Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 09:59

İranda etirazlarla bağlı ilk edam icra olunub


Mohsen Şekari
Mohsen Şekari

İranda son nümayişlərə qatılan etirazçının edamı həyata keçirilib. Həmin şəxs təhlükəsizlik əməkdaşına guya xəsarət yetirməklə “ədavət”də ittiham olunur.

Ədliyyəyə bağlı Mizan xəbər agentliyinin məlumatına görə, Mohsen Şekari dekabrın 8-də edam olunub. İran Ali Məhkəməsi onun ölüm hökmündən şikayətini rədd etmişdi.

İttihamlar

Şekari “qətl və terror törətmək, adamları azadlıq və təhlükəsizlikdən məhrum etmək niyyətilə” silahla təhdiddə, təhlükəsizlik əməkdaşına “bilərəkdən xəsarət yetirməkdə” və “küçəni kəsməkdə” ittiham olunur.

22 yaşlı Məhsa Əmini sentyabrda guya hicabı düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanandan sonra vəfat edib. Onun ölümü minlərlə iranlının küçələrə çıxmasıyla sonuclanıb.

Hökumət nümayişçilərə amansız divan tutub. Deputatlar isə etirazçılara qarşı sərt cəzaları tətbiq etməyə çağırıb.

İnsan haqları qrupları və Qərb hökumətləri Tehranı etirazçılara qarşı ölüm hökmü çıxarmamağa çağırıb, tələsik məhkəmələri “saxta” ədalət adlandırıb.

Qorxu

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Şekarinin edamından iki gün öncə deyib ki, bu hökmlərin məqsədi adamları qorxutmaq, narazıları susdurmaqdır.

Bu hökmlər “İran rəhbərliyinin öz xalqından, İran hökumətinin həqiqətdən qorxduğunu göstərir”, – Prays sözlərinə əlavə edib.

Fəalların HRANA xəbər agentliyinin məlumatına görə, noyabrın 29-dək etirazlarda azı 459 nəfər, o cümlədən 64 azyaşlı öldürülüb.

Amnesty International insan haqları təşkilatı üçü uşaq olmaqla azı 28 nəfərin etirazlarla əlaqədar edam oluna biləcəyini bildirib. Qurumun mövqeyinə görə, İran hakimiyyəti ölüm cəzasından “ictimaiyyət arasına qorxu səpmək, xalq etirazını bitirmək üçün siyasi repressiya aləti kimi” istifadə edir.

XS
SM
MD
LG