Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:30

Paşinyan daha bir Türkiyəyönlü bəyanatına görə tənqid atəşinə tutulub


Ermənistan baş naziri Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda görüşürlər.
Ermənistan baş naziri Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda görüşürlər.

Baş nazir Nikol Paşinyanın Türkiyənin şərqini "Qərbi Ermənistan" adlandırmamaqla bağlı ermənilərə çağırışı tarixçilər, müxalifət liderləri və başqa tənqidçilərin kəskin qınağını doğurub.

Osmanlı imperiyasına daxil edilməzdən öncə həmin ərazilərdə əsrlərcə ermənilərin məskunlaşdığı deyilir. İddia edilir ki, ermənilər burada əzəldən yaşayıb və Birinci Dünya savaşında köçürülüb, ya da məhv edilib.

Paşinyan ölkəsinin İctimai TV kanalına müsahibəsində 1990-cu il Müstəqillik Bəyannaməsinə yenə tənqidi yanaşıb. Orada Osmanlı Türkiyəsi və "Qərbi Ermənistan"da "erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınmasına çağırış yer alıb. Paşinyan həmin qeydlə Ermənistanın böyük ərazisini Azərbaycanın "Qərbi Azərbaycan" adlandırması arasında paralel aparıb: "Bəzi insanların bəzi yerlərdə "Qərbi Azərbaycan" anlayışından yararlanması faktı qanımız qaraldır. Bəs biz "Qərbi Ermənistan" ifadəsi işlədəndə, düşünmürükmü digərlərini qıcıqlandırırıq? "Qərbi Azərbaycan" deyərək bizi necə qıcıqlandırırlarsa, biz də "Qərbi Ermənistan" deyərək onları qıcıqlandırırıq".

"Siyasi iflas, sivilizasiya daltonizmi..."

Paşinyanın sözləri siyasi rəqiblərin kəskin reaksiyasını doğurub. Onların fikrincə, baş nazir yenə rəsmi Ankara və Bakının xeyrinə danışaraq milli maraqları və ermənilərin ləyaqətini ayaq altına atıb.

Baş nazir Nikol Paşinyan Ermənistan İctimai Televiziyasına müsahibə verir.
Baş nazir Nikol Paşinyan Ermənistan İctimai Televiziyasına müsahibə verir.

"Qərbi Ermənistanla Qərbi Azərbaycanın müqayisəsi - siyasi iflas, sivilizasiya daltonizmi, milli tarixin inkarı, siyasi intihardır", - parlamentin əsas müxalifət fraksiyası "Hayastan"ın təmsilçisi Lilit Qalstyan özünün Facebook sosial şəbəkəsindəki paylaşımında belə yazıb.

Paşinyanın bəyanatına qəzəblənən Ermənistan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Aşot Melkonyan baş naziri "Azərbaycanın tarixi saxtalaşdırmaları"nı legitimləşdirməkdə ittiham edib.

"Azərbaycanda "Qərbi Azərbaycan" ifadəsi dövlət səviyyəsində işlədilir. Ali rəhbərləri (İlham Əliyev) və onun ətrafı bu fikri dəstəkləyərək ermənilərə qarşı ərazi iddiaları irəli sürürlər", - Melkonyan AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində deyib.

Bu ilin iyulunda İlham Əliyev deyib ki, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması çərçivəsində rəsmi Yerevan 1980-ci illərin sonu "Qərbi Azərbaycan"dan qaçan azərbaycanlıların təhlükəsiz dönüşünü təmin etməlidir.

"Fransa Paşinyanın cəfəngiyatına reaksiya verir"

Qərbi Azərbaycan həm də Naxçıvan və Türkiyə ilə həmsərhəd İran əyalətinin adıdır. Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyi bu faktı özünün X sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

"Tək və yeganə", - səfirin İran vilayətinin xəritəsi üzərindəki yazısı belədir.

Onun paylaşımını erməni müxalifətçiləri və media-şərhçiləri baş nazirin ünvanına bir irad kimi qiymətləndiriblər.

"Fransa Paşinyanın cəfəngiyatına qətiyyətlə reaksiya verir", - müxalif "Ayastan" partiyasının baş katibi Eduard Şarmazanov bildirib: "Onlar bunu səfirləri vasitəsilə edirlər".

Erməni müxalifəti Paşinyanı həmçinin "erməni soyqırımı" məsələsində güzəştə getməyə hazır olmasında ittiham edib.

Paşinyanın "erməni soyqırımı" kimi qələmə verilən 1915-ci il hadisələrinin budəfəki 109-cu il dönümümə həsr olunmuş bəyanatı əvvəlkilərdən fərqlənib. Hadisələrin daha geniş beynəlxalq səviyyədə tanınmasına çağırış etmək əvəzinə, baş nazir soydaşlarının, iddialara görə, 1.5 milyonadək Osmanlı ermənisinin məhvi ilə nəticələnən travmanı adlamalı olduqlarını bildirib. O, sözügedən hadisələri soyqırımı yox, ermənicə "böyük cinayət" adlandırıb.

Bu yaxınlaradək Ermənistan rəsmi Ankaranı qəzəbləndirən hadisələrin beynəlxalq müstəvidə getdikcə artan tanınmasını alqışlayıb və təşviq edib. Oktyabrın 31-də xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, "bu məsələ artıq Ermənistan xarici siyasətinin əsas prioriteti deyil".

XS
SM
MD
LG