Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:36

Tokayevin təhlükəsizliklə bağlı Bakıda alqışlanan, Rusiyada tənqid olunan təklifi


Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan və Özbəkistan prezidentləri Mərkəzi Asiya liderlərinin Qırğızıstan görüşündə
Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan və Özbəkistan prezidentləri Mərkəzi Asiya liderlərinin Qırğızıstan görüşündə

Qazaxıstan prezidenti Kasım Jomart-Tokayevin Orta Asiyada müdafiə əməkdaşlığına çağırışını Azərbaycan alqışlayıb, Rusiya isə pisləyib. Ekspertlərin fikrincə, bu, Qazaxıstanın post-Ukrayna diplomatik mövqeyinin davamı ola bilər, nəinki konkret nəyisə ehtiva edər.

AzadlıqRadiosunun jurnalisti Kris Riklton (Chris Rickleton) yazır ki, siyasətə gəlməmişdən öncə diplomat olmuş Tokayev çox vaxt yerində mesaj versə də, auditoriya onun mesajının mənası üzərində baş sındırır.

Onun keçən həftə Orta Asiya ölkələri arasında daha sıx müdafiə əməkdaşlığına çağırması da buna misaldır. Bu təklif Rusiyada kremlpərəst şərhçilərin diqqətindən yayınmayıb. Axı onlar Ukraynadakı müharibəyə baxmayaraq Orta Asiyada təhlükəsizliyi də özlərinin maraq dairəsində sayırlar.

Bu təklifi Azərbaycanda hökumətyönlü bir media orqanı alqışlayıb. Bakı ötən ay Qazaxıstanın qərbində Orta Asiya ölkələrinin Rusiyanın iştirakı olmadan keçirdiyi hərbi təlimlərə qatılmışdı.

Görəsən, Tokayevin sözlərinin arxasında manevrdən başqa nəsə dururmu?

"Ukraynada müharibə başlayandan Orta Asiya özünü rahat bir geosiyasi məkan kimi göstərmək imkanı əldə edib", – Qlazqo Universitetində mühazirəçi Luka Ankesçi (Luca Anceschi) deyib.

"Onlar demək istəyirlər ki, Ukraynada Belarus kimi Rusiyanın tərəfində deyillər, amma heç Ukrayna ilə də deyillər. Onların Qərblə münasibətləri var, amma qərbpərəst də deyillər", – Ankesçi AzadlıqRadiosuna söyləyib.

"Ancaq müharibə getdikcə, ikinci dərəcəli sanksiyalarla bağlı müzakirə aparıldıqca, bu regiondakı hökumətlər də bu məkanın daraldığını görürlər", – təhlilçi sözlərinə əlavə edir.

Elə Tokayev də avqustun 9-da Astanada Orta Asiya prezidentlərinin altıncı konsultativ görüşündə bu regionun şərtləri ilə regional inteqrasiyanı vurğulayıb.

Ankesçinin fikrincə, Orta Asiya daxilində inteqrasiyanın detalları çox qarışıqdır, "bəzən boş ritorikadan başqa bir şey deyil".

Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında
Rusiya prezidenti Vladimir Putin və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında

Rusiyasız regional təhlükəsizlik arxitekturası?

Orta Asiyada daha sıx əməkdaşlıq təklifi ilk öncə Özbəkistandan gəlib. Regionun ən çox əhalisi olan bu ölkəsinin bütün digər ölkələrlə sərhədi var.

İlk prezident İslam Karimovun dövründə Daşkənd qonşuları ilə məsafə saxlamağa çalışırdısa, onun varisi Şavkat Mirziyoyev 2016-cı ildə hakimiyyətə gələndən ticarət və diplomatik birlik imkanlarını dəyərləndirib. Özbəkistanın Orta Asiyadakı qonşularının hamısı ilə münasibətləri yaxşılaşıb, 2018-ci ildən bəri hər beş ildən bir beş ölkənin sammiti də keçirilir.

Digər tərəfdən, region ölkələrinin Çin və Rusiya ilə ənənəvi olaraq güclü iqtisadi və siyasi əlaqələri var.

Tokayev Astana görüşü öncəsi "Qazaxstanskaya Pravda" dövlət qəzetində dərc olunmuş məqaləsində isə regional təhlükəsizlik arxitekturası yaratmağa çağırıb. Müəllifin Ukraynadakı müharibəyə dolayısı ilə region perimetrindəki sabitsizlik kontekstində üstüörtülü toxunması, görünür, Rusiyadakı şərhçilərin diqqətini çəkib.

Kremlpərəst millətçi televiziya və radio təbliğatçısı Sergey Mardanın baxışına görə, Tokayevin sözləri Qazaxıstanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) inamını itirməsinin göstəricisidir. Rusiyanın başçılıq etdiyi bu bloka Qazaxıstan, Qırğızıstan və Tacikistan da daxildir.

