Qalxan tüstü və gözyaşardıcı qazdan nəfəs kəsiləndə etirazçı əldəqayırma silahdan polisə atəş açaraq onun üzərinə cumub. Qatlinq pulemyotuna bənzər fırlanan gövdəli cihaz fişənglərlə yaylım atəşi açıb.
AzadlıqRadiosunun gürcü xidmətinin əməkdaşı Luka Pertaya yazır ki, həmin taktika keçmişdə qala bilər. "Gürcü arzusu" bu həftə parlamentdən təcili şəkildə qanunlar keçirəcək. Beləcə, etirazçılara qatılanlar üzlərini maska ilə qapada bilməyəcək və aksiyalara fişəngsiz gəlməli olacaqlar.
Hökumətin Avropa İttifaqı ilə üzvlük danışıqlarını 2028-ci ilədək dayandırmaq qərarına qarşı ard-arda 13 gündür paytaxt Tbilisi və digər şəhərlərdə hər gecə etirazlar keçirilir.
Xüsusitəyinatlıların atdığı gözyaşardıcı qaza etirazçılar fişənglə cavab verir. Fişəng artıq etiraz rəmzinə çevrilib. Etirazçılar fişənglərdən özlərini qorumaq üçün yararlandıqlarını desələr də, DİN bir çox əməkdaşının etirazlar zamanı yanıq xəsarətləri aldığını bildirib.
Çevik addımlar?
"Gürcü arzusu"nu təmsil edən parlament spikeri Şalva Papuaşvili dekabrın 9-da deyib ki, son etirazlar çevik addımlar atılmasını qaçılmaz edib. İndən belə yanar maddələrin satışı nizamlanmalı, ictimai yerlərdə maska taxılmasına icazə verilməməlidir.
Tbilisidə artıq fişəng tapmaq çətindir. Bir çox mağaza olan-qalanı satıb qurtarıb, digərlərinə də mağazanı qapatmaq göstərişi verilib. Pirotexnika məmulata aid qanunvericilik dəyişiklikləri fevralın əvvəlindən qüvvəyə minə bilər.
Ölkəyə pirotexnika məmulatların ixrac və idxalına, eləcə də istehsal və satışına icazə tələb ediləcək, qaydaları pozanlar cərimələnəcəklər. Qanun layihələri hələ parlament saytında yerləşdirilməyib və detallı bilgilər də hələ yoxdur.
"Maska taxılmasına qadağa, dolayı yolla, insanların toplaşmaq azadlığını qismən məhdudaşdırır", - Gürcüstan Vətəndaş Cəmiyyəti Fondunun hüquqşünası Saba Braçveli belə deyib və sözünə davam edib: "Onlar insanları əleyhqaz geyindiyinə və insanlara qarşı istifadə etdiyi qazla nəfəs almadığına görə cəzalandırırlar".
Mediaya hücumlar
Bir çox etirazçının gözündə maska taxılmasına yasaq gülünc görünür, axı nümayişçilərə qarşı aşırı zor tətbiqində suçlanan polislər də maska taxırlar.
Qarapaltarlı maskalı şəxslər dekabrın 7-də canlı yayım zamanı müxalif televiziya kanalı "Pirveli"nin çəkiliş heyətinə hücum çəkiblər. Jurnalist Maka Çixladze və kameraman Giorgi Şetsiruli aldıqları zərbədən xəstəxanaya yerləşdiriliblər və hazırda müalicə olunurlar.
Kanal hücumçuları "tituşki" adlandırıb. Bu termin hökumət muzdlularını nəzərdə tutur. Jurnalistlər DİN-in yüksəkvəzifəli məmurlarını hücumun təşkilində ittiham edirdilər.
"Maska taxmaqla yanaşı, onların (hüquq mühafizə orqanları əməkdaşlarının - red.) şəxsiyyətini müəyyənləşdirəcək heç bir nömrə nişanları da yoxdur", - deyən Braçvelinin fikrincə, bu, polisin qanunsuz əməllərini asanlaşdırır.
Beynəlxalq Polis Rəisləri Assosiasiyası aksiyaları dağıdarkən, hər zaman əməliyyat zamanı polisin geyimində nişan, nömrə və ya ad olmasını tövsiyə edir.
Polis və dövlət sektorunda repressiyalar
"Gürcü arzusu"nun təmsilçiləri dövlət sektorunda "yenidəntəşkilin sadələşdirilməsi" planlarını açıqlayıblar. Tənqidçilərin fikrincə, bu, partiyanın Aİ siyasətinə qarşı çıxan dövlət qulluqçularının siyasi motivlərlə işdən çıxarılmasına yol aça bilər.
Yüzlərlə hökumət rəsmisi Aİ ilə müzakirələrin 2028-ci ilədək ertələnməsi qərarını pisləyən bəyanatlar imzalayıb. Məsələn, müdafiə və təhsil sahələrində, XİN-də çalışanlar, Tbilisi meriyasının rəsmiləri açıq şəkildə bu qərara qarşı çıxıblar.
"Bu dəyişiklik, sadəcə, insanların siyasi baxışlarına görə işdən çıxarılmasını qanuniləşdirir", - Braçveli bunu söyləyəndən sonra əlavə edib: "Bu, həm əmək hüquqlarını, həm də ifadə azadlığını məhv edir".
"Gürcü arzusu" polis zabitlərinin işə qəbuluna dair tələbləri dəyişdirəcək yeni qanun layihəsi də irəli sürüb. Gürcüstan mediasına görə, bu dəyişikliklər namizədə rəqabətli qəbul prosesindən keçmədən polis sıralarına daxil olmağa imkan verəcək.
"Gürcüstan uğrunda" müxalifət partiyasının liderlərindən biri və daxili işlər nazirinin keçmiş müavini Natiya Mezvrişvili deyir ki, bu dəyişikliklər sayəsində polis binasına ayaq basan hər kəs polis zabiti ola biləcək: "Görünür, ["Gürcü arzusu"nun təsisçisi milyarder Bidzina] İvanişvili maskalı quldurları polis sıralarına rəsmən qəbul etmək qərarına gəlib. Bu da polis haqqında qanuna dəyişiklik edilməsinə təkan verib".
Müxalifətdə olan "Dəyişiklik uğrunda Koalisiya" blokunun liderlərindən biri Zurab Qirçi Caparidze polis və vətəndaş xidməti ilə bağlı qanunlara təklif olunan dəyişiklikləri "diktatura mərhələləri" adlandırıb.