Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 04:42

Emin Millinin qaynı barədə görüntülər niyə gizlədilir?


İllüstrasiya
İllüstrasiya

►DİN həmin görüntüləri məhkəməyə verməkdən imtina edir

"Meydan TV"nin baş direktoru Emin Millinin qaynı Nazim Ağabəyov evinin yaxınlığında həbs olunarkən həmin ərazidə yerləşən "Təhlükəsiz şəhər" kameralarının lentə aldığı görüntülərə baxış keçirilməsinə qərar verilmişdi. Ağabəyovun vəkili Adil İsmayılovun bu barədə vəsatətinə müsbət cavab verən məhkəmə Daxili İşlər Nazirliyinə (DİN) sorğu göndərmişdi. Nazirlikdən sorğuya cavab gəlib. Yanvarın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyev cavabı elan edib. Məlum olub ki, DİN həmin görüntüləri məhkəməyə təqdim etməkdən imtina edir: "Görüntülərə baxış keçirilməsi texniki səbəblərdən mümkün deyil".

Nazim Ağabəyovun həbsində iştirak etmiş polislərdən biri - Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyat müvəkkili Naib Ömərov da məhkəmədə şahid qismində dindirilib. Şahidin ifadəsində çoxsaylı ziddiyyətlər olub. Məsələn, cinayət işinin materiallarına, elə Nazim Ağabəyovun özünün də ifadəsinə görə, ona dövlət hesabına vəkil verilib. Amma polis iddia edib ki, onun özünün istədiyi vəkil dəvət olunub.

Buna da bax: "Ölmüş adamı xəstə adı ilə səhərəcən saxlayıb bizi aldatdılar"

“CAHANGİROV KİMDİR?”

Naib Ömərovun ifadəsi ötən məhkəmə iclasında dindirilmiş həmkarı Vüqar Nəcəfovun dediklərilə üst-üstə düşməyib. Baxmayaraq ki, onların hər ikisi eyni adamın həbsi barədə danışır, ifadələri fərqli olub. Məsələn, Naib Ömərov vəkilin "Cahangirov kimdir? Bu əməliyyata nə aidiyyəti var?" sualına cavab verib ki, "Cahangirov bu əməliyyatda iştirak etməyib". BŞBPİ-nin polkovniki olan Vüqar Nəcəfov isə ifadəsində Cahangirovun bu əməliyyatda iştirak etdiyini bildirmişdi.

Vəkil şahid ifadələri arasındakı ziddiyyətlərin araşdırılmasını istəyib.

Bu iş üzrə məhkəmə prosesi yanvarın 29-da davam edəcək.

İT mütəxəssisi olan Nazim Ağabəyov 2015-ci il iyulun 23-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik satışı) maddəsilə ittiham irəli sürülüb. Lakin Nazim Ağabəyov ittihamı rədd edir və üzərindən tapıldığı iddia olunan narkotikin cibinə və maşınına polislər tərəfindən atıldığını bildirir. Həbsinin səbəbini isə hökuməti tənqid edən Emin Millinin yaxın qohumu olmasıylı əlaqələndirir.

Nazim Ağabəyov Xalq rəssamı Mais Ağabəyovun oğludur.

Emin Milli qaynının həbsinin səbəblərini açır
Gözlə

No media source currently available

0:00 0:09:18 0:00

XS
SM
MD
LG