Mardan deyib ki, KTMT Tokayev və administrasiyasını "Mambetlərin inqilabı"ndan xilas etdi. 2022-ci ilin qanlı yanvar iğtişaşlarının kod adı belədir, sovet vaxtı kənddə yaşayan qazaxlara aşağılayıcı tərzdə belə deyirdilər. Azı 230 nəfərin öldürüldüyü iğtişaşlara KTMT müdaxilə etmişdi.

Mardan Telegram-da 240 minədək izləyicisinə deyib ki, "Orta Asiyada müdafiə birliyi qurmaq ideyası real ola bilməz".

"Bu respublikaların hər birinin öz maraqları və həll olunmayan sərhəd məsələləri var", – o söyləyib.

Qazaxıstan prezidenti Tokayev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevi Astanada salamlayır.
Qazaxıstan prezidenti Tokayev özbəkistanlı həmkarı Şavkat Mirziyoyevi Astanada salamlayır.

Bakının entuziazmı

Tokayev əslində "müdafiə birliyi" ifadəsini işlətməyib, məqaləsində qeyd edib ki, Orta Asiya ölkələrinin müxtəlif qurumlarda, o cümlədən KTMT və Şanxay Əməkdaşlıq Təşkilatında iştirakını dəstəkləyir.

Amma Rusiyada çıxan digər şərhlərdə "Orta Asiya NATO-su" ideyası şərh olunub.

Asiyanı əhatələyən "Vostoçnı Ekspress" nəşrində Fyodor Kirsanov yazıb ki, yeni regional blok yaratmaq təklifi Britaniyanın MI6 kəşfiyyat xidmətindən qaynaqlanır.

450 mindən çox abunəçisi olan "Xod Mısley" YouTube kanalında bir müəllif sual edib ki, Tokayev Ermənistan baş naziri Nikol Paşinyanın yolu ilə gedirmi, yəni, "Anqlo-saksonların rəhbərliyi altında Ermənistanı tədricən Rusiyanın dostundan düşməninə çevirirmi".

Qazaxıstan Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başlatdığı işğalı dəstəkləməyəndən sonra Rusiyanın ədavətli ritorikasına məruz qalıb.

Amma Bakıda hökumətyönlü sayılan haqqın.az media orqanı Tokayevin fikirlərinə dəstək verib.

Zöhrə Novruzova adlı müəllif Qazaxıstan liderini "böyük təcrübəsi olan diplomat, Rusiya Xarici İşlər Nazirliyindəki həmkarlarından xeyli üstün" biri kimi təqdim edib.

Müəllif yazıb ki, Rusiyanın militarizmə meylliliyi və Ukraynadakı müharibənin nə zaman, necə bitəcəyi ilə bağlı qeyri-müəyyənliyin qaldığı bir vaxtda Tokayevin narahatlığı "tamamilə məntiqidir".

Müəllif K.Riklton Bakıdan bu baxışı ötən ay Qazaxıstanda keçirilmiş "Birləşdik-2024" hərbi təlimləri və ötən il Xəzərdə Qazaxıstan və Azərbaycanın iştirakı ilə kiçik donanma təlimləri fonunda maraqlı sayır.

Orta Asiya ölkələrindən dördü ilə türk irsini paylaşan Azərbaycan regionda bəzi təhlilçilər üçün məftunluq mənbəyinə çevrilib. Bu, Türkiyənin müttəfiqi olan Azərbaycanın Rusiyanın tərəfdaşı Ermənistanın işğalında olan əraziləri üzərində nəzarətini bərpa etməsindən sonra baş verib.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Azərbaycan prezidenti İlham Əliyev
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Azərbaycan prezidenti İlham Əliyev

Manevr imkanları

Astana görüşünə də regiondankənar ölkə başçılarından bircə Azərbaycan prezidenti İlham Əliyev qatılmışdı.

Bakıdan təhlilçi Fuad Şahbazov deyir ki, indiki məqamdan heç kəs Avrasiyada yeni hərbi alyanslar istəmir.

"Azərbaycan inanır ki, Orta Asiya ilə əlaqələri dərinləşdirmək ona manevr imkanları verir", – deyən təhlilçinin vurğuladığına görə, Bakı Qərblə gərginləşən münasibətləri, həmçinin Rusiya ilə ənənəvi mürəkkəb əlaqələri fonunda digər ölkələrlə də oxşar davranır.

Şahbazovun fikrincə, uzunmüddətli perspektivdə Azərbaycan Orta Asiyaya ticarət prizmasından baxır, nəinki təhlükəsizlik. 6 min 500 kilometrlik "Orta Dəhliz" Çinlə Avropanı Orta Asiya və Qafqazdan keçməklə, Rusiyadan kənar qoymaqla birləşdirir.

"Bakının Qazaxıstana marağı isə daha çox enerji və logistika ilə əlaqədardır", – Şahbazov AzadlıqRadiosuna deyib.

XS
SM
MD
LG