. Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatla ziddiyyət təşkil edir.

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG