Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 06:57

İranda əmmamə hücumu: 'şeytan əməli', inqilab ruhu...


Arxiv fotosu
Arxiv fotosu

Ötən həftə bir din xadiminin Tehran yaxınlığındakı Kərəc şəhərində yaralandıqdan sonra xəstəxanaya yerləşdirildiyi xəbəri yayılıb

Sosial mediada yayılmış video görüntülərdə bir iranlı gəncin paytaxt Tehranda bir mollanın arxasına keçib onun başından əmmaməsini vurub yerə saldığı görünür.

Bir çox iranlının gözündə din xadimləri ölkənin islamçı rejimi, İslamçı rejimsə ölkəni bürümüş repressiya və korrupsiya ilə assosiasiya edilir.

Müqavimətə dəstək, yoxsa...

Bəzi iranlılar əmmaməni yerə salmağı müqavimətə dəstək hərəkəti kimi dəyərləndirsə də, digərləri bu hərəkətin dövlətlə heç bir əlaqəsi olmayan sadə din adamlarına qarşı haqsız zorakılıq və təhqir ola biləcəyini deyirlər.

Noyabrın 10-da parlamentin üzvü Mohammad Tağı Nağd Əli bu yeni trendi "şeytan əməli” adlandırıb və mollaların əmmamələrini yerə salan gənclərin "şirin quyruğu ilə oynadıqlarını” deyib.

Dövlət mətbuatı son günlərdə iki nəfərin mollaların əmmaməsini vurub yerə salmaq ittihamı ilə həbs edildiyi xəbərini verib.

İnqilabın ruhu

Londonda yaşayan insan haqları hüquqşünası Şadi Sədr bu taktikanı "cəsur və inqilabi hərəkət” adlandırıb. “İran üçün ədalət” insan haqları qrupunun həmtəsisçisi olan Sədr AzadlıqRadiosuna deyib ki, etirazçılar mollaları zorakılıq etmədən "aşağılayırlar".

"Onlar mollaların əmmaməsini son 43 ildə törədilən cinayətlər və korrupsiyanın, habelə mollalara verilən imtiyazların rəmzi olaraq yerə salırlar. Burada zorakılıq yoxdur. Üstəlik, burada gənclərin şıltaqlığı da var. Bu isə inqilabın ruhunu əks etdirir”, – Sədr deyir.

Ancaq tehranlı jurnalist və keçmiş siyasi məhbus Əhməd Zeydabadi deyir ki, küçədə bu hərəkətə məruz qalan bəzi mollalar “dövlətin siyasətinin tənqidçiləri və hətta qurbanları ola bilər”.

"Bu fenomen … əsasən heç bir hökumət vəzifəsi olmayan mollaları hədəfə alır", – o, “Twitter”də yazıb. Zeydabadi əlavə edib ki, yüksək vəzifəli mollalar nadir hallarda cəmiyyət arasına çıxır və çıxanda da çox zaman cangüdənlər tərəfindən qorunur.

Hədəfdəki mollarla kimlərdir

İslahatçı din xadimi Hocatulislam Əhməd Heydəri keçmişdə müxalif Yaşıl Hərəkatı dəstəklədiyi üçün həbs edilib. O bu yeni trendin “zülm və ədalətsizliyə qarşı etiraz hərəkatının gözəl simasını” ləkələyə biləcəyi barədə xəbərdarlıq edib.

"Siz əmmaməlilərə qəzəblənməkdə haqlısınız. Ancaq hədəfiniz olan vəzifəlilərə əliniz çatmır”, – Heydəri Esafnews.com xəbər saytında yazıb. O əlavə edib ki, hədəfə alınan mollaların çoxu “mərmər qəsrlərdə” oturmayan “gənc və yaşlı” din adamlarıdır.

İranda din xadimlərinə, xüsusən də cəmiyyətdə islami qaydaları yeritməyə çalışan mollalara hücumlar etiraz dalğasının başlanmasından öncə də artmaqda idi. Bu səbəbdən bir çox din adamı cəmiyyət arasına əba və əmmaməsiz çıxmağa məcbur olurdu.

Ötən həftə bir din xadiminin Tehran yaxınlığındakı Kərəc şəhərində yaralandıqdan sonra xəstəxanaya yerləşdirildiyi xəbəri yayılıb. Mühafizəkar “Fars” xəbər agentliyi etirazçıların mollalara bıçaqlarla hücum etdiyini iddia edib.

Son 40 ilin qəzəbi

Parisdə yaşayan iranlı din xadimi və tədqiqatçı Həsən Fereştian deyir ki, əmmamə vurma trendi “son qırx ildə boğulmuş qəzəbin” nəticəsidir.

"Əgər onun məqsədi din xadimlərini yox etməkdirsə, zorakılığın başlanğıcı ilə üz-üzə ola bilərik. Əslində, din xadimləri hakimiyyətin mərkəzindən yox edilməlidir. Ancaq onlar cəmiyyətdən silinməməlidir”, – o, AzadlıqRadiosunun “Radio Fərda” fars xidmətinə müsahibəsində deyib.

Mərhum dissident Böyük Ayətullah Hosseynəli Montazerinin tələbəsi olan Fereştian İranın “sekulyar insanların din xadimləri ilə, başıaçıq qadınların hicablı qadınlarla dinc yanaşı yaşaya bildiyi” nöqtəyə yetişəcəyinə ümid ifadə edib.

Ötən il rejim tərəfdarları istəblişmenti tənqid edən din xadimlərinin əmmamələrini vurub yerə salmışdılar. Əmmaməsi yerə salınanlar arasında keçmiş Daxili işlər naziri Abdollah Nuri və parlamentin keçmiş spikeri Mehdi Kərrubi də olub. 85 yaşlı Kərrubi 2009-cu ildə keçmiş prezident Mahmud Əlmədinejadın yenidən seçilməsini sorğuladığı üçün 2011-ci ildən bəri ev dustaqlığındadır. Kərrubiyə rəsmi ittiham irəli sürülməsə də, onun Ali dini lider Əli Xameneyinin əmri ilə ev dustaqlığında saxlandığı deyilir.

XS
SM
MD
LG